Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-911/2022 18.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Xankışi oğlunun Cavabdehnə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: müqavilə öhdəliyinə əməl olunmaması, müqavilə üzrə artıq ödənilmiş pulun və əldən çıxmış faydanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi (vəkili) X2 iştirakı ilə İddiaçı Xankışi oğlunun Cavabdehnə qarşı “aldatma yolu ilə alınmış pulun və gecikmə faizinin qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. "xxxx" MTK ilə İddiaçı arasında xx.xx.2006-cı il tarixdə bağlanmış "xxxx"yə görə MTK, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsinin cənub başlanğıcında, 3137ci məhəllədə tikməkdə olduğu 16 mərtəbəli yaşayış binasının 1-ci keçidində, sahəsi 101 m2 olan 2 otaqlı 27 nömrəli mənzili İddiaçı satmış, İddiaçı (alıcı) həmin mənzili almış, müqavilənin 2.2-ci bəndində MTK-nın tikintini xx.xx.2007-ci il tarixədək başa çatdıraraq mənzili alıcıya təhvil verməsini öhdəsinə götürdüyü, 3.1-ci bəndində, tərəflərin mənzilin ümumi sahəsinin hər kvadratmetrini 356 şərti maliyyə vahidi məbləğində (1 şmv=1 ABŞ dolları) qiymətləndirməklə mənzilin ümumi qiymətini 36 000 ŞMV məbləğində dəyərləndirmələri barədə razılaşdıqları, 5.3-cü bəndində mənzilin alıcıya təhvil verilərkən yenidən ölçüləcəyi, müqavilədə göstərilən ölçünün fərqinin son hesablamada nəzərə alınacağı təsbit olunmuşdur.
2. Müqavilənin 5.4-cü bəndinə əsasən, tikinti müddətində MTK-nın mülkiyyətçisi, yaxud rəhbərliyi dəyişərsə, yaxud MTK ləğv olunarsa bu müqavilədən irəli gələn və MTK-nın üzərinə düşən öhdəliklərin yerinə yetrilməsi üçün məsuliyyət MTK-nın əvvəlki və yeni mülkiyyətçilərinin üzərində qalır. Onlar alıcının ödədiyi vəsait üçün bütün mülkiyyətləri ilə cavabdehdirlər.
3. Müqavilənin 4.1-4.2-ci bəndlərinə əsasən, müqavilə imzalandığı tarixdə qüvvəyə minir, xx.xx.2008-ci il tarixinədək qüvvədədir.
4. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-cü il tarixdə verdiyi çıxarışa əsasən, Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsi 3137-ci məhəllə ev-mənzil 27 (yeni qaydada: AZ 1138, Bakı şəhəri, Yasamal rayonu, X7 küşəsi 37, M5, m5) İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, çıxarışda mənzilin ümumi sahəsi 88,10 m2 göstərilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
5. İddiaçı Xankışi oğlu Cavabdeh MMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il tarixli mənzil tikintisi haqqında müqavilənin şərtlərinə əsasən müqavilədə göstəriləndən 12,9 m2 az sahə verdiyi üçün artıq alınan 4592,4 ABŞ dollarının və əldən çıxmış fayda olaraq 17 049,62 ABŞ dollarının, yəni cəmi 21 642 ABŞ dollarının ödəniş tarixinə manatla ekvivalentinin "xxxx" MTK-nın hüquqi varisi Cavabdeh MMC-dən və onun mülkiyyətçisi X1 xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, xx.xx.2006-cı il tarixdə Cavabdeh MMC-nin hüquqi sələfi, nizamnamə əsasında fəaliyyət göstərən "xxxx" MTK ilə mənzil tikintisi haqqında müqavilə bağlamış, MTK-nın təqdim etdiyi standart müqaviləni rədd etdiyi üçün şifahi razılaşmalarının nəticələri bu müqavilədə tam göstərilmiş, müqaviləyə əsasən MTK, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsinin cənub başlanğıcında, 3137-ci məhəllədə tikməkdə olduğu 16 mərtəbəli yaşayış binasının 1-ci keçidində, 3-cü mərtəbədə yerləşən ümumi sahəsi 101 m2 olan 2 otaqlı 27 nömrəli mənzili satması, o isə mənzili alması barədə qarşılıqlı öhdəlik götürmüşlər. Müqavilənin 3.1-ci bəndinə əsasən, mənzilin sahəsinin hər kvadratmetri 356 şərti maliyyə vahidi (1 şmv=1 ABŞ dolları) qiymətləndirilməklə 101 m2 sahəsi olan mənzilin ümumi qiymətinin 36 000 ŞMV məbləğində dəyərləndirilməsi barədə razılıq əldə edilmiş, müqavilənin 3.3-cü bəndinə əsasən müqavilə bağlandığı vaxtdan 2 gün ərzində MTK-ya 6000 ŞMV (ABŞ dolları) ödəmiş, qalan məbləğ müqavilənin 3.4-cü bəndinə əsasən tikinti başa çatanadək MTK-ya hissə-hissə, yaxud tam ödənilməli olmuş, müqavilənin 2.2-ci bəndində MTK tikintini xx.xx.2007-ci il tarixədək başa çatdırmağı və mənzili ona təhvil verməyi öhdəsinə götürmüşdür. MTK qeyri-müəyyən səbəblərə görə tikintini gecikdirdiyi üçün o, həmin məbləği dərhal ödəmək istəməmiş, lakin MTK-nın o vaxtkı rəhbəri X3 ona bəslədiyi dostluq münasibətinə və tikintini bir-neçə aya tam başa çatdırıb mənzili təhvil verəcəyinə 100 faiz təminat verəcəyini ona dediyinə görə, MTK-ya daha 10 ay vaxt verərək 2007-ci ilin oktyabr ayının sonuna qədər binanın inşasının başa çatdırılıb Dövlət komissiyasına təhvil veriləcəyi və 101 m2 sahəsi nəzərdə tutulan mənzilinin çıxarışını ilin sonuna kimi ala biləcəyi halda qalan 30 000 ABŞ dollarını da dərhal ödəyəcəyini, əks halda borcunu mənzilinin çıxarışını alanda bağlayacağını demişdir. Lakin MTK sədri tez-tez zəng vuraraq borcu ödəməyini xahiş etdiyindən xx.xx.2007-ci il tarixdə poçtla MTK sədri K.YHüseynova məktub göndərmiş, 30 000 ABŞ dollarını banka depozitə qoymasını, il başa çatmamış pulunu götürəcəyi halda müqavilə şərtlərinə uyğun olaraq depozit faizindən mərhum olacağını, odur ki, şifahi razılaşdıqları kimi, tikintini xx.xx.2007-ci il tarixə kimi Dövlət komissiyasina təhvil veriləcəyi halda ödədiyi məbləği dərhal qaytarmağı, yaxud mənzilin ümumi sahəsi ona 101 m2-dən aşağı təhvil veriləcəyi halında ödəyəcəyi artıq məbləğin müqavilənin 2.3-cü və 5.3-cü maddələrinin tələblərinə uyğun olaraq ödəniş tarixindən etibarən mövcud bank kommersiya kredit faizlərini əlavə etməklə qaytarılması öhdəliyinin onun üzərində qalacağını bildirmişdir. İki gün sonra MTK sədri K.Y.Hüseynov zəng edərək məktubu aldığını, şərtinə razı olduğunu demişdir. K.Y.Hüseynovu günün sonuna iş yerində görüşə dəvət etmiş, həmin vaxtadək məbləği hazırlamış, xx.xx.2007-ci il tarixdə K.Y.Hüseynov möhürünü də götürüb onun ofisinə gəlmişdir. 30 000 ABŞ dollarını K.Y.Hüseynova vermiş, sonuncu qəbz yazıb imzalayıb möhürləyərək ona təqdim etmişdir. Lakin MTK sədrinin vədi boşa çıxmış, binanın tikintisi illərlə yubadılmışdır. Pulunu geri istədikdə isə sədr gözləməyi, həmin mənzili başqasına satıb pulunu aldıqdan sonra verəcəyini demişdir. K.Y.Hüseynov həm də onun qızının ailəsi üçün həmin binada 3 otaqlı daha bir mənzil almaq istəyən yağlı müştərini əldən buraxmamaq üçün onunla real razılaşmalarını əks etdirən müqavilə imzalamışdır. Həmin müqaviləni 2.3-cü bəndində göstərilir: Təbii fəlakət nəticəsində tikinti müddəti 6 ayadək uzadıla bilər. Əgər tikinti işləri 6 aydan artıq uzanarsa alıcı MTK-ya ödədiyi məbləği ondan ödəniş tarixindən etibarən mövcud bank kommersiya kredit faizlərini əlavə etməklə, mövcud qanunvericiliyə uyğun şəkildə qaytarılmasını tələb edə, 5.1.-ci bəndində alıcı ilk ödəməni üç iş günündən artıq müddətə gecikdirərsə MTK bu müqaviləni alıcıya qeydə alınmış yazılı məlumat verməklə birtərəfli qaydada ləğv edə bilər. Müqavilənin 5.3-cü bəndində göstərilir: Mənzil alıcıya təhvil verilərkən yenidən ölçülür, müqavilədə göstərilən ölçünün fərqi artıq-əskik olarsa, bu fərq son hesablaşmada nəzərə alınır. Əlbəttə, bu bənd mənzilin müqavilədə göstərilən vaxtda təhvil verilməsi vaxtı hər kvadratmetr üçün ödənilən, yaxud ödənməli olan məbləğə aiddir. Bina 2011-ci ilin ortalarında Dövlət komissiyası tərəfindən qəbul olunmasa da, binada mənzillərini təmir edib yaşayanlar olmuşdur. 2012-ci ilin ilk günlərində mənzilinə baş çəkərkən mənzilin giriş qapısının açıq, mənzilin tullantılarla dolu olduğunu, pəncərələrin salınmadığını görmüşdür. Otaqlarda hərəkət etmək mümkünsüz olduğundan çətinliklə mənzilin ümumi sahəsini ölçmüş, 101 m2 deyil, 86 m2 olmasını müəyyən etmişdir. MTK-nın bu binadakı ofisinə rəhbərlik edən K.Y Hüseynovun qardaşı V.Y.Hüseynova mənzilin ölçülərinin düz gəlmədiyini demiş, V.Y.Hüseynov ölçüləri divarların çölündən çölünə ölçmələrini ona bildirmişdir. Gəray adlı komendanta giriş qapısına etibarlı qıfıl alıb quraşdırmasını, otaqları təmizlətməsini tapşırmış, MTK-nın iş icraçısı Əli Aslanovdan pəncərələrin quraşdırılmasının və şüşələnməsinin tezləşdirilməsini xahiş etmişdir. Sonra aylarla gəlib-getsə də, nə qıfıl salınmış, nə də pəncərələr quraşdırılmışdır. xx.xx.2011-ci il tarixdə MTK-nın sədri K.YHüseynova daha bir yazılı xəbərdarlıq məktubu ünvanlayaraq müqavilənin 1.3.-cü bəndinə əsasən mənzilin tam olaraq mayak üsulü ilə suvanmalı olmasını, lakin mənzilin kilidinin çıxarılmasını, içərisinin antisanitar vəziyyətə salınmasını, divarlarına əyri-üyrü suvaq vurulmasını, bayır qapısının deformasiyaya və zədələnmələrə uğramasını, pəncərələrin tarazsız, səliqəsiz qoyulmasını, yanlarının açıq qalmasını, paket şüşələrinin salınmadığını bildirib, mənzilin 10 gün müddətində müqavilə şərtlərinə uyğun qaydaya ona rəsmi aktla təhvil verilməsini tələb etmiş, əks təqdirdə bütün çatışmazlıqları öz xərci ilə aradan qaldıracağı və həmin xərclərin gələcəkdə MTK-nın xidmət xərcləri ilə əvəzləşdirəcəyini bəyan etmişdir. Bundan əlavə, müqavilədə mənzilin ümumi sahəsinin 101 m2 olduğu göstərilmiş, lakin faktiki sahəsinin 15 m2 az olmasını, 15 m2-ə görə 5475 ABŞ dollarını ondan xx.xx.2007-ci il tarixdə aldıqlarını, şifahi razılıqlarına əsasən tikintini yekunlaşdırıb xx.xx.2007-ci il tarixə kimi dövlət komissiyasina təhvil vermədikləri halda ödədiyi məbləği dərhal qaytarmağı, yaxud mənzilin ümumi sahəsinin ona 101 m2-dən aşağı təhvil veriləcəyi halda ödədiyi artıq məbləğin müqavilənin 2.3-cü və 5.3-cü bəndlərinin tələblərinə uyğun olaraq ödəniş tarixindən etibarən mövcud bank kommersiya kredit faizlərini əlavə etməklə qaytarılması öhdəliyini onların üzərində qalacağını bildirmişdir. MTK həmin məktubu alsa da cavab verməmişdir. Məcbur qalıb bütün işləri öz vəsaiti hesabına görmüşdür. xx.xx.2012-ci il tarixdə poçtla 5 mötəbər dövlət təşkilatına çoxmərtəbəli yaşayış binalarında mənzillərin ümumi sahələrinin necə müəyyən edilməsi barədə yazılı sorğu göndərmiş, Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil- Kommunal Təsərrüfatı İdarəsinin rəisi N.Quliyev, Bakı şəhər İcra Hakimiyyətinin Mənzil- Kommunal Təsərrüfatı Departamenti sədrinin 1-ci müavini R.Abdullayev, Bakı şəhər İcra Hakimiyyətinin Bakımənzilkommunlayihə Layihə İnstitutunun direktoru C.Ə.Quliyev, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparat rəhbəri E.Hüseynzadə, həmin komitənin Bakı Dövlət Layihə İnstitutunun direktoru İ.İsbatov, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəis müavini H.Musayev sorğusuna rəsmi normativ sənədlərin müvafiq maddələrinə istinad etməklə cavab məktubu göndərmişlər. Bütün cavablarda yekun rəy məzmunca eyni olmuşdur. Yəni, yaşayış binalarında mənzillərin ümumi sahələri blokların, lociyaların, balkonların, terrasların, tamburların sahələri nəzərə alınmamaqla hesablanır, plintus nəzərə alınmamaqla suvanıb rənglənmiş divarlar arasında döşəmə səviyyəsində müəyyənləşdirilir. 2012-2013-cü illərdə cavabdehin görməli olduğu yarımçıq işləri də tamamlamaqla mənzilini müasir qaydada təmir etdirmişdir. Dövlət komissiyası tərəfindən qəbul olunmamış binadakı hazır, təmirli mənzilini qanunu pozaraq istismar edə bilmədiyindən bu məsələni də rəsmi qaydada araşdırmaq üçün Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəhbərliyinə sorğu göndərmiş, Agentliyin rəis müavini T.Hüseynli göndərdiyi cavab məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 272 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi” Qaydalarının 3.6.3-cü bəndinə əsasən tikintisi başa çatmış obyektlərin müvafiq qanunvericiliyə uyğun olaraq yaradılmış qəbul komissiyası tərəfindən istismara qəbul ediləndən sonra istismar oluna bilməsini ona bildirmişdir. Bu rəsmi cavabdan sonra mənzilini təyinatı üzrə istismar etməmiş, lakin təmirin deformasiyaya uğramaması üçün vaxtaşırı mənzilin havalandırılmasını və temperaturuna nəzarəti diqqətdə saxlamışdır. Nəhayət 2020-ci ilin sonlarına yaxın bina dövlət komissiyası tərəfindən qəbul olunmuş və DƏDRX tərəfindən ona xx.xx.2020-ci il tarixdə tərtib edilmiş çıxarış və mənzilin texniki pasportu verilmişdir. Müqavilənin 5.3-cü bəndinə əsasən mənzil alıcıya təhvil verilərkən yenidən ölçülür, müqavilədə göstərilən ölçünün fərqi artıq-əskik olarsa, bu fərq son hesablaşmada nəzərə alınır. Əlbəttə, bu şərt mənzilin ona müqavilədə göstərilən vaxtda təqdim ediləcəyi vaxt artıq-əskik kvadratmetrin ilkin dəyəri ilə hesablanmalı idi. Lakin hələ pulu tam ödəməzdən, mənzil ona rəsmi təhvil verilməzdən əvvəl onu ölçmüş və artıq alınmış məbləği tələb etmiş, ödənilməyəcəyi halda şərtini də rəsmi məktubları ilə yazılı şəkildə qoymuşdur. Rəsmi sənədlərdə mənzilinin ümumi sahəsi 101 m2 deyil, 88,10 m2 göstərilmişdir. Bu, müqavilədə göstərilən rəqəmdən 12,9 m2 azdır. Onun mənzilinin yerləşdiyi bina Yasamalın ən əlverişli, şəhərin mərkəzinə yaxın yerindədir, indi bu rayonda yeni tikilmiş anoloji yaşayış binalarında təmirsiz mənzilin ümumi sahəsinin 1 m2 bazar dəyəri 1500-2000 manatdır. Bu da müqavilədə şərtləşdirilən ***-**** şərti maliyyə vahidi - ABŞ dolları deməkdir. MTK sədri K.Y.Hüseynov müqavilə üzrə ona satdığı 2 otaqlı mənzilin ümumi sahəsinin 101 m2 olmasını təkid etməklə onu aldatmış, 12,9 m2 4592,4 şərti maliyyə vahidi məbləğində (12,9 x 356) pulu ondan artıq almış, sonra tələb etsə də qaytarmamışdır. Həmin məbləğ bugünkü anoloji binalardakı təmirsiz mənzillərin hər kvadratmetri üçün ***-**** şərti maliyyə vahidi olduğunu nəzərə aldıqda (882+1176:2x12,9) 13274,1 sərti maliyyə vahidi (ABŞ dollarının manatla məzənnəsi) bugünkü məzənnə ilə 22565,97 manat təşkil edir. Bu məbləğ üzərinə heç bir faiz əlavə edilməyən məbləğdir, yalnız anoloji binalardakı hazırki məzənnəyə aiddir. Artıq alınmış ilkin məbləğə qaytarılmayan 14 il üçün müqavilədə göstərildiyi kimi, bank kommersiya kredit faizi hesablanarsa, bu daha böyük rəqəmə gətirib çıxarar. Əgər bankların vətəndaşlardan qəbul etdikləri əmanətlərə verilən depozit faizi ilə hesablanarsa yekun rəqəm çox böyük alınardı. Uzun illərdən bəri o, artıq pulunu bir illik depozit müqaviləsi ilə ən əlverişli banka yerləşdirir, il tamam olduqda əsas pulunu və yığılan depozit faizini alaraq yenidən cəmi məbləği banka yatırdırdı. Beləliklə vəsaiti aktiv dövriyyədə olur, həm banka, həm də ona əlavə mənfəət gətirirdi. Belə əlverişli banklardan biri “Amrahbank” SKB idi. Həmin bank iki il əvvəl bağlanmışdır və bu gün artıq pulu olmadığından banka depozit yerləşdirmir. 2007-ci ildən bəri banklarda ən aşağı illik depozit faizi 12 faizdən az olmayıb, bu gün də belədir. MTK sədri xahiş və tələbi ilə mənzilin 101 m2 metrinin tam dəyərini xx.xx.2007-ci ildə ondan almışdır. Sədrin onu aldadaraq artıq aldığı 12,9 m2 pulunun (12,9 x 356 $) - 4592,4 ABŞ dollarının manatla məzənnəsi 7807 manata bərabərdir. Həmin hesabla 4592,4 ABŞ dollarını bu günkü manat ekvivalenti ilə xx.xx.2007-ci ildə banka depozit kimi yatırsaydı və hər ilin sonunda depozit faizini əlavə etməklə bankla yeni illik müqavilə bağlasaydı, MTK-ya artıq ödədiyi məbləğ bu gün yığılaraq 21 642 şərti maliyyə vahidinə (ABŞ dolları) və ya 36791 manata çatardı. Yəni, MTK direktorunun ondan xx.xx.2007-ci ildə məcburən aldığı 4592,4 ABŞ dollarının bu günkü tarixə 7807 manat ona qaytaracağı öz pulunun, 17 049,62 ABŞ dollarının bugünkü tarixə manatla ekvivalenti 28 984 manat isə ona çatası əldən çıxmış faydadır və mülki qanunvericiliyin tələbinə görə ona qaytarılmalıdır. Müqavilənin 5.4-cü bəndinə əsasən tikinti müddətində MTK-nın mülkiyyətçisi, yaxud rəhbərliyi dəyişilərsə, yaxud MTK ləğv olunarsa, bu müqavilədən irəli gələn və MTK üzərinə düşən öhdəliklərin yerinə yetirilməsi üçün məsuliyyət MTK-nin əvvəlki və yeni mülkiyyətçilərinin üzərində qalır. Onlar alıcının ödədiyi vəsait üçün bütün mülkiyyətləri ilə cavabdehdirlər. Ona görə də xx.xx.2006-cı il tarixdə bağladıqları mənzil tikintisi haqqında müqavilənin şərtlərinə əsasən müqavilədə göstəriləndən 12,9 m2 az sahə verdiyi üçün artıq alınan 4592,4 ABŞ dolları və bu günkü tarixə əldən çıxmış fayda olaraq 17 049,62 ABŞ dolları olmaqla cəmi 21 642 ABŞ dollarının ödəniş tarixinə manatla ekvivalenti "xxxx" Mənzil Tikinti Kooperativinin hüquqi varisi Cavabdehndən və onun mülkiyyətçisi X1 xeyrinə tutulmalıdır.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur.
8. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının mənzilə dair mülkiyyət hüquqlarını qeydə alarkən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşları tərəfindən mənzilin sahəsinə dair aparılan hesablamalar xx.xx.2013-cü il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarına əsaslandığından, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci və 59.3-cü maddələrinin tələblərinin yalnız mənzilin inventarlaşdırılması və müvafiq reyestrdə qeydiyyata alınması zamanı nəzərə alınması mümkün olduğundan, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi olmadığından, onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edildiyindən, xx.xx.2006-cı il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən tərəflər öhdəliklərini yerinə yetirdiklərindən, alıcının müqavilənin 2.3-cü bəndi ilə müəyyən olunan hüququnun yaranması üçün müqavilə ləğv edilmədiyindən, əksinə bu müqaviləyə xx.xx.2008-ci il tarixdə müddətinin bitməsi ilə bağlı xitam verildiyindən, öz pul vəsaiti üzərində sərəncam vermək hüququ iddiaçıya aid olduğu üçün daşınmaz əmlak əldə etmək və ya pul vəsaitini depozitə qoymaq iddiaçının seçimi olduğundan, özünün seçiminə görə fayda əldə edə bilməməsi halı belə, müqavilə öhdəliklərini icra edən "xxxx" MTK-nın iddiaçının əldən çıxardığı faydaya görə məsuliyyət daşımasına səbəb ola və beləliklə də iddia təmin edilə bilməz.
9. Mövqeyinin hüquqi əsası kimi məhkəmə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci, xx.xx.2013-cü il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci, 59.2-ci, 59.3-cü, 59.4-cü, 59.5-ci , Mülki Məcəllənin 7.1-ci, “Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Konstitusiya Qanunu”nun 87-ci maddələrinə istinad etmişdir.
10. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılması xahiş edilmiş, şikayət iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğu, sübutlara düzgün qiymət vermədiyi, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəs edən halları aydınlaşdırmadığı, işin hallarına uyğun gəlməyən qərar çıxardığı irəli sürülmüşdür.
b) Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar
11. Məhkəmə iclaslarında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, Cavabdeh nümayəndəsi (vəkili) X4 isə mənzilin tərəflər arasında bağlanmış müqavilə şərtlərinə uyğun olaraq iddiaçıya təhvil verildiyini bildirməklə şikayətin əsassız olduğunu bildirmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
12. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
14. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
15. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank üçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
16. Maddə 550. Tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər.
17. Maddə 551.1. Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir.
18. Maddə 552.1. Müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır.
19. Maddə 554.1. Müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır.
20. Maddə 554.4. Müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər.
21. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
22. Maddə 766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.
23. Maddə 773. Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir.
24. Maddə 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər.
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi:
25. Maddə 1. Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir.
26. Maddə 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır.
27. Maddə 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
28. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
29. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
30. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
35. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
38. Kollegiya ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
39. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
40. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
41. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.
42. İddiaçı, cavabdeh tərəfindən inşa edilən binada ona təhvil verilmiş mənzilin sahəsinin müqavilədə göstəriləndən az olduğuna istinad edərək müvafiq iddia tələbini irəli sürür; cavabdeh isə iddiaya etiraz edərək bildirir ki, iddiaçıya müqaviləyə uyğun sahəsi olan mənzil vermişdir.
43. Belə olan halda, iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 752.1, 766-cı maddələri nəzərdən keçirilə bilər (§ 23-24). Bununla belə qeyd olunmalıdır ki, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal - cavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçıya miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal verib-verməməsi iş üzrə sübutetmənin predmetidir.
44. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir (§ 29-31).
45. Hazırkı işdə iddiaçı, mübahisəli hala dair sübut kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa istinad edərək, ona müqavilədə nəzərdə tutulduğundan az sahəsi olan mənzil verildiyini bildirmişdir.
46. Birinci instansiya məhkəməsi bu xüsusatı yoxlamaq məqsədilə tikinti-texniki ekspertizası təyin etmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli rəyində göstərilmişdir ki, Cavabdeh MTK ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən alıcıya təhvil verilən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 3137-ci məhəllə 27 saylı mənzilin (yeni qaydalarla: Bakı şəhəri Yasamal rayonu X5 37, M5, m5) faktiki sahəsi 88,1 m2 təşkil edir. Cavabdeh MTK ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilədə mənzil təhvil verilərkən hesablama qaydası göstərilmədiyindən, həmin mənzilin sahəsinin müqavilə bağlanarkən qüvvədə olan qaydalara uyğun düzgün hesablanıb-hesablanmamasını, eləcə də xx.xx.2006-cı il tarixli müqavilə ilə xx.xx.2020-ci il tarixli çıxarışda mənzilin sahəsinin ölçülərində fərqin yaranmasının səbəbini müəyyən etmək mümkün olmamışdır”.
47. Apellyasiya baxışı zamanı əlavə tikinti-texniki ekspertizası təyin olunmuş, ekspertin xx.xx.2022-ci il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu bəndinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 saylı qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələbləri nəzərə alınmadan hesablanarkən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 3137-ci məhəllə 27 saylı mənzilin (yeni qaydalarla: Bakı şəhəri Yasamal rayonu X5 37, M5, m5) ümumi sahəsi 92,6 m2, həmin qanunvericiliyin tələbləri nəzərə alınaraq hesablandıqda isə 88,1 m2 təşkil edir.
48. Həmin rəyin təsviri hissəsində ekspert qeyd etmişdir ki, tədqiq olunan mənzilin arakəsmə (daxili) divarlarının qalınlığının 10-20 sm, xarici divarlarının qalınlığının isə 40 sm olduğu müəyyən olunur və həmin divarların alt hissəsinə düşən sahə hesablandıqda mənzilin ümumi sahəsi 101,0 m2 təşkil edir.
49. Kollegiya qeyd edir ki, ekspertin rəyi sübut növlərindən biri kimi məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli hüquq normalarına uyğun şəkildə qiymətləndirilməlidir (§ 33).
50. Bu zaman xüsusilə nəzərə alınmalıdır ki, təyinatı şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən etmək olan Şəhərsalma və Tikinti Məcəlləsinin (§ 25-27), buna müvafiq olaraq, tikinti obyektinin sahəsinin və həcminin hesablanmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaların hansı meyarlara görə mülki hüquq sahəsindəki müqavilə münasibətlərinə, konkret halda iddiaçı ilə cavabdeh arasında bağlanmış podrat müqaviləsi üzrə öhdəliklərə şamil edilməli olduğu əsaslandırılmalı, belə əsaslandırma tərəflərin bağladıqları müqavilə şərtləri nəzərə alınmaqla həyata keçirilməlidir.
51. Bu xüsusatla bağlı həmçinin nəzərə alınmalıdır ki, hesablamaların divarların çöl tərəfindən aparılması, habelə divarların altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun deyil.
52. Tərəflər arasında bağlanmış müqavilənin 1.3-cü bəndində nəzərdə tutulmuşdur ki, mənzil son variantda daxili sanitar avadanlığı quraşdırılmadan və son tamamlama işləri görülmədən alıcıya təhvil veriləcək, arakəsmələr alıcının təqdim etdiyi eskiz-çizgi əsasında MTK tərəfindən tikiləcək, elektrik naqilləri və kommunikasiya xəttləri çəkildikdən sonra keyfiyyətlə, mayak üsulu ilə suvanacaqdır.
53. Həmçinin, yuxarıda da göstərildiyi kimi, müqavilənin 5.3-cü bəndində, mənzilin alıcıya təhvil verilərkən yenidən ölçüləcəyi, müqavilədə göstərilən ölçünün fərqinin son hesablamada nəzərə alınacağı təsbit olunmuşdur.
54. Kollegiya müqavilənin 1.3-cü və 5.3-cü bəndlərini xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə müəyyən olunan halla (§ 48) birlikdə qiymətləndirməklə belə nəticəyə gəlir ki, cavabdeh iddiaçı qarşısındakı müqavilə öhdəliklərini tam olaraq icra etmiş sayılmalıdır.
55. O da nəzərə alınmalıdır ki, məmulatın qüsurlu olduğu müəyyən edilsə belə, sifarişçinin əşyanı qəbul edərkən qüsurdan xəbərdar olub-olmaması, əgər olmamışsa bu halı hansı andan bilməsi və ya bilməli olması mübahisənin düzgün həlli baxımından əhəmiyyət kəsb edir.
56. Belə ki, qanunvericiliyə görə, əgər sifarişçi məmulatın qüsurlu olduğunu biləbilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Bundan başqa, sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər (§ 23-24).
57. İşin hallarından və iddiaçının bilavasitə özünün bildirdiklərindən aydın olur ki, mənzil ona 2010-2011-ci illər ərzində təhvil verilmiş və o, mənzilin ölçüsündə mövcudluğunu irəli sürdüyü qüsur barədə 2012-ci ilin əvvəllərində xəbərdar olmuşdur.
58. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin həlli ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3973/2021 saylı iş üzrə 21 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya baxışı zamanı təyin olunmuş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat İddiaçı alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən İddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov