Məhkəmə qərarları › İş №2(103)-906/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-906/2022

13.01.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-906/2022 13.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, İddiaçı nümayəndəsi və vəkili-nümayəndəsi Nümayəndə2, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququndan istifadəyə yaradılan maneələrin aradan qaldırılması, qanunsuz tikilinin sökülməsi, əvvəlki vəziyyətin bərpa edilməsi, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi" tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2(009)-120/2021 saylı qətnaməsindən iddiaçı və onun vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququnun təmin edilərək, mülkiyyət hüququndan istifadəyə yaradılan maneələrin aradan qaldırılması, qanunsuz tikilinin sökülməsi, əvvəlki vəziyyətin bərpa edilməsi, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş mehmanxana (otel) binasının cavabdehin hesabına sökülməsi, əvvəllər damın təmiri üçün dama çıxmaq üçün mövcud olan yeganə yerin bərpa edilməsi, mənzilinin əvvəlki vəziyyətinin bərpa edilməsi üçün ona dəymiş maddi zərərin əvəzi kimi 50000 (əlli min) manat məbləğində pulun, eləcə də ona vurulmuş mənəvi ziyanın kompensasiyası kimi 100.000 (yüz min) manat pulun, həmçinin dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat pulun, ümumilikdə 150.030 (yüz əlli min otuz) manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanındakı 37 saylı mənzil onun xüsusi mülkiyyətindədir. Bu barədə mülkiyyət hüququ Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən qeydiyyata alınaraq ona 12.02.2005-ci il tarixli, 223909 saylı qeydiyyat vəsiqəsi verilmişdir. Müəyyən müddət əvvəl mülkiyyətində olan və yaşadığı qeyd olunan mənzilə yaxın məsafədə, ünvan 1 ünvanında Cavabdeh tərəfindən dördmərtəbəli otel binasının tikintisi həyata keçirilmişdir. Yaşadığı üçmərtəbəli binaya yaxın məsafədə Cavabdeh tərəfindən dörd mərtəbəli qeyri-yaşayış binasının (otel) inşa edilməsi nəticəsində mənzilinin divarlarında, tavanında çatlar yaranmışdır. Əvvəllər damın təmiri üçün dama çıxmaq üçün mövcud olan yeganə yer cavabdeh tərəfindən zəbt edilmiş və hazırda mövcud deyildir. Hər hansı bir fövqəladə hal baş verəcəyi təqdirdə, mənzilinə FHN əməkdaşlarının girməsi demək olar ki, mümkün deyildir. Eyni zamanda onun tərəfindən binanın damına nəzarət etmək, eləcə də orada zərurət olacağı təqdirdə hər hansı bir təmir işlərinin aparılması qeyrimümkündür. Cavabdeh tərəfindən görülmüş qanunsuz işlər nəticəsində yağan yağışlar bilavasitə evin divarlarını sıradan çıxarmışdır. Həmçinin cavabdeh tərəfindən tikilmiş bina onun mənzilinə düşən təbii günəş işığının qarşısını alaraq, mənzilinin təbii havalandırlmasında da problemlər yaratmışdır. Göstərilən səbəblərə (divarların çat verməsi, nəmişlik çəkməsi, eləcə də görülən işlərin səs-küyü səbəbinə) görə hazırda mülkiyyətində olan qeyd olunan mənzildə yaşamağı qeyrimümkündür. Ümumiyyətlə isə qeyd etmək istəyir ki, cavabdeh tərəfindən tikinti işləri aparılmazdan əvvəl, həmin ərazidə söküntü işləri aparılan vaxtdan mənzildə yaşamaq qeyri-mümkün olmuşdur. Söküntü işləri aparılan zaman mənzilində olan kondisioner də qısaqapanma nəticəsində sıradan çıxmışdır. Həmçinin bildirir ki, binanın sağ tərəfində qonşu ilə onun arasında olan taxta arakəsməyə bitişik ondan icazəsiz olaraq beton divar qaldırılmışdır ki, buna görə də yağan yağıntıların hamısı evin içərisinə damır. Göstərilənlərlə bağlı aidiyyatı dövlət qurumlarına və vəzifəli şəxslərə çoxsaylı müraciətlər edilmişdir. Hesab edir ki, Cavabdeh tərəfindən dördmərtəbəli qeyri-yaşayış binası (otel) inşa edilərkən şəhərsalma və tikinti normaları və qaydaları ciddi surətdə pozulmuşdur ki, bunun nəticəsində də onlara zərər dəymişdir. Tikinti işləri aparılarkən şəhərsalma və tikinti normaları ilə müəyyən edilmiş binalar arasındakı məsafəyə dair qaydalara da riayət edilməmişdir. Onun tərəfindən 24 iyun 2020-ci il tarixli pretenziya ilə Cavabdeh müraciət edilərək 3 gün ərzində apardığı qanunsuz tikinti işlərinin dayandılmasını, eləcə də ona vurduğu zərərin əvəzinin ödənilməsinin təmin edilməsi təklif edilmiş, əks halda mövcud qanunvericiliyə əsasən məhkəməyə müraciət etmək məcburiyyətində qalacağı bildirilmişdir. Cavabdeh tərəfindən onun müraciətinə tamamilə əsassız cavab verilmişdir. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Mənzilin əvvəlki vəziyyətinin bərpa edilməsi ilə bağlı ona dəymiş zərər təxminən 50000 (əlli min) təşkil edir. Həmin məbləğ cavabdehdən tutularaq ona ödənilməlidir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində onların yaşadıqları mənzildən istifadə edə bilməməyi, əmlakının dağıdılaraq qəzalı vəziyyətə düşməsi, məcbur olub çoxsaylı dövlət orqanları və vəzifəli şəxslərə, hazırda isə məhkəməyə müraciətlər etməyi və s. onu mənən alçaltmış, özünə, etdiyi hərəkətlərə inamsızlıq və hörmətsizlik hissi yaratmışdır. Odur ki, Cavabdeh qanunsuz hərəkətləri, eləcə də mülkiyyət hüquqlarını pozması nəticəsində ona həm də mənəvi ziyan vurulmuşdur. Cavabdeh tərədindən ona vurulmuş mənəvi ziyanı 100.000 (yüz min) manat məbləğində qiymətləndirir. Həmin pul da cavabdehdən alınaraq ona ödənilməlidir. Sonradan İddiaçı iddia ərizəsinə əlavə təqdim edərək mülkiyyət hüququ təmin edilərək, ünvan 1 ünvanında cavabdeh X7 tərəfindən inşa edilmiş mehmanxana (otel) binasının cavabdehin hesabına sökülməsi, əvvəllər damın təmiri üçün dama çıxmaq üçün mövcud olan yeganə yerin bərpa edilməsi, mənzilinin əvvəlki vəziyyətinin bərpa edilməsi üçün ona dəymiş maddi zərərin əvəzi kimi 50000 (əlli min) manat məbləğində pulun, əldən çıxmış fayda kimi 22.100 (iyirmi iki min yüz) manat pulun, eləcə də ona vurulmuş mənəvi ziyanın kompensasiyası kimi 100.000 (yüz min) manat pulun, həmçinin dövlət rüsumu kimi ödədiyi 30 manatın, ümumilikdə 172.130 (yüz yetmiş iki min otuz) manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əlavə onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə əlavəyə əlavə edilmiş Əmlak Ekspert Mərkəzinin müvafiq arayışından da göründüyü kimi ona məxsus mənzilin aylıq kirayə haqqı 650 (altı yüz əlli) manat təşkil edir. Cavabdehin təqsiri ucbatından mənzilindən istifadə edə bilmədiyi vaxtdan, yəni 2018-ci ilin iyul ayından hal-hazıradək ona məxsus mənzili kirayəyə versə idi, əldə edəcəyi gəlir 22.100 (iyirmi iki min yüz) manat (34 ay x 650 = 22.100) edərdi. Belə olan halda aydın olur ki, o, həmin məbləğdə gəlirdən məhrum olmuşdur. Əmlakından istifadə edə bilməməsi nəticəsində ona dəymiş zərərin məbləği 22.100 (iyirmi iki min yüz) manat edir ki, həmin vəsait də cavabdehdən tutularaq ona ödənilməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-120/2021 saylı, 12 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi əsassız olduğu üçün təmin edilməmiş, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 (yüz) manatın İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X3, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı və onun vəkili Vəkil1 apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan normalara istinad edilərək, iddia tələbi təmin edilməli olduğu halda, əsassız olaraq iddia tələbi təmin edilməmiş, bununla da maddi hüquq pozuntusuna yol vermişdir. Göründüyü kimi, bütün məhkəmələr üçün məcburi olan bu qərarın tələblərinə əsasən məhkəmə tərəflərin istinad etdiyi sübutların və dəlillərin hər birinə öz münasibətini bildirməli, bu və ya digər dəlilin qəbul və ya rədd edilməsini müvafiq qaydada əsaslandırmalıdır. Lakin birinci instansiya məhkəməsi qəbul etdiyi qətnamədə iddiaçı tərəfindən irəli sürülmüş dəlillərə və işin hallarına düzgün hüquqi qiymət verməmişdir. Lakin qanunvericliyin qeyd olunan normalarının tələblərinə zidd olaraq birinci instansiya məhkəməsi hazırkı iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadı və işin obyektiv həlli üçün məhkəməyə iddiaçı tərəfindən təqdim edilən təkrar məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi barədə vəsatəti əsassız olaraq təmin etmədi. Hazırkı mülki iş üzrə verilmiş ekspert rəyi obyektiv gerçəkliyi əks etdirməməklə, təmamilə əsassızdır. Belə ki ekspert rəyinin təsviri hissəsində də qeyd edilmişdir ki, tədqiq olunan 37 saylı mənzilin 4.40x4.95 m ölçüdə otağın sol yan tərəfdəki divarında suvaq qatlarının qopması, həmçinin 2.25x4.7 m ölçüdə dəhliz hissədə yan tərəfdəki divarda suvaq çatları və həmin yan divara perpendikulyar yükdaşıyan divarda pəncərə boşluğu üzərində və altında çatlar müşahidə olunmuşdur. Belə olan halda iddiaçıya məxsus mənzildəki qüsurların cavabdeh tərəfindən mehmanxana (otel) binasının inşası zamanı aparılan təmir-tikinti işləri ilə əlaqəli olmamasının müəyyən edilməsi barədə gəlinən nəticəsinin qərəzli və əsassız olduğu müəyyən edilir. Sual olunur. Əgər mənzildə olan qüsurların-çatların, suvağın tökülməsinin, divarların nəmişliyinin səbəbi otel binasının inşası deyilsə, onda nədir? Bundan başqa verilmiş ekspert rəyində guya binanın 1-ci mərtəbəsində olan mənzildə də hər hansı bir çatın müəyyən olunmamasının qeyd edilməsi də obyektiv gerçəkliyi əks etdirmir. Belə ki, iddiaçının bildirdiyinə görə ekspert ümumiyyətlə birinci mərtəbədəki mənzilə hər hansı bir baxış keçirməmişdir. Ümumilikdə isə, ekspert rəyində hər hansı bir elmi araşdırma aparılmamış, eləcə də əsaslandırma yoxdur. 20 noyabr 2020-ci il tarixli FHN Tikintidə X4 Agentliyinin rəyində göstərilir ki, bünövrə və antiseysmik kəmərlərə baxış keçirmək mümkün olmadı. Daha sonra qeyd olunur ki, 1-ci mərtəbəsi (Mərdanov Qardaşları küçəsinə baxan hissə) hal-hazırda qeyri yaşayış obyekti kimi istismar olunur. İkinci mərtəbədən bir sözdə qeyd olunmur. Bu rəyi qeyri-mötəbər hesab etmək olar. Bundan başqa həmin rəydə qeyd olunur ki,binanın sag yan fasad hissəsinə baxan əsas yükdaşıyan divarında, hörgü birləşmələrində və qapı pəncərə boşluqları ətrafında müxtəlif ölçülü çatlar yaranmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin 13 senyabr 2021-ci ilin ekspert rəyində ekspert yuxarıdakı qeyd etdiyi rəyə istinad edərək yazır: "Dövlət layihə institutunun mütəxəssiz rəyindən görünür ki, mənzilin sol yan tərəfdəki divarında suvaq qatlarının qopması müşahidə olunur". Bundan başqa iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ona məxsus mənzilin qonşu ərazidə söküntü və tikinti işləri aparılmazdan öncə və sonra çəkilmiş fotoşəkillərindən də görünür ki, mənzildə mövcud olan çatlar, divarlardakı nəmişlik və s. bilavasitə cavabdeh tərəfindən aprılmış söküntü və tikinti işlərindən sonra yaranmışdır. Lakin birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün araşdırmamış, irəli sürdüyümüz dəlillərə, təqdim etdiyimiz sübutlara düzgün hüquqi qiymət verməmiş, yalnız iş üzrə keçirilmiş əsassız ekspert rəyinə istinad edərək, iddia tələblərinin rədd edilməsi barədə əsassız qənaətə gəlmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili-nümayəndəsi Nümayəndə2, iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməsini və qətnamənin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Belə ki, iddiaçı tərəfin apellyasiya şikayəti qətnamənin tamamilə ləğv edilməsinə və iddianın təmin edilməsinə yönəlmişdir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və X6 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, ünvan 2 evin 37 saylı mənzili İddiaçı mülkiyyətindədir. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 03.12.2018-ci tarixli, 515 saylı sərəncamla Mərdanov qardaşları küçəsində yerləşən sözügedən torpaq sahəsi mehmanxana binasının tikintisinin layihələndirilməsi üçün istifadəyə verilmişdir. Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 64 saylı, 30.07.2019-cu il tarixli “Obyektin tikintisinə icazə” sənədi ilə mehmanxana binasının tikintisinə icazə verilmişdir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş 13.12.2018-ci il tarixli, 05 saylı sərəncama əsasən, binanın şəhərsalma əsaslandırılması təsdiq edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışına əsasən, ünvan 2 ünvanda yerləşən 0,0434 ha torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 03.12.2018-ci tarixli, 515 saylı sərəncamına əsasən mehmanxana binasının tikintisinin layihələndirilməsi üçün Cavabdeh 22.01.2019-cu il tarixdən icarəyə verilməsi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin mütəxəssisləri tərəfindən göstərilən ünvana keçirilmiş vizual texniki baxış zamanı vətəndaş İddiaçı mənzilinin divarlarında müxtəlif ölçülü çatlar aşkar olunaraq, sözügedən binanın yan fasad divarında gücləndirmə işlərinin aparılması məqsədəuyğun hesab edilmişdir. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış 24.06.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, 3 gün ərzində apardığı qanunsuz tikinti işlərinin dayandılmasını, eləcə də ona vurduğu zərərin əvəzinin ödənilməsinin təmin edilməsi təklif edilmiş, əks halda mövcud qanunvericiliyə əsasən məhkəməyə müraciət edəcəyi bildirilmişdir. Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 01.07.2020-ci il tarixli cavab məktubundan görünür ki, ona köməklik məqsədilə podratçı şirkət mənzilində müvafiq təmir işlərini öz hesabına aparmağa hazır olduğu bildirmişdir. Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət X2 Dövlət Ekspertiza Baş İdarəsinin ünvan 1 ünvanında mehmanxana (otel) binasının tikintisi üçün verilmiş 27469 saylı, 10.06.2019 tarixli rəyindən görünür ki, ünvan 1 ünvanında otel binası üzrə tikinti layihəsi razılaşdırılmışdır. Həmin rəyin 2-ci bəndindən görünür ki, otel binasının tikintisi üçün ayrılmış ərazi (mövcud tikililər sökülmüşdür) üç tərəfdən mövcud 2, 3 və 4 mərtəbəli binaların əhatəsində yerləşir və otelin yerləşəcəyi ərazidə söküntü işləri aparılarkən qonşu mövcud binalara heç bir xətər yetirilməmişdir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 27.11.2021-ci il tarixdə (No. Eii-28/21 (Tİ- 64/19)) ünvan 4 ünvanında yerləşən mehmanxana binasının istismarına icazə verilmişdir. Birinci instansiya məhkəməsində araşdırma zamanı məhkəmənin qərardadı əsasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyi tərəfindən tərtib edilmiş 02.08.2021-ci il tarixli, 37/34-05414 nömrəli mütəxəssis rəyindən görünür ki, baxış zamanı mənzilin sol yan tərəfdəki divarında suvaq qatlarının qopması müşahidə olunur. Suvaq qatları qopmuş sahədə hörgüdə hər hansı bir çat və deformasiyalar müşahidə olunmadı. Həmçinin dəhliz hissədə yan tərəfdəki divarda suvaq çatları müşahidə olunur. Yuxarıda qeyd olunan yan divara perpendikulyar yükdaşıyan divarda pəncərə boşluğu üzərində və altında keçici çatlar müşahidə olunur. Mənzildə ağac materialından olan tavan və döşəmələrin uzun illər istismarının nəticəsində fiziki köhnəlməsi müşahidə olunur. Binanın yaxınlığında otel inşa edilən zaman binanın sağ yan divarında monolit dəmir-betondan olmaqla gücləndirmə tədbirləri yerinə yetirilmişdir. Tikintiquraşdırma işlərinin (otel binası) bir neçə il bundan öncə aparıldığını, bu divarda yuxarıda qeyd edilən gücləndirmə tədbirlərinin həyata keçirildiyini və binanın uzun müddət təmirsiz istismar edildiyini nəzərə alaraq 37 saylı mənzildə yaranmış qüsurların hansı səbəbədən yaranmasını halhazırda müəyyən etmək mümkün deyildir. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının nəticələrinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13.09.2021-ci il tarixli, 10/790 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun mütəxəssis rəyinə və baxış zamanı əldə olunmuş məlumatlara əsasən, ünvan 2 evin 37 saylı mənzilin 4,40x4,95m ölçüdə otağın sol yan tərəfdəki divarında suvaq qatlarının qopması, suvaq qatları qopmuş sahədə hörgüdə hər hansı bir çat və deformasiyalar müşahidə olunmadı. Həmçinin 2,25x4,7m ölçüdə dəhlizdə yan tərəfdəki divarında suvaq çatları və həmin yan divara perpendikulyar yükdaşıyan divarda pəncərə boşluğu üzərində və altında çatlar müşahidə olunmuşdur. “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun mütəxəssis və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 X1 Ekspertiza Baş İdarəsinin 10.06.2019cu il tarixli, 27469 saylı rəylərinə əsasən, tikinti-quraşdırma işlərinin (otel binası) bir neçə il bundan öncə aparıldığını, binanın sağ yan divarında əsaslı gücləndirmə tədbirlərinin həyata keçirildiyini və binanın uzun müddət təmirsiz istismar edildiyini, baxış zamanı mənzilin 4,40x4,95m ölçüdə otağın sol yan tərəfdəki divarında suvaq qatları qopmuş sahədə hörgüdə hər hansı bir çat və deformasiyaların, binanın birinci mərtəbəsində olan mənzildə isə hər-hansı bir çatın müşahidə olunmadığını nəzərə alaraq, ünvan 1 ünvanında yerləşən 37 saylı mənzildə yaranmış qüsurların Cavabdeh tərəfindən mehmanxana (otel) binasının inşası zamanı aparılan təmir-tikinti işləri ilə əlaqəli olması müəyyən edilməmişdir. “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun mütəxəssis rəyini və baxış zamanı əldə olunmuş məlumatları nəzərə alaraq, ünvan 2 evin, 37 saylı mənzilində yaranmış qüsurlar Cavabdeh tərəfindən mehmanxana (otel) binasının inşası zamanı aparılan təmir-tikinti işləri ilə əlaqəli olması müəyyən edilmədiyindən, İddiaçı mülkiyyətində olan mənzilə zərər dəyib-dəyməməsinə dair tədqiqat aparılmamışdır. ünvan 1 ünvanında yerləşən mehmanxana binasının inşası zaman Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı Dövlət Layihə İnstitutu tərəfindən tərtib edilmiş layihədən kənara çıxma hallarının mövcud olmadığı müəyyən edilmişdir. Ekspertiza rəyi Məhkəmə Ekspertizası Mərkəzinin mühəndis-texniki ekspertizalar şöbəsinin aparıcı ekspertləri Xəyyam İsgəndərov, Elmar Səidov və tikinti-texniki eksperti Ziya Tağıyev tərəfindən tərtib edilərək və imzalanmışdır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddiaçı tərəf iddia tələbini (ünvan 1 ünvanında yerləşən 37 saylı mənzildə yaranmış qüsurların Cavabdeh tərəfindən mehmanxana binasının inşası zamanı aparılan təmir-tikinti işləri ilə əlaqəli olmasına dair) əsaslandırdığı halları təsdiq edəcək, eləcə də ekspert rəyini təkzib edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmiş, məhkəmə araşdırması zamanı da bu cür halların mövcudluğu öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqisrli davranışa yolu verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyytə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacid amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Mülki Məcəllənin qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Hazırkı iş üzrə isə cavabdehin hüquqazidd əməlləri nəticəsində iddiaçının hüquqlarının pozulması halı müəyyən edilməmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi). Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və X6 haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Bundan başqa Konstitusiya Məhkəməsinin Plenumu da əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulması və bunun nəticəsində ona maddi ziyan dəyməsinə dair hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iddianın mənəvi ziyan vurulması hissəsi ilə əlaqədar qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər- maddi nemətlər) hüquqlarını pozmaqla fıziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfı psixioloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərərəi ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Göründüyü kimi, «İnsan Hüquqlarının və X6 haqqında» Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Avropa Məhkəməsinin “Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları”nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Cavabdehin iddiaçıya münasibətdə qanunvericiliyinin tələblərinin pozulması ilə müşayiət edilən hər hansı bir hərəkətlərinin olması barədə iddiaçı tərəfindən məhkəməyə hər-hansı sübut təqdim edilmədiyindən, iddiaçının mənəvi ziyan tələbinin hüquqi əsası müəyyən edilmir. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya maddi və mənəvi ziyanın vurulmamasını müəyyən etməklə iddia tələbini rədd etmişdir. İddiaçı tərəf apellyasiya şikayətinin dəlillərində birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertizanın nəticələri ilə razılaşmadıqlarını təkrar ekspertizanın keçirilməsini qeyd etmiş, apellyasiya instansiya məhkəməsində işin araşdırılması zamanı isə iddiaçı tərəfindən "xxxx" MMCnin 20.12.2021-ci il tarixli mütəxəssis rəyi və təkrar məhkəmə ekspertizasının keçirilməsi barədə vəsatətlər təqdim edilmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1.-ci maddəsinə əsasən, İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Maddənin məzmunundan göründüyü kimi, ekspertizanın təyin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb və məhkəmə iş materiallarında olan sübutları kifayətedici hesab edib, ekspertiza təyin etməyə bilər. Qeyd olunan prosessul hərəkətin hakimin öhdəliyi kimi qəbul edilməsi qanuna müvafiq hesab edilə bilməz. Bundan başqa iddiaçı tərəfindən birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş ekspert rəyinin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən hər-hansı dəlil təqdim etməmişdir. Kollegiya qeyd edir ki, mütəxəssis rəyi yalnız işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan məlumatları özündə əks etdiriyindən iddiaçı tərəfindən təqdim edilən mütəxəssis rəyi məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilərək, digər sübutlarla yanaşı qiymətləndirilə bilməz. Qeyd olunanlara əsasən, kollegiya hesab edirki, apellyasiya şikayətinin dəlilləri iddiaçının subyektiv fikirlərinə əsaslanır və həqiqəti əks etdirmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası həmçini hesab edir ki, birinci instansiya məhkəməsinin məhkəmə məsrəfləri ilə bağlı gəldiyi nəticə düzgündür. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, iddiaçı tərəfin dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372, 382, 384-386, 388, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2(009)-120/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar