Məhkəmə qərarları › İş №2(103)-90/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-90/2024

24.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-90/2024 24.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsi üzərindəki hasarın əvvəlki vəziyyətə gətirilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X6 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Əliyev Ülfət Vilayət oğlunun katibliyi, İddiaçı, Cavabdeh və cavabdehin nümayəndəsi (vəkili) X1 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 1999-cu il tarixli, 648 nömrəli sərəncamı ilə iddiaçıya fərdi yaşayış evi tikmək məqsədi ilə torpaq sahəsi ayrılmışdır. İddiaçı iddia etmişdir ki, qeyd olunan torpaq sahəsi onun tərəfindən hasarlanmış, bundan sonra cavabdeh tərəfindən həmin hasar sökülərək öz torpağına gediş-gəliş məqsədilə istifadə olunmağa başlanılmışdır. İddiaçı cavabdehin bu hərəkətinin qarşısının alınması, habelə onun hesabına hasarın bərpa olunması üçün məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi isə iddia tələbini təmin etməmişdir. İddiaçı göstərilən nəticə ilə razılaşmamış və qətnamədən apellyasiya şikayəti vermişir.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə (bundan sonra mətndə – birinci instansiya məhkəməsi) müraciət edərək, mülkiyyətində olan torpaq sahəsində onun tərəfindən çəkilmiş daş hasarın cavabdeh tərəfindən sökülməsinin qanunsuz hesab edilməsi, həmin hasarın cavabdehin vəsaiti hesabına əvvəlki vəziyyətə gətirilməsi və cavabdehin üzərinə özünə məxsus torpaq sahəsinə daxil olmaq üçün əvvəlki yoldan istifadə etməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi belə əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 1999-cu il tarixli, 648 nömrəli sərəncamı ilə iddiaçıya fərdi yaşayış evi tikmək məqsədi ilə Bakı şəhəri, Səbail rayonu ərazisindəki Badamdar qəsəbəsində 6 sot torpaq sahəsi ayrılmış, torpağın naturada yeri müəyyən edilməklə verilən sahə daş hasarla əhatəyə alınaraq sərhədləri müəyyən edilmişdir. Həm bu torpaq sahəsinin, həm də qonşuların yolu yerləşmə cizgisi və torpaq sahəsinin plan ölçüsündə öz əksini tapmışdır. Qonşu torpağın sahibi Cavabdeh mülkiyyət hüququnu 26 yanvar 2022-ci il tarixdə qeydiyyata aldırmışdır. Lakin o, faktiki yolu olduğu halda iddiaçıya məxsus mişar daşdan olan hasarı uçurmuş, ona maddi ziyan vurmuş, torpağını zəbt edərək özünə yeni yol çəkmişdir. Özbaşına zəbt etdiyi özgə torpağından çəkdiyi yolla mütəmadi tikinti materialları daşımaqla geniş tikinti işləri aparır.

4. Birinci instansiya məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli (2(009)-1450/2022 nömrəli mülki iş üzrə, hakim Ş.Süleymanova) qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

5. Qətnamə belə əsaslandırılmışdır ki, iddia tələbində qeyd edilən sökülmüş hasarın yerləşdiyi torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olması müəyyən olunmadığından, iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbləri əsassızdır və təmin edilməməlidir. Həmçinin, iddiaçı ona məxsus və onun tərəfindən inşa edilmiş hasarın cavabdeh tərəfindən söküldüyünü iddia etsə də, bu halları təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.

6. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

7. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdur. Ekspertizanın aparılmasına Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri də cəlb edilmişdir.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2023-cü il tarixli rəy verilmiş və qeyd edilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin yerquruluşu üzrə baş mühəndisi Ramiz Babayevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, göstərilən mübahisəli ərazinin faktiki sahəsi 685.0 kv.metr təşkil edir. Cavabdeh xüsusi mülkiyyətində olan 0.025 ha torpaq sahəsi və həmin sahənin qərb-sərhəd qonşuluğunda olan 0.0255 ha torpaq sahəsi əvvəlki vəziyyətdə (bölgüdən öncə) 0.0505 ha olmaqla dövlət qeydiyyatına alınmışdır. Həmin sahənin arxivi əsaslarında (ilkin yerləşmə cizgisi və keçmiş DTXK-nın kadastr planında) keçid yolları iki tərəfdən (qərb və şərq) işarələnməklə göstərilmişdir. Faktiki vəziyyəti üzrə Cavabdeh məxsus torpaq sahəsinə gedən yolun Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 12 may 1999cu il tarixli sərəncamı ilə İddiaçı ayrılmış 0.06 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir.

9. Bundan sonra məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, cavabdeh tərəfindən iddiaçının torpaq sahəsinin zəbt olunub-olunmadığı, cavabdehə mülkiyyət sənədlərinə əsasən hansı istiqamətlərdən yol verildiyi, yolun bağlandığı təqdirdə cavabdehin torpaq sahəsindən istifadə üçün başqa yolunun olub-olmamasının müəyyən edilməsi zəruri olduğundan iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməlidir. Yekunda, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə əlavə məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdur. Ekspertizanın aparılmasına Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri də cəlb edilmişdir.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2023-cü il tarixli rəy verilmiş və qeyd edilmişdir ki, iddiaçı tərəfindən göstərilən faktiki torpaq sahəsi 685.0 kv.metr təşkil edir. Sahənin daxilindən bir hissə (235.0 kv.metr olan sahə) faktiki yol kimi mübahisələndirilən sahədir. Bundan əlavə cavabdehin göstərdiyi 250.0 kv.metr sahə üzərində bir mərtəbəli yarımçıq tikili mövcuddur, digər sahə ilə bir sərhəd daxilindədir. Sahənin sərhədləri iki tərəfdən şərti olmaqla çıxarışda qeyd olunmuş ölçülərə uyğundur. Göstərilən torpaq sahəsinin çox hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Cavabdehin faktiki göstərdiyi və sənədlə sahəsi iki tərəfdən fiziki sərhəd olmadığından (şərti olduğundan) zəbt etmə halının olubolmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Mülkiyyət sənədlərinə əsasən Cavabdeh xüsusi mülkiyyətində olan 250.0 kv.metr torpaq sahəsi və həmin sahənin qərbsərhəd qonşuluğunda olan 255.0 kv.metr torpaq sahəsi əvvəlki vəziyyətdə (bölgüdən öncə) 505.0 kv.metr olmaqla dövlət qeydiyyatına alınmışdır. Sahənin arxiv əsaslarında (ilkin yerləşmə cizgisi və keçmiş DTXK-nin kadastr planında keçid yolları iki tərəfdən (qərb və şərq) işarələnməklə göstərilmişdir. İddiaçı tərəfindən göstərilən faktiki sahə 685.0 kv.metr təşkil etməklə bir hissəsi (235.0 kv.metr) faktiki yol kimi mübahisələndirilən hissədir. Bundan əlavə, İddiaçı ayrılmış torpaq sahəsi və həmin sahənin ayrılmasına əsas olmuş sənədlər barədə elektron bazada məlumat yoxdur. Cavabdeh xüsusi mülkiyyətində olan 250.0 kv.metr torpaq sahəsi bölünəndən əvvəl həmin sahənin qərb sərhəd qonşuluğunda olan 255.0 kv.metr torpaq sahəsi əvvəlki vəziyyətdə 505.0 kv.metr olmaqla qeydiyyata alınmış torpaq sahəsinin arxiv əsaslarında (ilkin yerləşmə cizgisi ve keçmiş DTXK-nın kadastr planında) keçid yolları iki tərəfdən (qərb və şərq) işarələnməklə göstərilmişdir. Bölünmə zamanı (505 kv.metr sahənin bölgüsü zamanı) tərəflər arasında imzaları ilə razılaşdırılaraq notarial qaydada tesdiqlənmiş bölgü sxemində sənədlə sahənin cənub tərəf hissəsindən dalan göstərilmişdir.

11. Qeyd olunan ekspert rəyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəy əsasında hazırlanmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmədə dindirilən və qətnamədə ifadəsi sübut kimi qəbul edilən X2 torpaq sahsinin qapısı iddiaçının torpaq sahəsinin xaricindədir. Bu baxış zamanı və video yazıda öz əksini tapmışdır. Onun özü də iddiaçının torpaq sahəsindən yol açması iddiasındadır. Onun qeyd etdiyi yolun çəkilməsi həmin ərazidən təxminən 300 metr kənarda olmuşdur. Faktın təsdiqi üçün yenidən baxış keçirilərsə bu hal təsdiq olunar. Bu şəxs iddiada tərəf deyil. Hazırkı iddiaya heç bir aidiyyəti də yoxdur. Bəlli deyil ki, məhkəmə onu nə üçün dindirmiş və ifadəsini sübut kimi götürmüşdür. Halbuki işdə sübutlara söykənən obyektiv ifadə verməyə hazır olan və bu məqsədlə məhkəməyə gələn icra məmurunu iddiaçının israrlı tələblərinə baxmayaraq məhkəmə “ifadənə ehtiyac yoxdur” bəhanəsi ilə dindirməmişdir. Məhkəmə qətnamədə “iddiaçı ona məxsus və onun tərəfindən inşa edilmiş hasarın cavabdeh tərəfindən söküldüyünü iddia etsə də, bu halları təstiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməməsini” qeyd etsə də, bu fakt izahatlardan əlavə, baxışla və bələdiyyə nümayəndəsinin çəkdiyi video ilə tam təsqiq olunur. 2 metr hündürlüyündəki mişar daşdan inşa edilmiş hasarın sökülməsi hələ məhkəmədən öncə bələdiyyə və icra nümayəndəliyinin birgə baxış sənədləri ilə də təsdiq olunur. Həm də hasarı özünə 2-ci yol açmaq üçün cavabdehin sökməsinə kifayət qədər fakt mövcuddur. İzahatda deyilənlər sözügedən əraziyə aid olmayan tamamilə uzaq sahədə baş vermişdir. Cavabdehə yol iddiaçının hesabına verilə bilməz. Mülki qanunvericiliyin tələbləri baxımından ona yol üçün yeri torpağı satan adam verməlidir. Bundan əlavə, iddiaçıya torpaq sahəsi veriləndə orada işıq xətti olmamışdır. Sonradan çəkilmişdir ki, buda mülkiyyət hüququnu pozur. İddiaçı bununla bağlı maneənin aradan qaldırılması üçün tədbirlər görür. Belə vəziyyətin yaranması onun mülkiyyət hüququnu məhdudlaşdırmır. Məhkəmənin qətnamədə iddiaçının sahəsinin trapesiya formasında yox, yerli baxışda göstərdiyi torpaq sahəsinin üçbucaq formasında olduğunun müəyyən edilməsini göstərməsi də əsassızdır. Orada üçbucaq formasında yer yoxdur. Hər tərəfin torpağının sxemi, eskiz yerləşmə cizgisi var. Məhkəmə təsdiq olunan rəsmi sənədlərə yox, subyektiv mülahizəyə istinad etmişdir. Sərəncamda heç trapesiya forması sözü də yoxdur. Məhkəmə bu fikri nəyə əsasən göstərməsi işdən bəlli deyil. Digər tərəfdən yerin hansı formada olmasından asılı olmayaraq müdaxiləni qanun qadağan edir. Məhkəmə sübutlara düzgün qiymət verməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını xahiş etmişdir.

16. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını xahiş etmişdir.

17. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi (vəkili) X3 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarı:

18. Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “af irmanti non neganti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar faktehtimallarından irəli gələ bilər (§68).

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

23. Hazırkı işdə iddia təmin olunmadığından və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və izah edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz.

25. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

26. Həqiqətin müəyyən edilməsi isə ilkin növbədə yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə və ya məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla təmin olunur.

27. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü isə tərəflərin üzərinə düşür. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Sübutetmə yükünün üzərinə düşməsinə baxmayaraq, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, tələbini sadəcə formal mülahizələrlə əsaslandırmışdır.

29. Belə ki, iş materiallarından müəyyən edilir ki, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 1999-cu il tarixli, 648 nömrəli sərəncamı ilə iddiaçıya fərdi yaşayış evi tikmək məqsədi ilə torpaq sahəsi ayrılmışdır. İddiaçı iddia etmişdir ki, qeyd olunan torpaq sahəsi onun tərəfindən hasarlanmış, bundan sonra cavabdeh tərəfindən həmin hasar sökülərək öz torpağına gediş-gəliş məqsədilə istifadə olunmağa başlanılmışdır.

30. Göstərilən halların həqiqiliyinin araşdırılması üçün məhkəmə kollegiyası tərəfindən ilkin və əlavə məhkəmə tikinti-texiniki ekspertizaları təyin edilmişdir. İlkin ekspertiza nəticəsində müəyyən edilmişdir ki, faktiki vəziyyəti üzrə Cavabdeh məxsus torpaq sahəsinə gedən yol Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 12 may 1999-cu il tarixli sərəncamı ilə İddiaçı ayrılmış 0.06 ha torpaq sahəsi ilə üst-üstə düşür. Əlavə ekspertizanın nəticəsinə dair qeyd olunmalı zəruri məqəmalar isə iddiaçı tərəfindən göstərilən faktiki torpaq sahəsinin 685.0 kv.metr təşkil etməsi, sahənin daxilindən bir hissənin faktiki yol kimi mübahisələndirilən sahə olması, göstərilən torpaq sahəsinin çox hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsi, İddiaçı ayrılmış torpaq sahəsi və həmin sahənin ayrılmasına əsas olmuş sənədlər barədə elektron bazada məlumatın olmaması və cavabdehin faktiki göstərdiyi, sənəd üzrə sahəsi iki tərəfdən fiziki sərhəd olmadığından (şərti olduğundan) zəbt etmə halının olubolmamasının müəyyənləşdirməyin mümkün olmamasıdır.

31. Göründüyü kimi, aparılmış ekspertizalar iddiaçının faktiki qaydada, yəni sənəd üzrə müəyyən edilmiş koordinatlar əsasında yox, şərti olaraq göstərdiyi torpaq sahəsində aparılmışdır. İddiaçıya ayrılmış torpaq sahəsi və həmin sahənin ayrılmasına əsas olmuş sənədlər barədə elektron bazada məlumatlar olmadığına görə göstərdiyi torpaq sahəsinin həqiqətəndə sərəncamla ona ayrılmış torpaq sahəsi olması öz təsdiqini tapmır. Həmçinin iddiaçı da bu halı mötəbər sübutlarla əsaslandıra bilməmişdir.

32. Cavabdeh isə iddiaçının tələbinə münasibətdə bildirmişdir ki, o, iddiaçıya məxsus hasarı sökməmişdir, həmçinin iddiaçının torpaq sahəsinə çıxışın sonradan qoyulması, habelə mübahisələndirdiyi torpaq sahəsinin ona məxsus olması barədə heç bir sübutu yoxdur. O iddia edir ki, çıxış ona məxsus sahədən keçir, lakin bu belə deyil.

33. Qeyd olunanlardan görünür ki, cavabdeh iddiaçının iddiasını təkzib etmiş, tələb üzrə sübutetmə yükü iddiaçının üzərinə düşmüş, lakin o, nə sərəncam üzrə ona ayrılmış torpaq sahəsinin həqiqətəndə hazırda mübahisələndirdiyi torpaq sahəsi olmasını, nə də ki, torpaq sahəsindəki hasarın məhz cavabdeh tərəfindən sökülməsini sübut edə bilməmişdir. Məhkəmə kollegiyası tərəfindən mübahisənin dəqiq araşıdırılması üçün ekspertizalar təyin edilsə də, həmin ekspertizalar da faktiki olaraq göstərilən torpaq sahəsi üzrə şərti olaraq aparıldığından (iddiaçıya ayrılmış torpaq sahəsi və həmin sahənin ayrılmasına əsas olmuş sənədlər barədə elektron bazada məlumatın olmaması səbəbindən) iş üçün həlledici əhəmiyyət kəsb etməmişdir.

34. Nəzərə almaq lazımdır ki, təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

35. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir.

36. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarı).

37. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırkı mülki işdə birinci instansiya məhkəməsi “sübut etmək yükünün təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyü” prinsipini rəhbər tutaraq iddia tələbini rədd etməkdə haqlı olmuş, iddiaçı isə birinci instansiya məhkəməsinin qətnaməsindən şikayət verərkən, torpaq sahəsinin ona məxsus olduğunu, habelə torpaq sahəsi üzərindəki hasarın cavabdeh tərəfindən söküldüyünü iddia etsə də, bunu heç bir dəlillə sübuta yetirə bilməmişdir.

38. Apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsində şahid qismində dinidirlmiş X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297-ci maddəsi ilə bilə-bilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti daşıması barədə xəbərdar olunmuş və ondan bu barədə iltizam alınmışdır. Lakin o, biləbilə yalan ifadə vermiş olsa belə, bu hal hazırkı mərhələdə qətnamənin ləğvi üçün əsas ola bilməz.

39. Torpaq sahəsinin hansı formada (trapesiya və ya üçbucaqlı) olması və yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsi dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 1999-cu il tarixli, 648 nömrəli sərəncamı ilə iddiaçıya ayrılmış torpaq sahəsinin çizgisi sənədində həmin torpaq sahəsi trapesiya formasında göstərilmişdir. Birinci instansiya məhkəməsi isə xx.xx.2022-ci il tarixində hər iki tərəfin göstərdiyi torpaq sahəsinə yerli baxış keçirərkən, iddiaçının ona məxsus olduğunu bildirdiyi torpaq sahəsinin üçkünc formada olduğunu və torpaq sahəsinin tam yaxınlığında işıq dirəyinin yerləşdiyini müəyyən etmiş, bunları xx.xx.2022-ci il tarixli protokolla rəsmiləşdirmişdir. Həmçinin əlavə məhkəmə tikinti-texniki ekspertizası keçirilərkən də müəyyən edilmişdir ki, göstərilən torpaq sahəsinin çox hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Məhkəmə kollegiyası qeyd olunanlarla bağlı izah edir ki, hansı formada olması və ya yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşib-yerləşməməsindən asılı olmayaraq əmlak üzərində mülkiyyət hüququ toxunulmazdır, lakin nəzərə almaq lazımdır ki, hazırda iddiaçının göstərdiyi torpaq sahəsinin onun qanuni sahibliyinə verilmiş torpaq sahəsi olması işin müabahisəli halıdır və iddia edilən torpaq sahəsinin cizgisində göstərilən formanın yerli baxış zamanı göstərilən torpaq sahəsinin formasına uyğun gəlməməsi, habelə yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsi iddiaçının iddia etdiyi torpaq sahəsinin sərəncam əsasında ayrılmış torpaq sahəsi ilə üst-üstə düşməməsi şübhələrini artırır. Bu səbəbdən birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan hallar qətnamə çıxarılarkən haqlı olaraq nəzərə alınmışdır.

40. Həmçinin, iddiaçı apellyasiya şikayətinin dəlillərində cavabdehin ikinici yol açmaq üçün hasarı sökməsinə dair kifayət qədər faktın mövcud olduğunu qeyd etmiş və bu faktların izahatlardan əlavə, baxışla və bələdiyyə nümayəndəsinin çəkdiyi video ilə tam təsdiq olunduğunu bildirmişdir. Lakin həmin videoda sadəcə sökülmüş hasar qeydə alınmışdır və hasarın kim tərəfindən sökülməsini özündə əks etdirmir. Bu səbəbdən iş materiallarında olan həmin videoyazı da hasarın həqiqətəndə cavabdeh tərəfindən söküldüyünü sübut etmir.

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

42. İddiaçı isə formal mülahizələrə əsaslanaraq qətnamənin ləğvini tələb etmişdir.

43. Belə olan halda, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402 və 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2(009)-1450/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar