Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9090/2020 10.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İbrahimov Rəşad İbrahimxəlil oğlunun katibliyi, “X5 Klinikası” MMC-nin nümayəndəsi X2 oğlunun iştirakı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)- 3918/2020 saylı qərardadından İddiaçı səlahiyyətli nümayəndəsi-vəkili tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, “X5 Klinikası” MMC-nə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, “X5 Klinikası” MMC-dən və Cavabdeh2 maddi ziyanın əvəzi olaraq 100000 manatın, mənəvi zərərin əvəzi olaraq ******* manatın tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X1 eyni zamanda iddianı təmin etmə tədbirinin görülməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, hazırkı mübahisəyə mahiyyəti üzrə məhkəmə qaydasında baxılıb həll edilənədək iddianın təmin etmə tədbiri kimi Cavabdeh1 mülkiyyətində olan “Porsche Macan GTS” markalı ** DR *** dövlət qeydiyyat nişanlı avtomobilin, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Sabir küçəsi 5B saylı fərdi yaşayış evinin, Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfıyev küçəsi ev 74 M5 mənzil 3, ünvan 1 M6 mənzil 3 ünvanında yerləşən mənzillərin üzərinə həbs qoyulması, satılması və özgəninkiləşdirilməsinin cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)- 3918/2020 saylı qərardadı ilə iddianın təmin tədbiri barədə ərizə təmin edilməmişdir. Qeyd olunan qərardaddan İddiaçı səlahiyyətli nümayəndəsi-Vəkil şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)- 2874/2019 nömrəli qərardadı ilə şikayət təmin olunmamış və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kollegiyanın iclasına gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya şikayətin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıraraq, şikayəti qəbul etməyərək, rədd olunmasını xahiş edən cavabdehin nümayəndəsini dinləyib, hesab edir ki, aşağıdakı səbəblərdən şikayət təmin olunmamalı, Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə görə hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2ci maddəsinin tələbinə görə isə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci və 158.1.2-ci maddələrinin tələbinə görə iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək olar. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən iddianı təmin etmək haqqında ərizə mübahisəni həll edən hakim tərəfindən daxil olduğu gündən təxirə salınmadan baxılır. Qanunun mənasına görə iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: Bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməli; bu tədbirlər müvəqqəti xarakter daşımalı və tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Bundan başqa, iddianı təmin etmə tədbirinin zəruriliyinə dair dəlillərə qiymət verilərkən məhkəmə həmin dəlillərin ağlabatan olmasını və əsaslılığını, bu tədbirlər görülmədikdə işdə iştirak edən şəxsin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalını, işdə iştirak edən bütün şəxslərin, eləcə də işdə iştirak edən şəxs statusuna malik olmayan şəxslərin qanuni mənafelərinin tarazlığının təmin edilməli olmasını, iddianı təmin etmə tədbirləri tətbiq edilərkən ümumi mənafelərin və ayrı-ayrı şəxslərin mənafelərinin pozulmasının qarşısının alınmalı olmasını nəzərə alır. Hazırki halda, iddiaçı iddianı təmin etmə tədbirinin görülməsi barədə ərizəsində iddianı təmin etmə tədbirinin görülməməsinin gələcəkdə qəbul ediləcək qətnamənin icrasına hansı çətinlik və ya maneə yaradacağını əsaslandırmamışdır. Belə ki, hazırki iddianın predmeti nəzərə alınaraq, iddianın təmini tədbiri olaraq cavabdehin qeyd edilən əmlakının üzərinə həbs qoyulmasına qətnamənin gələcəkdə icrasını təmin etmək baxımından zərurət yoxdur. Habelə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlərdən biri - “X5 Klinikası” MMC hüquqi şəxsdir və onun mülkiyyətində onun fəaliyyətini təmin edən bank vəsaitləri və əmlaklar vardır. Digər cavabdehlərə məxsus əmlakların üzərinə həbs qoyulması, satılması və özgəninkiləşdirilməsinin cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi qətnamənin gələcəkdə icrasının çətinliyinin qarşısını almaq baxımından ehtiyac duyulmur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddianın təmini tədbiri olaraq Cavabdeh1 mülkiyyətində olan “Porsche Macan GTS” markalı ** DR *** dövlət qeydiyyat nişanlı avtomobilin, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Sabir küçəsi 5B saylı fərdi yaşayış evinin, Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfıyev küçəsi ev 74 M5 mənzil 3, ünvan 1 M6 mənzil 3 ünvanında yerləşən mənzillərin üzərinə həbs qoyulması, satılması və özgəninkiləşdirilməsinin cavabdehə və üçüncü şəxslərə qadağan edilməsinə dair qərardad qəbul edilməsinə əsaslar olmadığından, iddiaçının ərizəsini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400,405-ci maddələrini rəhbər tutaraq, kollegiya qərara aldı: İddiaçı səlahiyyətli nümayəndəsi-Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-9090/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9090/2020
10.12.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver