Məhkəmə qərarları › İş №2(103)-9024/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9024/2021

02.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9024/2021 02.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi ilə, Məmmədov Məmməd Allahverdi oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, Cavabdeh Ziyədxan oğlunun və onun nümayəndəsi-vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh Ziyədxan oğluna qarşı “maddi ziyanın əvəzinin tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 17.06.2021-ci il tarixli, 2(001)-458/2021 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı Cavabdeh Ziyədxan oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təmir işlərinin yararsız aparılması nəticəsində ona dəymiş zərərin əvəzi olaraq 20.000 manat məbləğində maddi ziyanin Cavabdeh Ziyədxan oğlundan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(001)-458/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh Ziyədxan oğlundan maddi zərərin əvəzi olaraq 8.643,20 manat pulun, ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 8.673,20 manat pulun tutularaq, İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-458/2021 saylı, 17.06.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(001)-458/2021 nömrəli qətnaməsindən Cavabdeh Ziyədxan oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməklə, geri qaytarılması qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2(001)-458/2021 saylı qərardadına əsasən, Cavabdeh tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(001)-458/2021 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2(001)-458/2021 saylı qərardadından məhkəməyə şikayət ünvanlayaraq, həmin qərardadın ləğv edilməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(001)-458/2021 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qeyd edilən qərardad prosessual hüquq normalarının pozulması ilə qanunsuz və əsassız qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh Ziyədxan oğlu, onun nümayəndəsi-vəkili X2 şikayəti müdafiə edərək, qərardadın ləğv edilməsini, apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış Bakı şəhəri iddiaçı səbəbləri barədə məlumat vermədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsaslanaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 357.1-ci və 360-cı maddələrinin məzmununa əsasən, apellyasiya şikayəti birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamələrdən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə isə, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 134.1.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları məhkəmə tərəfindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. İş materialları ilə məhkəmənin qətnaməsinin Cavabdeh poçt vasitəsilə göndərilməsi öz tədsqini tapsa da, ona təqdim edilməsini təsdiq edən qəbz iş materiallarına əlavə edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həmin poçt göndərişinin cavabdeh tərəfindən alınıb-alınmaması məsələsi araşdırılmalı, zəruri olduğu halda bununla bağlı poçt müəssisəsinə sorğu verilərək göndərişin izlənməsi ilə bağlı zəruri məlumatlar əldə edilməli, yalnız bundan sonra apellyasiya şikayətinin verilməsi müddətinin ötürülübötürülməməsinə, həmçinin onun bərpasına zərurətin olub-olmadığı (müvafiq xahiş olduğu təqdirdə) məsələsinə qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17.06.2021-ci il tarixli, 2(001)-458/2021 saylı qərardadı ləğv edilməli, göstərilən məsələlərin araşdırılaraq qiymət verilməsi və apellyasiya şikayətinin mümükünlük məsələsinə qiymət verilməsi üçün mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.2., 399, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17.06.2021-ci il tarixli, 2(001)-458/2021 saylı qərardadı ləğv edilsin. İş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar