Məhkəmə qərarları › İş №2(103)-916/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-916/2021

13.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-916/2021 13.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyan” tələbinə dair 2(001)-3676/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə maddi ziyana görə 20347 manat, nümayəndəsinə verdiyi etibarnaməyə görə ödədiyi dövlət rüsumuna görə 11,50 manat, dövlət rüsumuna görə 30 manat, mənəvi ziyana görə 10000 manat olmaqla cəmi 30388,5 manatın tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2010-cu ildə Cavabdeh ondan Beynəlxalq Bankda krediti olduğu üçün kreditə “Subaru Legacy” markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobili onun adına rəsmiləşdirib verməsini xahiş etmiş, müqavilə üzrə aylıq krediti də özünün vaxtlı vaxtında ödəyəcəyini bildirmişdir. O, cavabdehə inanıb həmin avtomobili almaq üçün bankdan 14800 manat kredit götürmüşdür. Cavabdeh razılaşdıqları kimi ayda 543 manat olmaqla 5 ay krediti ödədikdən sonra işdən çıxmış və bu səbəbdən də aylıq krediti ödəyə bilməmiş, sonra cavabdeh maşını başqa şəxsə sataraq kreditin ödənilməsini təmin edəcəyini ona bildirmişdir. Daha sonra cavabdeh avtomobili Fəqan Səfərova sataraq sonuncudan 3500 manat alsa da krediti ödəməmiş və həmin pulu öz ehtiyaclarına xərcləyərək onu bank qarşısında çox ağır maddi duruma salmışdır. F.Səfərov da öz növbəsində maşını alıb krediti ödəməyə söz versə də sözünə əməl etməmişdir. Buna görə də o, polisə şikayət ərizəsi ilə müraciət etmiş, həmçinin banka müraciət edərək maşının axtarışı ilə bağlı Baş X11 İdarəsinə müraciət etmələrini xahiş etmişdir. Bank onun müraciətinə məhəl qoymamış, polis isə xeyli vaxt keçdikdən sonra maşını axtarışa vermişdir. Daha sonra Bakı şəhəri Binəqədi RPİ-nin xx.xx.2020-ci il tarixli qərarı ilə onun şikayəti əsasında cinayət işinin başlanması rədd edilmişdir. Araşdırma ilə məlum olmuşdur ki, Fəqan Səfərov özbaşına maşını Qaradağ rayonu Lökbatan qəsəbəsində yaşayan Elnur adlı şəxsə qeyri-qanuni satmışdır. Hazırda avtomobilin axtarışı heç bir nəticə verməmiş və avtomobil tapılmamışdır. Beləliklə avtomobilin hissələrə bölünərək satıldığı ehtimal edilir. Bakı şəhəri Binəqədi RPİ-nin İstintaq şöbəsində aparılan araşdırma zamanı izahatı alınmış Cavabdeh onun izahatında qeyd etdiklərini etiraf etmişdir. Belə ki, cavabdeh izahatında 2010-cu ildə bankda girovlu maşını olduğu üçün öz adına maşın ala bilməməsini, ona görə də ona müraciət etdiyini, “Subaru Legacy” markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı maşını bankda ipoteka ilə yüklü etməklə onun adına aldığını, lakin daha sonra maşının kreditini ödəyə bilmədiyini, maşını Fəqan Səfərova satdığını bildirmişdir. Cavabdeh F.Səfərovun maşının pulunu ödəmədiyini və F.Səfərovun maşını Elnur adlı şəxsə satdığını, Elnur adlı şəxslə görüşdükdən sonra maşının aqibətindən xəbəri olmadığını izahatında qeyd etmişdir. Araşdırma zamanı izahatı alınmış Fəqan Səfərov onun Beynəlxalq Bankdan yüklü edilməklə “Subaru Legacy” markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı maşını Cavabdeh üçün aldığını, maşının pulunu Cavabdeh ödədiyini, daha sonra 3500 manat verərək maşını Cavabdeh aldığını, 3-4 ay sürdükdən sonra maşını Ramin Məmmədov vasitəsilə tanıdığı Elnur Məhərrəmova 200 manat alaraq verdiyini bildirmiş, E.Məhərrəmovun maşını götürdükdən sonra təmir etdirib sürdüyünü, etibarnamə ilə bağlı onunla S.T.Əliyev arasında mübahisə yarandığını bundan sonra E.Məhərrəmovdan xəbəri olmadığını göstərmişdir. Araşdırma zamanı izahatı alınmış Ramin Məmmədov bildirmişdir ki, 2010-ci ilin sonlarında Fəqan və Elnurla Biləcəridə yerləşən kafelərin birində çay içərkən Fəqan onda Subaru markalı vuruq vəziyətdə olan maşın olmasını bildirmiş, Elnur maşını Fəqandan istəmiş, Fəqan razılaşaraq maşını Elnura vermişdir. Birlikdə Masazıra gedib maşını götürmüşlər və 1 il sonra Elnurun həmin maşını sürdüyünü görmüşdür. Araşdırma zamanı izahatı alınmış Elnur Məhərrəmov bildirmişdir ki, **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobili xatırlayır, belə bir avtomobil almışdır, ancaq həmin avtomobilin aqibətindən xəbəri yoxdur. Beləliklə Cavabdeh qanunsuz əməlləri nəticəsində ona Binəqədi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(001)-1132/13 saylı qətnaməsinə əsasən 20 347 manat məbləğində borc yazılmışdır. Qətnaməyə əsasən iddiaçı xxxx ASC-nin cavabdeh İddiaçı qarşı ipotekaya qoyulmuş avtomobilin hərracdan satılması və kredit borcunun tutulmasına dair iddia ərizəsi qismən təmin edilmiş, cavabdeh İddiaçı 14793 manat məbləğində əsas kredit borcu, 4643 manat faiz borcu, 911 manat dəbbə pulu olmaqla cəmi 20347 manat məbləğində borcun iddiaçı xxxx ASC-nin xeyrinə tutulması, iddia tələbinin İddiaçı mülkiyyətində olan **-KJ-*** dövlət nömrə nişanlı Subaru Legasy markalı avtomobilə yönəldilməsi və həmin avtomobilin ilkin satış qiyməti 21200 ABŞ dolları müəyyən edilməklə açıq hərracda satılması, bankın kredit tələbinin satılmış əmlak hesabına ödənilməsi qət edilmişdir. Dəfələrlə müracət etsə də cavabdeh həmin pulu ona qaytarmaqdan boyun qaçırmış bankın ödənişlərini vaxtında etmədiyinə görə ona faizlər hesablanmış maddi və mənəvi zərər vurulmuşdur. Halbuki cavabdeh yüksək maaşlı işdə işləyir və həmin borcu ödəmək imkanına malikdir. Lakin cavabdeh bundan imtina edir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona maddi və keçirdiyi streslər nəticəsində mənəvi ziyan da vurulmuşdur. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh maddi ziyana görə 20347 manat, məhkəmə xərclərinə görə 41,50 manat olmaqla cəmi 20388,50 manat pulun İddiaçı xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən əsas sübutu onun polis orqanında vermiş olduğu izahatı və X2 məhkəmədə vermiş olduğu izahatı əsas götürərək, cavabdeh öz izahatında tam şəkildə həmin ipoteka yüklü edilmiş avtomaşının etap-etap kimlərin əlinə keçməsini və onunla iddiaçı arasında heç bir borc müqaviləsinin olmamasını, sadəcə olaraq o, iddiaçının xahişi ilə atasının aldadılması məqsədini güdərək, ondan iltizam və izahatlar alınması əsas sübut növü sayılsa da, hakim nəzərə almamışdır ki, bu günə qədər avtomaşının yeri məlum deyil və iddia ərizəsində adları çəkilən (avtomaşını sənədləşdirmə aparılmadan alan digər şəxs - Elnur Məhərrəmov və həmin alqı-satqıda vasitəçi rolunda olan Ramin Məmmədov) qəsdən məhkəməyə dəvət edilməyərək qanunsuz və əsassız qərar qəbul edilmişdir. Bununla yanaşı onu da qeyd etmək istəyir ki, avtomaşını onun vasitəçiliyi ilə İddiaçı Səfərov Fəqana rəsmi sənədlə satmış, Fəqan da öz növbəsində Notariusun qarşısında sənədləşdirmə aparılarkən vermişdir, o, isə 5 aydan sonra avtomaşını 200 manat dəyərində tanımadığımı Elnur Məhərrəmov adlı şəxsə eşitdiyinə görə satmışdır və Elnur polisdə öz izahatında bunu təsdiq etmişdir. X4 RPİ-də izahat alınarkən o, izahatında bildirmişdir ki, həmin “Subaru Legasy” markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomaşını həqiqətən də almışdır, lakin maşının aqibətindən xəbəri yoxdur. Belə olan halda avtomaşının harada olması məhkəmə tərəfindən araşdırılmadan və qeyd etdiyi şəxsin məhkəməyə çağrılmasına şərait yaradılmayaraq, hakim heç bir qanunvericiliyə söykənməyərək, sadəcə olaraq iltizamı əsas gətirərək ona qarşı qanunsuz qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsində təqdim edilən sübutların bir-biri ilə bağlılığının olmaması, hansı formada borcun yaranması, əgər borc varsa və həmin borc məbləğinin iddiaçıya qaytarılması, hansı məbləğdə borcun qalması barədə məhkəməyə hansısa bir tutarlı sübutların təqdim edilməməsi ona dəlalət edir ki, iddiaçının əsas sübutu başqa bir məhkəmədə qüvvədə olmuş ona aid qətnaməsi məhkəmə tərəfindən sübut hesab edilmişdir. Şifahi sözlərlə iddiasını əsaslandırmaq üçün zəruri olan sübutlar məhkəməyə təqdim edilməmiş, sadəcə olaraq iddiaçının mülahizələri üzrə hakim tərəfindən qanunsuz qətnamə tərtib edilmişdir. Əsas məqam ondan ibarətdir ki, hakim iddia müddətinin keçməsini nəzərə almayaraq (10 il müddət keçmişdir), həmin borcun ona aid olmadığı sübuta yetirilsə də, araşdırılan mülki iş üzrə hərtərəfli, obyektiv və tam təhqiqat aparmamışdır. Apellyasiya baxışı zamanı cavabdehin təmsilçisi şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. İddiaçı və vəkili hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Apellyasiya baxışı zamanı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmiş X5 və X6 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, onlar iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, xx.xx.2011-ci il tarixli, AB № 398509 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən İddiaçı “Subaru Legacy” markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair hüquqları xx.xx.2011-ci il tarixdə qeydə alınmışdır. Azərbaycan Respublikası DİN-nin məlumatından müəyyən olunur ki, xx.xx.2011-ci il tarixli şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan “Subaru Legacy” markalı, ** KJ *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair Cavabdeh xx.xx.2011-ci il tarixdən xx.xx.2017-ci il tarixədək, X3 xx.xx.2011-ci il tarixdən xx.xx.2013-cü il tarixədək etibarnamə verilmişdir. xx.xx.2011-ci il tarixli, ƏN-İİ № 375811 saylı etibarnamənin surətindən görünür ki, İddiaçı “Subaru Legacy” markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2013-cü ilədək idarə etməyi X3 etibar etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(001)-1132/13 saylı qətnaməsinə əsasən iddiaçı “xxxx” ASC-nin cavabdeh İddiaçı qarşı ipotekaya qoyulmuş avtomobilin hərracdan satılmasına və kredit borcunun tutulmasına dair iddia ərizəsi qismən təmin edilərək, cavabdeh İddiaçı 14793 manat məbləğində əsas kredit borcu, 4643 manat faiz borcu, 911 manat dəbbə pulu olmaqla cəmi 20347 manat borcun iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulması, iddia tələbinin İddiaçı mülkiyyətində olan **-KJ-*** dövlət nömrə nişanlı, “Subaru Legasy” markalı avtomobilə yönəldilməsi və həmin avtomobilin ilkin satış qiyməti 21200 ABŞ dolları müəyyən edilməklə açıq hərracda satılması, bankın kredit tələbinin satılmış əmlak hesabına ödənilməsi, avtomobilin satışından əldə olunmuş məbləğ kredit borcunun ödənilməsinə yönəldilməsi, iddiaçının tələbi ödənildikdən sonra avtomobilin satışından əldə olunan vəsaitin artıq qalan hissəsinin cavabdeh İddiaçı verilməsi qət edilmişdir. Binəqədi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi T.Arazlının xx.xx.2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, İddiaçı şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh Binəqədi RPİ-nin 6-cı PB-nə verdiyi xx.xx.2019-cu il tarixli və Binəqədi RPİ-nə verdiyi xx.xx.2020-ci il tarixli izahatlarında göstərmişdir ki, 2010-cu ildə bankda girovlu maşını olduğu üçün öz adına başqa maşın ala bilmədiyindən dostu Samirə müraciət etmiş, Samir onunla razılaşmışdır. Bundan sonra o, Subaru markalı **-KJ-*** qeydiyyat nişanlı maşını bankda ipoteka ilə yüklü etməklə almışdır. Maşını Samirin adına almış, lakin aylıq krediti o ödəmişdir. O, 5 ay ərzində vaxtlı-vaxtında krediti ödəmişdir. Lakin sonra işdən azad edildiyi üçün maşının kreditini ödəyə bilməmiş, ona görə də maşını satmaq qərarına gəlmişdir. Maşını çoxdan tanıdığı Fəqan Səfərova 3500 manat ilkin ödəniş alaraq vermişdir. Fəqana maşını verdikdən sonra Fəqan ödənişləri gecikdirməyə başlamışdır. O, Fəqandan maşının pulunu verməsini tələb etdikdə Fəqan ödəyəcəyini vəd edərək onu aldatmışdır. Bu dövrdə o, banka müraciət edərək maşını BDYPİ-nin duracağına qoymasını istəmişdir. Lakin bank əsassız yerə bundan boyun qaçırmışdır. Bundan sonra onlar maşını axtarmağa başlamış, məlum olmuşdur ki, Fəqan maşını Elnur adlı şəxsə heç bir rəsmi sənədləşmə aparmadan satmışdır. Onlar maşını taparaq Elnur adlı şəxsdən maşını qaytarmağı və ya pulunu ödəməyi tələb etmişlər, lakin sonuncu maşını qaytarmayacağını bildirmişdir. Hazırda o, avtomaşının kimdə və harada olması barədə məlumatsızdır. X1 RPİ-nin 6-cı PB-nə verdiyi izahatında göstərmişdir ki, o, “Subaru Legacy” markalı, **-KJ-*** dövlət nömrə nişanlı avtomaşını xatırlamır, bu avtomobili almamış, İddiaçı adlı şəxsi tanımır, sonuncu ilə avtomaşın alışı ilə bağlı heç bir söhbət etməmişdir. 2015-ci ildə qara rəngli Subaru markalı, orta nömrə nişanı 485 olan avtomaşını olmuş, həmin avtomaşını Beynəlxalq Banka təhvil vermişdir. Bakı Şəhəri Binəqədi Rayon İcra və probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli, xx/xx-17094-29 saylı məktubundan görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(001)-1132/013 saylı icra sənədində qeyd olunan “Subaru Legacy” markalı, **-KJ-*** dövlət nömrə nişanlı avtomobilin axtarılıb tapılması və saxlanılaraq cərimə meydançasına qoyulması barədə müxtəlif tarixlərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinə müraciətlər olunmuş, lakin bu günədək qeyd olunan ipoteka predmeti olan avtomobilin tapılması barədə Bakı Şəhəri Binəqədi Rayon İcra və probasiya şöbəsinə məlumat daxil olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmədiyindən və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülli Məcəlləsinin 1096.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Hazırkı iş üzrə iddiaçı cavabdehdən maddi ziyana görə 20347 manat və mənəvi ziyana görə 10000 manat pulun tutulmasını xahiş edir. Maddi ziyanın əsası qismində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(001)-1132/13 saylı qətnaməsi ilə ondan tutulmalı olan kredit borcunun məbləğini qeyd etmişdir. Həmin qətnamə ilə tutulmalı məbləğ İddiaçı bank qarşısında öhdəliyini yerinə yetirməməsindən irəli gəlir. Cavabdeh İddiaçı 20347 manat məbləğində maddi ziyan vurması sübuta yetirilmir. Lakin İddiaçı Cavabdeh etibarnaməli idarəçiliyinə verdiyi “Subaru Legacy” markalı, **-KJ-*** dövlət nömrə nişanlı avtomaşını tələb etmək hüququna malikdir. Belə ki, avtomobilin məhv olmasına dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Habelə, “Subaru Legacy” markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2013-cü ilədək idarə edilməsi barədə X3 xx.xx.2011-ci il tarixli, ƏN-İİ № 375811 saylı etibarnamə verildiyi müəyyən edilmişdir. Buna görə maddi ziyanın ödənilməsi hissəsində iddia tələbi əsassız və qanunsuzdur. Mənəvi ziyanın tutulması tələbinə münasibətdə nəzərə alınmalıdır ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" xx xxxxxx 2008-ci il tarixli 7 saylı Qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər... Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Hazırkı iş üzrə cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya mənəvi ziyan dəydiyi sübuta yetirilmədiyi üçün iddia həmin hissədə təmin edilə bilməz. Qeyd edilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(001)- 3676/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı Cavabdeh onun xeyrinə maddi ziyana görə 20347 manat, nümayəndəsinə verdiyi etibarnaməyə görə ödədiyi dövlət rüsumuna görə 11,50 manat, dövlət rüsumuna görə 30 manat, mənəvi ziyana görə 10000 manat olmaqla cəmi 30388,5 manatın tutulmasına dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar