Məhkəmə qərarları › İş №2(103)-8993/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8993/2021

21.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8993/2021 21.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMMC-nin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı Cavabdeh MMMC-nə qarşı “əsassız hesablanmış kommunal borcların silinməsi” barədə ilkin, Cavabdeh MMMC-nin İddiaçı qarşı “kommunal borcun ödənilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMMC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMMC-nə qarşı iddia ərizəsi, sonradan isə iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, MMMC-nin 02.09.2020-ci il tarixli xəbərdarlıq məktubu üzrə guya 2017-ci ilin aprel ayından sonrakı dövr üçün kommunal xidmətlərə görə ödənilməmiş kommunal ödənişə görə hesablanmış 9351 manat borcunun qarşılıqlı əvəzləşdirilərək silinməsi, borc məbləğinin silinməsinin MMMC-yə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 1 saylı mənzilin dəyərini 07 avqust 2009-cu il tarixdə tam ödəməsinə baxmayaraq mənzil vəd edildiyindən 6 il sonra ona təhvil verilmiş, beləliklə də 03 avqust 2009-cu il tarixli müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri müqavilədə nəzərdə tutulan müddətdən və qrafikdən daha tez, yəni 4 gün sonra tam icra edib başa çatdırsa da, mənzili 2 il gecikmə ilə əldə edə bilmiş, 6 il müddət ərzində kirayə mənzil tutaraq kirayə haqqlarını ödəməli olmuşdur. Cavabdeh MMMC-nin İdarə Heyətinin sədri və İcraçı direktoru S.N.Tağıyev tərəfindən ona 02.09.2020-ci il tarixdə xəbərdarlıq məktubu ünvanlanaraq guya MMMC-nə 2017-ci ilin aprel ayından sonrakı dövr üçün kommunal xidmətlərə görə ödənilməmiş 8571 manat, sonradan göndərilən bildirişdə isə 9351 manat borcunun olması iddia edilmiş, həmin məbləği ödəmədiyi halda kommunal xidmətlərin (soyuq su, isti su, isitmə sistemi, lift, dəhliz işıqlandırılması, təmizlik xidməti və s.) dayandırılacağı barədə xəbərdarlıq edilmişdir. Hesab edir ki, mənzilin ona 6 il gec təhvil verilməsi səbəbilə çəkdiyi xərclə hesablanmış kommunal borc məbləği əvəzləşdirilməli və həmin borc silinməlidir. Cavabdeh MMMC isə qarşılıqlı iddia ərizəsi təqdim edərək, İddiaçı kommunal xidmətlərə görə yaranmış 8571 manatın, vəkilin göstərdiyi yardıma görə 200 manatın və 30 manat dövlət rüsumunun əvəzinin tutularaq MMMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. MMMC iddia tələbini belə əsaslandırmışdır ki, MMMC-nin yaradılmasının əsas məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını və s. öhdəliklərini idarə edilməsini həyata keçirməkdən ibarət olmuş, MMMC 12.06.2017-ci il tarixdə Dövlət qeydiyyatına alınmış, Cəmiyyətin nizamnaməsinin 2.2.1-ci bəndində yaşayış binasının cəmiyyət iştirakçılarının ümumi istifadəsində olan daxili və xarici kommunal xidmətlərinin göstərilməsi fəaliyyətini həyata keçirəcəyi nəzərdə tutulmuşdur. MMMC-nin ümumi yığıncağının 14.06.2017-ci il tarixli iclasında qərara alınmışdır ki, çoxmənzilli binanın saxlanılmasına görə cəmiyyətin iştirakçılarının istifadəsində olan sahənin (MTK ilə bağlanmış müqavilədə qeyd olunan kv.m) hər kv.metrinə görə ödənişlərin və ya haqqın məbləği yay mövsümündə (may ayının 1-dən oktyabr ayının 31-nə qədər) 1,25 manat, qış mövsümündə (noyabr ayının 1-dən aprel ayının 31-nə qədər) 1,60 manat təyin edilsin və binanın idarə edilməsi müqaviləsi bağlanana qədər MMMC-nin ümumi yığıncağının qərarına uyğun olaraq ödənişlər (haqq) müqavilə bağlanılmadan həyata keçirilsin. MMMC-nin 02.02.2019-cu il tarixli ümumi yığıncağında qərara alınmışdır ki, yay mövsümündən ümumi sahənin hər 1 kv.metrinə görə tək tarif olaraq 1,45 manat məbləğində təyin olunsun. Lakin 1 nömrəli mənzilin sakini İddiaçı tərəfindən cəmiyyətin göstərdiyi kommunal xidmətlərə görə yaranmış 8571 manat borc ödənilməmiş, cəmiyyət tərəfindən ona 02.09.2020-ci il və 23.09.2020-ci il tarixlərdə xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, borc ödənilməmiş qalmaqdadır. İddiaçı borcu ödəmək istəməməsini mənzilin ona guya gec təhvil verildiyi ilə əsaslandırsa da, nəzərə alınmalıdır ki, Cavabdeh MMMC binanı tikən MTK-nın hüquqi varisi deyil və MTK ilə bağlı hər hansı bir məsuliyyət daşımır. Həmçinin qeyd olunmalıdır ki, Tellman Ağamirov mənzili 21.05.2013-cü il tarixdə mülkiyyətinə keçirmişdir və bu hal onu təsdiq edir ki, mənzil ona vaxtında verilməklə MMMC tərəfindən göstərilən bütün kommunal xidmətlərdən istifadə etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh MMMC-nin nümayəndəsi apellyasiya şikayəti verərək onun qarşılıqlı iddia tələbinin təmin olunmaması ilə bağlı hissədə ləğv edilməsini və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin işi hərtərəfli, tam və obyektiv araşdırmadığı, Mənzil Məcəlləsinin müddəalarını yanlış təfsir etdiyi, sübutlara düzgün qiymət vermədiyi, gəldiyi nəticənin işin hallarına uyğun olmadığı arqumentləri ilə əsaslandırmışdır. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edə Cavabdeh MMMC-nin nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, məhkəmə qarşılıqlı iddia tələbini hərtərəfli araşdırmamış, ona hüquqi qiymət verməmiş, maddi hüquq normalarına istinad etsə də, normaları düzgün tövsüf etməməklə səhv nəticəyə gəlmişdir. Məhkəmə, qarşılıqlı iddia tələbini 8571 manat məbləğində borcu təsdiq edən sənədlərin təqdim edilməməsi əsaslandırması ilə rədd etmişdir, halbuki, qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş, həmçinin məhkəmə iclasında təqdim olunmuş sübutlar qarşılıqlı iddianı təmin etməyə kifayət etmişdir. Lakin məhkəmə tərəfindən təqdim olunmuş sübutlara qiymət verilməmiş və ümumiyyətlə qətnamədə sözü gedən sübutlar öz əksini tapmamışdır. Bundan əlavə qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi ilk iddianın sübuta yetiriməməsi qənaətinə gəldiyi halda, heç bir əsas olmadan qarşılıqlı iddianı rədd etməklə qanunvericinin tələblərini, həmçinin Cavabdeh MMMC-nin hüquqlarını kobud şəkildə pozmuşdur. Belə ki,”Nəsimi-10” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti nizmnamə ilə müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş sahə mülkiyyətçilərinin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya təşkilatı olan hüququ şəxsdir. MMMC-nin yaradılmasının əsas məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını və s. öhdəliklərinin idarə edilməsindən ibarət olmuşdur. Cəmiyyətin nizamnaməsinin 2.2.1-ci bəndinə əsasən cəmiyyət yaşayış binasının cəmiyyət iştirakçılarının ümumi istifadəsində olan daxili və xarici kommunal xidmətlərinin göstərilməsi fəaliyyətini həyata keçirir. MMMCnin 14.06.2017-ci il tarixli ümumi yığıncağının qərarı ilə çoxmənzilli binanın saxlanılmasına görə cəmiyyətin iştirakçılarının istifadəsində olan sahənin (MTK ilə bağlanmış müqavilədə qeyd olunan kv.metr) hər kv.metrinə görə ödənişlərin və ya haqqın məbləği yay mövsümündə (may ayının 1-dən oktyabr ayının 31-ə qədər) 1,25 (bir manat iyirmi beş qəpik) manat, qış mövsümündə (noyabr ayının 1-dən aprel ayının 31-ə qədər) 1,60 (bir manat altmış qəpik) manat təyin edilmiş, eyni zamanda çoxmənzilli binanın idarə edilməsi müqaviləsi bağlanana qədər ümumi yığıncağın qərarına uyğun olaraq ödənişlərin (haqq) müqvilə bağlanılmadan həyata keçirilməsi qərara alınmışdır. MMMC-nin 02.02.2019-cu il tarixli ümumi yığıncağının qərarı ilə yay mövsümündən başlayaraq, ödənişlərin və ya haqqın məbləği cəmiyyət içtirakçısının istifadəsində olan ümumi sahənin hər 1 kv.metrinə görə tək tarif olaraq 1,45 ( bir manat qırx beş qəpik) manat məbləğində təyin olunmuşdur. Lakin 1 nömrəli mənzilin sakini İddiaçı tərəfindən kommunal xidmətlərə görə yaranmış 8571 (səkkiz min beş yüz yetmiş bir) manat borc bu günə kimi ödənilməmiş, borcun ödənilməsi ilə bağlı ona cəmiyyət tərəfindən 02.09.2020-ci il və 23.09.2020-ci il tarixlərdə xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, buna məhəl qoymamışdır. Kommunal xidmətlərə görə yaranmış 8571 (səkkiz min beş yüz yetmiş bir) manatın yaranma səbəbi və əsasları İddiaçı tərəfindən məhkəmə çəkişməsi zamanı mübahisələndirilməmiş, sadəcə borcun onun mənzil aldığı MTK ilə arasında yaranmış mübahisəyə görə əvəzləşdirilməsi xahiş olunmuşdur. Halbuki, İddiaçı əvvəllər komunal xidmətlərə dair müvafiq ödənişlər etmiş, sonradan bu ödənişləri dayandırmış və MMMC-yə verdiyi şifahi məlumata görə bunun maddi sıxıntı yaşaması ilə əlaqələndirmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.2.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi üçün yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaranmış hesab edilir. İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X1 Daşınmaz Əmlakın Dövlət Reyestrindən 21.05.2013-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi ev 26 A, mənzil 1-ə dair mülkiyyətini təsdiq edən çıxarış verilmiş, MMMC ona kommunal xidmətlər üzrə haqlar isə 2017-ci ilin aprel ayından hesablanmışdır. Məhkəməyə təqdim edilmiş kommunal ödəniş və borc cədvələrindəndə görünür ki, İddiaçı tərəfindən ödənişlər aparılsa belə borcu yaranmışdır və bu günə kimi ödənilməmiş qalmaqdadır. İddiaçı mənzilin mülkiyyətçisi olduğu andan kommunal xidmətlərə görə ödənişləri həyata keçirməlidir, MMMC isə bu xidmətləri göstərən təşkilat kimi ödənişlərin ödənilməsini tələb etməyə haqqı çatan tərəfdir. Tərəflər arasında müqavilə imzalanmasa da, İddiaçı kommunal xidmətlərdən yararlanmış və bu günə kimi də yararlanmaqdadır. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış İddiaçı (nümayəndəsi) məhkəməyə gəlməmiş, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi isə nümayəndəsini məhkəməyə göndərməmişdir. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı və 372.7-ci maddələrinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qarşılıqlı iddia tələbinin təmin olunmaması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünkü qətnamədən ilkin iddiaçı apellyasiya şikayəti verməmişdir və bu o deməkdir ki, ilkin iddia tələbinin təmin olunmaması ilə bağlı hissə apellyasiya baxışının predmeti deyildir. Qeyd olunan kontekstdə kollegiya qarşılıqlı iddiaçının nümayəndəsinin izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və qarşılıqlı iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. İşin müəyyən olunan hallarına görə, İddiaçıla "xxxx" Mənzil Tikinti Kooperativi (MTK) arasında 03 avqust 2009-cu il tarixdə müqavilə bağlanmış, müqaviləyə əsasən MTK Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi 635-ci məhəllədə inşa edilən 26a saylı binanın 1ci blokunun 2-ci mərtəbəsində yerləşən mənzili İddiaçı təhvil verməyi, İddiaçı isə mənzilin dəyərini ödəməyi öhdələrinə götürmüş, 21.05.2013-cü il tarixdə mənzil İddiaçı adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, sözügedən binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə sərəncam verilməsini həyata keçirmək məqsədi ilə binadakı mənzil mülkiyyətçilərinin təşəbbüsü ilə Cavabdeh Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMMC) yaradılmış, qeyri-kommersiya qurumu olan Cəmiyyət 12.06.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İş materiallarından aydın olur ki, MMMC-nin ümumi yığıncağının 14.06.2017-ci il tarixli qərarı ilə binanın saxlanılmasına görə Cəmiyyətin iştirakçılarının istifadəsində olan sahənin (MTK ilə bağlanmış müqavilədə qeyd olunan kv.metr) hər kv.metrinə görə ödənişlərin və ya haqqın məbləği yay mövsümündə (may ayının 1-dən oktyabr ayının 31-ə qədər) 1,25 (bir manat iyirmi beş qəpik) manat, qış mövsümündə (noyabr ayının 1-dən aprel ayının 31-ə qədər) 1,60 (bir manat altmış qəpik) manat müəyyənləşdirilərək, eyni zamanda binanın idarə edilməsi müqaviləsi bağlanana qədər ümumi yığıncağın qərarına uyğun olaraq ödənişlərin (haqq) müqvilə bağlanılmadan həyata keçirilməsi qərara alınmış, ümumi yığıncağın 02.02.2019-cu il tarixli qərarı ilə isə yay mövsümündən başlayaraq, ödənişlərin və ya haqqın məbləği cəmiyyət içtirakçısının istifadəsində olan ümumi sahənin hər 1 kv.metrinə görə tək tarif olaraq 1,45 ( bir manat qırx beş qəpik) manat məbləğində təyin olunmuşdur. İlkin iddiaçı, Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi 635-ci məhəllədə inşa edilən 26a saylı binanın 1-ci blokunun 2-ci mərtəbəsində yerləşən 1 saylı mənzildə yaşadığını və kommunal xidmətlərdən istifadə etdiyini, habelə həmin xidmətlərə görə müxtəlif dövrlərdə ödənişlər həyata keçirdiyini mübahisələndirməməkdədir; onun irəli sürdüyü hal ondan ibarətdir ki, "xxxx" MTK ilə 03.08.2009-cu il tarixdə bağladığı müqavilənin şərtlərinə həmin MTK tərəfindən əməl edilməyərək mənzil ona gec təhvil verildiyindən kirayədə yaşamalı olmuşdur və buna görə də kommunal xidmətlərə görə yaranmış borcu kirayə mənzilə çəkdiyi xərclərlə əvəzləşdirilməlidir. Qarşılıqlı iddiaçının (MMMC-nin) irəli sürdüyü arqumentə görə isə, mənzil 2013-cü ildən ilkin iddiaçının mülkiyyətində olduğundan o, həmin dövrdən etibarən, o cümlədən 2017-ci ildən sonra istifadə etdiyi xidmətlərin əvəzini ödəməlidir; eyni zamanda MMMC, adı çəkilən MTK-nın hüquqi varisi olmamaqla MTK və İddiaçı arasında bağlanmış müqavilə şərtlərinin pozulması sonuncunun kommunal xidmətlərin əvəzini ödəməkdən azad edilməsinə səbəb ola bilməz. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiyanın qənaətinə görə, qarşılıqlı iddiaçının irəli sürdüyü faktiki hal, onun tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmaqdadır və birinci instansiya məhkəməsinin həmin tələb üzrə gəldiyi nəticə əsassız olmaqla işin hallarına uyğun olmamışdır. Belə ki, Mənzil Məcəlləsinin 109.5-ci maddəsinə əsasən, kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin X1 qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. Mənzil-tikinti kooperativlərinin yaradılması, idarə edilməsi, yenidən təşkili, ləğvi, fəaliyyəti, həmçinin hüquqi statusu ilə bağlı digər məsələlər bu Məcəllədə nəzərdə tutulmuş xüsusiyyətlər nəzərə alınmaqla Mülki Məcəllə ilə tənzimlənir (Mənzil Məcəlləsinin 109.6-cı maddəsi). Mülki Məcəllənin 87.2 və 87.3-cü maddələrinin tələblərinə görə isə cəmiyyət bu Məcəlləyə müvafiq olaraq yeni cəmiyyətin yaradılması və ya bu Məcəllədə müəyyən edilmiş qaydalar və məhdudiyyətlər nəzərə alınmaqla fəaliyyət göstərən hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) yolu ilə yaradıla bilər. Cəmiyyətin yaradılması təsis yığıncağının keçirilməsini və müqavilənin bağlanmasını (bu Məcəllənin 45.2-ci maddəsində nəzərdə tutulmuş halda) və ya cəmiyyətin yaradılması haqqında qərarın qəbul edilməsini (cəmiyyət bir şəxs tərəfindən yaradıldıqda), nizamnamə kapitalının ödənilməsini (cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının müəyyən müddətə ödənilməsi nəzərdə tutulmayıbsa) və nizamnamənin hazırlanmasını əhatə edir. Mülki qanunvericiliyin müddəalarından göründüyü kimi, MTK-nın ləğvi və yeni hüquqi şəxsin yaradılması cəmiyyətin təsisçiləri arasında fəaliyyətlə bağlı yeni müqavilənin bağlanmasını tələb etdiyindən, yeni yaradılmış MMMC onun (MTK-nın) hüquqi varisi kimi çıxış edə bilməz. Mənzil Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. “R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 sentyabr 2020-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “Mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq şəkildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü tələb etmir. Belə ki, Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir”. V.Ələsgərovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 2015-ci il 29 dekabr tarixli Qərarında ifadə olunan hüquqi mövqeyə görə isə, “...yuxarıda göstərilən vəzifə çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən Mənzil Məcəlləsində (126.9 və 44-47-ci maddələr) nəzərdə tutulan qaydada qərar qəbul edilməsi nəticəsində yarana bilər. Bu, xüsusilə kommunal xidmət haqqının müəyyən edilməsinə aiddir. Mənzil Məcəlləsinin 128.0.3-cü maddəsinə əsasən, müvafiq il üçün cəmiyyətin xərclər və gəlirlər smetasını və maliyyə fəaliyyəti haqqında hesabat tərtib etmək, onları təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim etmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin vəzifəsidir. Nəzərə almaq lazımdır ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır, cəmiyyətin idarə heyətinin səlahiyyətlərinə aid olan məsələləri həll etmək hüququna malikdir (Mənzil Məcəlləsinin 125.1 və 125.4-cü maddələri). Həmin Məcəllənin 125.2.4-cü maddəsinə müvafiq olaraq isə cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək ümumi yığıncağın müstəsna səlahiyyətidir”. İş materiallarından aydın olur ki, MMMC-nin 2017-2018-ci, 2018-2019-cu, 2019- 2020-ci və 2020-2021-ci illər üçün maliyyə hesabatlarının təftişi aparılaraq təftiş aktları tərtib olunmuş, ümumi yığıncağın 14.06.2017-ci il və 02.02.2019-cu il tarixli iclaslarında MMMC-nin maliyyə hesabatı müzakirə edilmiş, yuxarıda da göstərildiyi kimi, həmin yığıncaq qərarları ilə binanın saxlanılmasına görə ödənişlərin məbləğləri müəyyənləşdirilmiş və eyni zamanda binanın idarə edilməsi müqaviləsi bağlanana qədər ümumi yığıncağın qərarına uyğun olaraq ödənişlərin müqavilə bağlanılmadan həyata keçirilməsi qərara alınmışdır. İş materiallarından həmçinin aydın olur ki, İddiaçı kommunal xidmətlərə görə 2017ci ildə 700 manat, 2018-ci ildə 400 manat, 2019-cu ildə 200 manat, 2020-ci ildə 1000 manat ödəniş həyata keçirmiş, qarşılıqlı iddianın irəli sürüldüyü tarixə 8571 manat ödənilməmiş borcu qalmışdır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, qarşılıqlı iddiaçının “İddiaçı kommunal xidmətlərə görə yaranmış 8571 manatın tutulması” tələbi əsaslı olmaqla təmin edilməlidir. Xüsusilə nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin 135.2.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi üçün yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaranmış hesab edilir. Bununla belə kollegiyanın qənaətinə görə, MMMC-nin “vəkilin göstərdiyi yardıma görə 200 manatın tutulması” tələbi qismən əsaslıdır; çünkü iş materiallarında olan ödəniş qəbzindən MMMC tərəfindən 14 saylı Vəkil bürosuna 190 manat ödəniş həyata keçirildiyi aydın olur – Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə görə isə, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir və buna görə də kollegiya hesab edir ki, qarşılıqlı iddia ərizəsini və apellyasiya şikayətini verərkən MMMCnin ödədiyi dövlət rüsumlarının əvəzi qismində 45,40 (otuz manat 40 qəpik) İddiaçı alınaraq MMMC-nə ödənilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.4-cü maddəsinə görə isə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1220/2021 saylı iş üzrə 20 may 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni qarşılıqlı iddia tələbinin təmin olunmaması ilə bağlı hissədə ləğv edilsin. Cavabdeh MMMC-nin İddiaçı qarşı “kommunal borcun ödənilməsi” barədə qarşılıqlı iddia tələbi qismən təmin olunsun. İddiaçı kommunal xidmətlərə görə yaranmış 8571 (səkkiz min beş yüz yetmiş bir) manat borc mələği, vəkilin göstərdiyi yardıma görə 190 (yüz doxsan) manat və 30 manat dövlət rüsumunun əvəzi olmaqla cəmi 8791 (səkkiz min yeddi yüz doxsan bir) manat alınaraq Cavabdeh MMMC-nə ödənilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15,40 (on beş manat 40 qəpik) manat İddiaçı alınaraq Cavabdeh MMMC-nə ödnilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar