Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9033/2020 08.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Həsənzadə İlahə Novruz qızının katibliyi, cavabdeh “xxxx” MMC-nin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” MMC-yə və qeyrilərinə qarşı «qeyri-yaşayış sahəsinin verilməsi, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” MMC-yə və qeyrilərinə qarşı «qeyri-yaşayış sahəsinin verilməsi, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Mir Qasımov 10 ünvanında iddiaçının mülkiyyətində və sahibliyində olmuş 43 kv.m qeyri yaşayış sahəsinin 20% əlavə olunmaqla əvəzi olaraq pilot layihənin tələblərinə uyğun qeyri yaşayış sahəsinin verilməsi, vurulmuş maddi ziyana görə 200.000 manat, mənəvi ziyana görə 250.000 manat və əldən çıxmış faydaya görə 250000 manat, ümumilikdə 475.000 manat cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, iddiaçı məhkəməyə iddianın təmini tətbirinin tətbiq edilməsi barədə ərizə verərək, işə mahiyyəti üzrə baxılıb qurtaranadək Bakı şəhəri, Nəsimi rayonu, Mir Qasımov 10 ünvanında yerləşməklə mülkiyyətində və sahibliyində olmuş qeyri yaşayış sahəsinə dair sənədləşdirmə işlərinin aparılması, özgəninkiləşdirilməsi və mübahisəli əmlak barədə hər hansı hərəkətlərin edilməsinin cavabdehlərə və başqa şəxslərə qadağan edilməsi, “xxxx” MMC şirkətinin bank hesabına və valyuta ilə hesablaşma hesabına həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)-2773/2020 saylı qərardadı ilə ərizə qismən təmin edilmiş, işə mahiyyəti üzrə baxılıb qurtaranadək Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2017-ci il tarixli, 317 saylı “Yaşayış sahəsi və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında” sərəncamının icrası ilə əlaqədar bağlanmış müqavilə əsasında Bakı şəhəri, Nəsimi rayonu, Mir Qasımov 10 ünvanında iddiaçının mülkiyyətində və sahibliyində olmuş Mir Qasımov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində “xxxx” MMC şirkəti tərəfindən inşa edilmiş daşınmaz əmlakın qeyri-yaşayış sahəsinə dair sənədləşdirmə işlərinin aparılması, özgəninkiləşdirilməsi və mübahisəli əmlak barədə hər hansı hərəkətlərin edilməsi cavabdehlərə və başqa şəxslərə qadağan edilmiş, ərizə qalan hissədə təmin olunmamışdır. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il trixli, 2(103)-5773/2020 saylı qərardadı ilə cavabdeh “xxxx” MMC-nin həmin qərardaddan verdiyi şikayət təmin olunmuş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilmiş və iş iddianın təmini tədbirinin tətbiqi ilə bağlı ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, işə yenidən baxılarkən məhkəmə iddiaçının tələb etdiyi qeyri yaşayış sahəsinin sökülməzdən əvvəl harada yerləşməsi, bu sahənin cavabdeh tərəfindən yeni inşa olunmuş binanın hansı hissəsinə uyğun gəlməsi aydınlaşdırılmalı və iddia ərizəsində tələb olunan sahəyə uyğun qeyri yaşayış sahəsi ilə bağlı iddianın təmini tədbirinin görülməsi təmin olunmalıdır. İddianın təmini tədbiri barədə ərizəyə yenidən baxan birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı mülkiyyətində olan qeyri yaşayış sahəsi sökülməzdən əvvəl Bakı şəhəri, Azadlıq prospekti, X3, İmran Qasımov və Süleyman Rüstəm küçələrinin kəsişməsində inşa olunmuş 5 ədəd hündürmərtəbəli yaşayış binaları kompleksinin təsdiq olunmuş layihə üzrə piyadalar və avtomobillər üçün giriş yolun sağ tərəfində yerləşirdi. Həmin sahə cavabdeh tərəfindən yeni inşa olunmuş 3 saylı binanın giriş hissəsinin sağ tərəfinə düşür. İddiaçının iddia ərizəsində tələb etdiyi sahəyə Bakı şəhəri, Nəsimi rayonu, Mir Qasımov 10 ünvanında yerləşən “xxxx” MMC şirkəti tərəfindən inşa edilmiş 3 nömrəli binanın 2-ci mərtəbəsində olan 60,8 kv.m olan hissəsi uyğun gəlir və başqa özgəninkiləşdirilməmiş yaşayış və qeyri yaşayış sahəsi mövcud deyildir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(006)- 2773/2020 saylı qərardadına əsasən ərizə qismən təmin edilmiş, işə mahiyyəti üzrə baxılıb qurtaranadək Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2017-ci il tarixli, 317 saylı yaşayış sahəsi və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında sərəncamının icrası ilə əlaqədar bağlanmış müqavilə əsasında Bakı şəhəri, Nəsimi rayonu, Mir Qasımov 10 ünvanında yerləşən “xxxx” MMC şirkəti tərəfindən inşa edilmiş 3 nömrəli binanın 2-ci mərtəbəsində olan qeyri-yaşayış sahəsinin 51.6 kv.m (43 kv.m+20%) hissəsinə həbs qoyulmuş, ərizə qalan hissədə təmin edilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(006)- 2773/2020 saylı qərardadından narazı qalan İddiaçı şikayət verərək, həmin qərardadın ləğv edilməsini və ərizənin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir Şikayət onunla əsaslandırılmışdır ki, qərardad heç bir əsaslara söykənməyən, formal mülahizələrə əsaslanan qərardaddır. İş materiallarına əlavə edilən fotoşəkillərə diqqət yetirilərkən “xxxx” MMC-nin arayışında göstərilənlərin tam əsassız olması təsdiq olunur. Belə ki, üzərinə məhkəmənin qərardadı ilə həbs qoyulmuş qeyri-yaşayış sahələrinin şüşələrində və divarında eyni və əlaqəli nömrələrlə satılması və icarəyə verilməsi göstərilir. Buradan aydın olur ki, həmin qeyri-yaşayış sahəsinin sahibləri (telefon nömrələri “xxxx” MMC-nin əməkdaşlarına məxsusdur) əmlakları satmağa cəhd edir. Odur ki, hazırda məhkəmənin icraatında olan iddianın təmini barədə ərizənin təmin olunmayan hissəsi tam təmin olunmalı, ayrıca giriş-çıxışı olmaqla tam şəraitli qeyri-yaşayış sahəsinin üzərinə məhdudiyyət qoyulmalıdır. Eyni zamanda qeyd olunur ki, “xxxx” MMC-nin hüquqi şəxs olduğundan bank-maliyyə əməliyyatlarını istədiyi kimi sərbəst idarə etməsi səbəbindən əmlakların satışını daxili müqavilə şərtləri əsasında apara bildiyindən, maliyyə vəsaitini nəzarətdən yayındırmaqla əmlak, kompensasiya və digər ödənişlər tələbi üzrə iddiamız əsasında işə mahiyyəti üzrə baxılması öz əhəmiyyətini itirəcəkdir. Buna görə də, qəbul olunacaq qərarın icrası mümkünsüz olacaqdır. Buna görə də, qanunsuz və əsassız olduğuna görə, həmçinin gələcəkdə məhkəmənin qəbul edəcəyi qərarın icrasının mümkünlüyü baxımından mübahisə predmeti olan əmlaka adekvat olmadığı səbəbindən qərardad qüvvədə qala bilməz və ləğv edilməlidir. Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı iclasda təmsil olunmamış və bunun səbəbini bildirməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X2 şikayətə etiraz edərək təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir (maddə 157). İddianı təmin etmək üçün cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq növündə iddianı təmin tədbiri tətbiq edilə bilər (maddə 158.1.1). İddianı təmin etmək üçün müəyyən hərəkətləri cavabdehə qadağan etmək barədə iddianı təmin tədbiri tətbiq edilə bilər (maddə 158.1.2). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” xx.xx.2018-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Qanunun mənasından göründüyü kimi, iddianı təmin tədbiri institutu çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan, qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual hüquqi tədbirdir. Bu tədbir müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Məhkəmə kollegiyası şikayətin dəlillərini əsaslı saymır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Dövlət Əmlakının idarə olunması və özəlləşdirilməsi Departamenti Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 001289 saylı Şəhadətnaməyə əsasən, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Mir Qasımov 10 ünvanında yerləşən dördmərtəbəli binanın zirzəmisindəki 34,7 kv.m.qeyriyaşayış sahəsini satın almışdır. Şəhadətnamə xx.xx.2003-cü ildə verilmişdir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş 1088/20 saylı arayışına əsasən, xx xxxxxxxx 2020-ci il tarixə “xxxx” MMC tərəfindən Ak.Mirqasımov 10 ünvanında inşa olunmuş Yaşayış Kompleksində 3 nömrəli binanın 2-ci mərtəbəsində sahəsi 60.8 kv.m. olan qeyri-yaşayış sahəsindən başqa özgəninkiləşdirilməmiş yaşayış və qeyri-yaşayış sahəsi mövcud deyil. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş “xxxx” yaşayış kompleksinin qeyri-yaşayış plan-sxemindən görünür ki, “xxxx” yaşayış kompleksi Bakı şəhəri Azadlıq prospekti, X3, İmran Qasımov və Süleyman Rüstəm küçələri ilə əhatə edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinə əsasən hər hansı növ iddianın təmini tədbirinin tətbiqi iddiaçı ilə eyni vəziyyətdə olan və “xxxx” MMC ilə razılığa gələrək müqavilə bağlamış digər mülkiyyətçilərin hüquqlarını pozmamalıdır. “xxxx” MMC şirkətinin bank hesabına və valyuta ilə hesablaşma hesabına həbs qoyulması barədə iddianın təmini tədbiri isə iddia tələbinin məqsədinə və mahiyyətinə uyğun gəlmir. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-2773/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-9033/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9033/2020
08.12.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver