Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9070/2021 08.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli 2(002)-884/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri 45 saylı Notariat Ofisinə və Cavabdeh2 ASC-yə qarşı Cavabdeh2 ASC-nin ona qarşı borc tələbinin rədd edilməsi və bu iş üzrə Bakı şəhəri 45 saylı Notariat Ofisinin 2953 saylı, 01.12.2020-ci il tarixli icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-884/2021 saylı, 15 fevral 2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi iddianın yol verilməzliyinə görə qəbul edilməkdən imtina edilmişdir. İddiaçı tərəfindən həmin qərardaddan şikayət verilərək, qərardadın ləğv edilməsi və iddia ərizəsinin icraata götürülməsi xahiş edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X2 şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlərin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli 2(002)-884/2021 saylı qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı ilkin olaraq icra qeydinin ləğv edilməsi ilə bağlı notariat ofisinə müraciət etməli, bundan imtina edildiyi halda inzibati orqanın hərəkət və hərəkətsizliyindən aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etməlidir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddələrinin, həmçinin “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli, 4 saylı Qərarının 15.4-cü bəndinin tələbləri ilə əsaslandırmışdır. Həmin qərardadla razılaşmayan iddiaçı verdiyi şikayəti onunla əsaslandırmışdır ki, o, aidiyyət qaydalarına düzgün riayət etmiş, bu əsaslarla işlərə yalnız ümumi məhkəmələrdə baxılır, birinci instansiya məhkəməsi qərardadını “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli, 4 saylı Qərarının 15.4-cü bəndinin tələbləri ilə əsaslandırsa da, həmin Qərarın 8-ci bəndinin tələblərini nəzərə almamışdır. Kollegiya şikayətin dəlillərini işin materialları ilə əlaqəli təhlil edib hesab edir ki, şikayət əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının ilk olaraq hazırki tələblə notariat orqanına müraciət etməli olması barədə gəldiyi qənaətini qanunvericiliyin tələblərinə uyğun əsaslandırmamışdır. Belə ki, “Notariat haqqında” Qanunun XV fəslində “İcra qeydləri” ilə bağlı notariusun hərəkətləri qeyd edilmiş və həmin fəsildə göstərilən normalarda notariusun özünün verilmiş icra qeydini müraciət əsasında ləğv etmək nəzərdə tutulmamışdır. Belə olan halda vətəndaşın icra qeydinin ləğvi barədə notariat orqanına müraciət etmək əhəmiyyətsiz olur. Eyni zamanda həmin qanunda vətəndaşın icra qeydinin ləğvi barədə notariat orqanına müraciət etməli olması barədə göstəriş yoxdur. Bununla yanaşı kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, “Notariat haqqında” Qanunun 41-ci maddəsində notariat hərəkətlərindən və ya notariat hərəkətlərinin aparılmasından imtina edilməsindən verilmiş şikayətlərə notariat orqanının yerləşdiyi yerin məhkəməsində baxılması nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi isə qeyd edilən qanunvericiliyin tələblərini nəzərə almamış, bu səbəbdən də qəbul etdiyi qərardad əsaslı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Qeyd edilənlərə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli 2(002)- 884/2021 saylı qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli 2(002)- 884/2021 saylı qərardadı ləğv edilsin və iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-9070/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9070/2021
08.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver