Məhkəmə qərarları › İş №2(103)-908/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-908/2022

02.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-908/2022 02.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2300 manat zərərin, 460 manat faizin, 2000 manat keçirdiyi mənəvi sarsıntının əvəzinin və məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 30 manat dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.Qafarova, iş № 2(009)-2116/2021) iddia təmin edilməmişdir. İddiaçı qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, tanışı olan Cavabdeh ilə 2019-cu ilin iyun ayında görüşüb bir qədər söhbət etdikdən sonra cavabdeh ona turizm sahəsində işlədiyini bildirmişdir. Həmçinin cavabdeh ona Avropa ölkələrinə gedib gəldiyini, xarici ölkələrdə turizm sahəsində işləyən çoxlu tanışlarının olduğunu, Avropanın İtaliya və İspaniya kimi ölkələrinin turizm sahəsində inkişaf etdiyini və turizm sahəsini bilən mütəxəssis istədiklərini bildirmişdir. O da oğlu Əkbərin turizm ixtisası üzrə ali təhsil aldığını və 1 il İsrail dövlətində turizm üzrə kurs keçərək sertifikat aldığını, ingilis dilini də təmiz bildiyini dedikdə Cavabdeh ona oğlunun Polşaya səfərini təşkil edəcəyini və oradan isə Avropa ölkələrindən birində turizm sahəsində işə düzəlməsini təmin edəcəyini bildirmişdir. Cavabdeh bu işin təşkil edilməsi üçün 2019-cu ilin iyul ayında ondan 4000 manat məbləğində pul almışdır. Lakin cavabdeh aldığı məbləğin müqabilində vədini yerinə yetirməmiş, onun oğlunun Polşaya və ya Avropanın digər ölkəsinə səfərini və həmin ölkələrin hər hansı birində işə düzəlməsini təşkil və təmin etməmişdir. Bu halda ondan pulun geri qaytarılmasını tələb etmiş və cavabdeh də ona 4000 manatın 1700 manatını qaytarmışdır. Pulun alınmasından 2 il keçməsinə baxmayaraq Cavabdeh ondan aldığı 2300 manat məbləği geri qaytarmamışdır. Belə ki, onun qeyd etdiyi halları təsdiq edən cavabdehlə watsap yazışmaları vardır. Cavabdeh ona məxsus olan 2300 manat pul vəsaitini özündə saxlamaqla ona zərər vurmuşdur. Hesab edir ki, cavabdehin təqsirindən öz pulundan vaxtında istifadə edə bilmədiyinə görə cavabdeh tərəfindən ona illik beş faiz dərəcəsi ilə 460 manat faiz də ödənilməlidir. Eyni zamanda o, cavabdehin təqsirindən məhkəmə çəkişmələrinə məruz qalmış, aldadıldığı üçün ailəsinin, uşaqlarının qarşısında biabır olmuş, bunun nəticəsində mənəvi sarsıntılar keçirmiş, həmin mənəvi sarsıntıları o, 2000 manat qiymətləndirir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsi ilə eyni məzmun təşkil edən apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə sübutlara düzgün hüquqi qiymət verməmiş, şahid ifadəsini nəzərə almamışdır. Məhkəmə onun təqdim etdiyi SD diskdə olan məlumatlara ümumiyyətlə qiymət verməmiş, həmin SD diskin məhkəmə iclasında dinlənilməsini təmin etməmişdir. Bu SD diskdə olan səs yazısı ilə bağlı araşdırma aparılmaması isə məhkəmənin iş üzrə qanunsuz qətnamə çıxarılmasına səbəb olmuşdur. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə 14 oktyabr 2021-ci il tarixli qətnaməsi qismən - cavabdehdən 2300 manat zərərin tutulması tələbinin rədd olunması hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin olunmalı, mübahisələndirilən qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının tələbi cavabdehdən 2300 manat zərərin, 460 manat faizin, 2000 manat keçirdiyi mənəvi sarsıntının əvəzinin tutulması barədədir. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq təmin etməmiş və qeyd etmişdir ki, iddiaçı iddia etdiyi pul vəsaitinin mülkiyyətçisi olsa da, həmin pulun cavabdehin sahibliyində olmasını və bunun qanunsuz olması faktını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmiş, məhkəmə baxışı zamanı da belə halın mövcudluğu öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı iddia ərizəsində oğlunun Polşaya və ya Avropanın digər ölkəsinə səfərini və həmin ölkələrin hər hansı birində işə düzəlməsini təşkil və təmin etməsi müqabilində Cavabdeh 4000 manat pul verməsini, həmin puldan 1700 manatın qaytarılmasını, 2300 manat pulun isə qaytarılmadığını bildirsə də buna dair hər hansı tutarlı və mötəbər sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən Mülki Məcəllənin 135, 157-ci, MPM-nin 76,77-ci maddələri və s. normalarla əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin 460 manat faizin, 2000 manat mənəvi sarsıntının əvəzinin cavabdehdən tutulması tələbinə dair hissədə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, həmin hissədə iddia sübuta yetirilmədiyindən birinci instansiya məhkəməsi düzgün olaraq iddianı rədd etmişdir. İddiaçı mənəvi zərərə görə cavabdehdən onlarn xeyrinə 2000 manat tutulması barədə tələb irəli sürsə də, cavabdehin hərəkətləri ilə bağlı mənəvi sarsıntı və iztirablar keçirməsinə dair məhkəməyə sübut təqdim etməmişdir, ona görə də həmin hissədə iddia tələbi düzgün olaraq təmin edilməmişdir. Bu, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarının və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarlarında şərh olunan göstəriş və tövsiyələrə də uyğundur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası göstərilənlərlə yanaşı birinci instansiya məhkəməsinin cavabdehdən 2300 manat pul tələbinə aid hissədə gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı həmin hissədə rədd etməkdə haqlı olmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş CD diskdə olan watsapp danışıqlarından yüklənmiş audio yazılardan müəyyən olunur ki, cavabdehin iddiaçıya borcu var və cavabdeh bunu etiraf edir. Cavabdeh həmin audioyazılarda borcu etiraf edərək onu qaytaracağına söz verir. Məhkəmə kollegiyası MPM-nin 76.2-ci maddəsini rəhbər tutaraq iddiaçı tərəfindən təqdim olunan səs yazılarını mötəbər sübut kimi qəbul edir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə görə, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməli, 129-cu maddəsinin İİİ hissəsinə əsasən isə məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır (F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli qərarlar). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halı qismən – cavabdehin ona 2300 manat məbləğində maddi zərər vurması hissəsində sübuta yetirsə də, ondan törəmə digər tələblərə – faiz borcu və mənəvi zərərin əvəzinin ödənilməsinə aid hissələrdə sübut edə bilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri cavabdehdən 2300 manat pul tələbinə aid hissədə işin hallarına uyğun gəlmədiyindən və bununla da maddi və prosessual hüquq normalarının pozuntusuna yol verildiyindən qətnamə həmin hissədə ləğv olunmalı və iddia təmin edilməlidir (MPM-nin 385.1.1 və 385.1.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli qətnaməsi qismən - cavabdehdən 2300 manat pul tutulması tələbininin rədd olunması hissəsində ləğv edilsin. Həmin hissədə iddia təmin olunsun. Cavabdeh 2300 manat pul və dövlət rüsumuna görə ödənilmiş məbləğin yarısı, yəni 15 manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar