Məhkəmə qərarları › İş №2(103)-8962/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8962/2021

16.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8962/2021 16.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2646/2021 saylı, 14 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “aylıq ödəncin, təzminatın və dəymiş mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh “X5 Sənayi və Ticaret Anonim Şirketi”ndən sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsinə görə hər ay 640 (altı yüz qırx) manat aylıq ödənc, 100.000 (yüz min) manat məbləğində təzminat və dəymiş mənəvi zərərin ödənilməsinə görə 30.000 (otuz min) manat pul vəsaitinin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir . İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh “X5 Sənayi və Ticaret Anonim Şirketi”ndə 2015-ci ilin oktyabr ayından 24 iyun 2016-cı il tarixədək usta vəzifəsində işləmiş və aylıq vəzifə maaşı 700-900 manat təşkil etmişdir. 24 iyun 2016-cı il tarixində, saat 08:00 radələrində o, cavabdeh ”X5 Sənayi və Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı tərəfindən Nərimanov rayonu ərazisində inşa edilən "xxxx" layihəsinin tikinti sahəsinə gəlmiş və iş icrası zamanı Şirkətin məsul işçilərindən olan Can Çelik adlı şəxsin təkidi və göstərişi ilə çəkisi təxminən bir ton olan şüşə kletkasını əli ilə tutub saxlamağa məcbur olmuş, lakin şüşə kletkasının ağırlığına tab gətirə bilməmiş və nəticədə şüşə kletkası onun üzərinə düşmüş, o, şüşə yükünün altında qalmış, nəticədə hər iki ayaqlarından və başından xəsarətlər almışdır. Bütün bunların nəticəsində o, ciddi xəsarətlər almaqla şikəst olmuşdur. Hadisə baş verən zaman yaxınlıqda olan iş yoldaşlarının köməkliyi ilə üstünə aşan, təxminən bir ton çəkidə olan şüşə kletkasının altından çıxarılmış və hadisə yerinə çağırılan təcili tibbi yardım vasitəsi ilə dərhal “CİTY Hospital” xəstəxanasına aparilmış və əməliyyat olunmuşdur. Təhlükəsizlik qaydalarına uyğun olaraq, şüşə kletkası təhlükəsizlik çatları ilə bağlanmalı olduğu halda, bu tədbir görülməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya və Tədris Birliyinin məhkəmə-tibbi ekspertizasının 22 iyun 2016-cı il tarixli, 677 saylı rəyindən də göründüyü kimi, onun almış olduğu xəsarətlər: sağ medial və ateral topuqların sınığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni ağır şüşə kasetinin hər iki ətrafın üzərinə düşməsi nəticəsində əmələ gəlmişdir, törənmə müddəti zərərçəkənin xəstəxanaya müraciət etdiyi vaxtdan az əvvəl olmaqla, qərarda qeyd olunan 24.06.2016-cı il tarixə uyğun gəlir. O, 6 nəfərdən ibarət şüşə montaj briqadasının tərkibində montaj ustası vəzifəsində çalışırdı. Briqadanın rəhbəri sahə mühəndisi vəzifəsində işləyən Can Çelik adlı şəxs idi. Təlimata əsasən şüşə montajı ilə məşğul olan briqada üzvlərindən hər biri şüşə kletkasından yapışır, qalan şəxslər şüşələri kletkadan bir-bir götürür, montaj yerinə qoyur. Onun həmin kletkanın qabağında durmağı və şüşə kletkasını əli ilə tutub saxlamağı iş prosesində nəzərdə tutulan fəaliyyətinə aid deyildir. O, 24 iyun 2016-cı ildə öz işini adi qaydada yerinə yetirərkən bu hadisə baş vermiş və istehsalat qəzası nəticəsində əmək qabiliyyətini 80% itirmişdir. Ailənin maddi gəlirləri ancaq onun aylıq məvacibindən ibarət olmuşdur. Hazırda sağlamlığını bərpa etmək üçün maddi vəziyyətinin olmaması səbəbindən ayaqlarındakı dəmir millərin çıxarılması hələ də həll olunmamış qalmışdır. Onun oğlu X1 2-ci Qarabağ döyüşlərində ağır yaralanmış, hazırda müalicəsi davam etdirilir. Sığorta şirkəti tərəfindən ödənilən aylıq 129 manat heç ailəsinin çörək puluna çatmır. İstehsalatda bədbəxt hadisə haqqında tərtib edilmiş İT-053 nömrəli aktın 12-ci bəndinə əsasən əmək qanunvericiliyinin pozuntusuna yol vermiş şəxs kimi cavabdeh Şirkətdə sahə mühəndisi vəzifəsində işləyən Can Çelikin adı göstərilmişdir. İstehsalatda baş vermiş bədbəxt hadisə barədə aktdan görünür ki, 26.06.2016-cı il tarixdə baş vermiş istehsalat qəzası nəticəsində onun sağlamlığı pozulmuşdur. DSMF-nin Qazax rayon şöbəsi tərəfindən 18 aprel 2019-cu il tarixdə verilmiş əlillik vəsiqəsinə əsasən ona istehsalat qəzası nəticəsində ikinci qrup əmək zədəsi təyin edilmişdir. O, istehsalatda baş vermiş qəza nəticəsində 80% professional (peşə) əmək qabiliyyətini itirmişdir. Lakin buna baxmayaraq, ona cəmi 129 manat məbləğində pensiya təyin edilmişdir. Ona cavabdeh Şirkət tərəfindən hər hansı müavinət ödənilməmişdir. Bununla da, 24.06.2016-cı il tarixdən hesablanaraq ona cavabdeh Şirkətdən sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsinə görə hər ay aldığı 800 manat məbləğində maaşının 80%-i miqdarında, yəni 640 (altı yüz qırx) manat məbləğində aylıq ödənc ödənilməlidir. Bununla yanaşı ona cavabdeh Şirkətdən 100.000 (bir yüz min) manat məbləğində təzminat və dəymiş mənəvi zərərə görə 30.000 (otuz min) manat məbləğində pul vəsaiti ödənilməlidir. 24.06.2016-cı il tarixdən etibarən sağlamlığa vurulmuş zərərin əvəzi kimi ona heç bir ödəniş olmamışdır. Ödənişlərin ödənilməsindən yayınan cavabdehin məsuliyyətdən boyun qaçırması ilə bağlı hazırda Bakı şəhəri Nərimanov rayon prokurorluğunda araşdırma aparılır. Odur ki, onun ədaləti bərpa etmək üçün illərlə hüquq-mühafizə orqanlarına müraciət etməsi istehsalatda baş vermiş qəza nəticəsində əlil olan iddiaçıya sonsuz mənəvi iztirablar yaşatmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2646/2021 saylı, 14 iyun 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh Şirkətinə qarşı “aylıq ödəncin, təzminatın və dəymiş mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2646/2021 saylı, 14 iyun 2021-ci il tarixli qətnaməsi əsassızdır və ləğv edilməlidir. İddia tələbinin təmin edilməsində birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə işin hallarına uyğun olmamış, məhkəmə qətnamə çıxararkən müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə maddi hüquq normallarını pozmaqla səhv nəticəyə gəlmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2646/2021 saylı, 14 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsinin iştirаkı оlmаdаn mülki işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, İddiaçı verdiyi apelyasiya şikayətini müdafiə etdiyini bildirərək, iddia ərizəsində göstərdiklərinə və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2646/2021 saylı, 14 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnaməsinin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, baş vermiş istehsalat qəzasında işəgötürən Cavabdeh Şirkətinin təqsirli olması öz təsdiqini tapmamış, əksinə olaraq, İddiaçı tərəfindən Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialının rəhbərliyi tərəfindən təsdiq edilmiş “İnşaat texnikinin vəzifə təlimatı”nın 13-cü bəndinin (...riskin qiymətləndirilməsini bacarmalıdır) tələblərinə qismən riayət olunmaması halı müəyyən edilmiş, odur ki, İddiaçı Cavabdeh Şirkətinə qarşı iddia ərizəsi təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2 və 76-cı maddələrinin tələbləri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası İddiaçı izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, Cavabdeh Şirkəti ilə İddiaçı arasında 21.06.2016-cı il tarixdə bağlanılmış əmək müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Cavabdeh Şirkətində usta vəzifəsinə işə qəbul olunmuşdur. Əmək haqqı 200 (iki yüz) manat təşkil etmişdir.(İ.vər. 84 - 87) İş materiallarında olan "xxxx" Sığorta Şirkəti ASC ilə Cavabdeh Şirkəti arasında bağlanılmış № QAL00009475 saylı, 23 yanvar 2012-ci il tarixli “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi”nin təsdiq edilmiş surətindən görünür ki, sığortalının qanunvericiliklə müəyyən edilmiş müvafiq sığorta tarifləri əsasında hesablanan və bu müqavilədə razılaşdırılmış müvafiq sığorta haqqını ödəməsi müqabilində onunla bağlanmış əmək müqaviləsi əsasında binaların tikinti sahəsində fəaliyyətə cəlb edilmiş fiziki şəxslərin həyatına və sağlamlığına istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından dəyən zərərlə əlaqədar onların peşə əmək qabiliyyətinin itirilməsinə və ya ölümünə görə sığortaçı qanunvericilikdə müəyyən edilmiş qaydada sığorta ödənişinin verilməsi öhdəliyi götürür.(İ.vər. 143 - 146) İş materiallarında olan, “İstehsalatda bədbəxt hadisə haqqında” AKT № İT-053 saylı, 24 iyun 2016-cı il tarixli aktın surətindən görünür ki, baş vermiş bədbəxt hadisənin səbəbləri bunlardır: Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialının ustası İddiaçı paletdə olan 4 ədəd şüşənin yıxılmaması üçün əli ilə saxlayarkən əlinin boşalması səbəbindən həmin şüşələrin aşaraq ayağının üstünə düşməsi; Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialının rəhbərliyi tərəfindən təsdiq edilmiş “İnşaat texnikinin vəzifə təlimatı”nın 13-cü bəndinin (...riskin qiymətləndirilməsini bacarmalıdır) tələblərinə qismən riayət olunmaması.(İ.vər. 12) İş materiallarında olan, 12 dekabr 2017-ci il tarixli müayinə olunan şəxs üzrə məlumatdan görünür ki, İddiaçı əmək qabiliyyətinin 80%-nin itirilməsi ilə bağlı ikinci dərəcəli əlillik almışdır.(İ.vər. 13) İş materiallarında olan 028303 №-li vəsiqənin surətindən görünür ki, İddiaçı 2-ci qrup əlildir.(İ.vər. 11) İş materiallarında olan Cavabdeh Şirkətinin №-00375 saylı, 21.01.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialında 14.10.2015-ci il tarixdə usta işinə təyin edilmiş, 28.04.2016-cı il tarixdə işdən azad edilmişdir. 21.06.2016-cı il tarixdə yenidən usta işinə təyin edilmiş, 28.04.2016-cı il tarixdə işdən azad edilmişdir. 21.06.2016-cı il tarixdə yenidən usta işinə təyin edilmiş, 21.12.2017ci il tarixdə isə Əmək Məcəlləsinin 74-cü maddəsinin “c” bəndinə əsasən (qanunvericilikdə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə) işdən azad edilmişdir.(İ.vər. 17) İş materiallarında olan, Cavabdeh Şirkətinin 01 noyabr 2016-cı il tarixli, 16 saylı əmrinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialının Bakı şəhəri, Nərimanov rayonu, Bakı Konfrans Zalı (CCB) tikinti sahəsində usta kimi işləyən İddiaçı baş vermiş istehsalat qəzası nəticəsində xəsarət aldığından ona hər ay 1.400 manat olmaqla, 3 ay müddətinə yardım edilməsi əmr edilmişdir.(İ.vər. 70) İş materiallarında olan, qaimə-faktura qəbzlərinin və İddiaçı tərəfindən imzalanmış qəbzlərin təsdiq edilmiş surətlərindən görünür ki, Cavabdeh Şirkəti onun müalicəsinə 38.100 manat məbləğində pul vəsaiti sərf etmiş, özünə isə 22.000 manat məbləğində pul vəsaitləri (yardım) ödəmişdir.(İ.vər. 90-140) Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan nəticəyə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Həmin Məcəllnin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin öədənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllnin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakndan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllnin 1096-cı maddəsinə əsasən: 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllnin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarına dövlət təminatı və bu təminatla bağlı hüquqi və fiziki şəxslərin məsuliyyəti əhalinin sağlamlığının qorunmasının əsas prinsiplərindən biridir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin 1-ci hissəsinə əsasən, istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Həmin Məcəllənin 239-cu maddəsinin 2-ci hissəsinə əsasən, işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. Həmin Məcəllənin 239-cu maddəsinin 3-cü hissəsinə əsasən, istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. Həmin Məcəllənin 239-cu maddəsinin 4-cü hissəsinə əsasən, istehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır. Həmin Məcəllənin 239-cu maddəsinin 5-ci hissəsinə əsasən, bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur. Həmin Məcəllənin 207-ci maddəsinin birinci hissəsinə müvafiq olaraq işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ vardır. Əmək qanunvericiliyindən çıxan nəticəyə görə, işçinin həyatının və sağlamlığının müəssisənin fəaliyyətinin nəticələrindən (istehsalatın maddi amillərindən) üstün tutulması əməyin mühafizəsi və bütövlükdə əmək hüququnun aparıcı prinsipidir. Şərh edilən maddənin birinci hissəsinin məzmunundan göründüyü kimi, əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, işəgötürən tam və ya qismən təqsirli olduqda, onun müalicə olunması üçün çəkdiyi, eləcə də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, həmçinin Mülki Məcəllə ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Oxşar məsuliyyət Mülki Məcəllənin 60-cı fəslində də müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq olunmuş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”ndə, AR ƏƏSMN-in 24 aprel 2004-cü tarixli 4-1 №-li qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş” İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayənsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, şərtləri və məbləği”nin müvafiq bəndlərinin tətbiqinə dair İzahat»da, AR NK-nın 28 fevral 2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq olunmuş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nda və başqa aktlarda nəzərdə tutulur. Yuxarıda göstərilən aktlara əsasən, işəgötürən tərəfindən bir neçə elementdən ibarət olan - əmək xəsarəti və ya işçinin səhhətinin pozulması, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, işəgötürənin hüquqazidd davranışı və s. əməkəmlak hüquq pozuntusunun törədilməsi nəticəsində işçilər xəsarət aldıqda, peşə xəstəliyinə tutulduqda, həlak olduqda işəgötürən maddi məsuliyyət daşıyır. Adı çəkilən maddənin beşinci hissəsinin məzmunundan göründüyü kimi, qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə Əmək Məcəlləsinin 239-cu maddəsinin 1-4-cü hissələrində nəzərdə tutulmuş ödənclərin verilməsi qaydaları şamil edilmir. Onlara ödənclərin verilməsi qaydası “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının 11 may 2010-cu il tarixli Qanunu, Mülki Məcəllənin, “Sığorta fəaliyyəti haqqında” Qanunu, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə və digər normativ hüquqi aktlarla tənzimlənir. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta dedikdə, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta olunanların həyatına və sağlamlığına dəyən zərər nəticəsində onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı sığorta ödənişinin verilməsini nəzərdə tutan sığorta başa düşülür. İş materialları ilə müəyyən edilmişdir ki, "xxxx" Sığorta Şirkəti ASC ilə Cavabdeh Şirkəti arasında bağlanılmış sığorta müqaviləsinə əsasən Sığorta Şirkəti tərəfindən binaların tikinti sahəsində fəaliyyətə cəlb edilmiş fiziki şəxslərin həyatına və sağlamlığına istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından dəyən zərərlə əlaqədar onların peşə əmək qabiliyyətinin itirilməsinə və ya ölümünə görə qanunvericilikdə müəyyən edilmiş qaydada sığorta ödənişinin verilməsi öhdəliyi götürülmüşdür. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya 22.000 manat məbləğində pul verilmiş, eyni zamanda, cavabdeh tərəfindən iddiaçının müalicəsinə 38.100 manat pul xərclənmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və gəldiyi nəticəni əsaslı hesab edir. İddia tələbinin mənəvi zərərlə bağlı hissəsi ilə əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 (zərərin əvəzinin ödənilməsi) və 23 maddələrinin (şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi) şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmçinin göstərilir ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Lakin iddiaçı “X2 və Dezinfeksiya” MMC-dən 7.500 manat maddi ziyanın, 7.500 manat mənəvi ziyanın alınaraq ona ödənilməsini, həmçinin "xxxx" MMC-dən 7.500 manat maddi ziyanın, 7.500 manat mənəvi ziyanın alınaraq ona ödənilməsini tələb etsə də, bununla bağlı mötəbər sübutları, yəni onun sağlamlığında yaranmış fəsadların cavabdehlərin təqsiri üzündən baş verməsi barədə sübutları nə birinci inistansiya məhkəməsinə nədə ki, apelyasiya inistansiya məhkəməsinə təqdim etməmişdir. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incum bit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını və Plenumun tövsiyəedici qərarını müqayisəli təhlil edərək hesab edir ki, iddiaçı iddia tələbində qeyd edilən maddi hüquq normaları baxımından sübut ediləcəyi təqdirdə əsaslıdır. Ona görə ki, bu xüsusda olan iddiaların təmin edilməsi üçün ilk növbədə o sübut etməlidir ki, həqiqətən də cavabdehin hərəkətləri nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmiş, müalicə almış, bunlar cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş vermiş, qanunsuz hərəkət və hərəkətsizliklə iddiaçının istinad etdiyi maddi və mənəvi zərər arasında səbəbli əlaqə olmuşur. İddiaçı fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması barədə hər hansı sübut təqdim etməmişdir. Odur ki, apelyasiya şikayətinin həmin dəlilləri əsasizdır. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası MPMnin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslıdır. Bundan başqa İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozmasını qeyd etsə də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdiyi etirazını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Məhkəmə kоllegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçı tərəfindən təqdim edilmiş sübutlara istinad etmiş və mübahisənin həll edilməsi üçün həmin sübutlardan istifadə etmiş, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun оlaraq iş üzrə tədqiq оlunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Odur ki, məhkəmə kоllegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, İddiaçı apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2646/2021 saylı, 14 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apelyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2646/2021 saylı, 14 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar