Məhkəmə qərarları › İş №2(103)-8990/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8990/2021

12.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8990/2021 12.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Həsənovun sədrliyi və məruzəsi ilə, X5 İbayevdən və Şeyda Ədalət qızı Məhərrəmovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı və onun vəkili X4, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh İldirim oğluna qarşı pulun qaytarılması tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(006)- 3026/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pulun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 7900 ABŞ dolları və 500 manat məbləğində əsas borcun, 100.000 manat əldə çıxmış faydanın tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh 2006-cı il tarixdə “Mercedes C” markalı avtomobili 2014-cü il tarixdə 9.000 ABŞ dollarına satmışdır. Tərəflər 19 noyabr 2015-ci il tarixdə X1 şəhərinə gələrək hərəyə bir avtomobil almış, İddiaçı avtmobil alarkən Cavabdeh 1500 ABŞ dolları pul vermişdir. Bakıya qayıtdıqdan sonra İddiaçı Cavabdeh ilə birlikdə sonuncunun avtomobilini gətirmək üçün Türkiyəyə getmiş və iddiaçı cavabdehə yenidən 3500 ABŞ dolları vermişdir. Bakıya çatdıqda Cavabdeh avtomobili gömrük qeydiyyatından keçirmək üçün İddiaçı qonşusu Seyidəli Əliyevdən 5300 ABŞ dolları almış, Cavabdeh aldığı borc pulu qaytaracağı vədini vermişdir. Daha sonra Cavabdeh İddiaçı 400 ABŞ dolları, 500 Avro və 500 manat borca pul almışdır. Lakin Cavabdeh İddiaçı aldığı borcu qaytarmaqdan boyun qaçırdığına görə sonuncu 20.09.2016-cı il tarixdə şikayət ərizəsi ilə müraciət etmiş, Cavabdeh barəsində cinayət işi qaldırılmış, 07.12.2017-ci il tarixdə Nərimanov Rayon Məhkəməsi tərəfindən Cavabdeh barəsində həbs qətimkan tədbiri seçilsə də, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Nərimanov Rayon Məhkəməsinin həbs qətimkan tədbiri seçilməsi barədə qərarı ləğv edilmiş, bildirilmişdir ki, Cavabdeh ilk dəfə cinayət törətməyə görə təqsirləndirilir, təqsirləndirildiyi cinayət az ağır cinayətdir, iddia edilən dəymiş ziyan ödənilmişdir. Lakin Cavabdeh tərəfindən 10700 ABŞ dolları, 500 manat və 500 Avro borcdan 4100 manat və 400 ABŞ dolları qaytarılmış, qalan 7900 ABŞ dolları və 500 manat məbləğində borc ödənilməmiş qalmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 iyun 2021-ci il il tarixli, 2(006)- 3026/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq əsaslandırılmış, məhkəmə tərəfindən qanunvericiliyin tələblərinə əhəmiyyət verilmədiyi, işə baxarkən real faktların araşdırılmadığı və əsassız sübutlara üstünlük verərək ədalətsiz və qanunsuz qətnamə qəbul olunduğu qeyd edilmişdir. Məhkəmə iclasında İddiaçı və onun vəkili X9 apellyasiya şikayətininin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz təqdim edərək, şikayətin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan Nərimanov rayon prokuroru, baş ədliyyə müşaviri Vüqar Əliyevin cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın ləğv olunması və cinayət işinin başlanması haqqında 20.09.2016-cı il tarixli qərarından görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə Nərimanov RPİ 18-ci polis bölməsinin təhqiqatçısı, polis kapitanı Azər Abdullayevin 04.07.2016-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ləğv edilmiş və fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılmış, cinayət işi ibtidai istintaqın aparılması üçün aidiyyatı üzrə Nərimanov RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 02.05.2018-ci il tarixli 4(103)-192/2018 saylı qərarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07.12.2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsiylə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Cavabdeh barəsində 01 ay 14 gün müddətə həbs qətimkan tədbiri seçilmiş və tutulduqda dərhal həbsə alınması, həbsetmənin əvvəllinin Cavabdeh faktiki tutulduğu tarixdən hesablanması nəzərdə tutulmuşdur. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 02.05.2018-ci il tarixli 4(103)-192/2018 saylı qərarından o da görünür ki, təqsirləndirilən şəxs Cavabdeh ilk dəfə cinayət törətməyə görə təqsirləndirilməsi, təqsirləndirildiyi cinayətin az ağır olması və iddia olunan dəymiş zərərin böyük hissəsinin ödənilməsi səbəbindən 16006612 saylı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsilə onun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Bakı .şəhəri Nərimanov Rayon Məhkəməsinin 07.12.2017-ci il tarixli qərarı ləğv edilməsi qərara alınmışdır. İş materiallarında olan Nəsimi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı Nərmin Məmmədovanın “Cinayət işi üzrə icraata xitam verilməsi barədə” 03 fevral 2020-ci il tarixli qərarının surətindən görünür ki, toplanmış material üzrə cinayət işinin icraatına xitam verilməsi və ərizəçi İddiaçı qərardan halda Nərimanov rayon prokurorluğuna və ya rayon məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmuşdur. İş materiallarında olan “Cinayət işi üzrə icraata xitam verilməsi barədə” 03 fevral 2020-ci il tarixli qərardan görünür ki, Cavabdeh izahatında bildirmişdir ki, o, İddiaçı bir müddətdir ki tanıyır, aralarında maşın alqı-satqısına dair münasibətlər yaranmışdır. Lakin o, İddiaçı olan borcunu artıqlaması ilə qaytarmışdır. İş materiallarında olan “Cinayət işi üzrə icraata xitam verilməsi barədə” 03 fevral 2020-ci il tarixli qərardan o da görünür ki, cinayət işi istintaq edilərkən İddiaçı ilə Cavabdeh arasında tanışlıq münasibətlərinin olması və onların bir neçə dəfə birlikdə Almaniya Respublikasına avtomobil gətirmək üçün getmələri və yaxın münasibətdə olduqlarına görə həmin müddətdə bir-birlərinə borc pul vermələri, Cavabdeh özü üçün gətirdiyi “Mercedes E” markalı avtomobili gömrükdə rəsmiləşdirmək üçün İddiaçı 6000 manat, 500 Avro, 400 dollar borc pul alması və həmin puldan da 2000 dolları şəxsən özü, qalan hissəni isə nümayəndəsi X6 vasitəsilə hissə-hissə İddiaçı ödəmişdir və hal-hazırda İlhama heç bir borcu qalmamışdır. Cinayət işinin materiallarından görünür ki, İddiaçıla Cavabdeh arasında olan pulla bağlı mübahisə mülki xarakterlidir və Cavabdeh əməlində dələduzluq cinayətinin tərkibi yoxdur. Birinci instansiya məhkəməsi iclasında cavabdehin nümayəndəsi tərəfindən dəvət edilmiş şahid X8 ifadəsində Cavabdeh 27 ildən çox tanımaqla sonradan dost münasibətlərinin yarandığını bildirmişdir. İddiaçı ilə Cavabdeh yaxın münasibətdə olduqlarını, S.Vurğun adına parkda yerləşən kafedə görüşdükləri zaman İddiaçıla Cavabdeh arasında pul mübahisəsinin yarandığını qeyd etmişdir. İddiaçı Cavabdeh ona 5300 manat borclu olduğunu, lakin Cavabdeh həmin borcu 2-3 dəfəyə İddiaçı qaytardığını bildirmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının cavabdehə pulu verməsi ilə bağlı mübahisə yoxdur. Mübahisə iddiaçının cavabdehə avtomobil alınması məqsədilə pulun verilməsi və 7900 ABŞ dolları və 500 manat məbləğində pulun qaytarılmaması ilə bağlıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı təqdim etdiyi cinayət işinin araşdırılması barədə müxtəlif aktlara və izahatına əsaslanaraq cavabdeh tərəfindən pulun ödənilmədiyini bəyan edirsə, istinad etdiyi bu hala dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməlidir. Məhz bu halla bağlı yalnız onun izahatı və iş materiallarında olan sübut əhəmiyyəti olmayan digər sənədlər mövcuddur. Onun izahatları və sənədlər isə işdə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Belə olan halda isə iddiaçı təqdim etdiyi sənədlərə və təqdim edilmiş izahatlara, habelə digər sənədlərinə istinad edərək, cavabdehin ona borclu olduğunu və bu səbəbdən də ondan pul tələb etdiyini qeyd etsə də, bu dəlillər açıq-aşkar əsassız olmuşdur. Çünki məhkəmə həqiqəti müəyyən etmək üçün tərəflərin təqdim etdiyi sübutları qiymətləndirməlidir. Belə bir mötəbər sübut isə iddiaçı tərəfindən təqdim edilməmişdir. Məhkəmə tərəfindən edilən sorğu vasitəsilə daxil olmuş “Cinayət işi üzrə icraata xitam verilməsi barədə” 03 fevral 2020-ci il tarixli qərardan da göründüyü kimi cavabdehin iddiaçıya borclu qalması halı öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşır. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X7 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Hazırki iş üzrə iddiaçı iddia tələbinin əsaslı olması barədə heç bir sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərinə qanunvericiliyin və onun şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən Qərarındakı hüquqi mövqeyi baxımından qiymət verərək hesab edir ki, iddiaçının apelyasiya şikayətində qeyd etdiyi dəlillər formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğv edilməsinə səbəb ola bilməz. İddiaçı məhkəmə iclasında verdiyi izahatında cavabdehlə bir yerdə Almaniyaya avtmobil almaq üçün getdiklərini, Almaniyada Cavabdeh Mercedes markalı taksi işləmiş avtomobil bəynib aldığını, həmin vaxt ondan 2900 Avro pulaldığını, bu puldan 1500 Avronu elə həmin gün qaytardığını, qalan 1400 Avronu isə qaytarmadığını, bu məbləği öz aralarında borc 1500 ABŞ dolları kimi qəbul etdiklərini, bundan sonra avtomobil alıb gələrkən Türkiyədə olduqları zaman Nurəddinə yenə də 3500 ABŞ dolları pul verdiyini, Azərbaycanda olarkən, 16.12.2015-ci ildə isə Seyid adlı qonşusundan 5300 ABŞ dollarını Nurəddinlə birlikdə aldıqlarını, bundan başqa 2015-ci ilin yay aylarında Cavabdeh satdığı avtomobili almaq üçün onun tanışı Sehran adlı qadının beh kimi Nurəddinə 600 ABŞ dolları verdiyini, habelə Bakıda olarkən 01.12.2015-ci il tarixdə Dəmirbankın binasında banka ödəniş etmək üçün Nurəddinin ondan 500 manat aldığını, həmin puldan 2800 ABŞ dollarını qaytardığını bildirmişdir. Cavabdehin nümayəndəsi isə Cavabdeh iddiaçıdan cəmi 6000 manat borc pul aldığını, həmin pulun 2000 ABŞ dollarını şəxsən özü, 4100 manatını isə ümumi tanışları Tamerlan adlı şəxs vasitəsilə ödədiyini, hal-hazırda İddiaçı borcu olmadığını bildirmişdir. Göründüyü kimi, həmin pulların həm məbləği, həm də harada və hansı şəraitdə verilməsi ilə bağlı şərtlər fərqlidir. Tərəflərin verdikləri izahatlardan və iş materiallarından görünür ki, onların arasında uzun müddət davam edən dostluq münasibətləri və iş birliyi olmuş, tərəflər dəfələrlə birbirlərinə müxtəlif məbləğlərdə və müxtəlif valyutalarda olmaqla, pul verib-almışlar. Belə vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, cavabdehin məhkəmə iclasında iddiaçıdan avtomobilin gömrük sənədləşdirilməsi üçün 6000 manat almasını bildirməsi, iddiada qeyd edilən pul məbləğinin etirafı kimi qəbul edilə bilməz. Ona görə də, iddia ərizəsində qeyd edilən pul məbləğinin cavabdehə verilməsini sübut etmək öhdəliyi tamamilə iddiaçının üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz iddiasının əsasını təşkil edən halları sübuta yetirə bilməmişdir. Belə ki, tərəflər arasında qeyd edilən pulların alınması və verilməsinə dair hər hansı yazılı razılaşma olmamışdır. Cavabdeh isə iddiaçının qeyd etdiyi şəraitdə və hallarda həmin pulları almasını etiraf etməmiş, başqa məqsədlər üçün pul aldığını etiraf etsə də, bu pulları qaytardığını bildirmişdir. Bundan başqa, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 02 may 2018-ci il tarixli və Nərimanov RPİ İŞ-nin müstəntiqinin cinayət işi üzrə icraata xitam verilməsi barədə 03 fevral 2020-ci il tarixli qərarından görünür ki, iddiaçı qonşusu Seyidəli Əliyevdən 5500 ABŞ dolları borc pul alaraq cavabdehə ona Almaniyadan 2007-ci il buraxılışlı avtomobil gətirməsi üçün verdiyini bildirmiş, hazırkı iş üzrə isə Seyidəli Əliyevin pulu onun yanında Cavabdeh özünə gətirmiş olduğu bir avtomobilin gömrük rəsmiləşdirilməsi üçün borc olaraq verdiyini bildirmişdir. Bundan başqa, həmin qərardan görünür ki, İddiaçı qalan 5000 ABŞ dolları məbləğində pulu cavabdehə 2016-cı ilin mart ayında ona 2012-ci il buraxılışlı Mercedes markalı avtomobil gətirməsi üçün vermiş, lakin Nurəddin ona avtomobil alıb gətirməmiş və onu yenə də aldatmışdır. Hazırkı işdə isə həmin 5000 ABŞ dolları pulun 3500 ABŞ dollarını cavabdehə Türkiyədə verdiyini, qalan 1500 ABŞ dollarını isə cavabdehə Almaniyada olarkən verdiyi 1400 Avro pulun əvəzi olaraq tələb etdiyini bildirmişdir. İddia tələbinin bir hissəsini təşkil edən 500 manatın cavabdehə verilməsi ilə bağlı da iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçı öz iddiasının əsasını təşkil edən halları qanunla müəyyən olunmuş qaydada sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ : Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 iyun 2021-ci il il tarixli, 2(006)- 3026/2021 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar