Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9006/2021 28.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı Nuriyeva (Məmmədova) Nərmin Cümşüd qızının nümayəndəsi X1 iştirakı ilə Nuruyeva (Məmmədova) Nərmin Cümşüd qızının cavabdeh "Olimp” MTK-ya qarşı "mülkiyyət hüquqlarının qeydiyyatı üçün zəruri olan sənədlərin verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Nuruyeva (Məmmədova) Nərmin Cümşüd qızı "xxxx" MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28.08.2006-cı il tarixdə ünvan 1 ünvanında yerləşən 16 mərtəbəli yaşayış evinin 2-ci binasının 2-ci girişinin 16-cı mərtəbəsindəki 82 saylı mənzilin pulunu tam ödəyərək MTK-dan aldığını, mənzilə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınması ilə bağlı və binanın dövlət qeydiyyatına salınmasına dair MTK tərəfindən heç bir tədbir görülmədiyini, mülkiyyət hüquqlarının qeydiyyatı üçün zəruri olan sənədlərin təqdim edilmədiyini, MTK rəhbərliyinə müvafiq sənədlərin təqdim edilməsi üçün müraciətinə rədd cavabı verildiyini bildirmiş, buna görə də həmin mənzilə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışların əldə edilməsi üçün MTK-nin üzərinə kooperativ üzvlərinin ümumi yığıncağının qərarının və protokoldan çıxarışın ona verilməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Qətnamədən cavabdeh MTK-nın nümayəndəsi (kooperativin sədri) apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmiş, şikayətini, iddiaçının kommunal xidmətlərə görə 3230 manat borcunun yarandığı, həmin borcu ödədikdən sonra tələb etdiyi sənədlərin ona veriləcəyinin bildirildiyini, məhkəmənin isə işə qərəzli baxaraq və göstərilən halı nəzərə almayaraq qaanunsuz qərar çıxardığı arqumentləri ilə əsaslandırmışdır. İşə baxılmasının yeri və vaxtı barəsində məlumatlandırılmış cavabdeh MTK nümayəndəsini məhkəməyə göndərməmiş, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına görə, X2 28.08.2006-cı il tarixdə "xxxx" MTK-nın Bakı şəhəri, Binəqədi rayonu, Ə.Nəvai 33/Ə.Naxçıvani küçəsi, 3068-ci məhəllədə inşa etdiyi 2 saylı evin 2-ci blokunun 16-cı mərtəbəsində yeləşən, ümumi sahəsi 114,01 kv.m olan 3 otaqlı 82 saylı mənzili üçün 51 305 manat ödəyərək MTK-nın payçısı olmuş, 26.01.2013-cü il tarixdə ona verilmiş arayışda mənzilə görə borcunun qalmadığı göstərilmişdir. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, sözügedən yaşayış binası istismara qəbul olunaraq Dövlət qeydiyyatına alınmış, iddiaçı öz mənzilinə dair müvafiq mülkiyyət çıxarışı ala bilmək üçün lazımi sənədləri MTK rəhbərliyindən tələb etsə də, MTK, iddiaçının kommunal xidmətlərə görə borcunun yarandığını və həmin borcu ödəmədiyini əsas gətirməklə bundan imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.6-cı maddəsinə əsasən, mənzil tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Həmin Məcəllənin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (178.8-ci maddənin 2018-ci il iyulun 1-dək qüvvədə olan mətni). Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə görə də, mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir; həmin Məcəllənin 139.1-ci maddəsinə görə isə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mənzil Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə görə, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10-cu maddəsinə görə isə, qeydiyyat orqanına hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslara dair sənədlər əlavə olunmalıdır. Göründüyü kimi, cavabdeh MTK-nın iddiaçının kommunal xidmətlərə görə borcunun olmasını əsas gətirməklə ona müvafiq sənədləri verməməsi əsassız olmuş, birinci instansiya məhkəməsi də bunu nəzərə almaqla qanuni qərar qəbul etmişdir. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2772/2021 saylı iş üzrə 25 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu "xxxx" MTK-na aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-9006/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9006/2021
28.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver