Məhkəmə qərarları › İş №2(103)-896/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-896/2022

11.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-896/2022 11.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, Qətnamə ilə maraqlarına toxunulan şəxs X3 nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı1 cavabdeh DƏDRX-in 1 saylı Bakı ərazi idarəsinə qarşı bağın nömrəsinə dair uyğunsuzluğun aradan qaldırılması, bağın nömrəsinin əvəz olunması və bağın istifadəçisi kimi tanınması tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 iyul 2011-ci il tarixli 2(008)-2309/2011 saylı qətnaməsindən X5 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı1 Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə (DƏDRX) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər XDS İcraiyyə Komitəsinin 19 aprel 1990-cı il tarixli qərarı ilə Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət 3358 “a” saylı bağ sahəsinin 10 nömrəli order əsasında istifadəsinə verildiyini, sahədən fasiləsiz və etirazsız istifadə etdiyini, torpaq sahəsinin planı və çizgisinin alınması üçün 05 may 2011-ci il tarixdə DƏDRX-ə etdiyi müraciətə cavab olaraq bağın nömrəsində uyğunsuzluq aşkar olunduğunu, yəni bağın faktiki vəziyyətinin 2092 nömrəsinə uyğun olduğunun bildirildiyini, bu uyğunsuzluğun ona order verilərkən yol verilmiş səhlənkarlıq nəticəsində ortaya çıxdığını, bağ üzərindəki hüququnu rəsmiləşdirmək üçün həmin uyğunsuzluğun aradan qaldırılmalı olduğunu bildirmiş, buna görə də sözügedən bağın nömrəsinə dair uyğunsuzluğun aradan qaldırılması, bağın nömrəsinin 2092 nömrəsi ilə əvəz olunması və bağın istifadəçisi kimi tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 iyul 2011-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Həmin qətnamədən işdə iştirak etməyən və qətnamə ilə hüquq və vəzifələrinə toxunduğunu bildirən İddiaçı2 Məmmədəli oğlu tərəfindən apellyasiya şikayəti verilmiş, adı çəkilən şəxsin apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Bakı şəhər XDS İcraiyyə Komitəsinin 02 iyun 1988-ci il tarixli 06/333 saylı qərarı ilə Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət 2092 “a” saylı bağ sahəsi onun mərhum atası X2 verilmişdir. Sabunçu Rayon Məhkəməsinin 19 iyul 2011-ci il tarixli qətnaməsi ilə 2092 ”a” saylı bağ sahəsi İddiaçı1 adına sənədləşdirildiyindən, həmin bağ sahəsi ilə bağlı vərəsəlik işində çətinliklər yaranmışdır. Hesab edir ki, həmin qətnamə mərhum atasının qanun üzrə vərəsəsi kimi onun hüquq və mənafelərinə toxunur, buna görə də o, qətnamədən apellyasiya şikayəti vermək qərarına gəlmişdir. Məhkəmə kollegiyasının iclasında elektron məhkəmə informasiya sistemindən əldə olunan məlumata əsasən müəyyən edilmişdir ki, İddiaçı1 14 mart 2014-cü il tarixdə vəfat etmişdir. Qətnamə ilə maraqlarına toxunulan şəxs X3 nümayəndəsi Vəkil2 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verib ərizəçi İddiaçı1 öldüyünə və mübahisəli hüquq münasibəti hüquq varisliyinə yol vermədiyinə görə mülki işin icraatına xitam verilməsini xahiş etdi. Mərhum ərizəçinin prosessual hüquqi varisi kimi prosesə cəlb olunmuş X8 ərizə ilə məhkəməyə müraciət edərək atası İddiaçı1 həmin torpaq sahəsini 2011-ci ildə etibarnamə verməklə X1, atasının 2014-cü ildə vəfat etdiyini, atasının öz sağlığında həmin torpaqla bağlı iddia qaldırmadığını, atasının varisi kimi bu iddianı müdafiə etmədiyini bildirmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasına öz nümayəndəsini göndərməmiş, gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən, məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyatorun nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 iyul 2011-ci il tarixli 2(008)-2309/2011 saylı qətnaməsi ləğv edilməli, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.3-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 74.2-ci maddəsinə əsasən, iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Azərbaycan Respublikası MPM-in 259.0.3-cü maddəsinə əsasən, ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. MPM-in 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8- 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. İş materiallarından görünür ki, İddiaçı1 adından iddia ərizəsini X6 imzalasa da, İddiaçı1 tərəfindən Ağamurad Quliyevə verilmiş 03 may 2011-ci il tarixli etibarnamədə iddia ərizəsinin imzalanması səlahiyyəti xüsusi göstərilməmişdir. (i.v.20) Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsi buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığına görə baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 384.0.5 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: X3 apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 iyul 2011-ci il tarixli 2(008)-2309/2011 saylı qətnaməsi ləğv edilsin. İddiaçı1 cavabdeh DƏDRX-in 1 saylı Bakı ərazi idarəsinə qarşı bağın nömrəsinə dair uyğunsuzluğun aradan qaldırılması, bağın nömrəsinin əvəz olunması və bağın istifadəçisi kimi tanınması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad qəbul edildiyi andan dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar