Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9092/2021 08.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının vəkili-nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı1 cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli 2(006)- 3671/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı1 cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-nin və direktor Cavabdeh2 üzərinə təsis payına uyğun olaraq xalis mənfəətin (dividendin) hesablanaraq ona ödənilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli 2(006)-3671/2021 saylı qərardadı ilə mülki iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan iddiaçının verdiyi şikayət məhkəmənin 12.08.2021-ci il tarixli qərardadı ilə baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili-nümayəndəsi şikayətin təmin edilərək qərardadın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər (nümayəndə) məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Kollegiyası izahatı dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 90-1.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər. Həmin Məcəllənin 90-1.2-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin hər bir iştirakçısının nizamnamə kapitalındakı mayalarına uyğun olaraq mənfəət almaq hüququ vardır. Xalis mənfəət ümumi yığıncağın qərarı qəbul edildikdən sonra bir ay müddətində ödənilməlidir. “M.Muradov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 noyabr 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 12 iyun 2017-ci il tarixli Qərarında məsələ ilə bağlı aşağıdakılar göstərilmişdir: “...Bu normaların məzmunundan görünür ki, iştirakçılar arasında cəmiyyətin yalnız xalis mənfəəti bölüşdürülür. Xalis mənfəət isə cəmiyyətin təsərrüfat fəaliyyəti ilə əlaqədar bütün zəruri xərclər çıxıldıqdan sonra alınır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı nizamnamə kapitalındakı mayasına uyğun olaraq mənfəətdən pay alır. Qeyd etmək lazımdır ki, cəmiyyətin təsisçiləri cəmiyyət yaradılarkən cəmiyyətin nizamnamə kapitalına maya qoyurlar. Mülki Məcəllənin 90.4-cü maddəsinə əsasən isə məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı yalnız onun tam ödənilməsindən sonra bu Məcəllədə və cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qaydada cəmiyyətin əmlakı hesabına iştirakçıların nizamnamə kapitalındakı mayalarının dəyərinə mütənasib şəkildə artırılması və (və ya) iştirakçılar tərəfindən əlavə mayaların qoyulması vasitəsi ilə və (və ya) cəmiyyətə qəbul edilən yeni iştirakçıların mayaları hesabına artırıla bilər. Beləliklə, cəmiyyətin xalis mənfəəti iştirakçılar arasında onların bölgü aparılan günə mövcud olan mayasının dəyərinə uyğun olaraq bölünməlidir. Xalis mənfəət iştirakçılar arasında tamamilə və ya qismən bölüşdürülə bilər, bəzən isə ümumiyyətlə bölüşdürülə bilməz. Bu isə əsasən məhdud məsuliyyətli cəmiyyətin maliyyə vəziyyəti ilə əlaqədardır. Belə ki, Mülki Məcəllənin 90-1.3-cü maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyət aşağıdakı hallarda mənfəətin bölüşdürülməsi haqqında qərar qəbul edə bilməz: əgər bu Məcəllənin 90-1.1-ci maddəsində nəzərdə tutulan qərar qəbul edildiyi anda cəmiyyət qanunla müəyyən edilmiş müflisləşmə və ya iflas əlamətlərinə uyğun gəlirsə və ya həmin qərarın qəbul edilməsi nəticəsində belə əlamətlər əmələ gələcəksə; əgər bu Məcəllənin 90-1.1-ci maddəsində nəzərdə tutulan qərar qəbul edildiyi anda cəmiyyətin xalis aktivlərinin dəyəri onun nizamnamə kapitalından azdırsa və ya həmin qərarın qəbul edilməsi nəticəsində onun məbləğindən az olacaqsa. Mülki Məcəllənin yuxarıda göstərilən normasından aydın olur ki, mənfəətin bölüşdürülməsi yalnız ümumi yığıncağın qərarı ilə həyata keçirilir. Ümumi yığıncaq mənfəətin həm tam, həm də qismən bölüşdürülməsini müəyyən edə bilər. Bu isə Məcəllənin yuxarıda göstərilən normasına görə mənfəətin bölüşdürülməsi üçün bilavasitə məhkəməyə müraciət olunmasını mümkünsüz edir.” İddiaçı hazırki tələbində təsis payına uyğun olaraq xalis mənfəətin (dividendin) hesablanaraq ona ödənilməsini tələb edir. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında da şərh olunduğu kimi, sözügedən tələb məhkəmə qaydasında baxılmalı tələb deyildir. Məhkəmə sadalanan hallara əsaslanaraq, belə nəticəyə gəlmişdir ki, iddiaçının iddia tələbi (xalis mənfəətin (dividendin) ödənilməsi) cəmiyyətin ümumi yığıncağında həll edilməli məsələlər olmaqla yığıncağın müstəsna səlahiyyətinə aid olan məsələdir və buna görə də, qeyd edilən məsələlərin müzakirəsinə və həllinə məhkəmə qaydasında baxılması yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslıdır. Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 barəsində vəzifə cinayətlərinin olubolmaması ilə araşdırmanın aparılması üçün xüsusi qərardadın çıxarılması barədə iddiaçının şikayətində etdiyi xahişə gəldikdə isə, Kollegiya qeyd edir ki, iş üzrə icraata xitam verilməsi səbəbindən həmin vəsatətin müzakirəsi mümkün deyildir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçının şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli 2(006)-3671/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9092/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9092/2021
08.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver