Məhkəmə qərarları › İş №2(103)-9160/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9160/2021

21.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9160/2021 21.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1, onun nümayəndəsi və vəkili X6 iştirakı ilə, İddiaçılar İddiaçı və X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-39/2021 saylı 26 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı və X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi zərərin ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, törətdiyi əməlləri ilə oğlu X10 ölümü nəticəsində ona vurduqları maddi ziyana görə 61.000 manat (dəfn və dəfn mərasimlərinin keçirilməsi ilə bağlı), mənəvi ziyana görə 1.000.000 (bir milyon) manat və uşaqların həddi-büluğa çatana qədər saxlanılmaları üçün hər ay 320 manat məbləğində vəsaitin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2015-ci il sentyabr ayının 13-də, gecə saat 01:12 radələrində Suraxanı rayonu, Qum adası yaxınlığında Zığ-Hövsan yolunda yol hərəkəti qaydalarını pozaraq, sürətlə hərəkət edən iki ədəd avtomobil oğlu X15 vurmuş və nəticədə o, dünyasını dəyişmişdir. Hadisə baş verdikdən sonra hər iki avtomobilin sürücüsü hadisə yerindən qaçmışlar. Faktla bağlı Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə Suraxanı RPl-nin İŞ-də cinayət işi başlanılmış və istintaqı aparılmışdır. Hadisəni törədib hadisə yerindən qaçmış hər iki sürücünün şəxsiyyətləri bir müddət sonra əməliyyat yolu ilə müəyyən edilərək onlar istintaqa cəlb edilmişlər. Cinayət işinə 14 avqust 2018-ci ildə Suraxanı Rayon Məhkəməsində baxılmış və məhkəmənin həmin tarixli, 1(010)-491/2018 saylı hökmü ilə hər iki cavabdehin barəsində ittiham hökmü çıxarılmışdır. Həmin işdə o, zərərçəkimişin hüquqi varisi kimi tanınmışdır. Zərərçəkmiş şəxsə qarşı cinayəti törətmiş cavabdehlər onlara maddi və mənəvi zərər vurmuşlar. Odur ki, maddi və mənəvi zərərin cavabdehlərdən tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Belə ki, zərərçəkmiş şəxsin dəfni ilə bağlı çəkdiyi maddi zərərin strukturu aşağıdakılardan ibarət olmuşdur: 1) zərərçəkmiş şəxsin dəfni ilə bağlı yas mərasimində iştirak etmiş qonaqların qarşılanması zamanı (təqribən 2500 adam) çəkdiyi ehsan xərcləri - 20.000 manat, 2) cümə axşamlarına çəkilən xərclər - 4 dəfə, hər dəfə təqribən 2.500 manat, ümumilikdə isə 10.000 manat, 3) mərhumun qırx mərasiminə çəkilən xərclər - 10.000 manat, 4) qəbir üstünün götürülməsi xərcləri - 8.000 manat, 5) il mərasiminin keçirilməsinə çəkilən xərclər - 10.000 manat, 6) bayram və qeyri-bayram günlərində qəbirüstünün ziyarətlərinə çəkilən xərclər - 3.000 manat. Beləliklə, oğlu X15 iki avtomobilin vurması nəticəsində onun yas mərasiminə, dəfninə və yas mərasimi ilə bağlı digər tədbirlərinə çəkdiyi xərclər - maddi ziyan təqribən 61.000 manat təşkil edir ki, həmin vəsait cavabdehlərdən müştərək qaydada alınaraq ona verilməlidir. Bundan əlavə, oğlunun dünyasını dəyişməsi nəticəsində mənəvi və psixoloji sarsıntılara məruz qalmışlar. Bu sarsıntılar heç vaxt bərpa oluna bilməz və ömürlük xarakter daşıyır. Ona və ailəsinə (onun azyaşlı uşaqlarına) vurulmuş bu sarsıntıları 1.000.000 (bir milyon) manat məbləğində dəyərləndirir və hesab edir ki, həmin məbləğ də müştərək qaydada cavabdehlərdən tutularaq ona verilməlidir. Bundan əlavə, oğlu X20 rəhmətə getdikdən sonra onun iki azyaşlı uşağı - 05 iyul 2013-cü il təvəllüdlü qızı Səlimə Hacıyeva və 18 fevral 2016-cı il təvəllüdlü oğlu Turac Hacıyev qalmışlar ki, həmin uşaqlar da onun himayəsi altındadırlar. Ataları rəhmətə gedəndən sonra onların saxlanılmasında ciddi problemlər yaranmışdır. O səbəbdən hesab edir ki, uşaqların saxlanılması üçün cavabdehlərdən müştərək qaydada hər ay Azərbaycan Respublikasında uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunun aşağı həddindən az olmamaq şərti ilə pul vəsaiti tutularaq ona verilməlidir. Ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 2019-cu il üçün 160 manat müəyyən edildiyindən, hesab edir ki, həddi-buluğa çatanadək gələcəkdə yaşayış minimumuna uyğun olaraq dəyişdirilmək şərti ilə hər uşağın saxlanılması üçün 2019-cu ilin yaşayış minimumuna uyğun olaraq ayda 160 manat, ümumilikdə isə 320 manat pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq ona verilməlidir. Beləliklə, qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilir ki, cavabdehlər qanunsuz və təqsirli hərəkətləri ilə ona və ailəsinə maddi və mənəvi ziyan vurmuşlar. Bununla əlaqədar İddiaçı qanunsuz əməlləri ilə oğlu X10 ölümü nəticəsində ona vurduqları maddi ziyana görə 61000 manat (dəfn və dəfn mərasimlərinin keçirilməsi ilə bağlı), mənəvi ziyana görə 1.000.000 (bir milyon) manat və uşaqların həddi-büluğa çatana qədər saxlanılmaları üçün hər ay 320 manat məbləğində vəsaitin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-39/2021 saylı, 26 aprel 2021ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh2 maddi ziyana görə 2311 (iki min üç yüz on bir) manat, mənəvi ziyana görə isə 2000 (iki min manat pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi, 05 iyul 2013-cü il təvəllüdlü Hacıyeva SəliməTurab qızının və 18 fevral 2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 175 (yüz yetmiş beş) manat, ümumilikdə 350 (üç yüz əlli) manat Cavabdeh2 tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, həmin qətnaməni qanunsuz və əsassız hesab edir. Belə ki, o, Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 14 avqust 2018-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 236.2-ci maddəsi ilə 2 il 6 ay müddətinə nəqliyyat vasitlərini idarə etmək hüququndan məhrum olmaqla, 4 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını çəkmiş, X17 əfv sərəncamı ilə 18 mart 2021-ci il tarixdə cəzadan azad olunmuşdur. Suraxanı Rayon Məhkəməsində o, bildirmişdir ki, ehtiyatsızlıqdan qəza törədilməsi hadisəsi birinci avtomobilin sahibi tərəfindən olmuşdur. Ölənin dostu ilə onu gətirib təcili yardıma aparmışdır. Lakin mərhumu avtomaşınla vuran adam qoyub qaçmışdır. Hadisəni törədən adama isə heç bir cəza verilməmiş, qanunun var gücü ilə cəzalandırılmamışdır. Onun özünün himayəsində azyaşlı bir övladı və onkoloji xəstəlikdən əziyyət çəkən anası var. O, yas mərasimində iştirak etməklə bərabər, dəfn və yas xərclərinə köməklik etmişdir. Ona görə də apellyasiya məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Hal-hazırda da sağlamlığında ciddi problemlər olmaqla, başqa yerdən gəlir və qazancı yoxdur. Cəzasını çəkərkən cəzaçəkmə məntəqəsində ciddi xəstəliklərə düçar olmuşdur. Qətnamə qanunsuz və əsassız hesab edir və onun ləğv olunmasını xahiş edir. Hesab edir ki, apellyasiya şikayəti qanuni və əsaslıdır, buna görə də təmin olunmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1, onun nümayəndəsi və vəkili X16 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-39/2021 saylı 26 aprel 2021ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış digər Cavabdeh2 məhkəməyə gəlmədiyinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək hesab edir ki, Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi alimentə dair hissədə dəyişdirilərək, iddia həmin hissədə qismən təmin edilməlidir. İş materiallarında olan: - Suraxanı Rayon Məhkəməsinin 14.03.2018-cİ il tarixli məhkəmə hökmünə əsasən, Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinmiş və həmin maddə üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən keçdiyindən Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cəza təyin edilməmişdir. Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə təqsirli bilinmiş, həmin maddə üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən keçdiyindən Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə cəza təyin edilməmişdir. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməmişdir. Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cavabdeh2 məhkəmə baxışınadək 2 (iki) gün həbsdə qaldığı müddət cəzasından çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə təqsirli bilinmiş, həmin maddə üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən keçdiyindən Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə cəza təyin edilməmişdir. Cavabdeh2 cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması qərara alınmışdır. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməmişdir. - DSİA Bolnisi VR xidməti tərəfindən **********0 nömrəli, 22.02.2017-ci il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Hacıyeva Səlimə 05.07.2013-cü il tarixdə anadan olmuşdur. Ata qrafasında Hacıyev Turab, ana qrafasında Nağıyeva Fazilə qeyd edilmişdir. - DSİA Bolnisi VR xidməti tərəfindən **********6 nömrəli, 09.06.2017-ci il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Hacıyev Turac 18.02.2016-cı il tarixdə anadan olmuşdur. Ata qrafasında Hacıyev Turab, ana qrafasında Nağıyeva Fazilə qeyd edilmişdir. - 17 iyul 2019-cu il tarixli məhkəmə qərardadından (iclas protokolunda qeyd edilmişdir) görünür ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil tərəfindən məhkəmə iclasında verilmiş vəsatət təmin edilmiş, iddiaçının uşaqların həddi-büluğa çatana qədər saxlanılmaları üçün hər ay 320 manat vəsaitin cavabdehlər Cavabdeh1 oğlundan və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi qismində İddiaçı əsl iddiaçı X9 ilə əvəz olunmuşdur. - 17 iyul 2019-cu il tarixli məhkəmə iclasında şahid kimi dindirilmiş X11 məhkəmə iclasında öz izahatına əsasən, İddiaçı ilə əmi uşağı olduğunu, mərhumun yasında təqribi 1200 adam iştirak etdiyini, kəndlərində 2000-3000 adam yaşadığını, əksəriyyəti də yasda iştirak etdiyini, 100 nəfər dostu iştirak etdiyini və yasa gələnlər pul yazıldıqları siyahı dəftəri də olduğunu bildirmişdir. Hər hansı pul ödənişində özü şəxsən iştirak etməmiş, atası iştirak etmişdir. Nə qədər pul xərcləndiyini dəqiq bilmir. Yas məclisinə 2500 nəfər bir gündə gəlməyib, kişi və qadın qonaqlar qarışıqlıq olduğundan, gündəlik neçə nəfər olduğunu tam bilmir. Məclis üçün bazarlığı onun atası və əmisi etmişdir. İiki ədəd yas çadırı qurulmuşdur. Hətta, yas çadırından əlavə çox adam ayaqüstə qalmışdır. Nə qədər ət alındığın tam bilmədiyini, iki gün ərzində çay verən, yemək bişirən, təmizlik üçün işləyənlər və mollalar iştirak etdiyini, iki günə iki ədəd çadır olduğunu, 600 manat çadıra pul verildiyini. 2500 nəfər iştirak etdiyini və dəftərdə 1200 nəfər qeyd olduğunu bildirmişdir. - 17 iyul 2019-cu il tarixli məhkəmə iclasında şahid kimi dindirilmiş X18 məhkəmə iclasında öz izahatında bildirmişdir ki, o, İddiaçı ilə qonşu olmuşdur. İki ədəd kirayə çadır gətirmişdir, həmçinin yemək bişirmək üçün 4 nəfər aşpaz gəlmiş, aşpazın adı Şakir olmuşdur. Bir Qazel avtomobili ilə odun gətirilməsinə baxmayaraq, kifayət etməmişdir. Yas məclislərinin bütün xərcini qohumlar ödəmişdir. Bolinisi rayonunu Darvaz kəndində öz həyətlərində kirayə çadırda yas mərasimi baş tutmuş və kirayə çadır iki dəfə dolub boşalmışdır. Məclisdə təxmini 2500 nəfər adam olmuşdur. - 09 oktyabr 2019-cu il tarixli məhkəmə iclasında şahid kimi dindirilmiş X21 ifadəsində həmin yas yerində onların evindən iki-üç nəfər iştirak etdiyini bildirmiş, əlavə olaraq göstərmişdir ki, Əhmədli qəsəbəsində yol kənarında dayanan yas çadırı quran avtomaşın çağırmışlar. Əti Nərimanovdan almışlar, o həmin vaxt orada olmuşdur. Mərhumun üçündən yeddi mərasiminədək çadırı qurulu saxlamışlar. Baş daşını da danışdığını, yeddi mərasimindən sonra baş daşının və qəbirin kənarından çəkilən hasarın ödənişini etdiklərini bildirmişdir. O, hansı çadır quran avtomaşınla danışıldığının yadında olmadığını, ödənişləri hər zaman dəftərə qeyd etdiyini, lakin sifariş təhvil verildikdən sonra dəftəri cırıb atdığını, hər adambaşına 350 qram ət hesabladıqlarını bildirmişdir. - Qafqaz Müsəlmanları İdarəsi tərəfindən verilmiş 13.02.2020-ci il tarixli 72/1 nömrəli məktuba əsasən, ölmüş şəxsin dəfn edilməsi, qəbir daşının qoyulması, yas mərasimlərinin keçirilməsi ilə bağlı qiymətlərin müəyyən edilməsi səlahiyyətinə aid deyildir. Cənazənin yuyulması və kəfənlənməsi məscidlərdə 50 (əlli) manata yerinə yetirilir. - Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 30 aprel № 9/520 saylı ekspert rəyinə göstərilir ki, iş materiallarında mövcud dəftər məlumatlarına əsasən dəftər məlumatlarının düzgünlüyü məhkəmə tərəfindən qəbul olunduğu təqdirdə, ümumi olaraq dəfn mərasimində yığılan pulların miqdarı 11.017,41 manat təşkil edir. Qeyd olunur ki, dəftər məlumatlarında manat məzənnəsindən başqa ABŞ dolları və Gürcüstan Larisi ilə ödənişlər aparılmışdır. Dəftər məlumatlarında xarici valyutada aparılan idənişlər Mərkəzi Bankın rəsmi saytı olan www.cbar.az saytına əsasən həmin günün manat məzənnəsinə uyğun olaraq konvertasiya edilmişdir. - Əmlak Ekspert Mərkəzi tərəfindən verilmiş 30 oktyabr 2020-ci il tarixli ekspert rəyinə əsasən, aparılmış hesablamalar və təhlillərə əsasən Bakı şəhərində ölümlə bağlı dəfn, başdaşı və 3-ün, 40-ın, cümə axşamlarının və ilin verilməsi üçün yas mərasimlərinə çəkilə bilən orta statistik xərclərin dəyəri: 1. dəfn (yuyulma, daşınma, basdırma, molla və s.) - orta statistik xərc 500 manat, 2. baş daşı (qara mərmər) orta statistik xərc - 3000 manat, 3. mərhumun 3-ü (1 nəfər üçün) - orta statistik xərc 12 manat, 4. Mərhumun cümə axşamları (1 nəfər üçün) - orta statistik xərc 7 manat, 5. Mərhumun 40-ı - orta statistik xərc 12 manat, 6. Mərhumun ili - orta statistik xərc 12 manat hesablanmışdır. Ekspert rəyi X1 (BQS) eləcə də, digər beynəlxalq qiymətləndirmə birliklərinin peşəkar qiymətləndirmə qaydalarına uyğun olaraq hazırlanmışdır. Beləliklə, birinci instansiya məhkəməsində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutlarla müəyyən olunmuşdur ki, Suraxanı rayon məhkəməsinin 1(010)-49/2018 saylı 14.08.2018-ci il tarixli məhkəmə hökmünə əsasən, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin, o cümlədən ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmaya səbəb olduqda avtomobili idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması və bu halda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçma cinayətlərin törədilməsində təqsirli bilinmiş, Cavabdeh2 isə Azərbaycan Respublikası CM-nin 263.2-ci və 264-cü maddələrində nəzərdə tutulmuş ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda avtomobili edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması və bu halda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol-nəqliyyat hadisəsi yerindən qaçma cinayətinin törədilməsində təqsirli bilinmişdir. Suraxanı Rayon Məhkəməsinin qeyd olunan hökmü cavabdehlər tərəfindən mübahisələndirilməmiş və artıq qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Əfəndiyeva Azərbaycana qarşı", “Tarıverdiyev Azərbaycana qarşı”, “Cəfərov Azərbaycana qarşı” və s. qərarlarında qeyd etmişdir ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır”. Belə ki, mübahisənin həllinin hüquqi əsaslardan biri olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1127-ci maddəsinə əsasən zərərçəkənin ölümü nəticəsində dəyən zərər üçün məsuliyyət daşıyan şəxslər dəfn xərclərini çəkmiş şəxsə həmin xərclərin əvəzini ödəməlidirlər. Bu xərcləri çəkmiş fiziki şəxsin dəfn üçün aldığı müavinət zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. Birinci instansiya məhkəməsi əsaslı olaraq hesab etmişdir ki, İddiaçı hər iki cavabdehə, o cümlədən Cavabdeh1 və X12 qarşı maddi və mənəvi zərərin ödənilməsinə dair iddianı irəli sürsə də, məhkəmənin hökmü ilə yalnız Cavabdeh2 ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda avtomobili idarə edən şəxs olaraq tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozma cinayətinin törədilməsində təqsirli bilinmiş və bununla da, onun törətdiyi əməl Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1127-ci maddəsinin dispozisiyasında göstərilmiş zərərçəkənin ölümü nəticəsində dəyən zərər üçün məsuliyyət daşıyan şəxslər anlayışı ilə uzlaşmışdır. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə görə isə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi MM-in 1096.1, və 1097.1, 1127 maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Baxılan işdə cavabdehin iddiaçı qarşısında delikt normaları çərçivəsində mülkihüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlər mövcuddur. Belə ki, Cavabdeh2 əməli hüquqazidd hərəkət olmaqla, mülki hüquq pozuntusu deliktdir, onun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq təqsirli olaraq hüquqa zidd əməl törətməsi, iddiaçının məruz qaldığı zərərin məhz cavabdehin hüquqazidd hərəkəti nəticəsində yaranması və bunlar arasındakı uyğun səbəbli əlaqə yuxarıda sadalanan sübutlarla tam təsdiq olunur. Əvvəla mərhum Turab Hacıyevin (iddiaçının oğlu) cavabdehin təqsiri üzündən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ölməsi işin mübahisəsiz halı olmaqla, onun ölümü ilə əlaqədar yas mərasimlərinin keçirilməsi və dəfnlə bağlı xərclərin yaranması həyatın təbii axarına uyğundur. Eyni zamanda, iddiaçı da məhkəməyə qeyd olunan xərclərlə bağlı sübutlar təqdim etmişdir. Belə ki, Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi və vəkili X5 vəsatətinə əsasən sübutların mötəbərliyinin yoxlanılması məqsədilə həmin dəftərlərin üzərində məhkəməmühasibatlıq ekspertizası aparılmışdır. Yas dəftərlərin məlumatları əsasında hesablamalar aparılmış və rəyə əsasən dəftər məlumatlarının düzgünlüyü məhkəmə tərəfindən qəbul olunduğu təqdirdə ümumi olaraq dəfn mərasimində yığılan pulların miqdarı 11.017,41 manat təşkil edilməsi müəyyən edilmişdir. Bundan əlavə, məhkəmə araşdırılması zamanı qeyd olunan sübutların mötəbərliliyinin yoxlanılması məqsədilə Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi və vəkili X5 vəsatətinə əsasən məhkəmə-əmtəəşünasılıq (qiymətləndirmə) ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Əmlak Ekspert Mərkəzi tərəfindən verilmiş 30 oktyabr 2020-ci il tarixli ekspert rəyinə əsasən, aparılmış hesablamalar və təhlillərə əsasən Bakı şəhərində ölümlə bağlı dəfn, başdaşı və 3-ün, 40-ın, cümə axşamlarının və ilin verilməsi üçün yas mərasimlərinə çəkilə bilən orta statistik xərclənıi dəyəri: dəfn (yuyulma, daşınma, basdırma, molla və s.) - orta statistik xərc 500 manat, 2.baş daşı (qara mərmər) orta statistik xərc - 3000 manat, 3.mərhumun 3-ü (1 nəfər üçün) - orta statistik xərc 12 manat, 4. Mərhumun cümə axşamları (1 nəfər üçün)-orta statistik xərc 7 manat, 5. Mərhumun 40-ı orta statistik xərc 12 manat, 6. Mərhumun ili - orta statistik xərc 12 manat hesablanmışdır. Məhkəmə baxşında iddiaçının nümayəndəsi tərəfindən yas dəftərləri də təqdim edilmiş, iş materiallarına əlavə edilmiş, hər iki dəftərdə ümumilikdə 692 və 127 nəfərin iştirak edilməsi qeyd edilmişdir. Əmlak Ekspert Mərkəzi 30.10.2020- ci il tarixli, ƏEM/O-61-592/20 nömrəli rəyində ekspert qarşısında qoyulmuş sual üzrə müəyyən edilmişdir ki, aparılmış hesablamalara və təhlillərə əsasən, bir nəfərin yas mərasimlərində təşkili və keçirilməsi ilə əlaqədar olan orta məbləği 12 manat təşkil edir. İddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş və cavabdehin nümayəndəsi və vəkili tərəfindən mühasibatlıq ekspertizası əsasında aparılmış yas mərasiminin dəftərlərinə əsasən yas mərasimində iştirak edən ümumilikdə 819 nəfər tərəfindən yasın keçirilməsi üçün pul verilmiş, həmçinin fotoşəkilləri təqdim olunmuş və yuxarıda qeyd olunmuş ekspert rəyində tədqiqat aparılmış baş daşının (qara mərmər) dəyəri 3000 manat, dəfnlə bağlı olan xərclər (yuyulma, daşınma, basdırma, molla) - orta statistik xərc 500 manat, bununla belə hesablamar aparılmaqla 12x819=9828+500+50+3000=13328, beləliklə, iddiaçının dəfn (dəfn mərasiminin keçirilməsi, qəbirdaşının sifarişi) və yas mərasiminin təşkili və keçirilməsi ilə əlaqədar iddiaçı tərəfindən xərclənmiş orta məbləğ 13.328 manat təşkil edir. Birinci intansiya məhkəməsi haqlı olaraq iddiaçı tərəfindən xərclənmiş 13.328 manatın tam şəkildə, yas mərasimində yığılmış pulları nəzərə alınmadan, Cavabdeh2 tutulmasını məqsədəmüvafiq hesab etməmişdir. Birinci intansiya məhkəməsi əsaslı olaraq hesab etmişdir ki, yuxarıda qeyd olunan məbləğin tam şəkildə tutulması real maddi zərərin əvəzinin ödənilməsi deyil, iddiaçının əsassız varlanmasına, cavabdehin üzərinə isə tənasübsüz yükün qoyulmasına səbəb olacaqdır. Belə ki, İddiaçı tələbi, oğlu T.Hacıyevin ölümü ilə bağlı çəkilmiş dəfn xərcləri ilə əlaqədar real maddi zərərin ödənilməsi ilə bağlıdır. Məhkəmə araşdırılması zamanı müəyyən edildiyi kimi, İddiaçı tərəfindən xərclənmiş 13.328 manat məbləğindən aparılmış məhkəmə-mühasibatlıq ekspertizasına əsasən yas dəftərlərinin dəfn mərasimində yığılan pulların miqdarı 11.017,41 manat çıxılmaqla, iddiaçının dəfn və yas mərasimlərinin keçirilməsi ilə bağlı real maddi zərərin məbləği 2311 manat təşkil etməklə, Cavabdeh2 İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı aliment tələbinə dair hissədə düzgün nəticəyə gəlməmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin həmin hissədə dəyişdirilməsi üçün əsas təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1121.3-cü maddəsinə əsasən zərərin əvəzi yetkinlik yaşına çatmayanlara - on səkkiz yaşına çatanadək ödənilir. Mülki Məcəllənin 1122.1-ci maddəsinə əsasən ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsinə hüququ çatan şəxslərə zərərin əvəzi ölənin bu Məcəllənin 1119-cu maddəsinin qaydalarına əsasən müəyyənləşdirilmiş qazancının (gəlirinin) o hissəsi miqdarında ödənilir ki, həmin hissəni onlar ölənin sağlığında öz dolanacaqları üçün alırdılar və ya almaq hüququna malik idilər. Həmin şəxslərə ödənilən zərərin əvəzi müəyyənləşdirilərkən ölənin gəlirinin tərkibinə qazanc (gəlir) ilə yanaşı onun sağlığında aldığı pensiya və digər bu cür ödənclər də daxil edilir. Həmin Məcəllənin 1122.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi miqdarı müəyyənləşdirilərkən ailə başçısının ölümü ilə əlaqədar şəxslərə təyin edilmiş pensiyalar və həm ailə başçısı ölməzdən əvvəl, həm də öldükdən sonra təyin edilmiş digər növ pensiyalar, habelə həmin şəxslərin götürdükləri qazanc (gəlir) və aldıqları təqaüd onlara zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı X3 yoldaşı X20 ölümündən sonra onun iki azyaşlı uşağı 05 iyul 2013-cü il təvəllüdlü X13 və 18 fevral 2016-cı il təvəllüdlü X19 onun himayəsində qalmışlar. Məhkəmə kollegiyası ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin miqdarını müəyyən etməklə, uşaqların ölənin sağlığında öz dolanacaqları üçün aldıqlarını və ya almaq hüququna malik olduqdarını nəzərə almaqla uşağın maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, o cümlədən normal, yəni, qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməsini, uşaqların azyaşlı olmaqla gündəlik tələbatının artmasını, ölmüş şəxsin sağlığında qeyri-müntəzəm gəlirə malik olduğunu, həmçinin iddiaçı X2 heç yerdə işləməməsini, Cavabdeh2 maddi vəziyyətini, onun heş yerdə işləməməsini nəzərə alaraq və qanunvericiliyin yuxarıda sadalanan müddəalarını rəhbər tutaraq qeyd edir ki, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün aylıq ödənişlər şəklində cavabdehdən pulun tutularaq iddiaçıya ödənilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Bununla yanaşı, Kollegiya məhkəmə tərəfindən müəyyən edilmiş hər ay hər uşağa 175 manat olmaqla, ümumilikdə 350 manat məbləği işin hallarına, o cümlədən bu məbləğin ödənilməsi vəzifəsi üzərinə qoyulmuş şəxsin maddi vəziyyətinə uyğun olmadığı qənaətinə gəlir və hesab edir ki, Cavabdeh2 iddiaçı X4 hər bir uşağa görə hər ay 100 (yüz) manat, ümumilikdə 200 (iki yüz) manatın tutulması həm zərər çəkmiş şəxsin, həm də zərərin əvəzini ödəməli olan şəxsin maraqları arasında tarazlığa nail olunması baxımından daha ədalətlidir və onların maraqlarına daha uyğundur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mənəvi zərər tələbinə dair hisssədə işin müəyyən edilmiş hallarına əsasən düzgün nəticəyə gəlmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının 7-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyriəmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 2-ci bəndində Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından“ mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və yaşayış yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və.s. hallarda özünü biruzə verə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002jiiltarixliqərarınaəsasənhər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirməşəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi ''Cinayət və hakimiyyətdən sui-istifadəqurbanlarıüçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında'' Bəyannamənin 1-ci maddəsində göstərilir ki, ''qurbanlar'' termini altında üzv dövlətlərin hakimiyyətdən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsindəəmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuşəmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Bu zaman kollegiya ilk növbədə oxşar işlər üzrə tətbiq edilən belə bir ümumi prinsipi nəzərə alır ki, tutulan mənəvi ziyanın məbləği bir tərəfi həddən artıq zənginləşdirməməli, digər tərəfi isə müflis etməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mənəvi zərərlə bağlı hissəsində işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi əsaslı olaraq hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli və cavabdehdən Cavabdeh2 mənəvi zərərə görə 2.000 manat məbləğində vəsait tutulataq iddiaçıya ödənilməlidir Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-39/2021 saylı 26 aprel 2021-ci il tarixli qətnaməsi ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsi tələbinə dair hissədə dəyişdirilərək 05 iyul 2013-cü il təvəllüdlü X14 və 18 fevral 2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 100 (yüz) manat, ümumilikdə 200 (iki yüz) manatın Cavabdeh2 iddiaçı X2 xeyrinə tutulmalı, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-39/2021 saylı 26 aprel 2021-ci il tarixli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh edilənlərə əsasən və MPM-in 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-39/2021 saylı 26 aprel 2021-ci il tarixli qətnaməsi ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsi tələbinin təmin ediməsi hissəsində dəyişdirilsin və 05 iyul 2013-cü il təvəllüdlü X14 ilə 18 fevral 2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 100 (yüz) manat, ümumilikdə 200 (iki yüz) manat pul Cavabdeh2 iddiaçı X2 xeyrinə tutulsun. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-39/2021 saylı 26 aprel 2021-ci il tarixli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar