Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-907/2022 11.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «subroqasiya qaydasında pul tələbi» barədə mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, e-2(005)-3305/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «subroqasiya qaydasında pul tələbi» barədə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehdən 6015,17 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 6045,17 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 17.12.2020-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində cavabdehin idarə etdiyi «BMW X-5 MİNİK» markalı, **-OC- *** dövlət nömrə nişanlı avtomobil Bakı şəhəri, S.Ələsgərov küçəsi ilə D.Əliyeva küçəsinin kəsişməsində hərəkət edən zaman yol nişanının tələbini pozmuş, nəticədə "xxxx" ASC-də «Avtonəqliyyat vasitələrinin könüllü sığortası» növü üzrə sığortalanmış «Toyota Camry» markalı, **-AH-*** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Qeyd olunan hadisə ilə bağlı Bakı şəhər DYPİ tərəfindən tərtib olunmuş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirkar şəxs kimi cavabdeh müəyyən edilmişdir. Qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində «Toyota Camry» markalı, **-AH-*** dövlət nömrə nişanlı avtomobilə 11015,17 manat maddi zərər dəymiş, MİB ******* saylı sığorta şəhadətnaməsinə və AKS 210081 saylı 05.05.2021-ci il tarixli sığorta ödənişi aktına əsasən iddiaçı tərəfindən həmin məbləğdə sığorta ödənişi həyata keçirilmişdir. Cavabdehin mülki məsuliyyəti "xxxx" ASCdə sığortalandığından 4500 manat sığorta ödənişi həmin ASC-dən alınmış, «BMW X-5 MİNİK» markalı, **-OC-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh bu iş üzrə cavabdeh qismində cəlb edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, e-2(005)- 3305/2021 saylı qətnaməsi ilə (hakim Vüqar Quliyev) cavabdehdən 3546 manat məbləğində pulun və 17,70 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, aparılmış əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət olunmuşdur. İddiaçı qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddia ərizəsinin təmin olunması barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti - iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırılmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni iddianın təmin olunmaması hissəsində əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması, ekspertiza rəyinin əsassız olması, təkrar ekspertizanın təyin olunması barədə vəsatətlərinin rədd olunması göstərilmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. İZAHATLAR, PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, ekspertiza rəyindən əsasən təmir-bərpa işlərinin dəyəri hissəsində narazıdırlar. Belə ki, ekspert avtomobilin təmir-bərpa işlərinin dəyərini ümumilikdə 1450 manat müəyyən etsə də, "xxxx" MMC-nin 22 aprel 2021-ci il tarixli qiymətləndirmə aktına əsasən görülən işlərin məbləği 1632 manat qeyd olunmuşdur. Bundan əlavə, 1680,29 manat ƏDV hesablanmışdır ki, ekspert həmin məbləği ümumiyyətlə nəzərə almamışdır. Birinci instansiya məhkəməsi isə qeyd edilən halları tam və hərtərəfli araşdırmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini əsassız sayaraq, birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, hadisə baş verdikdən sonra bir neçə dəfə iddiaçı təşkilata məktub ünvanlamış, hesablanmış məbləğlə razı olmamasını, obyektiv qiymətləndirmə aparılması üçün müstəqil ekspertin dəvət olunmasını və s. göstərmişdir. İddiaçı onun iştirakı təmin olunmadan qiymətləndirmə həyata keçirmiş, nəticədə şişirdilmiş zərər məbləği hesablanmışdır. Hesab edir ki, birinci instansiya məhkəməsi ekspertiza təyin etməklə zərərin məbləğini obyektiv müəyyən etməkdə haqlı olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, cavabdeh qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz iddiaçının apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, cavabdehin 17.12.2020-ci il tarixdə idarə etdiyi «BMW X-5 MİNİK» markalı **-OC-*** dövlət nömrə nişanlı avtomobillə təqsirli olaraq yolnəqliyyat hadisəsi törətməsi, nəticədə iddiaçı "xxxx" ASC-də «Avtonəqliyyat vasitələrinin könüllü sığortası» növü üzrə sığortalanmış «Toyota Camry» markalı **-AH-*** dövlət nömrə nişanlı avtomobilə maddi ziyan dəyməsi işin mübahisəsiz hallarıdır (qeyd edilən hallar işdə olan könüllü sığorta şəhadətnaməsi, 17.12.2020-ci il tarixli, İXP3679193 saylı İnzibati xəta haqqında protokol, 17.12.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh haqqında qərar, yol-nəqliyyat hadisəsinin sxemi, izahatlar və s. sübutlarla tam təsdiq olunur). İddiaçı hazırkı iddia tələbində - hadisə nəticəsində könüllü sığorta şəhadətnaməsinə əsasən sığortalanmış «Toyota Camry» markalı **-AH-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş maddi zərəri qarşıladığını (10515,17 manat) əsas gətirərək, cavabdehdən subroqasiya qaydasında pul tələb etmiş, sübut kimi həmçinin 06.01.2021-ci il tarixli «X6» MMC-nin Qiymətləndirmə aktını, ödəniş tapşırıqlarını, sığorta ödənişi aktını və s. təqdim etmişdir. Eyni zamanda, iddiaçı icbari sığortadan ("xxxx" ASC) ödənilmiş 4500 manatın nəzərə alınmaqla, cavabdehə qarşı dəymiş maddi zərərə görə 6015,17 manat tələb irəli sürmüşdür. Cavabdeh tərəf isə istər məhkəməyədək danışıqlar zamanı, istərsə də məhkəmə icraatı zamanı baş vermiş yol-nəqliyyat hadisəsi zamanı dəymiş zərərin həcmini mübahisələndirmiş, zərərin daha az olmasını göstərmişdir. Bu istiqamətdə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin olunmuşdur. İşdə olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməəmtəəşünaslıq ekspertizasının 19 avqust 2021-ci il tarixlı, 9/5301 saylı rəyi ilə 2018-ci il buraxılışlı, «Toyota Camry» markalı, ** AH *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 8046 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi qeyd edilən məbləğdən icbari sığortadan ödənilmiş 4500 manat pulu çıxmaqla, iddianı 3546 manat həddində təmin etmişdir. İddiaçı apellyasiya şikayətində dəymiş ziyanın daha artıq olmasını, ekspertiza rəyinin əsassız olmasını göstərmiş, lakin bunun nədə ifadə olunmasını (əlavə və ya təkrar ekspertizanın keçirilməsinin prosessual əsasları və s.) əsaslandıra bilməmişdir. Ekspertiza rəyindən isə görünür ki, avtomobilin təmir-bərpa işlərinin dəyəri ümumilikdə 1450 manat müəyyən edilmişdir. İddiaçının təqdim etdiyi "xxxx" MMC-nin 22 aprel 2021-ci il tarixli qiymətləndirmə aktına əsasən görülən işlərin məbləği 1632 manat qeyd olunmuşdur. Qeyd edilən hissədə (təmir-bərpa işləri) ekspert rəyi ilə qiymətləndirmə aktı arasında müəyyən fərq olsa da, məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə ekspertiza rəyi daha mötəbər olmaqla, əsas götürülməlidir. Eyni zamanda, işdə olan digər sübutlardan (hadisə baş verdikdən sonra zərərin aradan qaldırılması istiqamətində tərəflər arasında olan yazışmalar və s.) görünür ki, cavabdeh iddiaçıya məktublar ünvanlayaraq dəymiş ziyanın qiymətləndirilməsi prosesində iştirakının təmin olunmasını, ziyanın şişirdilməsini, reallığı əks etdirməməsini, qiymətləndirmənin müstəqil ekspert tərəfindən aparılmalı olmasını və s. göstərmiş, cavab məktubunda isə qiymətləndirmənin iddiaçının özü tərəfindən aparılmasının qanuna zidd olmaması və s. qeyd olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 925.3-cü maddəsinin tələblərinə görə sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla təyin olunan müstəqil ekspert tərəfindən aparılır. Göründüyü kimi, tərəflər arasında sığorta hadisəsi nəticəsində dəyən zərərin qiymətləndirilməsi istiqamətində razılıq əldə olunmadığı halda, zərərin miqdarının qiymətləndirilməsi qanunvericiliyin tələblərinə əsasən müstəqil ekspert tərəfindən aparılmalıdır. Bu halın özü də hazırki vəziyyətdə birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinin zərərin miqdarının obyektiv müəyyən olunması istiqamətində daha mötəbər sübut kimi qəbul olunmasını zəruri edir (ekspertiza rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir). Bununla yanaşı, iddiaçının nümayəndəsi izahatında ödənilmiş ƏDV məbləğinin nəzərə alınmamasını göstərsə də, bunun zərər məbləğinə aidiyyətini, həmin məbləğin cavabdehdən tutulmalı olmasını əsaslandıra bilməmişdir. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmadır. MM-in 1108.1-ci maddəsində əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-in 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. MM-in 21-ci maddəsinin tələbinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. MM-in 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortalıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «Sığorta haqqında» Qanunun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak Sığortası üzrə Sığorta ödənişini vermiş Sığortaçıya reqres qaydasında onun verdiyi Sığorta ödənişi məbləğində keçir. Beləliklə, iddiaçı yoxlanılan hissədə tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Prosessual qanunvericiliyin qeyd edilən normalarına əsasən, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «subroqasiya qaydasında pul tələbi» barədə mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, e-2(005)-3305/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, e-2(005)-3305/2021 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-907/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-907/2022
11.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver