Məhkəmə qərarları › İş №2(103)-904/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-904/2025

04.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-904/2025 04.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, Cavabdeh2 və onun nümayəndəsi (vəkili) Nümayəndə2 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 04 mart 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Hazırkı işdə cavabdehlərdən Cavabdeh1 iddiaçının oğlu, Cavabdeh2 isə keçmiş gəlinidir.

2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2040/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə aşağıdakılar qət olunmuşdur: - Cavabdeh1 mülkiyyətində olmuş ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair 19 mart 2018-ci il tarixdə bağlanmış və 3 saylı Bakı «ASAN» xidmət mərkəzində notariat kontoru tərəfindən təsdiq edilmiş 4Ə-456 nömrəli bağışlama müqaivləsi etibarsız hesab olunmuş və onun nəticəsində İddiaçı adına AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarış ləğv edilmişdir; -İddiaçı Cavabdeh2 mülkiyyətində olmuş ünvan 2 ünvanda yerləşən 5 otaqlı mənzilə dair 29 mart 2018-ci il tarixdə 3 saylı Bakı «ASAN» xidmət mərkəzində notariat kontoru tərəfindən təsdiq edilmiş 4Ə-487 nömrəli bağışlama müqaviləsi etibarsız hesab edilmiş və onun nəticəsində Cavabdeh1 adına AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarış ləğv olunmuş; -ünvan 2 ünvanda yerləşən 5 otaqlı mənzilin 07 aprel 2018-ci il tarixdə 3 saylı Bakı «ASAN» xidmət mərkəzində notariat kontoru tərəfindən təsdiq edilmiş 4Ə-556 nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməklə onun nəticəsində cavabdeh İddiaçı adına AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsi barədə iddia tələbləri təmin edilməməsi qət edilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6822/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2040/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin olunmaqla, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bağışlanmasına dair 19 mart 2018-ci il tarixdə 3 saylı Bakı "ASAN” xidmət mərkəzində notariat kontoru tərəfindən təsdiq edilmiş 4Ə-456 nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə ilə İddiaçı adına verilmiş çıxarışın ləğv edilməsi, ünvan 2 ünvanında yerləşən 5 otaqlı mənzilin 29 mart 2018-ci il tarixdə 3 saylı Bakı “ASAN" xidmət mərkəzində notariat kontoru tərəfindən təsdiq edilmiş 4Ə-487 nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi, ünvan 2 ünvanında yerləşən 5 otaqlı, ümumi sahəsi 247.4 kv.m olan mənzilin 07 aprel 2018-ci il tarixdə 3 saylı Bakı "ASAN" xidmət mərkəzində notariat kontoru tərəfindən təsdiq edilmiş 4Ə-556 nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında İddiaçı adına verilmiş çıxarışın ləğv edilməsi barədə yeni qətnamə qəbul edilmişdir.

4. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)7607/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, cavabdehlər Cavabdeh1 və İddiaçı tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-6822/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2017-ci il tarixli, ********** saylı çıxarışından görünür ki, ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydiyyatdan keçirilmişdir.

6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-33/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ilkin iddia təmin edilərək, Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, ev 26A, 103 saylı mənzilə və həmin mənzilə aid olan "xxxx" MTK tərəfindən inşa edilmiş binanın zirzəmisindəki 61 nömrəli dayanacaq yerinə Cavabdeh2 və Cavabdeh1 hər birinin 1/2 hissədə paylarının müəyyən edilməsi qət olunmuşdur. Eyni zamanda, qarşılıqlı iddia təmin edilərək ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə Cavabdeh2 və Cavabdeh1 hər birinin 1/2 hissədə payları müəyyən edilmişdir.

7. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6700/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)- 962/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

8. Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli, ********** saylı çıxarışından görünür ki, ünvan 2 ünvan 1/2 pay hissədə Cavabdeh2, 1/2 pay hissədə Cavabdeh1 adına qeydiyyatdan keçirilmişdir.

9. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı, xx.xx.1945-ci ildə Ermənistan, Sisiyan rayonunda anadan olmuş, ünvan 6 ünvanında qeydiyyatdadır. 10.AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2, xx.xx.1971-ci ildə Sumqayıt şəhərində anadan olmuş, ünvan 6 ünvanında qeydiyyatdadır.

Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada Bakı şəhəri Nəsimi rayonu, Bakıxanov kucəsi, ev 126 A, 103 saylı mənzilin alınmasına çəkdiyi xərcə və digər xərclərə görə və ünvan 7 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin alınmasına, təmirinə və digər çəkilən xərclərə görə 1.000.000 (bir milyon) manat pulun, həmçinin pul vəsaitini qaytarmaqdan boyun qaçırmaqla, pul vəsaitini əsassız əldə etməklə ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlərin tutularaq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdi. 12.İddiaçı tələbini belə əsaslandırmışdır ki, oğlu Cavabdeh1la Cavabdeh2 arasında 1995-ci ildə rəsmi nigah bağlanmış və xx.xx.2018-ci ildə nikahları məhkəmə qətnaməsi ilə pozulmuşdur. Cavabdehlər birgə nikah dövründə onun vasaiti hesabına bir çox əmlaklar əldə edib, həmin əmlaklardan birgə istifadə etmişlər. Əmlakların siyahısına müxtəlif markalı avtomobillər, mənzillər və torpaq sahələri aid olmuş, bu əmlakları ailə üzvləri kimi onların rahat və ehtiyacsız yaşamaları uçun alib, xərclərini çəkmişdir, öz vəsaiti hesabına təmir etdirib, avadanlıqlarını almışdır. Cavabdehlərin nikahlarına 01 oktyabr 2018-ci il tarixdə xitam verilməsinə qədər cavabdehlərlə onun arasında hər hansı narazılıq və mübahisə olmamışdır. Alınmış əmlakların siyahısında "Mutsibishi Pajero-io"markalı ** XF *** döv.qey.nişanlı, "Mitsubişi 1.200" markalı ** NE *** döv.qey.nişanlı, "Honda Akord" m 10 markalı, SU 777 döv.qey.nişanlı, "BMV 328" m markal, ** GS *** döv.qey.nişanlı, "Leksus LX 570" markalı, ** SG *** döv.qey.nişanlı, "M2" 1 Volqa m ** KU *** döv.qey.nişanlı, “'X4 Mİ" markalı ** HF *** dövlət qeydiyyat nişanlı digər avtomobillər daxildir. Həmçinin, Səbail rayonu, Mətbuat pr., ev 2 a, 19 saylı 2 otaqlı mənzili, Abşeron rayonu, Saray qəsəbəsində 0,06 ha torpaq sahəsini Bələdiyyə sənədi əsasında oğlu Cavabdeh1 adına, Qusar rayonu Çiləgir kəndi ərazisində həyətyanı torpaq sahəsini xx.xx.2013-cu ildə oğlu Cavabdeh1 adına, Sumqayıt şəhəri, "Yaşma" bağları ərazisində 105 saylı 0,12 ha torpaq sahəsini gəlini Cavabdeh2 adına 27 may 2010-cu ildə rəsmiləşdirsə də, qeyd olunan əmlakların hər biri onun vəsaiti hesabına alınmışdır. Cavabdehlərin birgə nikahı dövrünə duşən bir sıra digər yaşayış və qeyri-yaşayış sahələrinin onun tərəfindən alınması, əvvəlcədən onun adına rəsmiləşdirilməsi və xərclərinin də onun tərəfindən ödənilməsi "əmlak bölgüsünə dair" artıq qanuni qüvvəsini almış məhkəmə qətnamələrinin təsviri-əsaslandırıcı hissələrində öz nəticəsini tapmışdır. "Əmlak Bölgüsünə dair" Sumqayıt Apellyasiya Məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli 2-103-9841/2018 saylı qətnaməsi ilə müəyyən olunmuşdur ki, cavabdehlərin birgə nikah dövrünə duşən və onların birgə nikah dövründə qazandıqları əmlak kimi qiymətləndirilən "ünvan 8 ünvanında "xxxx" MTK tərəfindən tikilmiş çoxmərtəbəli yaşayış binasındakı əmlak da ona məxsus olmuşdur. Həmin ünvanda 3 saylı mənzilə və "xxxx" MTK tərəfindən Sumqayıt şəhəri, Ş.Bədəlbəyli küçəsində tikilmiş 12 mərtəbəli binanın blok "B", 5-ci mərtəbəsində sahəsi 156 kv.m.olan 4 otaqlı 12 saylı mənzilinə münasibətdə məhkəmənin gəldiyi nəticə ilə də təsdiq olunur ki, həmin mənzil onun tərəfindən alınmış, təmir edilmiş və həmin mənzilin alınması və təmiri uçun tərəfindən külli miqdar vəsait xərclənmişdir. "xxxx" MTK tərəfindən tikilmiş həmin binanın 1-ci mərtəbəsində umumi sahəsi 186.2 kv. metr olan 34 saylı qeyri-yaşayş sahəsinin də 01 iyun 2010-cu ildə onunla "xxxx" MTK arasında bağlanmış 213 saylı müqavilə asasında tərəfindən alındığı, sahənin dəyərinin tərəfindən ödənildiyi, lakin sonradan öz adına bağlanılmış 213 saylı müqaviləni cavabdeh Emin Qəhrəmanovun adına dəyişdirməyi göstərilir. Cavabdehin adına xx.xx.2013-cü il tarixdə mülkiyyət hüquqlarına dair çıxarışın alınması barədə məhkəmənin gəldiyi nəticələrdən də görunur ki, "birgə nikah dövründə əldə olunmuş" əmlak kimi bölünən bu əmlakların dəyərinin onun tərəfindən ödənilməsi faktı mübahisəsiz təsdiq edilir (Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-9841 saylı qətnaməsinin 8-ci vərəqi). Lakin yuxarıda qeyd olunan onun tərəfindən və onun vəsaiti hesabına alınmış yaşayış və qeyri yaşayış sahələrinə, müxtəlif markalı avtomobillərə qarşı əmlak bölgusu zamanı elə bir ciddi iradı olmamışdır. Səbəbi isə onunla əlaqədar olmuşdur ki, həmin əmlaklardan əlavə olaraq cavabdehlərin adlarına alınan və onların adına rəsmiləşdirilən, eyni zamanda alınması onların birgə nikah dövrünə duşən 2 əmlakın, yəni ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə və ünvan 11 A, 103 saylı mənzilin onun mülkiyyətinə keçiriləcəyi, onun mülkiyyətində saxlanılacağı və hər hansı səbəbdən, hətta nikahın xitamı ilə əlaqədar əmlak bölgüsündən belə asılı olmayaraq bölgüyə getməyəcəyi, həmin sahələrə dair hər hansı iddialarının olmayacagı və həmin sahələrin onun mülkiyyətində saxlanalacagı barədə cavabdehlərlə razılaşmanın olması olmuşdur. Lakin cavabdehlər həmin razılaşmaya əməl etməmiş, onun mülkiyyətində saxlanılacağına razılaşdırılmış sahələri də məhkəmə proseslərində iddia etmişlər. Cavabdehlərin "birgə nigah" dövrünə duşən, onun mülkiyyətində saxlanacağı və onun adına rəsmiləşdirəcəkləri barədə onların öhdəlik götürdükləri bir neçə adları çəkilən qeyri-yaşayış sahələrinin də "bölgüsünə dair" məhkəmə mübahisəsi zamanı onların hər ikisi həmin əmlakları da "birgə nigah dövründə" öz vəsaitləri hesabına qazandıqları əmlak kimi təqdim etmiş, həmin əmlakların hər ikisinin özlərinin umumi mülkiyyətində olmasını iddia etmiş, həmin əmlakların bölgüsünə nail olmuş və hər birinin 1/2 hissədə mülkiyyət huquqları məhkəmə qaydasında tanınmışdır. Bununla da, aşağıda qeyd edəcəyi yaşayış və qeyri yaşayış sahələrinin onun mülkiyyətində saxlanılacağı və ona rəsmiləşdiriləcəyi barədə cavabdehlər ilə gəldiyi razılaşma pozulmuşdur. Cavabdehlərdən heç biri məhkəmə proseslərində həmin əmlakların ona məxsus olduğunu və ya ona məxsus olacağı barədə öz üzərilərinə öhdəlik götürdüklərini və hər hansı səbəbdən asılı olmayaraq həmin sahələrə qarşı iddialarının olmayacagı barədə razılaşmanın olması haqda məlumat və izahat verməmiş, həmin əmlakların "birgə nigah" dövrundə qazanılmış əmlak kimi bölgüsündən imtina etməmiş, əksinə olaraq həmin əmlakları da aralarında bölməklə, onu həmin əmlaklara aid hissədə mülkiyyətindən məhrum etmiş, bununla da öhdəliklərini pozmuş, ona çox ciddi zərər vurmuşlar. Həmin əmlakların bölgüsündən sönra da onlarla danışıq apararaq əvvəlcədən razılaşmaqla onun mülkiyyətinə aid etdikləri əmlakların dəyərinin və əlavə olaraq həmin qeyri yaşayış və yaşayış sahəsinin təmirinə, avadanlıqlarının alınmasına çəkdiyi xərclərin qaytarılmasını tələb etsə də, həmin məbləğlər qaytarılmamışdır. Ona bu hissələrdə vurduqları zərərin ödənilməsini tələb etsə də, səyləri nəticəsiz qalmışdır. Həmin sahələrdən biri olan ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsi 13 mart 2012-ci il tarixdə bağlanılmış müqavilə əsasında "NEO'' MMC-dən Cavabdeh1 ilə razılaşmaya əsasən onun adına rəsmiləşdirilmişdir. Müqavilənin predmetini Ə.Cavad və Y.İbrahimli küçələrinin kəsişməsində tikilən çox mərtəbəli yaşayış evinin 2-ci mərtəbəsində sahəsi 410 kv.metr olan qeyri yaşayış sahəsi təşkil etmişdir. Müqavilə rəsmiləşdirildikdən sönra isə, yəni 13 mart 2012-ci il tarixdən- 03 iyin 2017-ci il tarixədək qeyri yaşayış sahəsinin dəyəri kimi müqavilədə nəzərdə tutulan məbləğ ödənilmişdir, həm bu səbəbdən, həm də əvvəlcədən bu barədə hər iki cavabdeh ilə razılaşma olduğundan, Cavabdeh1 həmin vaxtda arvadı olan Cavabdeh2 Fəxri qızının ona verdiyi etibarnamə əsasında həmin qeyri-yaşayış sahəsini 3 saylı Bakı "Asan Xidmət" mərkəzində notariat ofisinin notariusu tərəfindən təsdiq edilmiş 4/ə-556 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi əsasında onun adına bağışlamaqla onun mülkiyyətinə qaytarmışdır. Lakin tərəflər arasında "əmlak bölgusi" zamanı işə baxılarkən, hər iki cavabdeh onun adına rəsmiləşdirdikləri qeyri-yaşayış sahəsinə dair həmin bağışlama müqaviləsini mubahisələndirmiş, onun etibarsız hesab olunmasını iddia etmiş, qeyri-yaşayış sahəsinin onun adına bağışlanılmasına dair müqavilə məhkəmə qətnaməsi ilə etibarsız hesab edilməklə Cavabdeh1 mülkiyyətinə qaytarılmış, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə nigah dövründə "qazanılmş əmlak" hesab olunmaqla hər ikicinin arasında 1/2 hissədə bölünmüş və mülkiyyətlərinə verilmişdir. Halbuki, həmin əmlakın Cavabdeh1 adına ilkin rəsmiləşdirilməsindən çox keçməmiş, həm o, həm də Cavabdeh2 özlərinin təşəbbüsü və razılığı ilə qeyri-yaşayış sahəsini onun adına bağışlamışlar. Hər iki cavabdehin əmlakın onun adına rəsmiləşdirilməsinə və mülkiyyətinə keçirilməsinə dair hərəkətləri də onu göstərir ki, onlara verdiyi digər əmlakların müqabilində qeyd olunan qeyri-yaşayış sahəsi əvvəlcədən razılaşmaya əsasən onun mülkiyyətində qalmalı idi. Lakin cavabdehlər məhkəmə qaydasında əmlak bölgusu zamanı həmin sahənin, onun vəsaiti hesabına təmir edilməsi, avadanlıqların onun tərəfindən alınması, həmin avadanlıqların sahədə quraşdırılması xərclərinin onun tərəfindən çəkilməsi, həmin sahənin onlara aldığı əmlakların müqabilində onun mülkiyyətində saxlanılacağı barədə qarşılıqlı razılaşmanın olması haqda məhkəməyə heç bir məlumat verməmiş, razılaşmanın tələblərini pozmuşlar. Halbuki, qeyri-yaşayış sahəsi alındıqdan sonra işçisi olan Namiq Abbasovun rəhbərliyi ilə həmin sahədə 3 il təmir işləri aparılmış, sahənin təmirinə təkcə 146000 manat pul xərcləyib, sahəni abadlaşdıraraq istifadəyə tam yararlı vəziyyətə gətirmişdir. Təmir qurtardıqdan sonra isə müxtəlif avadanlıqlar: şəhərin Cəfər Cabbarlı küçəsində yerləşən "Araz" firmasından 75000 manata "epilyasiya" aparatı alaraq quraşdırmış, ümumilikdə isə həmin qeyri-yaşayış sahəsinin istifadəyə tam yararlı vəziyyətinə gətirilməsinə külli miqdar vəsait xərcləmişdir. Belə ki, qeyri-yaşayış sahəsinin satış qiyməti müqavilə uzrə 1.080.000 manat təşkil etməsini və həmin məbləğin cavabdehlər tərəfindən ödənilməsi və onların vəsaiti hesabına alınmasına dair bu işə baxan məhkəmələr yekun nəticəyə gəlsələr də, həmin sahənin təmirinə çəkilən 146.000 manat, avadanlıqların alınmasına 450000 manat, qaraj yerlərinin təşkilinə 30000 manat və digər xərclərə dair cavabdehlərə qarşı tələb irəli sürsə də, cavabdehlər bölgüdən sonra da, həmin məbləğləri ödəməkdən imtina etmiş və hazırda da imtina etməkdədirlər. Əslində isə, onlar həmin məbləğlərin nə vaxt xərclənməsi, avadanlıqların hansı qiymətə alınması ilə maraqlanmamışlar, lakin onun tərəfindən ödənildiyini bilmiş, aralarında həmin sahənin onun mülkiyyətində qalacağına dair razılaşma olduğundan, həmin məbləğlər əmlak bölgüsünə qədər də tərəfindən indiyədək mubahisələndirilməmişdir. Lakin görunduyu kimi, "əmlak bölgüsü”nə dair məhkəmələrin gedişində həmin qeyri-yaşayış sahəsinə avadanlıqların onun vəsaiti hesabına alınması və istifadə uçun yararlı vəziyyətinə gətirilməsində hər hansı rollarının olmaması barədə, eləcə də qeyri-yaşayış sahəsinin onun adına rəsmiləşdirəcəklərinə dair öhdəlik götürmələri barədə hər hansı məlumatı verməmiş, izahatlarında həmin sahənin "birgə nikahı dövründə qazandıqları əmlak kimi" məhkəmədə müdafiə etmiş, həmin sahənin bölgüsünə və mülkiyyətlərinə keçirilməsinə nail olmuş, bununla da onu həmin əmlakdan məhrum etməklə əvvəlcədən müəyyən edilmiş razılaşmanı pozmuş, ona həmin əmlakın dəyərində 1.080.000 və təmir və avadanlıqların alınması hissəsində 626000. manat məbləğində kulli miqdarda maddi zərər vurmuşlar. Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov kucəsi, ev 126 A, 103 saylı mənzil də eyni qaydada cavabdehlər ilə onun arasında, həmin mənzilin onun mülkiyyətində saxlanılacağına dair razılaşmanın predmeti olmuşdur. Məhkəmələr həmin mənziin alınmasına 650.000 manat vəsaitin cavabdehlərin birgə vəsaitləri hesabına alındığına dair qərar qəbul etsələr də, havalandırma sisteminin alınıb qurlaşdırılmasına 70000 manat, mənzilin təmirinə 206.000 manat, mebel alınmasına 50000 ABŞ dolları, gömrük rüsumlarına 15000 manat, "xxxx" MTK tərəfindən inşa edilmiş həmin binanın zirzəmisində 61 saylı dayanacaq uçun 30.000 manatın tərəfindən sərf olunmasına əhəmiyyət verməmişlər. Əslində həmin mənzil və zirzəmisi uçun çəkdiyi xərclərlə əlaqədar cavabdehlərlə onun arasında hər hansı mübahisə olmamış, bu xərclər məhkəmə mübahisəsinin də predmeti olmamışdır. (Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018 tarixli qərardadı ilə o, müstəqil tələb irəli sürməyən 3-cu şəxs qismində cəlb edilmişdir. Səbail rayon məhkəməsinin xx.xx.2002-ci il tarixli, 2(009)-33/22 saylı və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022 tarixli, 2(103)-6700/22 saylı qətnamələri) Beləliklə, ünvan 7 ünvanda yerləşən qeyri- yaşayış sahəsi uzrə həmin sahənin təmirinə çəkilən 146.000 manat, avadanlıqların alınmasına 450000 manat, qaraj yerlərinin təşkilinə 30000 manat xərc çəkmiş, qeyri-yaşayış sahəsinin onun mülkiyyətində saxlanılmasına dair razılaşmanın tələblərini pozmaqla vurulan maddi zərərin miqdarını da nəzərə aldıqda ona vurulan maddi zərər mənzilin alış qiyməti miqdarında 1.080.000 manat, qeyd olunan digər xərclər uzrə 626.000 manat, cəmi 1.706.000 manat təşkil edir. Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov kucəsi, ev 126 A, 103 saylı mənzil uzrə, həmin mənziin alınmasına çəkilən xərclər uzrə 650.000 manat, havalandırma sisteminin alınıb qurlaşdırılmasına 70.000. manat, mənzilin təmirinə 206.000 manat, mebel alınmasına 50000 ABŞ dolları, gömrük rüsumlarına 15000, "xxxx" MTK tərəfindən inşa edilmiş həmin binanın zirzəmisində 61 saylı dayanacaq uçun çəkilmiş 30.000.manat miqdarında çəkdiyim xərclər uzrə maddi ziyan vurmuşlar. Cəmi maddi ziyanın miqdarı, onu həmin mənzildən məhrum etmə ilə əlaqədar vurulan maddi zərər mənzilin alış qiyməti uzrə 650000 manat, təmir və digər xərclər uzrə +206.000.+70000+50000 ABŞ Dolları +30000 manat (364000 m), cəmi 986.000 manat təşkil edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, eləcə də bildirmişdir ki, həmin əmlaklarla bağlı təmir işləri 10 əvvəl aparılmışdır. 13.Cavabdeh2 nümayəndə və vəkili X2 birinci instansiya məhkəməsində iddia tələbini qəbul etməyərək, onun rədd olunmasını xahiş etmiş və bildirmişdir ki, İddiaçı mübahisələndirdiyi daşınmaz əmlaklar - Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, ev 26 A, 103 saylı mənzil, həmin mənzilə aid "xxxx" MTK tərəfindən inşa edilmiş binanın zirzəmisindəki 61 nömrəli dayanacaq və ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində Cavabdeh2 və Cavabdeh1 hər birinin 1/2 hissədə payları olması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Hazırda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının həmin iş üzrə 2(102)-962/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı qüvvədədir. 14.Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim M.Bağırova, iş № 2(009)-1759/24) iddia rədd edilmişdir. 15.Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları, yəni cavabdehlərin ona borclu olmasını sübuta yrtirə bilməmişdir. 16.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Apellyasiya şikayətinin dəlilləri 17.İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. 18.Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı həmçinin, onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam, hərtərəfli, obyektiv araşdırılmamış, məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun olmamış, qətnamənin qanuni və əsaslı olması ilə bağlı MPM-in 217-ci maddəsinin tələbi pozulmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları 19.İddiaçı və nümayəndəsi sonuncu məhkəmə iclasında iştirak etməsələr də əvvəlki xx.xx.2025-ci il tarixli məhkəmə iclasında izahat verərkən apellyasiya şikayətini müdafiə etdiklərini bildirmiş və onun təmin olunmasını xahiş etmişlər. 20.Cavabdeh1 da xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak etmiş, izahat vermiş və izahatında apellyasiya şikayətinin əsaslı olduğunu bildirərək onun təmin olunmasını xahiş etmişdir. 21.Cavabdeh2 və nümayəndəsi məhkəmə kollegiyasının sonuncu iclasında iştirak edərək apellyasiya şikayətinin rədd olunmasını xahiş etdilər.

22. Məhkəmə kollegiyası iddiaçının və Cavabdeh1 sonuncu məhkəmə iclasında iştirak etməmələrinin səbəbini üzrsüz sayaraq və Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan məhkəmə baxışının davam etdirilməsini mümkün saydı.

Tətbiq edilən hüquq 23.Azərbaycan Respublikasının Mülki Məcəlləsi 24.Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 25.Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 26.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 27.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 28.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya baxışının hədləri 29.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 30.Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən və iddia rədd olunduğundan, qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi, yaxud ləğv edilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. 32.Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 33.Hazırkı iş üzrə iddiaçı iddia ərizəsində göstərdiyi daşınmaz əmlakların onun vəsaiti hesabına alındığını, təmir edildiyini bildirərək çəkilən xərclərə görə cavabdehlərdən müştərək qaydada bir milyon manat pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. 34.Məhkəmə iddiaçının tələbini iddianın əsası kimi istinad olunan hallar sübuta yetirilmədiyinə görə rədd etmişdir. 35.Məhkəmə mübahisənin hüquqi həlli ilə bağlı ilk növbədə Mülki Məcəllənin 385.1 və 386.1-ci maddələrinə istinad etmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 36.Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında zərərin ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsasları konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir. Bu baxımdan, hazırkı mülki iş üzrə araşdırma predmetini cavabdehlərin yuxarıda adı çəkilən əsaslar üzrə iddia tələbində göstərilən məbləğ həddində öhdəlik daşıyıb-daşımaması halının müəyyən edilməsi təşkil edir. Məhkəmə qeyd etmişdir ki, mülki prosessual hüquq üçün səciyyəvi olan formal həqiqət prinsipinə əsasən hakim faktlarla və hallarla bağlı tərəflərin dəlilərinin həqiqiliyini yalnız o zaman müəyyən edə bilər ki, onları qarşı tərəf mübahisələndirsin. 37.Məhkəmə, formal həqiqət prinsipini və cavabdeh tərəfindən iddia tələblərinin qəbul edilməyərək bütünlüklə mübahisələndirildiyini nəzərə alaraq hesab etmişdir ki, mübahisələndirilən xüsusatlara, yəni cavabdehlərin iddiaçı qarşısında öhdəlik münasibətləri çərçivəsində məsuliyyət daşımasının müəyyən edilməsinə sübutetmə yükü aspektindən yanaşılmalıdır. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. 38.Məhkəmə, iş materiallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, iddiaçı cavabdehlərin ona borclu olduğunu sübuta yetirə bilməmişdir. Halbuki, mülki-prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 39.Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. 40.Məhkəmə, iddia tələbi üzrə tərəfin söykəndiyi faktiki halların təsdiqi üçün irəli sürdükləri dəlillərə və qeyd etdikləri xüsusatlara sübutlar, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verməyi zəruri hesab edir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. 41.Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-nin müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. 42.Yuxarıda göstərildiyi kimi, iddiaçı öz tələbinin faktiki əsası kimi göstərdiyi halları, o cümlədən qeyd etdiyi borcu təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həqiqətin müəyyən olunması vəzifəsi ayrı-ayrı hüquq sahələrində müxtəlif cür öz əksini tapmışdır. Belə ki, cinayət və ya inzibati xəta haqqında işlər üzrə icraatda məhz obyektiv həqiqətin müəyyən edilməsi tələb olunsa da, mülki prosesdə formal həqiqət prinsipi əsas götürülmüşdür. Bu prinsipə görə, hakim yalnız tərəflərin mübahisələndirdikləri hallarla bağlı məhkəməyə təqdim etdiyi faktiki halları və sübutları nəzərə almalıdır. 43.Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə müəyyən olunmuş hallara qiymət verərək bu qənaətə gəlmişdir ki, iddia tələbi üzrə hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən iddia tələbi əsaslı sayıla və təmin edilə bilməz. 44.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 45.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlillərini əsassız sayır. 46.Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə əsasən eynilik təşkil edir və həmin dəlillərə birinci instansiya məhkəməsi tərəfindən müfəssəl və düzgün hüquqi qiymət verilmişdir. 47.Apellyasiya şikayətinin dəlillərindən biri sübutların və işin hallarının ətraflı araşdırılmaması barədədir. Məhkəmə kollegiyası bu dəlili əsassız sayır və qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. 48.Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, lakin cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut edə bilmişdir. Belə ki, cavabdeh iddiaçının mübahisələndirdiyi hallar və daşınmaz əmlaklarla bağlı qüvvədə olan məhkəmə qərarlarına istinad etməklə iddianın əsassız olduğunu sübuta yetirmişdir. 49.Apellyasiya şikayətinin başqa bir dəlili sübutların düzgün qiymətləndirilməməsi barədə MPM-nin 88-ci maddəsinin və qətnamənin qanuni və əsaslı olması ilə bağlı 217-ci maddəsinin tələblərinin pozulması barədədir. 50.Məhkəmə kollegiyası bu dəlilləri də əsassız sayır və aşağıdakıları qeyd edir. 51.Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 52.Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. 53.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutlara qiymət verərkən bu tələblərə əməl etmiş, sübutların qanunun tələbinə uyğunluğunu, tamlığını, işə aidliyini, mümkünlüyünü, obyektivliyini, mötəbərliyini yoxlamış və yalnız bundan sonra onları qiymətləndirmişdir. 54.Apellyasiya şikayətində qətnamənin Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsində nəzərdə tutulmuş qanunilik və əsaslılıq tələblərinə cavab vermədiyi də qeyd olunmuşdur. 55.Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin mənasına görə qətnamənin qanuniliyi dedikdə, mülki işlərə mahiyyəti üzrə baxıb, onları həll edərkən mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarının tələblərinə dəqiq və dönmədən riayət olunması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 56.Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin MPM-nin 217-ci maddəsinin tələblərinə cavab verdiyini qeyd edir və həmin qətnaməni qanuni və əsaslı sayır. 57.Məhkəmə kollegiyası iddiaçının apellyasiya baxışı zamanı verdiyi Abşeron RPİ İstintaq şöbəsinin cinayət işin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarının hazırkı işdə mötəbər sübut kimi qəbul edilməsi və preyudisiallığının nəzərə alınması barədəki vəsatətinə münasibətdə qeyd edir ki, həmin qərarın hazırkı iş üzrə hər hansı preyudisiallığı yoxdur. Belə ki, həmin qərar iddiaçının və oğlunun izahatları üzərində qurulmuşdur. Cavabdeh2 həmin iş üzrə dindirilməmiş və izahatı alınmamışdır. Bu səbəbdən də həmin qərar hazırkı mülki iş üzrə heç bir preyudisiallıq keyfiyyəti daşımır. Digər tərəfdən, qərarın özündə də qeyd olunmuşdur ki, göstərilən əmlakların əldə olunması, kimin adına qeydiyyata alınması, təmiri və avadanlıqların alınıb quraşdırılması xərcləri ilə bağlı mübahisə cinayət təqibinin predmeti deyildir və mülki icraat qaydasında həll olunmalıdır. 58.Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz. 59.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə 09 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar