Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9173/2021 04.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Məryəm Faiq qızı Orucovanın katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2581/2021 saylı mülki iş üzrə qəbul etdiyi 05 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı və cavabdeh "xxxx" ASC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən ona vurulmuş maddi ziyana görə 24750 manat (məcburi iş buraxma müddəti üçün əmək haqqı 7700 AZN, başqa işə düzəlməkdə cavabdehin təqsiri nəticəsində düzələ bilmədiyi müddət üçün orta əmək haqqı 3000 AZN, işsiz qalmaqla əlaqədar dostundan aldığı borc pulu 2000 AZN, məhkəmə xərcləri 500 AZN və Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada gecikdirilmiş əmək haqqının 1 faizi məbləğinə əlavəyə görə 11550 manatı) və mənəvi ziyana görə 50000 (əlli min) manat məbləğində təzminatın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 21.12.2018-ci il tarixdən "xxxx" ASC-nin Sığorta Hadisələrinin Tənzimlənməsi Departamentinin Sığorta Hadisələri şöbəsinin mütəxəssisi vəzifəsinə təyin olunmuş, 04.11.2019-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verildiyi bildirilmişdir. İşlədiyi bütün müəssisələrdə hər zaman əmək və icra intizamına əməl etmiş, rəhbərlərinin xidməti qaydada və tabeçilik qaydasında verdiyi bütün tapşırıqları vaxtında yerinə yetirmişdir. Son işlədiyi "xxxx" ASC-nin Sığorta Hadisələrinin Tənzimlənməsi Departamentinin Sığorta Hadisələri şöbəsinin mütəxəssisi vəzifəsini layiqincə icra etmişdir. Bir neçə dəfə rəhbərlik tərəfindən ona könüllü olaraq işdən getməyi barədə ərizə yazmağı bildirilmiş, bunun səbəbini soruşduqda isə, bu şirkətin özəl olduğu və rəhbərliyin istədiyi qərarı verməkdə sərbəst olduğu bildirilmişdir. Özü və etibarnamə üzrə nümayəndəsi tərəfindən "xxxx" ASC-yə müraciət edərək sənədlərin təqdim edilməsi xahiş olunsa da "xxxx" ASC tərəfindən müraciətləri cavabsız qaldığından məcbur olub Nəsimi rayon Məhkəməsinə “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş, 20.12.2019-cu il tarixli 2(006)-7275/2019 saylı qətnamə ilə iddia tələbi təmin edilmiş, "xxxx" ASC tərəfindən verilən əmr ləğv edilərək onun əvvəlki işi bərpa olunması haqda qətnamə qəbul edilmişdir. Burada əsas məqsədi ona qarşı tətbiq olunmuş Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin işəgötürən tərəfindən ləğv edilərək əmək kitabçasında müvafiq dəyişikliyin edilməsi olmuşdur. Məhkəmə qətnamə qəbul etməmişdən əvvəl "xxxx" ASC-nin nümayəndəsi ona hər hansı maddi tələbi olmadığı halda 1-ci instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməyəcəyini və qətnamə hüquqi qüvvəyə mindikdən dərhal sonra əmri ləğv edərək onu əvvəlki işinə qaytararaq öz xahişi ilə çıxarılacağını bildirmişdir. Elə bu səbəbdən o zaman "xxxx" ASC-yə qarşı heç bir maddi və mənəvi tələb qoymamışdır. Lakin, "xxxx" ASC-nin rəhbər şəxsləri verdiyi vədlərə əməl etməmiş, Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 iyul 2020-ci il tarixli qərar ilə apellyasiya şikayəti təmin edilmədən Nəsimi rayon Məhkəməsinin 20.12.2019-cu il tarixli 2(006)-7275/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hal-hazırda qanuni qüvvəyə minmiş qətnamə "xxxx" ASC-nin vəzifəli şəxsləri tərəfindən icra olunmur. Hal-hazırda keçirdiyi mənəvi psixoloji sarsıntılar, kollektiv içindəki hörməti, yaxın ətrafının keçirdiyi stress, kollektiv arasında gözdən salınması və gələcək kariyerasının korlanlanması məqsədi ilə barəsində əmrin verilməsi ona mənəvi ziyana görə təzminat tələb etməyimə əsas verir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli 2(006)- 2581/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" ASC-dən məcburi iş buraxma müddəti üçün əmək haqqı və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. İddiaçı və cavabdeh "xxxx" ASC həmin qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayəti vermişlər. İddiaçı apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Belə ki, məhkəmə iclasında şahid kimi ifadə verən Pərvin Abbasov ondan borc aldığımı təsdiq etmişdir. İddia tələbi əsassız olaraq tam təmin edilməmişdir. Cavabdeh "xxxx" ASC apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Belə ki, iddiaçı bir illik iddia müddətini ötürmüş, birinci instansiya məhkəməsinə iddia müddətinin tətbiqi barədə verdiyi ərizə əsassız olaraq qəbul edilməmişdir. Məhkəmə iclasında İddiaçı özü tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə etdi, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli 2(006)-2581/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X3 cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə etdi, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli 2(006)-2581/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın tam rədd edilməsini xahiş etdi. İlk olaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının hədləri müəyyən edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İddiaçı və cavabdeh "xxxx" ASC tərəfindən apellyasiya şikayəti verildiyini nəzərə alaraq birinci instansiya məhkəməsinin əsaslılığı tam yoxlanılmalıdır. Məhkəmə kollegiyası müəyyən edir ki, cavabdeh Əmək Məcəlləsinin 70-ci maddəsində nəzərdə tutulmuş əmək müqaviləsinin ləğv edilməsi əsaslarını pozaraq iddiaçı ilə əmək münasibətlərinə xitam vermişdir. Bu fakt məhkəmə qətnamələri ilə təsdiq olunur. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20.12.2019-cu il tarixli, 2(006)-7275/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "əmrin ləğv edilməsi və digər" tələbinə dair iddia tələbi təmin edilmiş, "xxxx" ASC-nin 04.11.2019-cu il tarixli, AS-k-19/241 saylı əmri ləğv edilmiş və İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sığorta Hadisələri Şöbəsinin mütəxəssisi vəzifəsinə bərpa edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23.07.2020-ci il tarixli, 2(103)- 3578/2020 saylı qətnaməsindən görünür ki, "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20.12.2019-cu il tarixli, 2(006)-7275/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. "xxxx" ASC apellyasiya şikayətində birinci intansiya məhkəməsinin ləğv edilməsinin əsas kimi ona istinad etmişdir ki, AR Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Göründüyü kimi Əmək Məcəlləsində pul və digər tələblərlə bağlı iddia müddəti üçün nəzərdə tutulmuş 1 il prosessual müddət imperativ haldır. İddiaçı bundan əvvəl 04.11.2019-cu il tarixli əmrin ləğv edilməsi və işə bərpa olunmağı barədə iddia ərizəsi ilə 19.11.2019-cu ildə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Bu da İddiaçı hüquqularının pozulduğunu ən yaxşı halda 19.11.2019-cu il tarixdə müəyyən etməsi və Əmək Məcəlləsi ilə nəzərdə tutulmuş 1 il prosessual müddəti ötürməsi hallarını təsdiq edir. Məhkəmə kollegiyası qeyd edir ki, AR Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Qeyd olunan normada imperativ qaydada müəyyən olunmuşdur ki, işə bərpa olunma barədə iddialara baxan zaman məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi məsələsi də həll olunmalıdır. İddiaçı ilk dəfə iddia ərizəsi ilə məhkəməyə müraciət edəndə iddia tələbi olaraq 04.11.2019-cu il tarixli, AS-k-19/241 saylı əmrin ləğv edilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin bununla yanaşı birinci instansiya məhkəməsi məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi məsələsini həll etməli idi. AR Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Qanunun həmin normaları İddiaçı məcburi iş buraxmaya görə məhkəmə tərəfindən ödənilməli olan məbləğin tutulmasına ümid etməsinə əsas verir. İddiaçı işə bərpa ilə bağlı iddiasına apellyasiya instansiya məhkəməsində 23.07.2020-ci il tarixdə baxılmış, məcburi iş buraxmaya görə əmək haqqının "xxxx" ASC-dən tutulması barədə iddia tələbi ilə 22.02.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin müddətin ötürülməsi barədə dəlili əsassızdır. Ona görə də "xxxx" ASC-nin apellyasiya şikayətinin dəlili birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab edilmir. HəmçininBirinci instansiya məhkəməsi iddia tələbinin cavabdehdən başqa işə düzəlməkdə cavabdehin təqsiri nəticəsində düzələ bilmədiyi müddət üçün orta əmək haqqı 3000 AZN, işsiz qalmaqla əlaqədar dostundan aldığı borc pulu 2000 AZN, məhkəmə xərcləri 500 AZN və Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada gecikdirilmiş əmək haqqının 1 faizi məbləğinə əlavəyə görə 11550 manat tutulmasına dair hissəsi ilə bağlı belə nəticəyə gəlmişdir ki, iddiaçı tələbinin əsaslı olmasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Bundan başqa iddia tələbinin mənəvi zərərin ödənilməsi bağlı hissəsi ilə əlaqədar kollegiya aşağıdakıları qeyd edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarında izah olunmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri - əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının işdən qanunsuz çıxarılması ilə bağlı əsəb gərginliyi, psixoloji sarsıntı keçirməsi mübahisəsizdir. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, iddiaçının işə bərpa olunmağı barədə qətnamənin qəbul edilməsi mənəvi zərərin kompensasiyası kimi qəbul edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı və cavabdeh "xxxx" ASC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2581/2021 saylı mülki iş üzrə qəbul etdiyi 05 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəfaddin İbayev Hakimlər: Rəşad Həsənov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-9173/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9173/2021
04.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver