Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9075/2021 29.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlərdən Azad Nizam oğlu İmanovun sədrliyi, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında ünvan 2 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20000 (iyirmi min) AZN məbləğində əsas məbləğinin, 150 manat vəkil xidmətinə görə ödənilmiş pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh təxminən 2019-cu ilin iyul ayında 20000 manat dəyərində Aİ-92 və Dizel markalı yanacaq nisyə satmış və aralarında olan razılığa əsasən o, həmişə yanacağı satıb sonradan onun pulunu qaytarırmış. Belə ki, cavabdeh Abşeron rayonu Atyalı qəsəbəsində yerləşən Lukoil Yanacaq Doldurma Məntəqəsinin faktiki sahibi imiş və yanacaq almaq üçün onun vəsaiti olmadığına və cavabdehin ondan xahişini edən çoxdankı tanışı Əliyev Mayıl Əvəz oğluna görə o etibar edib həmin Cavabdeh nisyə yanacaq verirmiş. Lakin sonuncu dəfə 2019-cu ilin iyun ayının təxminən 15-də o, Cavabdeh 20000 manat dəyərində Al-92 və Dizel markalı yanacaq vermiş və onunla aralarında olan şifahi razılığa görə o, 30 iyun tarixində yanacağın pulunu qaytarmalı imiş. Bundan sonra onun tərəfindən ona pulunun qaytarılması üçün dəfələrlə möhlət verilsə də, o, hər dəfə müəyyən bəhanələr gətirərək 20000 manat nisyə verdiyi yanacağın pulunu qaytarmaqdan boyun qaçırmışdır. Buna görə də, o, tanışı Əliyev Mayıl Əvəz oğluna zəng edib ondan xahiş etdiyi, Cavabdeh pulunun qaytarılması üçün zəng etməsini və ona köməklik göstərməsini xahiş etmişdir. Əliyev Mayıl Əvəz oğlu və o 20000 manat pulunun qaytarılması üçün Cavabdeh ilə danışıqlar aparsalar da, nəticə etibarı ilə müsbət nəticə verməmiş və əksinə cavabdeh onun tanışı Əliyev Mayıl Əvəz oğlunu öldürəcəyi ilə hədələmişdir. Buna görə də, tanışı Əliyev Mayıl Əvəz oğlu Cavabdeh barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” Çağırış xidmətinə zəng edərək şikayət etmişdir. Tanışı Əliyev Mayıl Əvəz oğlunun həmin şikayəti ilə bağlı Abşeron rayon Polis İdarəsində müstəntiq Ayaz Kazımov tərəfindən aparılmış araşdırma zamanı izahatı alınan Cavabdeh hazırkı pul tələbini və qeyd etdiyi xüsusatları özü etiraf etsə də, tanışı Əliyev Mayıl Əvəz oğlunu öldürəcəyi ilə hədələdiyini təkzib etmişdir. Belə ki, Abşeron rayon Polis İdarəsində müstəntiq Ayaz Kazımov tərəfindən qəbul edilmiş 27.11.2019-cu il tarixli "Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarda və Cavabdeh alınmış izahatda qeyd olunanlardan da görünür ki, cavabeh tərəfindən hazırkı pul tələbi qismən etiraf olunaraq həqiqətəndə onun tərəfindən ondan sonuncu dəfə 2019cu ilin iyun ayında 19992 manat dəyərindən Aİ-92 və Dizel markalı yanacaq alındığını, lakin sonradan guya işdən çıxarılması səbəbi ilə pulu qaytara bilmədiyini bildirmişdir. Cavabdeh ondan aldığı Al-92 və Dizel markalı yanacağa görə ödəməli olduğu pul məbləğini bu günədək qaytarmamışdır. Bu səbəbdən o və ailəsi əlverişsiz vəziyyətə düşmüşlər. Cavabdeh dəfələrlə borcunu qaytaracağına söz versə də, onu çox çətin və əlverişsiz vəziyyətə salmış, onunla şifahi danışıqlar aparsa da, nəticəsi olmamışdır. Ona görə də, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin MAPS şöbəsinin 17.07.2020-ci il tarixli arayışından görünür ki, cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. ünvan 2 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 19992 manat məbləğində pul, 150 manat vəkil xidmətinə görə ödənilmiş pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə qarşı iddia tələbinin əsası kimi ona istinad etmişdir ki, cavabdeh Abşeron rayonu Atyalı qəsəbəsində yerləşən Lukoil Yanacaq Doldurma Mətəqəsinin faktiki sahibidir. Aralarında olan razılığa əsasən o, həmişə yanacağı satıb sonradan pulunu qaytanrmışdır. Sonuncu dəfə təxminən 2019-cu ilin iyul ayında 20.000 manat dəyərində Aİ-92 və Dizel markalı yanacağı ona nisyə satmışdır. Həmin ayın 30-da cavabdeh ona 20.000 manat məbləğində pul ödəmli olduğu təqdirdə, ödəmir. Cavabdehə yanacağı çoxdan tanıdığı tanışı Əliyev Mail Əvəz oğlunun ondan xahişinə görə vermişdir (Halbu ki, bu şəxsi cavabdeh əvəllər heç tanımamışdır). İddianı təmin etmiş məhkəmə tam şəkildə iddiaçının mövqeyindən çıxış etmiş və qətnamənin faktiki əsaslılığında onun qeyd etdiyi dəlillərə söykənmişdir. Həmçinin Mail Əliyevin şikayəti əsasında cavabdeh PB-də verdiyi izahatına istinad etmişdir. Cavabdeh məhkəmədə iştirak etmədiyindən iddia tələbinə etirazının bildirilməsi mümkün olmamışdır. İddianın əsası kimi istinad edilmiş halları rədd edən aşağıdakı dəlillər mövcuddur. İş üzrə faktiki hallara keçməmişdən əvvəl xatırlatmaq lazımdır ki, yanacaq məhsullarının topdan və parakənddə satışı xüsusi icazə ilə həyata keçirilir. Lakin qətnamənin məzmunundan görünür ki, nə İddiaçı və nə də cavabdehin belə bir icazəsi (lisenziya) olmamışdır. Qətnamədən İddiaçı tələb etdiyi pulun müqabilində satdığı Aİ-92 və Dizel markalı yanacaq məhsullarını haradan əldə etdiyi qeyd olunmadığından, məhkəmə tərəfindən müəyyən edilməmişdir. Həmin yanacağın və eləcədə ondan əvəllər də mütəmadi olaraq iddiaçı tərəfindən yanacağın göndərildiyi yer olaraq Abşeron rayonu Atyalı qəsəbəsində yerləşən Lukoil Yanacaq Doldurma Mətəqəsinin adı çəkildiyindən, yanacağın faktiki olaraq həmin YDM- də qəbul edildiyi və orada satıldığı aşkar vəziyyətdir. Cavabdehin həmin YDM-nin faktiki sahibi olduğu qeyd edilsə də, qətnamədə bunun sübutu kimi hər hnası dəlillə istinad edilməmişdir. Çünki belə bir dəlil mövcud deyildir. Belə ki, Abşeron rayonu Atyalı qəsəbəsində yerləşən Lukoil Yanacaq Doldurma Mətəqəsinin mülkiyyətçisi də, idarə edəni də başqa-başqa şəxslərdir. Həmin YDM-nin işlədə (idarə edən) Səlimov Emin Məzahir oğlu olmuşdur. Cavabdeh isə 2017-ci ilin ortalarında başlayaraq bir müddət həmin YDM-də nəzarətçi işləmişdir. 01.07.2019-cu il tarixdə də YDM ilə üzülüşüb getmişdir. YDM-nin işçi olaraq Cavabdeh qarşı hər hansı çatışmazlıq, israf etmə və digər hallara görə pul tələbi ilə bağlı mübahisə mövcud deyildir. Yanacaqların sifariş edilməsi, gətirilməsi, satışdan əldə edilən vəsaitin yığılması və ödənişlərin edilməsi direktor olaraq Emin Səlimov tərəfindən həyata keçirilmişdir. Onun olmadığı vaxtlarda, yanacaq lazım olanda onun tapşırığı əsasında yanacağın gətirilməsinə sifariş cavabdeh tərəfindən edilirdi. Məhz bu səbəbdən digər yanacaq göndərilənlərlə yanaşı İddiaçı da telefon nömrəsi cavabdehə verilmişdir. Göründüyü kimi, pul tələbinin aid olduğu Aİ 92 və Dizel markalı yanacağı İddiaçı tərəfindən haradan əldə edilməsi müəyyən edilməsə də adı keçən YDM-nə göndərilmiş və orada satılmışdır. Həmçinin bu hal birinci dəfə olmayıb, əvəllər də davamlı şəkildə təkrarlanmışdır. Ona görə də iddiaçı tərəfindən göndərilmiş yanacağın miqdarı və ona edilmiş ödənişin məbləğini və nəticədə qalmış borcun həcmini cavabdeh bilə bilməzdi. Bilməli də deyildir. Çünki YDM-ə gətirilən və orada satılan yanacaq, buna görə hesablaşmaq şəxsən ona deyil, YDM-nə aid olmuş və onun direktoru tərəfindən həyata keçirilmişdir. Cavabdeh istəsə də belə özü yanacaq sata bilməzdi və adı çəkilən YDM-nin fəaliyyətinə məsul şəxs olmamışdır. Bu baxımdan da adı çəkilən Aİ-92 və Dizel markalı yanacağa görə ödənilməli borc varsa, buna cavab verən şəxs Cavabdeh deyildir. Bununla bağlı tərəflər arasında müqavilə mövcud deyildir və cavabdehin iddiaçı qarşısında həmin yanacaqla bağlı öhdəliyin yarandığına dair dolayısı ilə belə dəlil mövcud deyildir. Halbu ki, iddia tələbinin əsasları kimi qeyd edilən dəlillərin özlüyündə mübahisəli yaranacağın YDM-nə göndərildiyi və orada satıldığına dəlalət edir. Bundan başqa cavabdehin işçi olaraq iddiaçının telefonuna zəng edib, YDM-nə yanacağın göndərilməsini (direktorunun göstərişini yerinə yetirməsi) sifariş etməsi, onun üçün həmin yanacağın əvəzinin ödənilməsi öhdəliyini yarada bilməz. Çünki bu öhdəlik işçiyə deyil, YDM-nə aiddir. Məhkəmənin qətnamədə istinad etdiyi cavabdehin PB-də verdiyi izahatına gəlincə, həmin izahatın özündə də digər yanacaq göndərilənlərlə yanaşı İddiaçı tərəfindən də göndərilən yanacağın şəxsən onun üçün deyil, YDM-si üçün gətirildiyi, orada satıldığı və pulu da YDM-si tərəfindən ödənildiyi qeyd edilmişdir. Göründüyü kimi məhkəmə qətnamə qəbul edərkən işin bütün hallarını aydınlaşdırmamış, hamıya bəlli olan halları belə hüquqi qiymətdən kənarda saxlamışdır. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, ünvan 2 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Abşeron rayon Polis İdarəsinin 27 noyabr 2019-cu il tarixli qərarından görünür ki, Əliyev Mayıl Əvəz oğlunun ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Cavabdeh Abşeron rayon polis idarəsinin tətqiqat şöbəsində vermiş olduğu 13.11.2019-cu il tarixli izahatından görünür ki, o, İddiaçı Emin adlı Abşeron rayonu, Atyalı qəsəbəsində yerləşən Lukoil yanacaq doldurma məntəqəsinin müdiri vasitəsilə tanış olmuşdur. Əliyev Mayıl Əvəz oğlunu isə qiyabi olaraq tanımışdır. Əliyev Mayıl Əvəz oğlu onların yanacaq doldurma məntəqəsini satın almaq istədiyi zaman tanış olmuşdur. Bundan əlavə onunla heç bir əlaqəsi olmamışdır. Mayıl Əliyevin RPİ-nə verdiyi ərizə ilə tanış olmuşdur və bu barədə onu deyə bilər ki, Emin adlı yanacaq doldurma məntəqəsinin müdiri ona Lalə adlı şəxsin mobil nömrəsini verərək, yanacağı sifariş vermək üçün onunla əlaqə saxlamalı olduğumu bildidiyi səbəbdən o, bir neçə dəfə İddiaçı zəng edərək qeyri-rəsmi şəkildə olduğu Abşeron rayonu, Atyalı qəsəbəsində yerləşən Lukoil yanacaq doldurma məntəqəsinə Aİ 92 və Dizel markalı yanacaqlar sifariş vermişdir. Lakin ödənişi Emin adlı YDM-nin müdiri özü həyata keçirmişdir. Sonuncu dəfə 2019 iyun ayında 19992 manat dəyərində Dizel və Aİ 92 markalı yanacaqla sifariş vermiş və sifarişinə uyğun olaraq həmin yanacaqlar YDM-nə gətirilmişdir. Bundan bir müddət sonra Əbülfəz adlı YDM-nin əsas sahibi onu işdən çıxartmışdır. Bundan sonra o, heç bir məsələ ilə maraqlanmamışdır. Daha sonra Mayıl adlı şəxs onunla əlaqə saxlayıb İddiaçı sifariş yanacaqlarının pullarını verməyini tələb etmişdir. Daha sonra isə onun ünvana gələrək ondan pulu nə vaxt qaytaracağını soruşmuş, o isə cavabında Emindən pulu alıb ən geci avqust ayına qədər qaytaracağını söyləmişdir. Lakin pulu qaytarmadığı üçün o, Laləyə heç bir ödəniş etməmişdir. Bu səbəbdən Mayıl onun barəsində əsassız şikayət edir. O, Mayılı hər-hansı bir hədələməmişdir. İddiaçı isə pulu həmişə Emin verdiyi üçün ondan tələb etməlidir. İş materiallarında olan 27.07.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, vəkil xidmətinin göstərilməsi üçün İddiaçı tərəfindən 150,00 manat məbləğində pul “Pro Bono” Vəkil Bürosuna ödənilmişdir. İş materiallarında olan 27.07.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən 30,00 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə, mübahisənin hüquqi həlli ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında pulun ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsasları konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir. Bu baxımdan, hazırkı iş üzrə araşdırma predmetini cavabdehin iddiaçı qarşısında əsassız varlanma qaydasında öhdəlik daşıyıb-daşımaması halının müəyyən olunması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Göründüyü kimi, əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün iş üzrə aşağıdakı şərtlər müəyyən edilməlidir: cavabdehin əmlak əldə etməsi, həmin əmlakı mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxsin əmlakı hesabına əldə edilməsi və bu əldəetmə üçün heç bir hüquqi əsas olmaması. Həmin şərtlərdən hər hansı biri təsbit olunmazsa əsassız varlanma üzrə tələb təmin edilə bilməz. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı tərəfindən cavabdeh 19992 manat dəyərində Aİ92 və Dizel markalı yanacaqlar verilmiş, lakin cavabdeh tərəfindən alınmış malın dəyəri ödənilməmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh Abşeron rayon polis idarəsinin tətqiqat şöbəsində vermiş olduğu 13.11.2019-cu il tarixli izahatından görünür ki, o, 2019 iyun ayında 19992 manat dəyərində Dizel və Aİ 92 markalı yanacaqlar sifariş vermiş və sifarişinə uyğun olaraq həmin yanacaqlar YDM-nə gətirilmişdir. Lakin o, iddiaçıya heç bir ödəniş etməmişdir. Nəticədə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdeh iddiaçıdan dəyərini ödəyəcəyi vədi ilə yanacaq almış, lakin hazırkı vaxtadək həmin yanacağın dəyərini geri qaytarmamışdır. Buna görə də, iddiaçı pulun ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçı Cavabdeh 20000 (iyirmi min) manat məbləğində pulun onun xeyrinə tutulmasını xahiş etsə də, cavabdehə 20000 manat dəyərində yanacaq verməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişlər. Qeyd edilənlərə əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, Cavabdeh 19992 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası iddia tələbinin vəkilə ödənilmiş xidmət haqqına görə 150 (yüz əlli) manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən 27 iyul 2020-ci il tarixdə 150 manat məbləğində pul “Pro Bono” Vəkil Bürosuna ödənilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia tələbi vəkilə ödənilmiş xidmət haqqına görə 150 (yüz əlli) manat pulun cavabdehdən tutulması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallan sübut etməlidir. Apellyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, şikayətdə göstərilənlər formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən mülki iş üzrə lazımi qaydada araşdırma aparmadan, formal mülahizələrlə iddianın əsaslı olması qənaətinə gəlidiyini və onun iddiaçıya borcunun olmadığı qeyd etsə də, iş materiallarında olan sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh təxminən 2019-cu ilin iyul ayında 20000 manat dəyərində Aİ-92 və Dizel markalı yanacaq nisyə satmış və aralarında olan razılığa əsasən o, həmişə yanacağı satıb sonradan iddiaçının pulunu qaytarırmış. Belə ki, cavabdeh Abşeron rayonu Atyalı qəsəbəsində yerləşən Lukoil Yanacaq Doldurma Məntəqəsinin faktiki sahibi imiş və yanacaq almaq üçün onun vəsaiti olmadığına və cavabdehin ondan xahişini edən çoxdankı tanışı Əliyev Mayıl Əvəz oğluna görə o etibar edib həmin Cavabdeh nisyə yanacaq verirmiş. Lakin sonuncu dəfə 2019-cu ilin iyun ayının təxminən 15-də o, Cavabdeh 20000 manat dəyərində Al-92 və Dizel markalı yanacaq vermiş və onunla aralarında olan şifahi razılığa görə o, 30 iyun tarixində yanacağın pulunu qaytarmalıdır. Bundan sonra iddiaçı tərəfindən ona pulunun qaytarılması üçün dəfələrlə möhlət verilsə də, cavabdeh hər dəfə müəyyən bəhanələr gətirərək 20000 manat nisyə verdiyi yanacağın pulunu qaytarmaqdan boyun qaçırmışdır. Göründüyü kimi, iddiaçının iddia tələbi mübahisələndirilən hissədə təsdiq edilmişdir. Bu halda cavabdeh iddiaçıya borcunun qalmadığını sübut etməlidir. Cavabdeh isə qeyd etdiyini təsdiq edəcək hər hansı sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, ünvan 2 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. ünvan 2 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9075/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9075/2021
29.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver