Məhkəmə qərarları › İş №2(103)-9133/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9133/2021

03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9133/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Küdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdehin vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4236/2021 saylı 14 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya hüququ əsasında 31265.97 manat məbləğin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 03 iyun 2015-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh1 idarə etdiyi “Mercedes Benz Vito 111 CDİ” markalı **-FL-*** dövlət nömrə nişanlı avtomobil Bakı şəhəri, Z.Əliyeva küçəsi ilə R.Zorge küçəsinin kəsişməsində hərəkət edən zaman yol nişanının tələbini pozmuş, nəticədə "xxxx" ASC-də “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası” növü üzrə sığortalanmış Porsche Cayenne markalı, **-KO-*** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Bakı şəhər Səbail RPİ-nin İstintaq Şöbəsi tərəfindən tərtib olunmuş 22 iyun 015-ci il tarixli Cinayət işi başlanmasının rədd edilməsi barədə qərara əsasən yolnəqliyyat hadisəsinin baş verməsində təqsirkar şəxs Cavabdeh1 müəyyən edilmiş və şəxs barəsində AR İXM-nin 151.3-cü maddəsi ilə inzibati məsuliyyət tədbirləri görülməsi üçün toplanmış material Səbail RPİ-nin DYPŞ-yə göndərilmişdir. Beləliklə, qeyd edilən yolnəqliyyat hadisəsi nəticəsində Porsche Cayenne markalı, **-KO-*** dövlət nömrə nişanlı avtomobilə 36603 manat maddi zərər dəymişdir. MİB ******* saylı sığorta şəhadətnaməsinə və K 23/340 saylı 28 iyul 2015-tarixli Sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən 36103 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdehin mulki məsuliyyəti "xxxx" ASC-də sığortalandığından 4867,03 manat sığorta ödənişi "xxxx" ASC-dən alınmışdır. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 31235.97 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və 30 manat dövlət rusumu, ümumilikdə 31265.97 manatın tutularaq "xxxx" ASCyə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4236/2021 saylı 14 iyul 2021ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya hüququ əsasında 31265.97 manat məbləğin tutulması tələbinə dair iddiasının rədd edilməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı "xxxx" ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, cavabdeh tərəfin sübut qismində məhkəməyə təqdim etdiyi və Yasamal Rayon Məhkəməsinin qətnamədə qeyd etdiyi Bakı şəhəri BPİ DYPİ-nin 29.06.2015-ci il tarixli məktubundan görünür ki, müraciətlə bağlı Z.Əliyeva və R.Zorge küçələrinin kəsişməsində yol nişanlarının vəziyyəti müayinə olunarkən 25 iyun 2015-ci il tarixinə olan vəziyyət göz önünə gətirilmişdir. Lakin barəsində bəhs olunan yol-nəqliyyat hadisəsi 03 iyun 2015-ci il tarixdə baş vermişdir. Müvafiq yol-nəqliyyat hadisəsini özündə əks etdirən video-yazıya baxdıqda bir daha aydın olur ki, 03 iyun 2015-ci il tarixdə, hadisə baş verən anda həmin ərazidə heç bir nizamlayıcı yol nişanı mövcud olmamışdır. Eyni zamanda hadisə yerinə cəlb olunmuş Cəmiyyətin qəza komissarlarının çəkdikləri hadisə yerinin fotoşəkilləri bir daha göstərir ki, hadisə anında nizamlayıcı yol nişanlarına rast gəlinməmişdir. Bu baxımdan cavabdeh tərəfin təqdim etdiyi Bakı şəhəri BPİ DYPİ-nin 29.06.2015-ci il tarixli məktubunu bu iş üzrə sübut kimi qəbul etmir və əsassız hesab edir. Bundan əlavə, tərəflərindən təqdim olunan ekspert rəyi yetərincə sübut qismində dəyərləndirilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası növündə keçirdiyi ekspertiza nəticəsində gəldiyi qənaətin əks olunduğu 12266 nömrəli 17 iyun 2015-ci il tarixli rəyin nəticəsində qeyd olunur ki, Porsche Cayenne markalı ** KO *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Tağıyeva Samirə Ramiz qızının hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun tələblərinə uyğunsuzluq olmamışdır. Lakin Mercedes Benz Vito-111 CDİ markalı ** FL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 hərəkətlərində "Yol hərəkəti haqqında" AR Qanununun 77-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Bəhs olunan maddədə qeyd olunur ki, eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir. Bütün bunlar bir daha sübut etmiş olur ki, Cavabdeh1 hadisənin baş verməsində təqsirli olmuşdur. Yuxarıda qeyd olunan ekspert rəyindən, həmçinin cavabdeh tərəfin təqdim etdiyi video-yazıdan aydın olur ki, 03 iyun 2015-ci il tarixdə Z.Əliyeva və R.Zorge küçələrinin kəsişməsində baş verən yol-nəqliyyat hadisəsində təqsirli olan tərəf məhz Cavabdeh1dur. Çünki hadisə baş verən zaman yollarda heç bir nizamlayıcı yol nişanı olmamışdır. Yasamal Rayon Məhkəməsinin qəbul etdiyi qətnamədə inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərarı digər sübutların fonunda tutarlı sübutlar kimi qiymətləndirmiş və onların olmadığı üçün Cavabdeh1 təqsirinin olmadığı qənaətinə gəlmişdir. Lakin inzibati məsuliyyətə cəlb edilmə mülki-hüquqi məsuliyyət daşımanın ilkin və məcburi şərti kimi çıxış etmir. Əks halda preyudisiallıqdan söhbət gedə bilər ki, bu hal da qanunvericilikdə birbaşa öz əksini tapmalıdır. Cavabdehin mülki-hüquqi məsuliyyət daşıması həmçinin tərəflərndən iddia ərizəsinə əlavə edilən cinayət işinin rədd edilməsi haqqında qərarda və yol-nəqliyyat hadisəsinin təfərrüatları barədə arayışda (Forma 4) da öz təsbitini tapır. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı oxşar iddia ilə 2016-cı ildə çıxış etmişdir. Həmin zaman müəyyən edilmişdir ki, tərəf “Terno Transport” da əmək müqaviləsi ilə işləmişdir. Məhkəmə tərəfə izaha etmişdir ki, işçinin ehtimal olunan hüquq pozmasına görə işəgötürən məsuliyyət daşıyır. Çünki işəgötürənin sərəncamında olub və işçi həmin vaxt BP-nin işçilərini daşımışdır. Qarşı tərəf “Terno Transport”-u məhəməyə vermişdir və iddia tələbi Ali Məhkəməyə qədər rədd edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4236/2021 saylı 14 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan Fiziki şəxslərin sahibliyində olan avtomobillərin tam sığortası üzrə sığorta şəhadətnaməsinin surətindən görünür ki, Porsche Cayenne markalı, **-KO-*** dövlət nömrə nişanlı avtomobil "xxxx" ASC tərəfindən 08.08.2014-cü il tarixdən 07.08.2015-ci il tarixədək sığortalanmışdır İş materiallarında olan "xxxx" MMC-nin təmir xərcləri barədə 18.06.2015-ci il tarixli arayışından görünür ki, Porsche Cayenne markalı, **-KO-*** dövlət nömrə nişanlı avtomobilin təmiri üçün ümumilikdə 36603 manat məbləğində xərc tələb olunur. İş materiallarında olan Sığorta aktının surətindən görünür ki, Porsche Cayenne markalı, **-KO-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyanın məbləği 36603 manat təşkil etmiş, azad olmaməbləği çıxıldıqdan sonra nəqliyyat vasitəsinin sahibinə 36103 manat ödəniş edilmişdir. İş materiallarında olan Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 22.06.2015-ci il tarixli qərardan görünür ki, vətəndaş Səmədov Tamerlan Asif oğlunun YNH nəticəsində xəsarət alması barədə daxil olmuş məlumat əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və sürücü Cavabdeh1 AR İXM-nin 151.3- cü maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti Səbail RPİ DYPŞ-yə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Ekspertiza Mərkəzinin 17.06.2015-ci il tarixli ekspert rəyinin surətindən görünür ki, istintaq tərəfindən göstərilən şəraitdə Porsche Cayenne markalı, **- KO-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Tağıyeva Samirə Ramiz qızının hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol Hərəkəti Haqqında” AR Qanunun tələblərinə uyğunsuzluq olmamışdır. İstintaq tərəfindən göstərilən şəraitdə “Mercedes Benz Vito 111 CDİ” markalı **-FL-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh1 hərəkətlərində “Yol Hərəkəti Haqqında” AR Qanununun 77-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan Bakı şəhəri BPİ DYPİ-nin 29.06.2015-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası ərazisində yol hərəkətinin təşkili sahəsində istifadə olunar bütün yol nişanları Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “Yol Hərəkəti Təhlükəsizliyi Komıssiyası”nın qərarı əsasında DİN BDYPi-nin «Siqnal» İLİ İdarəsi tərəfindən quraşdırılır. Müraciətlə bağlı 25.06.2015-ci il tarixdə Z.Əliyeva və R.Zorge küçələrinin kəsişməsində yol nişanlarının vəziyyəti müayinə olunarkən Z.Əliyeva küçəsində K.Səfərəliyeva küçəsi tərəfdən 2.4 “Yol verin”, 4.1.4 “Düzüna və ya sağa hərəkət”, Puşkin küçəsi tərəfdən isə 2.5 “Dayanmadan keçmək qadağandır”, 4.1.5 “Düzünə və ya sola nərəkət” yol nişanlarının mövcud olması muəyvən edilmişdir. Lakin qeyd olunan yol ayrıcındakı yol nişanları ərazidə quraşdırılmış müşahidə izləmə kameralarının görüntü dairəsinə daxil olmadığından yol nəqliyyat hadisəsi baş vermiş anda həmin yol sahəsindəki nişanların vəziyyəti barədə dəqiq məlumat əldə etmək mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-383/19 saylı, 04.09.2019-cu il tarixli qərarından görünür ki, iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17.04.2019-cu il tarixli, 2-2(103)- 176/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan sənədlərlə müəyyən edilir ki, 03 iyun 2015-ci il tarixdə Bakı şəhəri, Z.Əliyeva küçəsi ilə R.Zorge küçəsinin kəsişməsində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh1 idarə etdiyi “Mercedes Benz Vito 111 CDİ” markalı **-FL- *** dövlət nömrə nişanlı avtomobil ilə "xxxx" ASC-də “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası” növü üzrə sığortalanmış Tağıyeva Samirə Ramiz qızının idarə etdiyi Porsche Cayenne markalı, 90- KO-190 dövlət nömrə nişanlı avtomobil toqquşmuşdur. Hadisə nəticəsində Porsche Cayenne markalı, **-KO-*** dövlət nömrə nişanlı avtomobilə 36103 manat məbləğində maddi ziyan dəymiş və həmin ziyan iddiaçı tərəfindən ödənilmişdir. İddiaçı "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 31235.97 manat ödənişinin tutulmasını xahiş etmiş və 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 07.03.2018-ci il tarixli 2-2(82)-259/2018 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Daha sonra iddiaçı apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin 07.08.2018-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-383/19 saylı, 04.09.2019-cu il tarixli qərarına əsasən, iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17.04.2019-cu il tarixli, 2-2(103)-176/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı hazırda cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31235.97 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləğinin cavabdehlərdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, iddiaçı baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli olmasını bildirsə də, bu barədə məhkəməyə hər hansı bir tutarlı sübutlar təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Bunun əksi olaraq, iş materiallarında olan Bakı şəhəri BPİ DYPİ-nin 29.06.2015-ci il tarixli məktubuna əsasən, 25.06.2015-ci il tarixdə yəni, hadisə baş verən zaman Z.Əliyeva və R.Zorge küçələrinin kəsişməsində yol nişanlarının vəziyyəti müayinə olunarkən Z.Əliyeva küçəsində K.Səfərəliyeva küçəsi tərəfdən 2.4 “Yol verin”, 4.1.4 “Düzünə və ya sağa hərəkət”, Puşkin küçəsi tərəfdən isə 2.5 “Dayanmadan keçmək qadağandır”, 4.1.5 “Düzünə və ya sola hərəkət” yol nişanlarının mövcud olması muəyyən edilmişdir. Göründüyü kimi baş vermiş yol-nəqliyyat hadisəsi zamanı yol-nəqliyyat hadisəsi işitrakçısı olmuş Porsche Cayenne markalı, **-KO-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Tağıyeva Samirə Ramiz qızı, 2.5 “Dayanmadan keçmək qadağandır” yol nişanının tələblərini pozaraq yol-kəsişməsinə daxil olarkən soldan gələn nəqliyyat vasitəsini gözləməmiş, düzünə hərəkət edərək Cavabdeh1 idarət etdiyi nəqliyyat vasitəsinin sağ orta hissəsi ilə toqquşmuşdur. İşin bu halı məhkəmə iclası zamanı tədqiq edilmiş hadisə zamanına aid olan video görüntülə ilə də, öz təsdiqini tapmışdır. Eyni zamanda işin araşdırılmış halları ilə cavabdehin Cavabdeh1 yol-nəqliyyat hadisəsini törətməkdə təqsirkar olunmasına dair nə inzibati protokol, nə də inzibati qərarın mövcudluğu müəyyən edilməmişdir. İddiaçı tərəf yalnız müvafiq iş üzrə keçirilmiş ekspert rəyinə istinad edərək, cavabdeh tərəfin yol-nəqliyyat hadisəsində təqsirkar olduğunu iddia etmişdir. Məhkəmə ekspertiza rəyinə digər sübutlarla yanaşı qiymət verərək haqlı olaraq qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da və ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olsa da, hazırki rəy iddianın əsaslı olmasının təsdiqi kimi qəbul edilə və qiymətləndirilə bilməz. Azərbaycan Respublikası MPM-nin: - 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. - 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamə və ya qərardadda əsaslandırılmalıdır. - 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək haqlı olaraq hesab etmişdir ki, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya hüququ əsasında 31265.97 manat məbləğin tutulması tələbinə dair iddiası təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4236/2021 saylı 14 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4236/2021 saylı 14 iyul 2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar