Məhkəmə qərarları › İş №2(103)-903/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-903/2025

27.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-903/2025 27.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 qarşı mülki iş (Açar sözlər: «pul tələbi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil3 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1389/2024 saylı, 02 oktyabr 2024cü il tarixli qətnaməsindən Cavabdeh2 apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı polis mayoru Cavanşir Ağamirzəyevin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 25 aprel 2024-cü il tarixli qərarı ilə vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmiş və İddiaçı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 166353 ABŞ dollarının, həmin məbləğin 695 gün üçün illik 5 faizi olan 15837 ABŞ dollarının, cəmi 182190 ABŞ dollarının və 600 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Tələbdə göstərilir ki, Cavabdeh2 uşaqlıq dostu olub, sonuncu dayısı Cavabdeh3 yanında mebel xam materiallarının alqı-satqısı ilə məşğul olur. 2022-ci ilin iyul ayında ona mebel materiallarının Türkiyə, Rusiya və Belarusdan gətirib Azərbaycanda satışı işini təklif etdi. O, da razılaşdı. Razılaşmaya əsasən işin maliyyə tərəfini o, mallar Azərbaycan Respublikasına daxil olandan sonra isə alqı-satqısını Fəxrin həyata keçirməli idi. Əldə edilmiş qazanc isə yarıbayarı aralarında bölünməli idi. Danışdıqları şərtə uyğun olaraq o, 2022-ci ilin iyul ayının 15-də Cavabdeh2 200000 (iki yüz min) ABŞ dolları pul verdi. Fəxrin pulu təhvil alıb dayısı, Cavabdeh3 verib. Cavabdeh2 03 avqust 2022-ci ildə pulun Azərbaycan Beynəlxalq Bankı vasitəsi ilə Türkiyə və Rusiyaya göndərilməsinə dair qəbzləri telefon vasitəsi ilə iddiaçıya göndərdi. 10 avqust 2022-ci il tarixdə isə dostu Hikmət Məmmədov vasitəsi ilə nəqliyyat, gömrük və vergi rüsumlarının ödənilməsi üçün Cavabdeh2 64000 (altmış dörd min) dollar pul göndərdi. Bundan sonra Cavabdeh2 malların rüsumlarının ödənilməsi barədə gömrük bəyannamələrini və vergi rüsumlarını göstərən sənədləri elektron poçt vasitəsi ilə iddiaçıya göndərib. Cavabdeh2 malları gömrükdən çıxarıb Dərnəgül prospektində yerləşən “Konnekt” deyilən sahədə yerləşən anbara boşaltdırıb. Öz növbəsində o, da tanışı X1 ora göndərdi ki, mallara baxsın. Yoxlayıb və hər şeyin yerində olduğunu bildirib. Aralarındakı danışığa əsasən bütün bu prosses 2 ay ərzində həyata keçirilməli idi. İlk ayda mallar Azərbaycana idxal edilməli, digər ayda isə həmin malların alqı-satqısı aparılmalı idi. Müddət bitəndən sonra Cavabdeh2 tanışıları vasitəsilə qazanc adı altında ona cəmi 34000 (otuz dörd min) manat pul verib. Həmin vaxt xaricdə olduğu üçün telefon vasitəsi ilə cavabdehlə əlaqə saxladı və ödədiyi 264000 (iki yüz altmış dörd min) ABŞ dolları vəsaitinin nəyə görə qaytarılmadığını soruşdu. Cavabdeh isə müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan yayındı. 6 Noyabr 2022-ci ildə cavabdeh başqa şəxsə 57000 (əlli yeddi min) manat borcu olduğunu, ondan 200000 ABŞ dolları məbləğində pulunun 57000 (əlli yeddi min) manat hissəsini ona borc kimi hesablamağı xahiş edib. O, da razılaşmışdır. Ümumilikdə cavabdehə 200000 (iki yüz min) ABŞ dolları və 64000 (altmış dörd min) ABŞ dolları nağd pul vermişdir. Bundan əlavə, mal satışından ona çatacaq vəsaitdən cavabdeh 57000 (əlli yeddi min) manat borc olaraq götürüb. Cavabdeh isə onun ödədiyi 264 000 ABŞ dollarını bir hissəsini qaytarıb. Belə ki, Cavabdeh2 116000 manat nagd şəkildə və 50000 manatlıq “Hyundai Sonata” markalı **- MZ-*** dövlət qeydiyyat nişanlı avtomobil vermişdir. Bu günə kimi cavabdeh ona verdiyi 264000 (iki yüz altmış dörd min) ABŞ dolları vəsaitin yalnız Azərbaycan manatı ilə 116000 manat hissəsini nağd pul olaraq qaytarıb, 1 ədəd “Hyundai Sonata” markalı minik avtomobilini də 50000 manat qiymətləndirərək borcun bir hissəsinin əvəzi olaraq verib. Ümumilikdə cavabdeh ona ziyanının 97647 ABŞ dolları (166000 manat) hissəsini qaytarıb. Hazırda cavabdehin ona olan borcu 166353 ABŞ dolları təşkil edir. Qeyd olunanlarla bağlı Bakı şəhər Baş Polis İdarəsinə müraciət etmişdir. Cavabdeh polisə verdiyi izahatında ona 280000 (iki yüz səksən min) manat borcu olduğunu etiraf edib. Bundan başqa izahatında göstərib ki, iddiaçının ona verdiyi pulları dayısı Cavabdeh1 verib sonuncu da, həmin pulları direktoru oldugu "xxxx" MMC-nin balansına köçürüb.

4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1389/2024 saylı, 02 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Mədinə Bağırova) iddia tələbinin qismən təmin edilərək Cavabdeh2 166.353 (yüz altmış altı min üç yüz əlli üç) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pul vəsaitinin və ödənilmiş 600 (altı yüz) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi; iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçı uşaqlıq dostu, eyni zamanda qohumu olan Cavabdeh2 mebel materiallarının Türkiyə, Rusiya və Belarusdan gətirib Azərbaycanda satışı işini təklif etmiş, tərəflər razılaşmışlar ki, işin maliyyə tərəfini iddiaçı, mallar Azərbaycan Respublikasına daxil olandan sonra isə alqı-satqısını Fəxrin həyata keçirməli, əldə edilmiş qazanc isə yarıbayarı aralarında bölünməli idi. Danışdıqları şərtə uyğun olaraq iddiaçı 2022-ci ilin iyul ayının 15-də Cavabdeh2 200000 (iki yüz min) ABŞ dolları pul vermiş, 10 avqust 2022-ci il tarixdə isə, iddiaçı dostu Hikmət Məmmədov vasitəsi ilə nəqliyyat, gömrük və vergi rüsumlarının ödənilməsi üçün Cavabdeh2 64000 (altmış dörd min) ABŞ dolları pul göndərmişdir. Cavabdeh2 malları gömrükdən çıxarıb Dərnəgül prospektində yerləşən “Konnekt” deyilən sahədə yerləşən anbara boşaltdırıb. Aralarındakı danışığa əsasən bütün bu prosses 2 ay ərzində həyata keçirilməli idi. Məhkəmə iclasında sübutların tədqiqi ilə eləcə də müəyyən olundu ki, Cavabdeh2 iddiaçının ödədiyi 264 000 ABŞ dolları vəsaitin yalnız Azərbaycan manatı ilə 116000 manat hissəsini nağd pul olaraq qaytarıb, 1 ədəd Hyundai Sonata markalı minik avtomobilini də 50000 manat qiymətləndirərək borcun bir hissəsinin əvəzi olaraq verib. Ümumilikdə Cavabdeh2 iddiaçıya ziyanının 97647 ABŞ dolları (166000 manat) hissəsini qaytarıb. Hazırda cavabdehin ona olan borcu 166353 ABŞ dolları təşkil edir. Cavabdeh2 Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis idarəsinə verdiyi izahatında iddiaçıya 280000 (iki yüz səksən min) manat borcu olduğunu etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 166.353 (yüz altmış altı min üç yüz əlli üç) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pul vəsaiti borc tələbi əsaslıdır və təmin edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia tələbi 166.353 ABŞ dollar məbləğin illik 5 faizi olan 15837 ABŞ dollarının alınması hissəsində əsassızdır və təmin edilməməlidir. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçı öhdəliyin borclunun təqsiri nəticəsində icra edilmədiyini təsdiq edən kifayət qədər sübutları məhkəməyə təqdim etmədiyindən həmin hissədə iddia tələbi əsassızdır və təmin edilməməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh2 (nümayəndəsi və vəkili Vəkil2) apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə rədd edilməsini xahiş edib göstərir ki, birinci instansiya məhkəməsi iş üzrə dügün nəticəyə gəlməmişdir və ona görə də iş üzrə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, məhkəmədə iddiaçının nümayəndəsi iddia ilə bağlı yalnız iddia ərizəsinə əlavə edilmiş cinayət işinin rədd edilməsi barədə qərarında göstərilənləri sübut kimi qeyd etmiş və başqa hər hansı bir sübut iş üzrə təqdim etməmişdir. Məhkəmə də iddianın təmin edilən hissəsi ilə bağlı yalnız iddiaçı tərəfin iddia ərizəsində qeyd edilən cinayət işinin rədd edilməsi barədə qərarındakı arqumentləri göstərməklə kifayətlənmiş lakin cinayət işinin rədd edilməsi barədə qərarda qeyd edilənləri tam göstərməmişdir. Belə ki, məhkəmə qətnamədə iddianın təmin olunan hissədə cavabdehin borcun etiraf etməsi hissəsini tam qeyd etməməsi məhkəmənin mövqeyinin qərəzli olmasını sübut edir. (qətnamə 5-ci vərəq, 6-cı abzas) Yəni, məhkəmə işin hallarını tam araşdırmamış, tərəfimdən sübut kimi qəbul edilən cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarındakı digər halları araşdırmağı lüzum görməmişdir. İddia ərizəsində sübut kimi qeyd edilən cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarda, eyni zamanda ibtidai istintaq zamanı üzləşdirmə istintaq hərəkəti həyata keçirilən zaman hər iki tərəfin təsdiq etdiyi hallara məhkəmə qiymət verməmişdir. Belə ki, tərəflər arasında yaranmış uğursuz biznes nəticəsində iddiaçıya maddi ziyanın dəyməsi işin mübahisəsiz halıdır. Lakin həmin ziyan nümayəndəsi olduğu iş üzrə Cavabdeh2 tərəfindən vurulmamışdır. Çünki iddiaçı aparılan ibtidai istintaq zamanı da ona məxsus olan pulu "xxxx" MMC-nin bank hesabına Fəxrinlə birgə gedib yerləşdirdiklərini açıq-aşkar etiraf edir və nədənsə məhkəmə tərəfindən bu hal araşdırılmır. Hətta tərəfindən məhkəmənin hazırlıq iclasında "xxxx" MMC-nin iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi barədə vəsatətinə də məhkəmə tərəfindən qiymət verilməmişdir və ümumiyyətlə bu hallar məhkəmə tərəfindən araşdırılmamışdır. İddiaçı tərəfin iddia ərizəsində sübut kimi qoşma etdiyi cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarda (4-cü vərəq) Cavabdeh2 tərəfindən etiraf edilən 280.000 manat borcdan yaranan xərclər də vardır ki, həmin xərcləri nəzərə alanda Fəxrinin iddiaçıya 205235 (iki yüz beş min iki yüz otuz beş) manat borcu qalır. Həmin xərclərin nədən ibarət olması barədə məhkəməyə çıxarış təqdim edilsə də, məkəmə tərəfindən qətnamədə bu sübuta da qiymət verilməmişdir. Məhkəmə tərəfindən iddiaçının tələb etdiyi pulun şəxsən cavabdehə təqdim etməsi iddia ərizəsində göstərilsə də, məhkəmə araşdırması zamanı şəxsən cavabdeh tərəfindən qəbul edilməsi sübuta yetirilməmişdir. İş üzrə sübut kimi təqdim edilən cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarında cavabdehin borcun etiraf etməsi isə pulun onun tərəfindən qəbul edilməsi mənasını vermir. İşin mübahisəsiz halı odur ki, mübahisəli məbləğ iddiaçı ilə Cavabdeh2 birlikdə "xxxx" MMC-nin hesabına qoyulmuşdur.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

7. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın rədd edilməsini xahiş etdi.

8. Məhkəmə iclasında İddiaçı və nümayəndəsi və vəkili Vəkil3 ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

9. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi;

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

12. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsi üçün əsas ola bilməz.

13. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

15. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddia tələbinin təmin edildiyi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

16. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

17. Mübahisələndirilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

18. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə təmin edildiyi hissədə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından mübahisələndirilən hissədə iddia haqlı sayılır.

19. Əlbəttə, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

20. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

21. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli, ətraflı və qərəzsiz olaraq araşdırma aparılmasına şərait yaradılımış və təqdim edilmiş sübutlar araşdırılmaqla düzgün nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə tərəfindən iddianın mahiyyətinə uyğun aparılmış hüquqi dəyərləndirmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmuşdur. Apellyasiya şikayətinin dəlilləri təsdiq olunmadığından, üstəlik qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə ləğv edilə bilməz. Buna baxmayaraq, şikayətin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi dəyərləndirmə aparılmasında əlavə bir fayda vardır.

22. Belə ki, Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısının cinayət işinin başlanmasının rədd edilməsi haqqında 25 aprel 2024-cü il tarixli qərarına əsasən, iddiaçı tərəfindən cavabdehə 2022-ci ilin iyul və avqust ayında iki dəfəyə ümumilikdə 264000(ik yüz altmış dörd min)ABŞ dolları(448800 manat) verilməsi müəyyən edilmişdir. Belə ki, cinayət təqbi üzrə araşdırma zamanı cavabdeh izahatı alınarkən onun iddiaçıdan 448800(dörd yüz qırx səkkiz min, səkkiz yüz) manat alması özünün etirafedici izahatları ilə təsdiq edilir. Başqa sözlə, hazırki iş üzrə də cavabdeh iddiaçıdan 264000(ik yüz altmış dörd min)ABŞ dolları(448800 manat) aldığını, bu məbləğdən 170000(yüz yetmş min) manatı iddiaçıya ödədiyini, 280000(iki yüz səksən min) manat borcunun qaldığını, ancaq Sərrafın materialların bazar dəyərinin ucuzlaşmasını, satış zamanı dəyərindən ucuz satılaraq yaranmış ziyanı, çəkilən bəzi xərcləri və.s nəzərə almadığını, bunları nəzərə aldığı halda 205235(iki yüz beş min, iki yüz otuz beş) manat borcunun olmasını, buna baxmayaraq xərcləri çıxmadan Sərrafın dediyi 280000(iki yüz səksən min) manatı özünə borc olaraq qəbul etdiyini və ümumilikdə 280000(iki yüz səksən min) manat borcu olduğunu etiraf və təsdiq edib (i.v.18-19)Demək ki, cavabdehin etirafedici izahatı iddiaçını bu halları sübut etmək yükündən azad edir. Bu halların həqiqiliyi də hər hansı br mübahisə doğurmadığı üçün işin mübahisəsiz halına çevrilib.

23. Birinci instansiya məhkəməsinin cinayət işinin başlanmasının rədd edilməsi qərarını və cavabdehin cinayət təqibi üzrə araşdırma zamanı verdiyi izahatı sübut kimi qəbul etməsi əsassız olmamışdır. Çünki cavabdeh həmin araşdırma zamanı verdiyi izahatı təkzib etmir, yalnız qətnamədə qəbul edərkən qərarda qeyd edilənlərin tam göstərmədiyini bildirir. Ancaq qərarda göstərilənlərin qətnamədə tam göstərilməsinin iddianın əsaslı olmadığına nə kimi təsirinin olduğunu yaxud ola biləcəyini şikayətində tam açıqlamır. Yəni, iddiaçı da bəyan edir ki, xarici ölkələrdən mebel materiallarının gətirilməsi ilə əlaqədar birgə iş və biznes fəaliyyəti həyata keçirib pul qazanmaq üçün aralarında şifahi razılaşma olmuş, razılaşmaya əsasən iddiaçı bu məqsədlə pul vəsaiti qoymağı, cavabdeh isə qalan işləri həyata keçirəcəyini öhdəsinə götürmüşdür. Cavabdeh özü də şikayətində qeyd edir ki, tərəflər arasında yaranmış uğursuz biznes nəticəsində iddiaçıya maddi ziyanın dəyməsi işin mübahisəsiz halıdır. Lakin həmin ziyan Cavabdeh2 tərəfindən vurulmamışdır. Çünki iddiaçı pulu "xxxx" MMC-nin bank hesabına Fəxrinlə birgə gedib yerləşdirdiklərini açıqaşkar etiraf edir və nədənsə məhkəmə tərəfindən bu hal araşdırılmır.

24. Bununla əlaqədar məhkəmə tərkibi qeyd edir ki, cinayət təqibi zamanı izahatı alınmış cavabdehin dayısı-digər cavabdeh X3 Fəxrinin xarici ölkədən mebel materialları sifariş etməsi ilə əlaqədar heç bir məlumatının olmadığını, sonradan bu məsələrdən məlumatlı olduğunu göstərmişdir. Hazırkı apellyasiya baxışında isə cavabdehin nümayəndəsinin vəkilinin təqdim etdiyi "xxxx" MMC-nin direktoru Ə. Mahmudov adından imzalanan və MMC-nin möhürü ilə təsdiq edilən yazılı məlumatda Sərraf və Fəxrinlə qohumluq əlaqələrinin olduğunu nəzərə alaraq şirkətdən istifadə etmələrinə şərait yaratdığını, ödənilən məbləğlər qarşılığında malların gəldiyini, saxlanc yerləri olmadığı üçün şirkətin anbarını boşaltmalarını xahiş etdiklərini, 2022-ci ilin avqust ayından 2023-cü ilin fevral ayına qədər onun işini iflic edərək anbarı məşğul etdiklərini, bu dövr ərzində bütün xərcləri özünün çəkdiyi göstərilmişdir. Göründüyü kimi, iş üzrə digər cavabdehlər olan şəxslərin verdikləri məlumatlardan da bəlli olur ki, əslində onların iddiaçı ilə Cavabdeh2 birgə iş fəaliyyətlərində bilavasitə iştirakı və aidiyyəti olmamışdır. Başqa sözlə, idddiaçı ilə Cavabdeh2 arasında hazırkı iddia tələbindən doğan münasibətlər yalnız ikisi arasında yaranmışdır. Demək ki, "xxxx" MMC-nin iş üzrə üçüncü şəxs qismində cəlb edilməsinə də hər hansı bir əsas və zərurət olmamışdır.

25. Şikayətdə göstərilən Cavabdeh2 tərəfindən etiraf edilən 280.000 manat borcdan yaranan xərclər də vardır ki, həmin xərcləri nəzərə alanda Fəxrinin iddiaçıya 205235 (iki yüz beş min iki yüz otuz beş) manat borcu qalması barədə dəlili ilə bağlı hər hansı mötəbər sübut təqdim edilməmişdir. Düzdü apellyasiya baxışında "xxxx" MMC-yə aid bir neçə vərəqədə maliyyə sənədləri(cədvəlləri) təqdim edilmişdir. Ancaq yuxarıda qeyd olunduğu kimi həmin sənədlərdə göstərilən məlumatların həqiqiliyi belə cavabdehin iddiaçıya 205235 (iki yüz beş min iki yüz otuz beş) manat borcu qaldığını təsdiq edən sübutlar hesab edilə bilməz. Çünki iddiaçı cavabdehdən verdiyi pulun müqabilində hər hansı bir qazanc yaxud gəlir deyil, yalnız verilən vəsaitin özünü tələb etmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Demək ki, iddiaçıdan aldığı məbləğinə görə ona qaytarmalı olduğu məbləğin 205235 (iki yüz beş min iki yüz otuz beş) manat olduğunu sübut etmək yükü isə təbii ki, cavabdehin üzərinə düşür. Çünki cavabdeh yeni bir hala istinad edir. Ancaq cavabdeh iddiaya etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilmir. Bir də ki, yuxarıda da qeyd olunduğu kimi, cavabdeh cinayət təqibi zamanı 280000(iki yüz səksən min) manatı özünə borc olaraq qəbul etdiyini və ümumilikdə 280000(iki yüz səksən min) manat borcu olduğunu etiraf və təsdiq edib (i.v.18- 19).

26. Apellyasiya instansiyası məhkəməsi hazırkı iddianın qanuni əsası barədə də hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Belə ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər(MM.m.390.1).Tərəflər arasında şifahi müqavilədən əmələ gələn mülki hüquq münasibətləri olmuşdur. Demək ki, cavabdehin iddiaçı qarşısında müqavilədən əmələ gələn öhdəliyi yaranmışdır. Göstərilənlərə baxmayaraq, istər müqavilədən, istər əsassız varlanma, istərsə də zərər vurma nəticəsində əmələ gəlsin, hər bir halda cavabdehin iddiaçı qarşısında öhdəliyi yaranmışdır və bu öhdəlik də könüllü icra olunmadığı üçün məhkəmə aktına əsasən məcburi icra olunmalıdır. Ona görə də nə qədər ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır və mahiyyəti üzrə düzgündür, deməli yalnız formal mülahizələrə görə ləğv edilməsinə də məhkəmə tərkibi lüzum görmür.

27. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın mübahisələndirilən hissədə təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıqaşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilədən və əsassız varlanmadan irəli gələn öhdəliklər, hüquqdan pis niyyətlə başqalarına zərər vurmaq üçün sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

28. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1389/2024 saylı, 02 oktyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hssədə dəyişdirilmədən saxlanılmalıdır.

29. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1389/2024 saylı, 02 oktyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar