Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9029/2021 02.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Məmməd Allahverdi oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçıların nümayəndəsi-vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və qeyrilərinin Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 08.06.2021-ci il tarixli, 2(008)-2741/2021 nömrəli qərardadından iddiaçıların nümayəndəsivəkili tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçılar İddiaçı1 və qeyriləri iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsində Cavabdeh adından inşa edilmiş tikintinin qanunsuz hesab edilərək cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsində yerləşən özünə məxsus 0,055 ha torpaq sahəsində fərdi yaşayış evinin tikilməsi ilə bağlı dövlət orqanlarına müraciət edərək tikintiyə başlamış, lakin daha sonra fərdi yaşayış evi əvəzinə çox mərtəbəli yaşayış binası tikərək qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Cavabdeh onlara məxsus evlərə bitişik yüksək mərtəbəli bina inşa edir. Həmin yüksək mərtəbəli bina tikintisi zamanı onların evinə daşlar və dəmir parçaları düşərək ciddi ziyan vurmuşdur. İnşa edilmiş 9 mərtəbəli ətrafa təhlükə saçmaqda davam edir. Eyni zamanda cavabdeh tikinti norma və qaydalarına da qətiyyən əməl etmir. Bu da nəticədə hündürmərtəbəli tikintidən həyətlərinə daş, sərt metal və taxta materialları düşür ki, bu da insan həyatı üçün təhlükəlidir. Bina onların evinə o qədər yaxın tikilmişdir ki, hətta ara məsafəsi 30 sm qədər yaxındır. Ona görə də cavabdehin bu tikintisi yüksək təhlükə mənbəyi kimi qiymətləndirilərək tikinti dərhal sökülməlidir. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili iddianı təmin etmə tədbiri barədə məhkəməyə ərizə təqdim edərək, iş üzrə yekun məhkəmə qətnaməsi qəbul edilənədək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsində Cavabdeh adından inşa edilən çoxmənzilli tikilidə cavabdeh və digər şəxslərə tikinti-təmir işlərinin aparılması və mənzillərin satışının qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2741/2021 saylı, 08.06.2021-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1 və qeyrilərinin Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə iddiaçının iddianı təmin etmə tədbiri barədə ərizəsi rədd edilmişdir. İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə həmin qərardaddan məhkəməyə şikayətlə müraciət edərək, qərardadın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardad qəbul edərkən işin hallarını araşdırmamış, iclas zamanı müəyyən olunan halları nəzərə almadan ərizəni rədd etmişdir. Hal-hazırda mübahisəli tikilidə qanunsuz olaraq tikinti təmir işləri davam edir və yeni şəxslərə satış edilir. Tikilinin 20 faizi satılmadığı halda, məhkəmə cavabdehin nümayəndəsinin şifahi mülahizəsinə əsaslanaraq ərizəni rədd etmişdir. Halbuki, həmin tikilinin qanunsuz olaraq tikilməsini təqdim edilən sənədlər əsasında sübut edilir, hətta cavabdehin nümayəndəsi də iclasda bildirmişdir ki, əvvəlcə iki mərtəbəli fərdi yaşayış evinin tikintisi üçün icazə alınmış, lakin sonradan çoxmərtəbəli bina tikilmişdir. Bu hallar məhkəmə iclasında aşkar olunmuş və bununla bağlı məhkəməyə sübutlarda təqdim edilmişdir. Bütün bunlara baxmayaraq məhkəmə ərizəni təmin etməmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22.06.2021-ci il, 2(008)-2741/2021saylı qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08.06.2021-ci il tarixli, 2(008)- 2741/2021 saylı qərardadından verilmiş şikayət təmin edilməyərək, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi-vəkili Nümayəndə şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qərardadının qərardadın ləğv olunaraq, iddianı təmin etmə barədə ərizənin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Vəkil şikayətinin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası tərələrin izahatlarını dinləyib,iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı qismən ləğv edilməlidir. Mülkü Prosessual Məcəllənin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Mülkü Prosessual Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 mart 2018-ci il tarixli qərarında göstərilir ki, iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Lakin iddianı təmin etmək haqqında ərizə ilə müraciət edən şəxsin üzərinə sübutların təqdim edilməsi ilə bağlı həddindən artıq vəzifə də qoyulmamalıdır. Sadəcə olaraq, hakim belə bir qənaətə gəlməlidir ki, işdə iştirak edən şəxsin ərizəsində göstərilən dəlillər belə tədbirlərin görülməsi üçün əsasların olmamasını deyil, daha çox mövcudluğunu sübut edir. Belə sübutlara cavabdehin vicdansızlığına dəlalət edən istənilən məlumatları, məsələn tərəflərin yazışmalarını, cavabdehin prosesi aşkar surətdə uzatmağa yönəlmiş hərəkətlərini, əmlak və maliyyə vəsaitlərini digər şəxslərin üzərinə rəsmiləşdirməyə yönəlmiş hərəkətlərini, əmlakın satışı barədə elanların verilməsini və s. aid etmək olar Həmçinin, Plenumun Qərarında oda göstərilr ki, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbirdir. Buna görə də məhkəmə iddianın təmin edilməsinə dair ərizəyə baxarkən əmin olmalıdır ki, bu və ya digər iddia tədbirinin tətbiq edilməməsi gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər. İş materiallarında olan fotoşəkillərdən və təqdim edilmiş digər ilkin sübutlardan görünür ki, iddiaçıların mübahisələndirdiyi binanın tikintisi artıq başa çatdırılmışdır. İddiaçılar həmin binada olan evlərin bir hissəsinin artıq satıldığını və sakinlərin öz evlərində təmir-tikinti işləri apardığını da qeyd etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, artıq satılmış mənzilləri əldə etmiş şəxslər mülki qanunvericiliyin normalarına əsasən həmin mənzillərin mülkiyyətçiləri hesab edildiyindən, onların həmin mənzillərdə təmir-tikinti işləri aparmalarına hər hansı qadağa qoyulması göstərilən şəxslərin mülkiyyət hüquqlarına müdaxilə olmaqla, yaşadıqları mənzildə şəraitin yaxşılaşdırması ilə bağlı onlara məhdudiyyətlər yarnmasına gətirib çıxarardı. Eyni zamanda binanın tikintisi artıq başa çatdırıldığından, həmin binada cavabdeh tərəfindən hər hansı təmir-tikinti aparılması müəyyən edilmədiyindən, iddiaçılar tərəfindən binanın tikintisinin dayandırılması ilə bağlı iddianı təmin tədbirinin görülməsini də məhkəmə kollegiyası məqsədəmüvafiq saymır. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, mübahisəli binada olan və hələ cavabdehin mülkiyyətində olan mənzillərin satışının davam etdirilməsi iddianın gələcəkdə təmin ediləcəyi təqdirdə həmin mənzilləri sonradan əldə etmiş şəxslərin maraqlarına toxunmaqla, onların maddi ziyan çəkməsinə və onlara münasibətdə arzuolunmaz nəticələrə səbəb olma ehtimalı vardır. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin tədbiri barədə verdiyi ərizəni qəismən əsaslı hesab edir və bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi təmir-tikinti işlərinin dayandırılnası ilə bağlı hissədə ərizəni rədd etməklə düzgün nəticəyə gəlsə də, mənzillərin satışının dayandırılması ilə bağlı hissədə ərizəni təmin etməməkda haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08.06.2021-ci il tarixli, 2(008)-2741/2021saylı qərardadı qismən ləğv edilməli, hazırkı iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək mübahisəli yaşayış binasında yerləşən mənzillərin özgəninkiləşdirilməsi cavabdehə qadağan edilməli, qalan hissədə isə qərardad dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.2., 399, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08.06.2021-ci il tarixli, 2(008)-2741/2021 saylı qərardadı qismən ləğv edilsin. Hazırkı işə baxılıb yeknlaşanadək mübahisəli yaşayış binasında yerləşən mənzillərin özgəninkiləşdirilməsi cavabdehə qadağan edilsin. Qalan hissədə qərardad dəyişdirilməsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-9029/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9029/2021
02.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver