Məhkəmə qərarları › İş №2(103)-9008/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9008/2021

19.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9008/2021 19.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2335/2021 saylı, 24 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 12.200 manat məbləğində pulun, mənəvi ziyanın əvəzi olaraq 10.000 manat və eləcə də hazırki iddia tələbinin qaldırılması üçün tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışlar ki, ünvan 1 ünvanında ailə üzvləri ilə təxminən 6-7 ildir ki, yaşayır. Qonşuluqda yaşayan Fərqanə adlı qadını və onun ailə üzvlərini tanıyır. 2018-ci ilin may ayında evə gələrkən həyat yoldaşı Sənurə onlara qonşu olan Fərqanə adlı qadının evlərinə gəldiyini, xalası oğlanlarının qızıl alış-verişi ilə məşğul olduqlarını və verəcəkləri pul qarşılığında hər ay əlavə qazanc kimi pul verə biləcəyini demişdir. Həyat yoldaşının bu dediklərini fikirləşdikdən sonra onunla razılaşmış, ilkin olaraq həyat yoldaşına Fərqanəyə verməsi üçü 1.500 manat pul vermişdir. Fərqanə növbəti ay onlara 300 manat pul qaytarmışdır. Götürmüş olduğu kreditlər və almış olduğu borclarla birlikdə ümumilikdə Fərqanəyə ilkin olaraq 8.500 manat pul vermişdir. 2018-ci ilin dekabr ayına qədər hər ay Fərqanəyə vermiş olduğu pulun faizini Fərqanə ona da vermişdir. Lakin 2019-cu ildən artıq Fərqanə pul verilməsini dayandırmışdır. O və yoldaşı Fərqanədən pulu tələb etdikdə Fərqanə xalası uşaqlarının işlərinin pis olması səbəbindən pulun qaytarılmasının gecikdirildiyini bildirmişdir. Həmçinin o aldığı puldan həyat yoldaşı Mehdinin xəbəri olmadığını bildirmişdir. O da, qalan pulun qaytarılması və əlavə qazanc əldə etmək üçün bacısı Ayseldən 3.000 manat qardaşı Ceyhundan isə 3.000 manat məbləğində pul almış və Fərqanəyə vermişdir. Bundan sonra o aldadıldığını bilmiş və pullarını Fərqanədən geri istəmişdir. Fərqanə ödəmədiyi halda polisə müraciət edəcəyini bildirrmişdir. Bundan sonra Fərqanə ona vaxt verilməsini xahiş etmiş, aralarında hər ay 2000 manat pulun ödənilməsi barədə razılaşma olmuşdur. Bundan sonra Fərqanə ona iki dəfə yəni 1.400 manat, sonra isə 900 manat ödəniş etmişdir. Ondan sonra Fərqanə heç bir ödəniş etməmişdir. O, Binəqədi rayon polis idarəsinə şikayət etdikdə Fərqanə ona borclu olduğu 14.500 manat məbləğində pul vəsaitini etiraf etmişdir. Cavabdeh Fərqanə Həçimova ona həm maddi, həm də mənəvi ziyan vurmuşdur. Borcun qaytarılması ilə bağlı Fərqanəyə müraciət etsə də, heç bir müsbət nəticəsi olmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2335/2021 saylı, 24 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 11.100 (on bir min yüz) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, onun iddiaç İddiaçı Təvəkkül oğluna heç bir borcu yoxdur, ondan aldığı bütün pulları ona geri qaytarmış, lakin haqlı olduğu halda məhkəmə ziyanina qətnamə qəbul etmişdi. Belə ki, işə baxan məhkəmə işin əhəmiyyətli olan həqiqi hallarını müəyyən etməmiş, iş materialları tam və ətraflı əsaslandırılmamış və məhkəmə tərəfindən qeyri-obyektiv qətnamə qəbul edilmişdir. Qeyd etdiyi bütün proseslərə dair sənədlərin toplanılaraq iş materiallarına əlavə edilməsinə baxmayaraq, məhkəmə sübutların mötəbər olmaması qənaətinə gəlmişdir. Belə ki, işə baxan məhkəmə işin əhəmiyyətli olan həqiqi hallarını müəyyən etməmiş, yaranmış zərurətlə bağlı heç bir Məhkəmə Ekspertizası təyin eməmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2335/2021 saylı, 24 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmişlər, Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq səhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının təxirə salınmasını xahiş etsədə, səhətində hər-hansı bir problemlərin olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən İddiaçı və Cavabdeh iştirаkı оlmаdаn mülki işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiklərini bildirdilər və apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2335/2021 saylı, 24 iyun 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, tərəflər arasında yazılı qaydada bağlanan müqavilə olmasa da, pulun cavabdeh tərəfindən qəbul edilməsi öz təsdiqini tapmış, yəni borc müqaviləsinin forma və məzmununa əməl edilməməklə, etibarsız müqavilə bağlansa da, pul məbləği cavabdeh tərəfindən qəbul edilmişdir, etibarsız müqavilə üzrə isə tərəflər müqavilə üzrə aldıqlarını qaytarmağa borcludurlar və gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin hazırki mübahisə üzrə gəldiyi nəticə hüquqi cəhətdən qanuni və əsaslıdır. Məhkəmə kollegiyası İddiaçı izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, Bakı şəhər Binəqədi RPİ-nin İŞ tərəfindən qəbul edilmiş cinayət işinin başlamasının rədd edilməsi barədə qərardan görünür ki, araşdırma zamanı Cavabdeh izahatı alınmış, sonuncu izahatında göstərmişdir ki, 2012-ci ildən Sənurə Solyatona və onun əri İddiaçı ilə qonşuluq münasibətlərindədirlər. Sənurə ilə işsizlikdə və imkansızlıqdan danışan zaman Sənurə ona demişdir ki, onlar əvvəllər də İmişli rayonunda yaşayan zaman faizə pul vermişlər. Sənurə demişdir ki, əgər ona pul lazım olarsa istəyə bilər. Daha sonra o, Sənurəyə demişdir ki, o bir nəfərdən qızıl alıbsatmaq istəyir. Pul tapsa al-ver edəcək. Bundan sonra Sənurə ona zəng vurub demişdir ki, ona 20 % dərəcəsi ilə 1.500 manat borca pul verəcək. O da Sənurə ilə razılaşmış, 2018-ci ilin may ayında Sənurə ona yaşadıqları evdə 20% dərəcəsi ilə aylıq borca 1.500 manat məbləğində borc vermiş, bundan sonra o Sənurəyə hər ay 1.500 manat borca görə ayda 300 manat ödəniş etmişdir. 2018-ci ilin iyun ayında Sənurə ona əlavə 1000 manat məbləğində faizə pul verəcəyini demişdir. O da Sənurəyə həmin aydan 20 % dərəcəsi ilə 2.500 manat pulun faizini 500 manat olmaqla ödəmişdir. Beləcə Sənurə sentyabr ayının sonuna kimi 14.500 manat məbləğində borca hissə-hissə olmaqla pul vermişdir. Sənurə həmin aydan 2018-ci ilin noyabr ayı daxil 14.500 manat pulun 20 % məbləğini ondan faiz kimi almışdır. Bildiri ki, o, əri Cavidə də deyib ki, 10 % dərəcəsi ilə pul verib, özü isə ondan 20 % dərəcəsi ilə 2.900 manat faizə borc almışdır. Ümumilikdə onun hesablamalarına görə o Sənurəyə 12.000 manat məbləğində pul vermişdir. Bundan başqa o Sənurənin və Cavidin ona verdiklərin pulun faizlərini ödəməkdən bezmişdir. Bundan sonra pulu ödəyə bilməmiş və Cavid ona görə ondan polisə şikayət etmişdir. Lakin sonradan Sənurə və Cavidlə hə ay 1500 və ya 1000 manat ödəniş edilməsi üçün razılaşmışlar. 2019-cu ilin aprel ayı ərzində o sənurəyə 1500 manat məbləğində pul vermiş və onlara olan ümumi məbləğdən faizləri saymasa 13000 manat borcu qalmışdır. Həmin 13.000 manat borcu aybaay onlara ödəyəcəyi barədə sonuncularla razılaşmışdır. O nə Caviddən, nə də ki qohumlarından pul almamış, hər dəfə Sənurə öz yaşadığı evdə ona faizə pul vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işguzar adətlərə və ya adətə irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Həmin Məcəllənin 529.6-cı maddəsinə əsasən əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, yuxarıda qeyd edilən sübutlara və maddi hüquq normalarına əsaslanaraq birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh şifahi borc müqaviləsi üzrə borc məbləğini almaq hüququna malik olduğu kimi yaranmış borcu ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Göründüyü kimi Cavabdeh apelyasiya şikayətində istinad etdiyi hallarla bağlı apelyasiya şikayətinə heç bir sübut əlavə etməmiş, apelyasiya məhkəməsinin iclasında iştirak edərək şikayətində göstərdiyi hallarla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Belə ki, Cavabdeh apelyasiya şikayətində onun iddiaç İddiaçı Təvəkkül oğluna heç bir borcunun olmadığını, ondan aldığı bütün pulları ona geri qaytardığını bildirsə də, göstərilən hallarla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Bundan başqa Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozmasını qeyd etsə də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdiyi etirazını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara оbyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sоnra həmin sübutlara tətbiq edilməli hüquq nоrmalarına müvafiq оlaraq qiymət verir. Məhkəmə kоllegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, Cavabdeh apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2335/2021 saylı, 24 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, iş üzrə Cavabdeh apelyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2335/2021 saylı, 24 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar