Məhkəmə qərarları › İş №2(103)-9023/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9023/2021

19.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9023/2021 19.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 İddiaçının vəkili-nümayəndəsi X2, Cavabdeh5-nin vəkili-nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC-yə, "xxxx" MMC-yə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Cavabdeh1nə və Cavabdeh5-yə qarşı “qiymətləndirmənin ləğv edilməsi, hərracın nəticələrinin, protokolların etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi ilə yeni çıxarış verilməsi və s” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14.07.2021-ci il tarixli, 2(001)-2318/2020 nömrəli qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə, "xxxx" MMC-yə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Cavabdeh1nə və Cavabdeh5-yə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Cavabdeh1 ona məxsus ipoteka ilə yüklü edilmiş mənzilin hərracdan satılması barəsindəki qərarının iddia verilməsi ilə və iş üzrə apellyasiya şikayəti verilməsilə əlaqədar ləğv edilməsi, ona məxsus mənzilin qiymətləndirilməsinə dair "Daşınar və Daşınmaz Əmlakın Qiymətləndirilməsi Xidməti” MMC-nin hesabatının etibarsız hesab edilməsi, ona məxsus mənzilin satılması ilə əlaqədar "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC ilə hərracı udan şəxs arasında bağlanmış "Hərracın yekunları barədə” müqavilə qüvvəsinə malik protokolun etibarsız hesab edilməsi və həmin protokol əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında müvafiq çıxarışın ləğv edilməklə, həmin mənzilə onun adına Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən yeni çıxarış verilməsi, Cavabdeh5-nə qanunsuz keçirilmiş hərracın qalibi kimi ipoteka predmeti olan mənzilin hərracdan satılması və alınması ilə əlaqədar ödədiyi pul vəsaitinin Cavabdeh5-nə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli, 2(001)-175/2019 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh5 Bank Olmayan Kredit Təşkilatı ASC-nin ondan 33748,72 ABŞ dolları əsas borc, 5346,2 ABŞ dolları faiz borcu, müqavilə müddətindən sonrakı dövr üçün illik 5 %-lə hesablanmış 4077,97 ABŞ dolları olmaqla, cəmi 43172,89 ABŞ dolları borc və 30 manat məbləğində dövlət rüsumunun ləğv prosesində olan Cavabdeh5 Bank Olmayan Kredit Təşkilatı ASC-nin xeyrinə tutulması, tələbin ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 185,15 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, cavabdehin və ailə üzvlərinin həmin evdən çıxarılması və onun satışından əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş və ondan 29881,88 ABŞ dolları əsas borc, müqavilə müddətindən sonrakı dövr üçün illik 5% hesablanmış 4047,5 ABŞ dolları borcu, cəmi 33929,38 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla manat valyutası ilə tutularaq Cavabdeh5 Bank Olmayan Kredit Təşkilatı ASC-yə ödənilməsi və tələbin ipoteka predmeti olan onun mülkiyyətindəki Bakı şəhəri, Binəqədi şossesi, ev 185,15 saylı mənzilə yönəlməsi, mənzilin ilkin satış qiymətinin 123320 manat müəyyən edilməklə açıq hərracda satılması, satışından əldə olunacaq məbləğ hesabına Cavabdeh5 Bank Olmayan Kredit Təşkilatı ASC-yə olan borcun təmin edilməsi və onun geci bir ay ərzində həmin mənzili tərk etməsi qət edilmişdir. Bundan başqa dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun 20 manatının ondan tutularaq Cavabdeh5 Bank Olmayan Kredit Təşkilatı ASC-yə ödənilməsi qət edilmişdir. Binəqədi Rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli, 2(001)-175/2019 saylı qətnaməsindən apellyasiya şikayəti verilmiş və qətnamə ona göndərilmədiyi üçün qətnamədən kassasiya şikayəti verilməmişdir. Cavabdeh5-yə hərracın qalibi olması ilə əlaqədar ipoteka predmeti olan mənzilin hərracdan satılması və alınması ilə əlaqədar ödədiyi məbləğ onun özünə geri qaytarılmalıdır. 05 avqust 2020-ci ildə Binəqədi İcra və Probasiya şöbəsində icra işinin başlanması haqqında qərar 13 iyul 2020-ci ildə ona poçt vasitəsilə çatdırıldıqdan sonra Bakı şəhəri Apellyasiya məhkəməsinin qətnaməsindən xəbərdar olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin ona rəsmi qaydada verilməsi ilə əlaqədar ərizə ilə müraciət etmişdir. Bununla əlaqədar Bakı Apellyasiya Məhkəməsinin 19.02.2020-ci il tarixli 2(103)- 548/2020 saylı icra məmuru Məhəmməd Qaragözov tərəfindən 13 iyul 2020-ci tarixli qərarı ilə əsassız olaraq icraat işi başlanmışdır. Qanuna müvafiq olaraq, icra işi üzrə icra hərəkətləri ümumiyyətlə iş üzrə icraatın məcburi dayandırılmalı olduğu halda, göstərilən qanuna zidd icra qurumu hərrac və qiymətləndirmə keçirilməsi barədə qanunsuz hərəkətlər etmiş, nəticədə də məcburi dayandırılmalı olan icra işi üzrə qanunazidd hərraclar və qiymətləndirmə keçirilmiş, əmlakı qanunsuz olaraq satılmışdır. İcra hərəkətlərindən, hərrac və qiymətləndirmədən, onun iştirakını təmin etmədən əmlakının satılmasından heç bir xəbəri olmamışdır və bununla da ona qarşı qanunsuz hərəkətlər edilmiş, əmlakı qanunlara zidd olaraq özgəsinə satılmışdır ki, bununla da qanunun tələbləri kobud surətdə pozulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14.07.2021-ci il tarixli, 2(001)-2318/2020 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclaslarında onun iştirakı təmin edilməmiş, vəkili tərəfindən verilmiş vəsatətlərə baxılmamışdır. Eyni zamanda əlaqədar Bakı Apellyasiya Məhkəməsinin 19.02.2020-ci il tarixli 2(103)-548/2020 saylı qətnaməsi onun tərəfindən mübahisələndirilsə də, icra hərəkətləri dayandırılmamışdır. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili-nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh5-nin vəkili-nümayəndəsi Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, rədd edilməsini xahiş etdi. İşə baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasında iştirak etmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-548/2020 saylı, 19 fevral 2020-ci il tarixli icra vərəqəsi ilə cavabdeh İddiaçı 29.881,88 ABŞ dolları əsas borc, müqavilə müddətindən sonrakı dövr üçün illik 5%-lə hesablanmış 3664,60 ABŞ dolları borc, cəmi 33.546,48 ABŞ dolların (ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla manat valyutası ilə), dövlət rüsumu kimi ödənilmiş 30 manatın 20 manat hissəsinin tutularaq iddiaçı Cavabdeh5-yə ödənilməli, tələb ipoteka predmeti olan İddiaçı mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 185, 15 saylı mənzilə yönəldilməli, mənzilin ilkin satış qiyməti 183.000 (yüz səksən üç min) manat müəyyən edilməklə açıq hərracda satılmalı, satışdan əldə olunacaq məbləğ hesabına Cavabdeh5-yə olan borcun ödənilməsi təmin edilməli və İddiaçı geci 1 ay ərzində həmin mənzili tərk etməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri kimi 200 (iki yüz) manat İddiaçı, 100 (yüz) manat Cavabdeh5-dən tutularaq dövlət büdcəsinə (Məhkəmə Ekspertizası Mərkəzinin hesabına), 150 (yüz əlli) manat isə İddiaçı tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Qeyd edilən icra vərəqəsi icra edilməsi üçün Cavabdeh1nə göndərilmiş və 21 sentyabr 2020-ci il tarixli sifarişi əsasında "xxxx" MMC tərəfindən hərraca çıxarılmış, həmin MMC tərəfindən sözügedən əmlakla bağlı 16 oktyabr 2020-ci il və 02 noyabr 2020-ci il tarixlərdə hərraclar keçirilmiş, həmin hərraclar baş tutmamış elan edildiklərindən əmlakı təkrar hərracdakı satış qiymətindən 25% az olmayan qiymətlə - yəni, 116662,50 manata alması "xxxx" BOKt ASC-yə ünvanlanmış 05.11.2020-ci il tarixli məktubla təklif olunmuşdur. Bakı şhəri Binəqədi Rayon İcra Şöbəsinin Azərbaycan Respublikası ƏMDK DƏDRXnin Bakı şəhər ərazi idarəsinə ünvanladığı 13.04.2021-ci il tarixli məktubundan görünür ki, X3 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 185, 15 saylı mənzil hərracda qalib gəlmiş "xxxx" BOKT ASC-nə №51/03 saylı, 24.11.2020-ci il tarixli protokol əsasında satıldığından həmin mənzilin hərracda qalib gəlmiş "xxxx" BOKT ASC- nin adına rəsmiləşdirilməsi xahiş olunmuşdur. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, hərracın təşkilatçısı "Külək” MMC tərəfindən İddiaçı məxsus əmlakın açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının pozuntusu müəyyən edilmədiyindən, əksinə hərracın keçirilməsinə dair prosedur "İpoteka haqqında” Qanunun tələblərinə riayət edilməklə keçirildiyindən iddia tələblərinin təmin edilməsi üçün əsas mövcud deyidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269-cu maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. (269.5. maddə) “İpoteka haqqında” Azərbaycan Respublikasmın Qanunun 1.0.1-ci maddəsinə əsasən ipoteka-öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. Həmin qanununun 34-cü maddəsinə əsasən, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda Həmin qanunun 41.1-ci maddəsinə əsasən, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Qanunun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Həmin qanunun 41.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Həmin qanunun 28.12.2018-ci il tarixindən sonra qüvvədə olan 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin qanunun 42.3-cü maddəsinə əsasən, istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. Həmin məcəllənin 44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. İş materiallarından da, görünür ki, hərracın keçirilməsi 21.11.2018-ci il tarixdən sonra qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq təşkil edilmiş, hərracın keçiriləcəyi yer və vaxtı barədə tərəflərə bildirişlər göndərilmişdir. Belə ki, iş materiallarından göründüyü kimi "xxxx" MMC tərəfindən təyin edilmiş hərrac barədə tərəflərə hərracların yeri və vaxtı barədə bildirişlər göndərilmişdir. Hərracın keçirilməsi barədə bildirişin alınmasına dair qəbzlər iş materiallarına əlavə olunmuşdur. Bundan başqa hərracın keçirilmə vaxtı və yeri barədə “Birja” və “Atribut” qəzetlərində elanlar verilmişdir. Beləliklə, iddiaçı hərrac barədə məlumatlı olmadığına istinad etsə də, məhkəməyə istinad etdiyi halları təsdiq edən hər-hansı sübut təqdim etməmiş, əksinə hərrac mərkəzi qanunvericilikdə nəzərdə tutulmuş qaydada hərracın vaxtı və yeri barədə tərəflərə sifarişli poçtla bildiriş göndərmişdir. Hərracının keçiriləcəyinə dair bildirişi ünvan sahibi poçt xəbərnaməsinə imza edərək qəbul etmiş və bu da onun hərracın keçirilməsi barədə məlumatlı olduğunu sübut edir. Bundan başqa iddiaçının rəsmi qaydada qeydiyyatda olduqları ünvana məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məhkəmə bildirişləri və SMS göndərilmişdir. Bundan başqa apellyasiya şikayətində qeyd olunduğu kimi iddiaçının nümayəndəsivəkili tərəfindən e-məhkəmə elektron məhkəmə informasita sistemi vasitəsi ilə prosessual hüquqlarından sitifadə etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hərrac qanunveciliyin tələblərinə riayət edilməklə, hərhansı qanun pozuntusu olmadan təşkil edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmişdir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşıyır və apellyatorun subyektiv mülahizələrinə əsaslanır. Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, iddiaçı tərəfin dəlilləri əsaslı sayıla bilməz. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14.07.2021-ci il tarixli, 2(001)-2318/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar