Məhkəmə qərarları › İş №2(103)-9046/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9046/2021

01.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9046/2021 01.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Küdroğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı SŞ ASC-nin nümayəndəsi Rəhimov Elməddin Hökümalı oğlunun, Cavabdeh2 iştirakı ilə, Bakı şəhərində Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-2031/2021 saylı 29 iyul 2021-ci il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "Atəşgah” Sığorta Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Hyundai İX35" markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1008.40 (min səkkiz manat qırx qəpik) manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 (otuz manat, qırx qəpik) dövlət rüsumu, cəmi 1038.80 (bir min otuz səkkiz manat, səksən qəpik) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(005)- 2031/2021 saylı qətnaməsi ilə iddia təmin olunmuş, həmin qətnamədən cavabdeh apellyasiya şikayəti vermiş, eyni zamanda, ötürülmüş prosessual müddətin üzürlü hesab edilərək bərpa olunması barədə ərizə vermişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2(005)-2031/2021 nömrəli qərardadı ilə Cavabdeh2 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(005)-2031/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməyərək müddətin bərpasından imtina edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 aprel 2021- ci il tarixli, 2(005)-2031/2021 saylı qətnaməsindən Cavabdeh2 verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Hazırda üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2(005)- 2031/2021 nömrəli qərardadından Cavabdeh2 şikayət vermiş və qərardadın ləğv olunmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-2031/2021 saylı 29 iyul 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh2 məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını, iddiaçının nümayəndəsi Rəhimov Elməddin Hökümalı oğlu isə şikayətin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər (maddə 360). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). İş materiallarından görünür ki, 2(005)-2031/2021 saylı mülki iş üzrə çıxarılmış 12 aprel 2021-ci il tarixli qətnamə 20 aprel 2021-ci il tarixli məktubla poçt vasitəsi ilə Cavabdeh2 göndərilmiş və onun tərəfindən “poçt göndərişinin verilməsi haqqında xəbərnamə” 23 aprel 2021-ci il tarixdə imzalanaraq, həmin tarixdə qeyd olunan qətnamə rəsmi qaydada qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin yuxarıda sadalanan hallarını nəzərə almaqla və müddətin bərpa olunmasına əsaslar olmadığından prosessual müddətin üzrlü səbəb olmadan buraxıldığı barədə düzgün qənaətə gəlmişdir. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şikayətin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh müddətin üzürlü səbəblərə görə buraxılmasını müəyyən edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş və məhkəmə iclasında müddətin üzürlü səbəblərə görə buraxılmasını əsaslandıra bilməmişdir. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-2031/2021 saylı 29 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh2 şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-2031/2021 saylı 29 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar