Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9025/2020 24.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası, Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında geri ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1744/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(006)- 1744/2020 saylı qərardadı ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "xxxx" Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında geri ödənilməsi" tələbinə dair mülki iş üzrə Cavabdeh2 tərəfindən verilmiş mülki işin baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsinə dair vəsatətin təmin edilməməsi qərara alınmışdır. Cavabdeh2 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1744/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini və mülki işin aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. İddia tələbi tamamilə əsassızdır. 2014-cü il tarixdə yol nəqliyyat hadisə baş vermiş, həmin vaxt ona məxsus olmuş avtomobili atası idarə etmişdir. Hadisə zamanı atası dünyasını dəyişmişdir. Pul tələb olunacaq şəxs varsa, bu xxxx Dövlət Sığorta Şirkəti olmalıdır. Altı il keçdikdən sonra pulun ondan tələb edilməsi əsassızdır. xxxx Dövlət Sığorta Şirkəti hüquqi şəxsdir. Ona görə də iddia ərizəsi ərazi üzrə Bakı İnzibati məhkəməsinə verilməlidir. İddiaçı tərəfindən aidiyyat qaydası pozulmuşdur. Mülki Prossesual Məcəlləsinin 31-ci maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 267-ci əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Həmin Məcəllənin 396.1-ci maddəsinə əsasən şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. Nəsimi rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(006)-1744/2020 saylı qərardadı ona məhkəmə tərəfindən xx xxxxxx 2020-ci il tarixdə qəbzə imza çəkilməklə verilmişdir. Buna görə də müddət həmin gündən hesablanmalıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1744/2020 saylı, xx xxxxxx 2020-ci il qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 395-ci maddəsinə görə işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: bu Məcəllədə göstərilən hallarda; məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Mülki prosessual qanunvericiliyin sadalanan müddəalarının mənasından göründüyü kimi məhkəmənin işə baxarkən qəbul etdiyi bütün qərardadlardan şikayət verilməsi imkanı nəzərdə tutulmamışdır. Yalnız Mülki Prosessual Məcəllədə birbaşa göstərilən hallarda, həmçinin qərardad işin sonrakı hərəkətinə mane olduqda qəbul edilmiş qərardadlardan şikayət verilə bilər. Bu isə o deməkdir ki, işin aidiyyəti üzrə inzibati məhkəməyə göndərilməsi barədə vəsatətin təmin edilməməsi barədə qərardaddan şikayət verilməsi qanunda nəzərdə tutulmamışdır. Həmçinin, bu cür qərardad işin sonrakı hərəkətinə mane olacaq xarakterli də deyildir. Buna baxmayaraq birinci instansiya məhkəməsi sözügedən qərardaddan tərəflərə şikayət vermək hüququ vermişdir. Belə ki, işin aidiyyəti üzrə inzibati məhkəməyə göndərilməsi barədə əsas olduğu halda birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verməli, əgər belə əsaslar yoxdursa ərizənin təmin edilməməsi barədə qərardad qəbul etməli və həmin qərardaddan tərəflərə şikayət vermək hüququ verməməli idi, çünkü MPM-nin məhkəmə aidiyyəti adlı 3-cü fəsli kommersiya məhkəmələrini nəzərdə tutur, işin inzibati məhkəməyə aidiyyəti ilə bağlı məsələlər Mülki Prosessual Məcəllə ilə həll edilmir. Bu baxımdan kollegiyanın qənaətinə görə, verilmiş şikayətə apellyasiya qaydasında baxmaq və müvafiq olaraq da apellyasiyanın mümkünlüyü üçün prosessual əsaslar mövcud deyildir. Qeyd olunmalıdır ki, əslində bu cür vəziyyət birinci instansiya məhkəməsinin şikayəti geri qaytarmaq əvəzinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərməsi nəticəsində yaranmışdır; bununla belə nəzərə alınmalıdır ki, bu hal, həmin səhvin apellyasiya instansiyası məhkəməsi tərəfindən təkrarlanmasına səbəb ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Kollegiya onu da xüsusilə vurğulayır ki, yuxarıda qeyd edildiyi kimi işin inzibati məhkəməyə aidiyyəti ilə bağlı məsələlər Mülki Prosessual Məcəllə ilə həll edilmədiyindən və həmin qərardadlardan şikayət verilməsi imkanı qanunvericiliklə təsbit edilmədiyindən, kollegiyanın hazırki qeyri-mümkünlük qərardadında da kassasiya şikayəti verilməsi hüququ nəzərdə tutulmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1744/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-9025/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9025/2020
24.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver