Məhkəmə qərarları › İş №2(103)-9001/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9001/2021

19.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9001/2021 19.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ailə üzvləri ilə birlikdə mülkiyyətdən çıxarılmaları” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1444/2021 saylı, 18 may 2021-ci il tarixli qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “ailə üzvləri ilə birlikdə mülkiyyətdən çıxarılmaları” tələbinə iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 0.12 ha olan 1428 saylı bağ sahəsindən çıxarılması və həmin bağ sahəsinin tam boşaldılaraq iddiaçının sahibliyinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin 10 oktyabr 2014-cü il tarixli, 2(003)- 1732/2014 saylı qətnaməsi ilə İddiaçı iddiası təmin edilərək Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, sahəsi 0,12 hektar olan 1428 saylı bağ sahəsinə vərəsəlik hüququ tanınıb. Həmin qətnamədən Cavabdeh apelyasiya şikayəti verib və Bakı Apelyasiya Məhkəməsinin 14 may 2015-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməyib və Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin 10 oktyabr 2014-cü il tarixli, 2(003)-1732/2014 saylı qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılıb. AR Ali Məhkəməsinin 04 dekabr 2015-ci il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilməyərək Bakı Apelyasiya Məhkəməsinin 14 may 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin 10 oktyabr 2014-cü il tarixli, 2(003)- 1732/2014 saylı qətnaməsinin əsasında o, 06.11.2018-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan ərazisindəki sahəsi 0,12 hektar olan 1428 saylı bağ sahəsinə mülkiyyət hüququ əldə edib. Cavabdeh babası olan X1 ilə aralarında böyük yaş fərqinin olmasına baxmayaraq, cavabdeh onun əmlakını əldə etmək üçün Hüseynov Qəni ilə birlikdə yaşayıb. Hüseynov Qəni vəfat etdikdən sonra isə mülkünü qeyri-qanuni ələ keçirib. Hazırda iddiaçı cavabdehdən torpaq sahəsindən çıxarılmasını dəfələrlə tələb etsə də, cavabdeh çıxmaqdan imtina edir. Ona görə də, hazırkı iddia ilə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin 10 oktyabr 2014-cü il tarixli, № 2(003)-1732/2014 saylı qətnaməsindən görünür ki, həmin torpaq sahəsinin tam olaraq 12 sotuna iddiaçının vərəsəlik hüquqları tanınıb. Eyni zamanda Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı Çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan ərazisindəki sahəsi 0,12 hektar olan 1428 saylı bağ sahəsi bütövlükdə iddiaçının mülkiyyətinə verilmişdir. Lakin, hazırda cavabdeh iddiaçının mülkiyyətindən çıxmaqdan imtina edir və iddiaçının mülkiyyətinə qeyri-qanuni sahiblik edir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1444/2021 saylı, 18 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin yanaşmasından görünür ki, yalnız iddiaçının həmin torpaq sahəsinə istifadə, sahiblik və sərəncam vermək hüququ olmalı idi ki, iddiaçı həmin torpaq sahəsindən cavabdehin çıxarılmasını tələb edə bilsin. Bu mübahisə mövzusu deyildir ki, həmin torpaq sahəsinə yalnız iddiaçının hüquqları vardır və onun bu hüququ dövlət qeydiyyatına alınmışdır. Cavabdehin isə həmin torpaq sahəsində heç bir hüququ dövlət qeydiyyatına alınmamışdır. İşdə olan çıxarışdan görünür ki, Ərizəçinin hüquqları istifadə hüququ əsasında qeydiyyata alınmışdır. İstifadə hüququ öz-özlüyündə sahiblik hüququnu da ehtiva edir. Yəni sahiblik etmədən istifadə etmək mümkün deyildir. Mülkiyyət hüququnun sərəncamverici xüsusiyyəti ilə bağlı mübahisə mövzusu deyildir ki, iddiaçı həmin torpaq sahəki barəsində sərəncam vermək onun hüquqi müqəddəratını müəyyən etmək hüququ, ən əsası isə həmin əmlak barədə sərəncam verərək satmaq hüququna malikdir. Proses iştirakçılarının izahatları: İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-183/2011 saylı 18 oktyabr 2011-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X3 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən ümumi sahəsi 0.12 ha olan 1428 bağ sahəsinə istifadə və icarə hüquqları əsasında vərəsəlik hüququnun tanınması qərara alınmışdır. Həmin qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin olunmamış və qətnamə qanuni qüvvəsini almışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 1732/2014 saylı 10 oktyabr 2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən ümumi sahəsi 0.12 ha olan 1428 bağ sahəsinə istifadə hüquqları əsasında İddiaçı vərəsəlik hüququnun tanınması qərara alınmışdır. Dövlət reyestrindən RX ******* saylı 06.11 2018-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən ümumi sahəsi 0.12 ha olan 1428 bağ sahəsi (yaşayış məntəqəsinin torpağı) İddiaçı xeyrinə yüklü edilərək istifadəsinə verilmişdir. Cavabdeh isə iddiaçı ilə eyni hüquqlar əsasında vərəsəliyi tanınsa da, hüquqlarını dövlət reyestrindən qeydə almamışdır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, hazırda cavabdehin faktiki sahibliyində və istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən ümumi sahəsi 0.12 ha olan 1428 bağ sahəsinə iş üzrə hər iki tərəfin istifadə hüququ məhkəmə qətnaməsi ilə tanınmışdır. İddiaçı həmin bağ sahəsinin onun mülkiyyətində olduğunu əsas gətirərək, cavabdehin həmin əmlakdan çıxarılmasını tələb etsə də, öz tələbini əsaslandıran əsaslı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilən daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla həmin əmlaka onun mülkiyyət hüququ deyil, istifadə hüququ təsdiq edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Akimova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 27 sentyabr 2007-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumiprinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Həmin qərarda qeyd edilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasinın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları haqqında Ümumi Bəyannamənin” 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddi hüquq normalarından görünür ki, mülkiyyət kənar şəxslərin müdaxiləsindən qanunla müdafiə olunur və qorunur. Lakin, hazırkı iş üzrə nəzərə almaq lazımdır ki, mübahisə predmeti olan torpaq sahəsi iddiaçının mülkiyyətində deyil. Dövlət reyestrindən RX ******* saylı 06.11 2018-ci il tarixli çıxarışdan göründüyü kimi, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən ümumi sahəsi 0.12 ha olan 1428 bağ sahəsinə dair (yaşayış məntəqəsinin torpağı) İddiaçı istifadə hüquqları Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1732/2014 saylı 10 oktyabr 2014-cü il tarixli qətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır. Digər bir qanuni qüvvəyə minmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-183/2011 saylı 18 oktyabr 2011-ci il tarixli qətnaməsi əsasında isə Cavabdeh istifadə hüquqları əsasında tanınmışdır. Nəzərə almaq lazımdır ki, torpaq üzərində mülkiyyət hüququnun yaranması əsasları qanunvericiliklə müəyyən edilir. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1-ci bəndindən görünür ki, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Həmin maddənin 2-ci hissəsinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən, torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mübahisəli əmlaka dair iddiaçının mülkiyyət hüquqları mövcud olmadığından və həmin əmlaka dair cavabdehlə bərabər hüquqlara malik olduğuna görə, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, iddiaçı tərəfin dəlilləri əsaslı sayıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-387-ci maddələrində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 372, 382, 384-386, 388, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1444/2021 saylı, 18 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar