Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8963/2021 21.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə İddiaçı Cavabdeh2 və Cavabdeh1 Klinikasına qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1nə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən maddi ziyanın əvəzi olaraq 4805 manatın, əldən çıxmış fayda kimi 1750 manatın, mənəvi ziyanın əvəzi olaraq 10 000 manatın, dövlət rüsumunun əvəzi olaraq 30 manatın, yəni cəmi 16 585 manatın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 07.09.2019-cu il tarixdə Milli Onkologiya Mərkəzinin həkimi uroloq Cavabdeh2 tərəfindən Cavabdeh1 klinikasında əməliyyat olunmuş, əməliyyatdan bir müddət əvvəl həkimlə Milli Onkologiya Mərkəzində görüşmüş, sidiyə getməklə bağlı səhhətindəki problemi ona izah etmiş, o vaxta qədərki müayinə sənədlərini göstərmiş, Cavabdeh2 onu ikinci iş yeri kimi işlədiyi “Milano” hospitalda şəxsən müayinə edib ona “prostatın adenoması” (hiperplaziyası) diaqnozunu qoymuş, ən müasir tibbi aparat olan “Olimpus” aparatının olduğu Milli Onkologiya Mərkəzində vaporizasiya üsulu ilə əməliyyat edəcəyini söyləmiş, əməliyyatın yüngül, qanaxma omadan, fəsadsız bu əməliyyat olduğuna onu inandırmışdır. Lakin Elnur həkim son anda hansısa səbəbdən əməliyyatı Cavabdeh1 klinikasında icra etmiş, əməliyyatdan sonra palataya gətiriləndə həkimə verdiyi “həkim, prostatın adenomasını tamamilə götürdünüzmü?” sualına “yox, biz heç prostata gedib çatmadıq, sidik kanalında (uretrada) darlıq var idi, onu kəsdik” cavabını almışdır. Ona məlum olmuşdur ki, onu narahat edən orqanın-prostatın əvəzinə ondan icazə alınmadan, ona bildirilmədən tamamilə başqa bir orqanına müdaxilə edilmiş, həkim özbaşınalıq etmişdir. Sonrakı hadisələr göstərmişdir ki, həkimin özbaşına olaraq sidik kanalında etmiş olduğu bu əməliyyatı da çox naşı, qeyripeşəkar bir şəkildə aparmış, bununla da sağlamlığına çox böyük zərbə vurmuş, onu uzun üç ay yarım müddətinə bütün həyatı boyu görmədiyi dəhşətli ağrı-acıya məruz qoymuşdur. Belə ki, əməliyyat zamanı sidik kisəsinə qoyulan kateter bir həftədən sonra çıxarıldıqda bir damçı sidiyə gedə bilməmiş, sidik kanalında yaranmış ödəm yolu tamamilə bağlamış, həkimin dediyi bütün vasitələrdən - dərmanlardan, şamlardan istifadə etməsinə baxmayaraq qətiyyən sidiyə gedə bilməmiş, kateter çıxarıldıqdan 2-3 saat sonra oğlu onu dözülməz ağrılarla Cavabdeh1 klinikasına çatdırmışdır. Bu dəfə Elnur həkim demişdir ki, kateteri 10 gün saxlamalıdır. 10 gün kateterlə yaşayandan sonra 3 gün ərzində çox cüzi də olsa hər yarım saatdan bir olmaqla sidiyə gedə bilmiş, amma bu çox dəhşətli ağrılarla müşayiət olunmuşdur. Dördüncü gün ağrılarla daha dözə bilmədiyini bildirmiş və Elnur həkim ona yenidən kateter qomuş, 12 gün yenidən kateterlə keçirmiş və bütün bu müddət ərzində daim ən güclü antibiotik və digər dərmanlar qəbul etmişdr. Nəhayət 12 gündən sonra kateteri çıxarmış, dərmanlar atmış, iynələri vurdurmuş, şamları qoymuş, sidikqovucu və spazmanı və spazmanı götürən çaylar içmişdir. 2019-cu ilin oktyabr ayının 30-da sidiyə gedə bilməməsi ilə bağlı ağrılara daha dözə bilmədiyindən bir daha kateter qoyması üçün X1 həkimin yanına getmiş, həkim sidiyə baxıb sidiyin həddindən artıq iltihablı olduğunu söyləmiş, yenidən kateter qoymuş, artıq üçüncü dəfə resept yazmış, müxtəlif iynədərmanlar, əsasən də çox güclü intibiotiklər təyin etmişdir. Ancaq bütün bu müddət ərzində kateterlə yaşamaq və sidik kisəsinin boşala bilməməsi nəticəsində sidik kisəsində və kanalında yüksək dərəcədə iltihablaşma baş vermiş, bu hal bədənində güclü intoksikasiyaya səbəb olmuş, nəticədə hərarəti 40 dərəcəyə qalxmışdır. Elnur həkimlə əlaqə saxlamış, o, bu susuzluğun intoksikasiya ilə bağlı olduğunu demişdir. Heç nə yeyə bilməmiş, bir tikə yeyən kimi dərhal qusmuşdur, gün ərzində 3 dəfə qusmuş, təzyiqi kəskin şəkildə aşağı düşmuş, özündən getmiş, kollaps olmuşdur. Ailə üzvləri təcili yardım çağırmış, təcili yardım həkimi dərhal 2 ədəd iynə vuraraq onu Məlikov adına 6 nömrəli xəstəxanaya aparmış, orada qipotonik kriz diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilmiş, bu duruma düşməyinin səbəbi olaraq sidiyin tamamilə iltihablaşması nəticəsində bədənində güclü intoksikasiya baş verdiyi göstərilmişdir. Orada 3 gün ərzində sistem qoşular intensiv şəkildə ən güclü antibiotiklərlə və digər dərmanlarla müalicə edilmiş, üç gündən sonra reanimasiya şöbəsindən evə buraxılmış və evdə müalicəni davam etdirmişdir. Amma bundan sonra da üç gecə bir dəqiqə də olsa yata bilməmiş, gözünə yuxu gedən kimi dəhşətli şeylər görmüş, səslər eşitmişdir. Elnur həkimlə əlaqə saxlamış, o, bütün bunların qanının zəhərlənməsindən baş verdiyini söyləmişdir. Noyabr ayının 10-da bir az yaxşılaşmış və Onkoloji Mərkəzə getmişdir. Elnur həkim kateteri çıxarmış və yenidən, dördüncü dəfə dərmanlar yazmışdır. Həkimə söyləmişdir ki, “Omnik” dərmanını qəbul etməyi dayandıran kimi sidiyə gedə bilmir, hətta “Omnik”i qəbul edə-edə sidiyə çox tez-tez və çox kiçik porsiyalarla gedir, buna görə də gecələr yata bilmir. Elnur həkim demişdir ki, hələ bir neçə ay “Omnik”i içməlidir və bu yavaş-yavaş düzələcək. Amma heç nə düzəlməmiş, Elnur həkimin bu uğursuz əməliyyatı nəticəsində vəziyyəti əməliyyatdan qabaqdakı vaxtla müqayisədə qat-qat ağırlaşmış və artıq bu cür yaşaya bilməmişdir. Sidiyə getmək üçün özünü maksimum gərginləşdirirmiş, bu zaman həm sidik kisəsində, həm sidik axarlarında, həm də böyrəklərində çox pis ağrılar əmələ gəlmişdir. Ona görə başqa tanınmış həkimlərə, o cümlədən məşhur cərrah Rəşad Şolana müraciət etmiş, sonuncu söyləmişdir ki, təkrar əməliyyat olunmalıdır və həm sidik kisəsindəki darlığı, həm də adınomanı eyni zamanda əməliyyat edib problemi aradan qaldıracaqdır. Ancaq artıq yerli həkimlərə inamın tamamilə itirdiyindən Gürcüstana, yaxud Türkiyəyə getməyi planlaşdırmış, həmin ərəfədə Ankaradan “Stimul Hospital”a urologiya uzmanı olan bir türk professorun gələcəyi barədə məlumat aldığından dekabr ayının 19-da axşam həmin həkimlə görüşmüşdür. Türk professor onu UZİ və digər müayinələrdən keçirmiş, sidik kisəsinin çox itlihablı vəziyyətdə olduğunu və dərhal əməliyyat olunmalı olduğunu söyləmiş, əks halda sidik kisəsinin öz funksiyasını yerinə yetirə bilməyəcəyini bildirmişdir. Çıxış yolu qalmadığından və vəziyyəti dözülməz olduğundan ertəsi gün, yəni dekabr ayının 20-də həm sidik kanalından, Elnur həkimin etmiş olduğu həmin yerdən, həm də prostat vəzinin adenomasından əməliyyat olunmuş, bir həftədən sonra kateter çıxarıldıqda 20 yaşındakı kimi sidiyə getmişdir. Həmin vaxtdan özünü əla hiss edir, heç bir dərmandavadan istifadə etmir və bütün ömrü boyu həmin türk professora minnətdar olacaqdır. Beləliklə, Elnur həkim öz qeyri-peşəkar cərrahiyə əməliyyatı ilə onun sağlamlığına çox böyük zərər yetirmiş, üç ay yarım müddətinə dəhşətli ağrı-acıya məhkum etmiş, ona külli miqdarda maddi ziyan vurmuşdur. Təkcə dərmanlara 700 manat pul vermiş, reanimasiyada aldığı müalicəyə görə 400 manatdan çox pul xərcləmiş, Elnur həkimin etdiyi əməliyyatın fəsadlarını aradan qaldırmaq üçün 3500 manat ödəməklə yenidən əməliyyat olunmuşdur ki, bu pulun 2500 manatını yaxınlarından borc almışdır. Elnur həkimə 1195 manat əməliyyat xərci ödəmiş, işləyə bilmədiyinə görə 1750 manat qazanmaqdan məhrum olmuş, 3 ay yarım ərzində keçirdiyi dəhşətli ağrılar, stress, depressiya və ailə üzvlərinin məruz qaldığı stress, əziyyət, yuxusuzluq və narahatçılıqlara görə on min manat mənəvi ziyana məruz qalmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 MMC-dən maddi zərər qismində 1600,01 (bir min altı yüz manat, bir qəpik) manatın, mənəvi zərər qismində 500 (beş yüz) manatın, dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manatın, ümumilikdə 2130,01 (iki min yüz otuz manat bir qəpik) manatın alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun qismən – iddianın təmin edilməməsi ilə bağlı hissədə - ləğv olunmasını və iddia tələbinin tam təmin edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin sübutlara düzgün qiymət vermədiyini və işin hallarına uyğun gəlməyən qərar çıxardığını irəli sürmüşdür. Apellyasiya baxışı zamanı iddiaçı ərizə təqdim edərək apellyasiya şikayətindən imtina etdiyini bildirmiş, bu səbəblə də apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci və 369.2-ci maddələrinə görə, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə görə isə, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətindən onun imtina etməsi yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalı və İddiaçı münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 369.4, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-528/2021 saylı iş üzrə 22 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətindən onun imtinası qəbul edilsin və İddiaçı münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-8963/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8963/2021
21.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver