Məhkəmə qərarları › İş №2(103)-9086/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9086/2021

17.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9086/2021 17.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı və üçüncü şəxsin nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı «dəymiş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən dəymiş maddi ziyanın əvəzi kimi (7 aylıq itirilən qazancın əvəzi) 17.500 manat və mənəvi zərərin əvəzi kimi 100.000 manat olmaqla, cəmi 117.500 manat məbləğində pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim C.Tağıyev, iş № 2(006)-2427/21) iddia qismən təmin edilmiş, İddiaçı vurulmuş mənəvi zərərə görə 3.000 (üç min) manat məbləğində pulun cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 22 dekabr 2019-cu il tarixdə Xətai RPİ İŞ-nin müstəntiqi Elşən Quliyev tərəfindən şübhəli şəxs qismində tutulmuş və 24 dekabr 2019-cu il tarixdə ona Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Eyni tarixdə də, Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. 22 fevral 2020-ci il tarixdə və 17 aprel 2020-ci il tarixdə müvafiq olaraq həbsdə saxlanılma müddəti 02 ay olmaqla uzadılmışdır. 22 may 2020-ci il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası CMin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir. 23 may 2020-ci il tarixdə o, Azərbaycan Respublikası CMnin 206.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, həmin maddə ilə ona yenidən ittiham elan edilmişdir. 17 iyun 2020- ci il tarixdə həbsdə saxlanılma müddəti yenidən 1 ay müddətinə uzadılmışdır. 16 iyul 2020-ci il tarixdə isə həbsdə saxlanılma müddətinin uzadılması barədə təqdimat təmin edilməmiş və məhkəmə zalından azad edilmişdir. Yekun olaraq, Xətai RPİ İŞ-nin müstəntiqi X3 tərəfindən ********* saylı cinayət işi üzrə qəbul edilən, 31 avqust 2020-ci il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərara əsasən ona Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə elan edilmiş ittihama və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə xitam verilmiş və onun cinayət işi üzrə statusu şahid kimi müəyyən edilmişdir. Cinayət işi üzrə qəbul edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli hökmündən də açıq şəkildə görünür ki, iş üzrə məhkum edilən şəxslər arasında onun adı yoxdur. Yəni, onun barəsində cinayət işinə təqsirliliyi sübut edilmədiyindən bəraətverici əsaslarla xitam verilmişdir. Göründüyü kimi, cinayət işi üzrə yekunda onun təqsirli olması sübuta yetirilmədiyindən barəsində elan edilmiş ittihama xitam verilmişdir. Buna baxmayaraq, o, 22 dekabr 2019-cu il tarixdən 16 iyul 2020-ci il tarixə qədər əsassız olaraq həbsdə saxlanılmışdır və barəsində əsassız cinayət işinin istintaqı aparılmışdır. Nəticədə, 7 aya qədər müddətdə azadlıq hüququ əlindən alınmış və işindən, aylıq gəlirindən məhrum olmuşdur. Belə ki, 11 iyul 2019-cu il tarixdən vergi uçotuna alınmaqla fərdi sahibkar kimi fəaliyyətə başlamışdır. Dövlət qeydiyyat nömrəsi (VÖEN) ********** olmuşdur. Fəaliyyəti də mikroavtobuslarla («Vito» markalı avtomaşınla) sərnişinlərin, turistlərin daşınması və s. olmuşdur. Cinayət işi ilə əlaqədar saxlanıldığı ana qədər aylıq qazancı 2.500 manat və hətta ondan artıq olmuşdur. İşdən də göründüyü kimi, həbsdə saxlanılma müddəti 7 aya bərabərdir, belə olan halda ona dəymiş təkcə maddi ziyan hissəsi (7 x 2.500 manat = 17.500 manat) 17.500 manat təşkil edir. Bundan əlavə, əsassız olaraq azadlığının əlindən alınması, cinayət barədə xəbər verməsinə baxmayaraq, onun da təqsirləndirilən şəxs kimi cəlb edilməsi və digər hallar mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuş, 7 aydan artıq müddətdə alindən alınan azadlığının düşüncəsi sağlamlığına mənfi təsir göstərmişdir. Ən əhəmiyyətli və xüsusilə qeyd edilməli məqam isə, anası X1 onun əsassız həbs edilməsindən sonra ürək xəstəliyinə tutulması və nəticədə 06.10.2020-ci il tarixdə ürəyin kəskin işemik xəstəliyindən vəfat etməsidir. Bütün bunlar onun, dəymiş mənəvi ziyanın əvəzinin ödənilməsini tələb etməsini şərtləndirir. Hesab edir ki, dəymiş mənəvi ziyana görə ona 100.000 manat ödənilməlidir, anasını itirməsinə səbəb olan və əsassız olaraq azadlığının əlindən alınmasına gətirib çıxaran cinayət işinə görə bu məbləğ ədalətli olacaqdır. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçı mənəvi zərərə məruz qalmasını təsdiq edən faktlara dair sübutlar təqdim etməsə də məhkəmə iddianı həmin hissədə qismən təmin etmiş və bununla da maddi hüquq normalarının pozuntusuna yol vermişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi isə apellyasiya şikayətini əsaslı sayaraq təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin olunsa da, iddiaçı bununla razılaşaraq qətnamədən apellyasiya şikayəti verməmişdir. Qətnamədən yalnız cavabdeh apellyasiya şikayəti vermiş və şikayətində qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirmişdir. Yəni, hazırkı apellyasiya baxışının predmeti iddianın təmin olunan hissəsidir və məhkəmə kollegiyası qətnamənin əsaslılığını yalnız həmin hissədə yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Nəsimi Rayon Məhkəməsinin iş üzrə 01 iyul 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, iddiaçı 22 dekabr 2019-cu il tarixdə Xətai RPİ İŞ tərəfindən şübhəli şəxs qismində tutulmuş, 24 dekabr 2019-cu il tarixdə ona Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan ittiham elan edilmiş, Xətai Rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, sonradan həbsdə saxlama müddəti 22 fevral 2020-ci il və 17 aprel 2020-ci il tarixlərdə müvafiq olaraq hər dəfə 2 ay uzadılmış, 22 may 2020-ci il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3-cü maddələrindən həmin Məcəllənin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələrinə tövsif edilmiş, 23 may 2020-ci il tarixdə o, Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, həmin maddə ilə ona yenidən ittiham elan edilmiş, 17 iyun 2020- ci il tarixdə həbsdə saxlanılma müddəti yenidən 1 ay müddətinə uzadılmış, 16 iyul 2020-ci il tarixdə isə həbsdə saxlanılma müddətinin uzadılması barədə təqdimat təmin edilməmiş və iddiaçı məhkəmə zalından azad edilmişdir. Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 31 avqust 2020-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə İddiaçı Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə elan edilmiş ittihama və barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinə xitam verilmiş, bundan sonra cinayət işinin materiallarında onun statusu şahid kimi qiymətləndirilmişdir. Hazırda iddiaçının tələbi cinayət prosesini həyata keçirən orqanların qanunsuz hərəkətləri nəticəsində məruz qaldığı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədədir. Birinci instansiya məhkəməsi iddianı qismən əsaslı saymış və qeyd etmişdir ki, iddiaçıya Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilmiş, ibtidai istintaq aparılan dövrdə onun barəsində həbs qətimkan tədbiri seçilmiş və o, 22 dekabr 2019-cu il tarixdən 16 iyul 2020-ci il tarixədək əsassız olaraq həbsdə saxlanılmışdır. Birinci instansiya məhkəməsi iddianı yalnız mənəvi zərərin əvəzinin ödənilməsi hissəsində qismən təmin etmiş və gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 1101.1-ci, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 1, 5, 6, 7-ci maddələri ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1101.1-ci maddəsinəəsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinəəsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsindəəmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçının izahatından və təqdim olunmuş sənədlərdən də aydın oldu ki, iddiaçı əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması və həbsdə saxlanılması nəticəsində mənəvi sarsıntı və iztirablar keçirmişdir. Belə ki, qanunsuz cinayət məsuliyyətinə cəlb olunması və həbs olunması nəticəsində o, fəal ictimai həyat tərzindən məhrum edilmiş, onun azadlıq və digər bir sıra hüquqları məhdudlaşdırılmış, sağlamlığına zərər dəymişdir. Ona görə də ona vurulmuş mənəvi zərər ödənilməlidir. Eyni zamanda məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd edir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. Mənəvi zərərin tələb olunan məbləğdə deyil, 3.000 manat məbləğində təmin olunmasını məhkəmə ədalətli və ağlabatan hesab edir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının 7-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Cinayət Prosessual Məcəlləsinin 57.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Birinci instansiya məhkəməsi yuxarıda sadalanan qanunvericilik normalarından çıxış edərək bu qənaətə gəlmişdir ki, iddia qismən təmin edilməli və iddiaçının xeyrinə ədalətli həddə, yəni 3.000 (üç min) manat məbləğində mənəvi ziyan tutulmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin işin hallarının tam araşdırılmaması, sübutların düzgün qiymətləndirilməməsi, iddiaçının mənəvi zərərə məruz qalmasının sübut olunmaması və maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə bağlı dəlilərini əsassız sayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin halları tam, obyektiv, hərtərəfli araşdırılmış, işdə olan sübutlar MPM-nin 88-ci maddəsinin tələbinə uyğun şəkildə qiymətləndirilmiş və işin müəyyən olunan hallarına uyğun gələn maddi hüquq normaları tətbiq olunmaqla mübahisəli hüquq münasibətinə düzgün hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçı mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbinin əsası kimi istinad etdiyi halları məhkəmə tərəfindən təmin olunan hissədə sübuta yetirmişdir. Bu baxımdan iddia tələbinin həmin hissədə sübuta yetirilməməsi ilə bağlı apellyasiya şikayətinin dəlilləri əsassızdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmə tərəfindən təmin olunan hissədə sübuta yetirmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunun mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə sübutlar birinci instansiya məhkəməsi tərəfindən qiymətləndirilərkən yuxarıda göstərilən tələblərə əməl olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni apellyasiya baxışının predmeti olan hissədə düzgün həll etmiş, qətnamə həmin hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 01 iyul 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni Azərbaycan Respublikasının Dövlət büdcəsindən mənəvi zərərə görə 3.000 (üç min) manat məbləğində pulun alınıb İddiaçı ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar