Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9150/2021 18.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Şükürlü Ləman İmanverdi qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və onların nümayəndəsi və vəkili X7, Cavabdeh2 nümayəndəsi X2 iştirakları ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Nəsimi rayon İcra və Probasiya Şöbəsinə və Cavabdeh2nə qarşı “Nəsimi rayon İcra Şöbəsinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində iddiaçılara vurulmuş maddi və mənəvi zərərə görə 100.000 (yüz min) manat məbləğində kompensasiya ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-901/2021 saylı, 11.03.2021-ci il tarixli qətnaməsindən İddiaçı1, İddiaçı2, İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Nəsimi rayon İcra və Probasiya şöbəsinin hərəkətləri (hərəkətləri) nəticəsində onlara vurulmuş mənəvi zərərə görə 50.000 manat məbləğində kompensasiya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 və M.İddiaçı1baycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsinə əsasən, “iddia tələbinə əlavə” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Nəsimi rayon İcra və probasiya şöbəsinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində onlara vurulmuş maddi və mənəvi zərərə görə 100.000 (yüz min) manat məbləğində kompensasiya ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhər Nəsimi rayon məhkəməsinin 19 mart 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" MTK-nın cavabdehlər X4, İddiaçı3 və digərlərinə qarşı mənzildən köçürülmə tələbinə dair iddiası təmin edilərək Bakı şəhəri, Nəsimi rayonu, AK. Topçubaşov, Abbas Səhhət, Xan Şuşinski və Feyzulla Qasımzadə küçələrinin kəsişmələrində yeni hündür mərtəbəli çoxmənzilli yaşayış binasının tikilməsi üçün "xxxx" MTK-ya ayrılmış torpaq sahəsində Bakı şəhəri Nəsimi rayonu Ak.Feyzulla Qasımzadə küçəsi 1 saylı evin 65 saylı mənzilinin mülkiyyətçisi İddiaçı3, həmin evin 66 saylı mənzilinin mülkiyyətçisi X3 və digər cavabdehlər X8, İddiaçı1, İddiaçı2 əşyaları ilə birlikdə "xxxx" MTK-nın vəsaiti hesabına aylıq bir otaq üçün 350 manat iki otaq üçün 400 manat müavinət verilməklə və gələcəkdə həmin ünvanda inşa ediləcək yaşayış binasında onların hazırkı yaşayış mənzilləri sənədlərinə uyğun olan sahələrinə 50 faiz əlavə edilərək orta təmirli mənzil sahəsi ilə təmin edilmələri şərti ilə çıxarılmaları qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyul 2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 19 mart 2019- cu il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18.12.2019-cu il tarixli Qərarına əsasən kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyul 2019-cu il tarixli qətnaməsi Salamovlara gələcəkdə verilməsi qət olunmuş mənzillərin ölçüsünə münasibətdə dəyişdirilərək, veriləcək mənzillərin ölçüsü faktiki istifadələrində olan sahə və üstəgəl əlavə olaraq həmin sahənin 50 faizi həcmində müəyyən edilmişdir. Ali Məhkəmənin 2(102)-7595/19 saylı 18.12.2019-cu il tarixli icra sənədi üzrə borcluların Nəsimi rayonu, Ak.Feyzulla Qasımzadə, ev 1, mənzil 65 və 66 saylı mənzillərdən çıxarılması və mənzillərin boşaldılaraq təhvil verilməsi nəzərdə tutulmuşdur. 21 yanvar 2020-ci il tarixdə Nəsimi rayon İcra və probasiya şöbəsinin başda Ramin Quliyev olmaqla icra məmurları tərəfindən Nəsimi rayonu, Ak.Feyzulla Qasımzadə küçəsi, ev 1 mənzil 65, 66 və 66a mənzillərin boşaldılması ilə əlaqədar icra tədbirlərinin keçirilməsi planlaşdırılmışdır. 14.01.2020-ci il tarixdə Bakı şəhəri Cavabdeh2 Başçısının 23 yanvar 2017-ci il tarixli 11 saylı və 25 dekabr 2017-ci il tarixli 396 saylı sərəncamlarının yaşadıqları ərazidə mənzillərinə aid olan hissədə ləğv edilməsi barədə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdilər. Həmin ərizənin Bakı İnzibati Məhkəməsi tərəfindən qeydiyyata alınmış surətini və Bakı İnzibati Məhkəməsində iddia qaldırmaqlarına görə icra tədbirinin dayandırılması barədə ərizələri həmin gün Nəsimi rayon İcra və probasiya şöbəsinin kargüzarlığına çatdırdılar. Həmin vaxt Ramin Quliyev onlara yaxınlaşıb sənədlə tanış olandan sonra bildirdi ki, icranı dayandırır. Həmin gün poçtla onlara Nəsimi rayon İcra və probasiya şöbəsinin icra tədbirlərinin 21.01.2020-ci il tarixə təyin olduğu haqqında qərar çatdırıldı. X14 telefonla əlaqə saxlayıb soruşdular ki, icra tədbiri dəqiq nə vaxt olacaqdır. O cavab verdi ki, onlara əlavə olaraq telefonla məlumat verəcəkdir. 21 yanvar 2020-ci il tarixdə saat 10.45-də Salamov Fuad Mikayıl oğlu gəlib gördü ki, 65 saylı mənzilinin qapısı açılıb və icra məmurları icra tədbirini onların iştirakları olmadan həyata keçirir (icra tədbiri saat 11.00-a təyin edilmişdir). Sonra Azər və İddiaçı3lar da gəldilər. X13 soruşdular ki, onlara icra tədbirinin dayandırılması barədə bildiribsə, həmin tədbiri niyə keçirir. O cavab verdi ki, Bakı İnzibati Məhkəmədə işin başlaması icra tədbirini dayandırmır. Onlar dedilər ki, əgər belədirsə niyə onlara xəbər verməyib. Hər üçünün telefon nömrələrini bilirdi, hər birilərinə dəfələrlə zəng etmişdi. Lakin ən vacib anda onlara zəng edib xəbərdar etmək heç ağlına belə gəlməyib. Beləliklə icra tədbiri davam etdirildi. Adətən bu cür tədbirlərə cəlb edilən təcili yardım və yanğın söndürmə əməkdaşları yox idilər. 20 polis bölməsinin əməkdaşları və "xxxx" MTKnın nümayəndələri də gəlmişdilər. Təxminən bir saat sonra İcra və probasiya şöbəsinin əməkdaşları icra tədbirinin 3 gün təxirə salınması və istirahət günləri nəzərə alaraq yanvarın 27-nə təyin olunması barədə telefonla göstəriş aldılar. Bu barədə müvafiq akt tərtib edildi. Həmin aktda evlərində olan əşyalar onlar təhvil verilməsi qeyd olunsa da, həmin əşyalar "xxxx" MTK-dadır. Buna baxmayaraq, MTK-nın fəhlələri təqribən 20-30 nəfər qışqıra-qışqıra mənzilinə daxil olmağa cəhd etdilər. Onları dayandırmağa çalışsalar da qüvvələri bərabər deyildi. Fəhlələr bağlı qapını lomlar və perforator vasitəsilə çərçivə qarışıq çıxarıb naməlum istiqamətdə apardılar. Ramin Quliyevin rəsmi xidmət geyimi də onlara hücum edənlər üçün dayandırıcı amil olmadı. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 52.1-ci maddəsinə əsasən borclunun əmlakı saxlanmaq üçün onun özünə və ya icra məmuru tərəfindən təyin olunmuş digər şəxslərə verilir. Həmin Qanunun 52.4-cü maddəsinə görə saxlanmaq üçün verilmiş əmlak mənimsənildikdə, israf edildikdə, özgəninkiləşdirildikdə və ya gizlədildikdə, saxlayıcı vurduğu ziyana görə əmlak məsuliyyətindən əlavə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət məsuliyyəti də daşıyır. Nəsimi rayon İcra və probasiya şöbəsinin əməkdaşları "xxxx" Mənzil Tikinti Kooperativinin özbaşınalığına və qanunsuz hərəkətlərinə “göz” yummuşdur. Nəsimi rayon icra və probasiya şöbəsinin icra məmurlarının fəaliyyətsizliyi nəticəsində MTK-nın iddiaçılara qarşı hüquqa zidd əməl ilə uzun müddətli qeyri insani davranışları, təcavüzü nəticəsində bütün ailə üzvləri hamısı stress keçirmiş, bunun nəticəsində onlar mənəvi ağrı və iztirabla üzləşmiş və bu səbəbdən İddiaçı2 şəkər xəstəliyinə tutulmuş, onun gözlərində ağır formada mərhələ- dekompensasiya, hər iki gözdə Proliferatik diabetik retinapatiya müəyyən olunmuşdur. MTK ilə onların arasında olan uzun məhkəmə mübahisələrinin və yaşayış tərzin dözülməz olması analarının səhhətinə da az təsir etməmişdir. X1 06.07.2020-ci il tarixdə ürəyin ateroklorotik xəstəliyindən dünyasını dəyişmişdir. Bundan başqa, iddiaçılar tərəfindən verilmiş iddia ərizəsinə əlavə onunla əsaslandırılmışdır ki, mənkəmə prosesi zamanı cavabdeh tərəfindən Ali Məhkəmənin müvafiq qərarının Nəsimi rayon İcra və Probasiya şöbəsi tərəfindən icra tədbirlərinin aparılması ilə əlaqədar sənədlər müzakirə olunmuş və müzakirə zamanı icra məmurlarının icra tədbirinin qanunauyğun olmadan aparılması və həmin tədbirlərin sənədləşməsində kobud səhvlər olduğu müəyyən olundu. Belə ki, icra təbbirinin 21.01.2020-ci il tarixdən 27.01.2020-ci il tarixinə təxirə salınması barədə 21.01.2020-ci il tarixli akt tərtib olunmasına baxmayaraq, onlara məxsus mənzillər onlara bildirilmədən MTK tərəfindən 22.01.2020-ci il tarixdə özbaşına olaraq sökülmüş və onlara məxsus əmlaklar MTK tərəfindən oğurlanmışdır. Bu fakt Nəsimi rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib olunmuş 22.01.2020-ci il tarixli Aktda qeyd olunmuşdur. Qeyd etmək lazımdır ki, Nəsimi rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib olunmuş icra tədbirinin 21.01.2020-ci il tarixdən 27.01.2020-ci il tarixinə təxirə salınması barədə müvafiq aktda bizə dair əmlakların onlara təhvil verilməsi qeyd olunmuşdur. Halbuki, həmin əmlaklar cavabdeh tərəfindən onların xəbəri olmadan götürülmüşdür. Nəsimi rayon İcra və Probasiya şöbəsi MTK tərəfindən qeyd olunan qanunsuz hərəkətlərə heç bir münasibət bildirməmiş və MTK-nın onlara qarşı etmiş olduğu qanunsuz əməlləri ört-basdır etmişdir. Bundan başqa, məhkəmə prosesi zamanı Nəsimi rayon İcra və Probasiya şöbəsinin əməkdaşları əmlakların MTK tərəfindən qanunsuz olaraq aparıldığını və bununla əlaqədar video görüntüləri də nümayiş etdirdilər. Belə ki, həmin video görüntülərdən göründüyü kimi "xxxx" MTK-nın fəhlələri əmlakları necə gəldi daşıyaraq, bir qaraja yığırlar və həmin zaman İcra tədbirini həyata keçirməli olan məsul şəxslər bu prosesdə iştirak etmirlər. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 72.5-ci maddəsinə əsasən çıxarılma icra məmuru tərəfindən hal şahidlərinin iştirakı ilə və hökmən əmlak siyahıya alınmaqla həyata keçirilir. İş materiallarından və cavabdehin məhkəmədə vermiş olduğu izahatdan göründüyü kimi onlara məxsus əmlaklar qanunvericilikdə nəzərdə tutulmuş qaydada siyahıya alınmamış və bununla da onlara maddi və mənəvi ziyan dəymişdir. Bundan başqa, bizim tərəfimizdən Nəsimi rayon İcra və Probasiya şöbəsinə 16.01.2020-ci il tarixli ərizə ünvanlanmışdır. Həmin ərizədə onlar Nəsimi rayon İcra Başçısının müvafiq sərəncamından şikayət verdiyi və bu səbəbdən 21.01.2020-ci il tarixinə təyin olunmuş icra tədbirini dayandırılmasını xahiş etmişdilər. İcra şöbəsinin əməkdaşı R.Quliyev onlara həmin icra tədbirini dayandıracağını bildirsə də nəticədə onlara aldatmış və onların ərizələrinə heç bir hüquqi münasibət bildirməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-901/2021 saylı, 11.03.2021-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Nəsimi rayon İcra Şöbəsinə və Cavabdeh2nə qarşı “100.000 (yüz min) manat məbləğində maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-901/2021 saylı, 11.03.2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iş üzrə yeni iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və onların nümayəndəsi və vəkili X11 apellyasiya şikayətlərini müdafiə etdilər və həmçinin bildirdilər ki, onların iddia tələbi inzibati orqanın əməkdaşları Nəsimi rayon İcra şöbəsinə və Cavabdeh2nə qarşı yönəlməklə, onların qanunsuz hərəkətləri və hərəkətsizliyi ilə əlaqədar məruz qaldıqları haqsızlıqlarla əlaqədar 100.000 mant məbləğində kompensasiyanın onlara ödənilməsinə yönəlmişdir. Ona görə də, məhkəmə aidiyyəti ilə bağlı işlərinə inzibati məhkəmədə baxılmasını məqsədəmüvafiq sayırlar. Cavabdeh2 nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək məhkəmə aidiyyəti ilə bağlı məsələnin məhkəmənin səlahiyyətinə buraxdığını bildirdi. Cavabdeh Nəsimi rayon İcra şıbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və pozulmuş hüquqların ədalət mühakiməsinin əsas prinsiplərinin tələblərinə cavab verən şəkildə bərpa edilməsi üçün qanunvericilikdə digər təminatlar da nəzərdə tutulmuşdur. Həmin təminatlardan biri Konstitusiyanın 62-ci maddəsində təsbit edilmiş hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququdur. Bu normada qeyd edilən “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydaları, qanuni məhkəmə tərkibinin mövcudluğu və s. subyektiv elementləri ehtiva edir. Qanunvericilikdə mübahisələrin məhkəmə aidiyyəti məsələsinin aydın və dəqiq göstərilməsi insan və vətəndaş hüquq və azadlıqlarının məhkəmə təminatı baxımından olduqca əhəmiyyətlidir. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biridir və qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə icraatı qaydasında baxılması ilə bağlı qeyri-müəyyənlik yaranmış olar. Belə qeyri-müəyyənlik işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarada, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair “ 6 oktyabr 2012-ci il tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında hər kəsin hüquq və qanuni maraqlarının qorunmasında məhkəmə aidiyyətinin dəqiq müəyyən edilməsinin əhəmiyyətini vurğulamaqla yanaşı, bu qaydalara uyğun olaraq qəbul edilən qərarların icrasının ümumilikdə məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmasını da xüsusilə qeyd etmişdir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. Bu məsələ ilə bağlı Konstitusiyanın 129-cu maddəsinin müddəaları böyük əhəmiyyətə malikdir. Həmin maddənin tələblərinə görə, məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Beləliklə, Konstitusiya və beynəlxalq-hüquqi aktların tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli bərpa olunmasını təmin etməlidir. Məhz bu baxımdan qanunverici öz səlahiyyətləri çərçivəsində hər kəsin hüquq və azadlıqlarının qorunması məqsədilə qanuni qüvvəyə minmiş məhkəmə aktının icrası mərhələsində həmin aktın icra olunmasının təmin edilməsinə yönəlmiş qaydaları müəyyən edir və onları mütəmadi təkmilləşdirir. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” 4 aprel 2012-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə İnzibati-Prosessual Məcəllənin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Sonradan “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 16 oktyabr tarixli Qanunu ilə 87.1ci maddəyə dəyişiklik edilmiş, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclunun icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilməsi müəyyən edilmişdir. Lakin nəzərə alınmalıdır ki, Qanunun həmin maddəsinə dəyişiklik edilsə də, icraatın dayandırılması və ya ona xitam verilməsi məsələlərini tənzimləyən 21-ci maddəsinə dəyişiklik edilməmişdir. Hazırkı işdə iddiaçıların tələbi Nəsimi rayon İcra şöbəsinin qanunsuz hərəkətlərindən (hərəkətsizliklərindən) sadəcə şikayəti deyil, həmin hərəkət və hərəkətsizliklər nəticəsində dəymiş mənəvi zərərə görə 100.000 manat məbləğində kompensasiya ödənilməsinə dair qətnamənin qəbul edilməsini ifadə edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır. Ona görə məhkəmə kollegiyası hesab edir ki, həmin iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.5-ci -ci maddəsi müəyyən edir ki, apellyasiya instansiyası məhikəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Nəsimi rayon İcra və Probasiya Şöbəsinə və Cavabdeh2nə qarşı “Nəsimi rayon İcra Şöbəsinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində iddiaçılara vurulmuş maddi və mənəvi zərərə görə 100.000 (yüz min) manat məbləğində kompensasiya ödənilməsi” tələbinə dair işə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir. Ona görə iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, icraata xitam verilməli və iddiaçıların eyni iddia tələbi ilə Bakı İnzibati məhkəməsinə müraciət etməli olmaları izah olunmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 261, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı1, İddiaçı2, İddiaçı3 apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-901/2021 saylı, 11.03.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. İddiaçıların eyni iddia tələbi ilə İnzibati məhkəməyə müraciət etməli olmaları izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9150/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9150/2021
18.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver