Məhkəmə qərarları › İş №2(103)-8982/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8982/2021

15.09.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8982/2021 15.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X6, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-570/2021 saylı 16 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər X3, Cavabdeh2 qarşı payların naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayram küçəsi, 26 saylı ünvanda yerləşən torpaq sahəsindən payların naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanındakı 0,068640 hektar torpaq paylı mülkiyyət hüququ ilə ona və 12 saylı notariat ofisinin 18.06.2020-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X7, X12, X16 məxsusdur. Torpaq sahəsinin girişi birdir və vahid əmlak kimi qeydiyyatdan keçmişdir. Torpaq sahəsinin çıxarışa əsasən paylı mülkiyyət kimi ona və X1na məxsus olduğu görünür. X1 1965-ci ildə vəfat etmişdir. Ondan qalan 3/15 hissəni cavabdehlər X3, Cavabdeh2, X8 rəsmi olaraq qəbul etmişlər, bununla belə çıxarış almadıqlarından həmin sahə A.Gülverdiyevanın adına görünür. Mübahisəli torpaq sahəsi vahid əmlakdır, giriş-çıxışı birdir, lakin ayrı-ayrı giriş çıxış açmaq mümkündür. Cavabdehlərlə aralarında mübahisə var. O, özünə aid olan payda hasar çəkib anasına yaşamaq üçün şərait yaratmaq istəyir. Buna görə də payların naturada ayrılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-570/2021 saylı 16 iyun 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı payların naturada ayrılması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından da göründüyü kimi, İddiaçı mübahisə predmeti olan ünvan 2 ünvanında yerləşən 0.068640 ha torpaq sahəsinin 12/15 hissəsinin mülkiyyətçisidir. Cavabdehlər həmin torpaq sahəsinin cəmi 3/15 hissəsinin mülkiyyətçiləridirlər. Birinci instansiya məhkəməsi iş üzrə keçirilmiş ekspertizanın rəyinə əsaslanaraq, belə nəticəyə gəlmişdir ki, mübahisəli torpaq sahəsinin naturada bölünməsi mümkün deyildir və bu səbəbdən də iddia əsassızdır. Halbuki, ekspert rəyində torpaq sahəsinin yalnız bir tərəfə giriş-çıxış yolu olduğu və torpaq sahəsində yerləşən köhnə tikililərin yola tərəf olan divara bitişik olduğu göstərilmişdir. İşdə olan texniki inventarizasiya və qiymətləndirmə passportundan görünür ki, mübahisə predmeti olan torpaq sahəsində “A”, “Б” və “В” tikililərində yaşayırlar. Ekspert rəyində göstərilən yola tərəf olan divara bitişik köhnə tikili “Б” tikilisidir. Həmin tikilidə uzun illərdir heç kim yaşamır və bu tikili yaşayışa yararsız vəziyyətdədir. Belə olan halda məhkəmə yola tərəf olan divara bitişik köhnə “Б” tikilisinin söküldüyü təqdirdə torpağın naturada bölünübbölünməməsinin mümkünlüyünü yoxlamalı və yenidən ekspertiza təyin etməklə ekspert qarşısında bu sualı da qoymalı idi. Nəzərə almaq lazımdır ki, iddiaçı yola tərəf olan divara bitişik köhnə “Б” tikilisinin söküləcəyinə dair bütün zəruri qurumları da öz növbəsində məlumatlandırmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili X10 apellyasiya şikayətini müdafiə etdiklərini bildirərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər X3 və Cavabdeh2 şikayətin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-570/2021 saylı 16 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRXnin Çıxarışından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayram küçəsi 26 saylı sahə paylı mülkiyyət hüququ əsasında İddiaçı12/15 hissədə, Cavabdeh1 1/15 hissədə, Cavabdeh2 1/15 hissədə, X5 1/15 hissədə məxsusdur. Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2021-ci il tarixli, 10/1115 № li rəyindən görünür ki, mübahisə predmeti olan torpaq sahəsi üzrə torpağın konfiqurasiyasını, faktiki yerləşmə vəziyyətini, yalnız bir tərəfə giriş-çıxış yolunun olduğunu və torpaq sahəsində yerləşən köhnə tikililərin yola tərəf olan divara bitişik olduğunu nəzərə aldıqda idiaçı İddiaçı 12/15 hissədə payının naturada ayrılmasının mümkün olmadığı müəyyən edilmişdir.. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1 və 213.2-ci maddələrinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətidə olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 215.2-ci maddəsinə əasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəzi ödəməyi tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 215.4-ci maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya, mülkiyyətçilərin arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2–ci maddəsinə əsasən isə mülkiyyətçi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. İş üzrə keçirilmiş ekspertiza rəyindən aydın olur ki, göstərilən torpaq sahəsinin tərəflərin paylarına uyğun olaraq naturada bölünməsi texniki cəhətdən mümkün deyildir. Məhkəmə hazırkı mübahisəyə maddi hüquq normaları baxımından qiymət verərək, işin hallarını nəzərə alaraq haqlı olaraq hesab etmişdir ki, mübahisəli mənzilin payçılarının paylarına uyğun olaraq naturada bölünməsi texniki cəhətdən mümkün olmadığından, mövcud iddia tələbi təmin edilə bilməz. Odur ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən, bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04.04.2014-ci il tarixli qərarına əsasən, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür Yuxarıda sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi pay əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Eyni zamanda paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Mübahisəli əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətin payçıları arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi üçün paylı əmlakın mülkiyyətçiləri ümumi əşyanın bölünməsi, ondan payın ayrılması və ya payın naturada ayrılması mümkün olmadığı halda isə payın dəyərinin ödənilməsi üsulu və şərtləri haqqında razılığa gəlməyə cəhd göstərməli, bu kimi razılığa gələ bilmədikdə paylı mülkiyyətin payçıları öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etməli və bu zaman ümumi əmlakın bölünməsinin və ya ondan pay ayrılmasının açıq-aşkar məqsədəuyğun olmaması müəyyən edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisəli torpaq sahəsinin payçıları payın naturada ayrılması mümkün olmadığı halda payın dəyərinin ödənilməsi üsulu və şərtləri haqqında razılığa gəlməyə cəhd göstərmədiklərindən iddia tələbi əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM-in) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində qeyd olunanlar formal mülahizələr hesab olunmaqla əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, iddiaçı torpaq sahəsində yerləşən “Б” tikilisinin söküldüyü təqdirdə torpağın naturada bölünməsinin mümkün olduğunu qeyd etsə də məhkəmə kollegiyası hesab edir ki, göstərilən dəlil yeni iddia tələbinin əsasını təşkil etdiyindən əsaslı sayıla və qanuni və əsaslı qətnamənin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-570/2021 saylı 16 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-570/2021 saylı 16 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Azad İmanov Hakimlər Qürbət Əsgərov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar