Məhkəmə qərarları › İş №2(103)-9016/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9016/2020

09.12.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9016/2020 09.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçı, Cavabdeh “X1 Klinikası” MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2749/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "X1 Klinikasi" MMC-yə qarşı (bundan sonra cavabdehlər) "maddi ziyanın ödənilməsi tələbinə dair" iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, “X1 Klinikası” MMC və Cavabdeh2 maddi ziyanın əvəzi olaraq 50 000 manat məbləğində pulun, mənəvi zərərin əvəzi olaraq 1 000 000 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, cavabdeh "X1 Klinikasi" MMC-nin İddiaçı qarşı "işgüzar nüfuzun müdafiəsi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair" qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən onun işgüzar nüfuzunu ləkələyən məlumatların təkzib olunması, ondan mənəvi zərərin əvəzi olaraq 50000 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, cavabdeh iş üzrə məhkəmə qətnaməsi çıxarılanadək iddiaçıya məxsus “Kia Optima” markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyularaq özgəninkiləşdirilməsinin qadağan olunması və avtomobilin cərimə meydançasına yerləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2749/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilərək, iddiaçıya məxsus “Kia Optima” markalı, **-SK- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi qadağan edilmiş, ərizə qalan hissədə təmin edilməmişdir. Həmin qərardaddan iddiaçı şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Qərardaddan cavabdeh tərəfindən verilən şikayət Məhkəmənin eyni saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin olunmamış, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayəti müdafiə edərək qeyd etmişdir ki, cavabdehin qarşılıqlı iddia tələbi əsassızdır, onun işgüzar nüfuzuna heç bir şəkildə ziyan vurulmamışdır, bu səbəbdən də, birinci instansiya məhkəməsi cavabdehin iddianın təmin tədbirinə dair ərizəsini qismən təmin etməkdə haqsız olmuşdur. Göstərilənlərə əsasən, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə şikayət ilə razılaşmayaraq, təmin edilməməsini xahiş etdi. Şikayətə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər cavabdehlər ərizə ilə məhkəməyə müraciət edərək şikayətə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılması mümkündür. Məhkəmə kollegiyası tərəflərin fikrlərini dinləyib mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. Həmin Məcəllənin 158.1.1-ci maddəsinin tələbinə görə iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlakın üzərinə həbs qoyula bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələbinə görə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Eyni zamanda, kollegiya nəzərə alır ki, hazırkı iş üzrə rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı məxsus “Kia Optima” markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yalnız özgəninkiləşdirilməsinə qadağa qoyulmuş, iddiaçının avtomobildən sahiblik və istifadə hüquqlarına heç bir məhdudiyyət tətbiq edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək mübahisələndirilən qərardadı qəbul etməkdə haqlı olmuş, bu səbəbdən də şikayət təmin edilmədən, qərardad isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (xx xxx 2018-ci il tarixdən qüvvəyə minmiş) x xxx 2018-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəllənin 402-ci maddəsinə əsasən mülki və kommersiya kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-159, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2749/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar