Məhkəmə qərarları › İş №2(103)-9067/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9067/2021

15.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9067/2021 15.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-479/2020 saylı, 12 fevral 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən maddi zərərə görə 21953,35 manat, əldən çıxmış faydaya görə 10.000 manat, mənəvi zərər 5000 manat və illik 0,5 % olmaqla 54000 manat pulun və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2005-ci ildən "xxxx" MMC-də mühəndis texnoloq vəzifəsində çalışmış, ümumilikdə, 49 il istehsalat təcrübəsinə malik olmuşdur. 2015-ci ilin oktyabr ayında cavabdeh ona vəziyyətinin ağır olduğunu bildirərək və onda olan avadanlıqlar və onun maddi vəsaiti hesabına ona kömək etməyi və birgə fəaliyyət göstərməyi təklif etdi. Onda ona inanaraq avadanlıq, material və maddi vəsait sərmayəsi hesabına “Xalqlar Dostluğu” metrostansiyası yaxınlığında sex açmağı qərara almışdır. Həmin sexi fəaliyyətə salmaq üçün çəkdiyi xərclər və ona çatacaq əmlaklar aşağıdakılardır. 11 aya istehsal olunmuş 3800 cüt ayaqqabı: 3800x300 manat = 114000 manat təşkil edir. Avadanlıqların istismarı gündə 5 manat, 11 ay x 1500 manat = 16500 manat, xərclədiyi əsas vəsait: = 3726,9 manat, dövriyyəyə xərclənən vəsait = 1636,45 manat, əmək haqqına görə əlavə vəsait: (08.06.2016-1000,0 ABŞ dolları) = 19000 manat, (19.07.2016)=12000 manat, nəqliyyat xərcləri(11 aya x40 manat) = 440 manat, cəmi 21953,35 manatdır. Cavabdehdən qeyd olunan xərclərini və ona çatacaq pulu tələb etdikdə, bugünədək müxtəlif bəhanələrlə pulu ona verməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-479/2020 saylı, 12 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehdən 4240 manat maddi zərər, 500 manat mənəvi zərər olmaqla, cəmi 4740 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 4770 manat məbləğində pulun tutularaq, iddiaçının xeyrinə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5040/2020 saylı, 22 iyul 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin 2(006)-479/2020 saylı, 12 fevral 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Hazırda sözügedən qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə işi tam, obyektiv və hərtərəfli araşdırmadan və qanunun normalarını düzgün tətbiq etmədən, eləcə də kobud prosessual pozuntulara yol verməklə qərar qəbul etmişdir. İş üzrə iddiaçının təqdim etdiyi arqumentlərə istinad edərək , iddiaçının mövqeyindən birtərəfli qaydada yanaşaraq iddianın təmin edilməsinə üstünlük vermişdir. Sonrakı mərhələlərdə karantin dövrü ilə əlaqədar məhkəmə iclaslarında iştirak etmək imkansızlığı ilə bağlı prosessual hüquq və imkanlarından səmərəli istifadə edə bilməmişdir. Əksinə iddiaçı ona 10500 manat maddi zərər vurmuşdur. Müəssisə iddiaçının təqsiri üzündən bağlanmışdır və ona vurduğu zərərdən yayınmaq üçün iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, cavabdeh icradan yayınmaq üçün apellyasiya şikayəti vermişdir. Çünki, qətnaməni icra etməməsinə görə axtarışa verilmişdir. Ona görə də şikayətin rədd edilməsini xahiş edir. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmaraq Cavabdeh məhkəməyə ünvanladığı teleqramda müalicəsi ilə əlaqədar hazırki məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının onun iştirakı ilə keçirilməsi üçün təxirə salınmasını xahiş etmiş, lakin müalicə alması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, 2015-ci ilin oktyabr ayında iş üzrə Cavabdeh Seyidəli oğlu iddiaçıya vəziyyətinin ağır olduğunu bildirərək və onda olan avadanlıqlar və onun maddi vəsaiti hesabına kömək etməyi və birgə fəaliyyət göstərməyi təklif etmiş, iddiaçı cavabdehə inanaraq avadanlıq, material və maddi vəsait sərmayəsi hesabına “Xalqlar Dostluğu” metrostansiyası yaxınlığında sex açmağı qərara almışdır. Həmin sexi fəaliyyətə salmaq üçün xərclər çəkmişdir. Cavabdehdən qeyd olunan xərclərini və ona çatacaq pulu tələb etdikdə , bugünədək müxtəlif bəhanələrlə pulu ona verməməmişdir. Hətta iddiaçıya qarşı etdiyi hərəkətlərinə görə polisə də müraciət etməyi tövsiyyə olunmuşdur. Beləliklə, müəyyən edilmişdir ki, iddiaçı sexi fəaliyyətə salmaq üçün xərclər çəkmiş və bununla bağlı cavabdeh tərəfindən ona maddi və mənəvi zərər dəymişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissələrdə ləğvi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Cavabdehin apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) şikayətin predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən qətnamə yalnız mübahisələndirilən hissələrdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, təmin edilən hissədə iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, işdən də göründüyü kimi, iddiaçının apellyasiya şikayəti üzrə qətnamə bir dəfə apellyasiya icraatının predmeti olmuş və iddianın təmin edilməyən hissəsi üzrə yoxlanılmış, həmin hissədə iddiaçının apellyasiya şikayəti təmin edilməyərək qətnamə dəyişdirilmədən saxlanılmışdır. Hazırda isə cavabdehin apellyasiya şikayəti üzrə qətnamə yalnız təmin edilən hissə üzrə yoxlanılır. Çünki, qətnamənin apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilərək yoxlanılmış hissəsi yenidən eyni instansiya məhkəməsi tərəfindən yoxlanıla bilməz. İkincisi, cavabdeh məhkəmənin işi tam, obyektiv və hərtərəfli araşdırmadığını və qanunun normalarını düzgün tətbiq etmədən, eləcə də kobud prosessual pozuntulara yol verməklə qərar qəbul etdiyini göstərsə də bu pozuntuların nədən ibarət olduğunu şikayətində tam və aydın şəkildə açıqlamır. Məhkəmənin iddiaçının mövqeyindən yanaşaraq iddianın təmin edilməsinə üstünlük verdiyini göstərsə də, bu dəlillər də əsaslı deyil. Çünki, belə bir halların olması təsdiq olunmur. Əksinə, məhkəmə iddianı cavabdehin yalınz Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsində cinayət mühakimə icraatı qaydasında aparılan araşdırma zamanı verdiyi izahatında qeyd etdiyi məbləği, yəni 4240 manat iddiaçıya nağd borcu qalması barədə etirafını əsas götürüb iddianı qismən təmin etmişdir. Üçüncüsü, cavabdeh iddiaçının da ona 10500 manat maddi zərər vurduğunu, müəssisənin iddiaçının təqsiri üzündən bağlandığını və ona vurduğu zərərdən yayınmaq üçün iddia tələbi ilə məhkəməyə müraciət etdiyini göstərsə də, hazırki icraat çərçivəsində onun şikayətində göstərdiklərinin yoxlanılması üçün iddiası mövcud deyildir. Əlbətdə ki, cavabdeh də hesab edirsə ki, iddiaçı da digər əsaslarla ona zərər vurmuşdur, məhkəmə müdafiəsindən istifadə etmək hüququna hər hansı bir maneə mövcud ola bilməz. Mülki Prosessual Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirdiyi hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan... az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kollegiyalarının qətnamələrindən kassasiya şikayət verilə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-479/2020 saylı, 12 fevral 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar