Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9176/2021 18.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Şükürlü Ləman İmanverdi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “********** mobil nömrəsinin "xxxx" MMC-nin adından çıxarılaraq adına keçirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3853/2021saylı, 24.06.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı «mobil nömrənin addan-ada keçirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ********** mobil nömrəsinin "xxxx" MMC-nin adından çıxarılaraq iddiaçının adına keçirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 13.02.2021-ci il tarixli məktub əsasında hazırkı iş üzrə cavabdehə müraciət edərək, ********** mobil nömrəsinin "xxxx" MMC-nin adından çıxarılaraq onun adına keçirilməsi ilə bağlı aidiyyatı şəxslərə göstəriş verilməsini xahiş etsə də, lakin bu günə qədər hər hansı bir rəsmi münasibət bildirilməmişdir. Bundan başqa email vasitəsi ilə "xxxx" MMC-nin əməkdaşı tərəfindən Cavabdeh MMC-yə müraciət olunmuşdur. Lakin cavabdeh tərəfindən 211 seriyalı nömrələrin addan ada keçirilməsinə icazə verilmədiyi əsası ilə imtina verilmişdir. İddiaçı "xxxx" MMC-nin əməkdaşı olduğunu, göstərilən nömrənin öz vəsaiti hesabına alındığını, ödənişlə bağlı qəbzin olduğunu qeyd etmişdir. Cavabdeh qeyd olunan nömrənin addan ada keçirilməsi ilə bağlı imtinanın səbəblərini əsaslandırmamışdır. Hazırda mübahisə predmeti olan möbil nömrə "xxxx" MMC-nin balansındadır və "xxxx" MMC nömrənin iddiaçının adına keçirilməsi ilə bağlı iradə ifadəsinin bildirmişdir. Bundan başqa nömrənin sahibi tərəfindən nömrədən birtərəfli qaydada imtina edilməmiş, müqaviləyə xitam verilməmiş və nömrə üzərində olan hüquqlar məhdudlaşdırılmamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3853/2021saylı, 24.06.2021-ci il tarixli qətnaməsi ilə İddia tələbi rədd edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3853/2021saylı, 24.06.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iş üzrə iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti ilə əlaqədar ilkin olaraq apellyasiya baxışının hədləri müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İddiaçı iddia tələbi qətnamənin tam ləğv edilməsinə yönəldiyinə görə onun əsaslılığı tam yoxlanılmalıdır. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3853/2021saylı, 24.06.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iş üzrə iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən aşağıdakılara istinad etmişdir: “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının 14 iyun 2005-ci il tarixli Qanununun: 7.2-ci maddəsinə əsasən istifadəçilərin telekommunikasiya xidmətlərinə olan tələbatını ödəmək üçün nömrə resursu qanunvericiliklə müəyyən olunmuş qaydalarda operatora, provayderə ayrılır. 7.3-cü maddəsinə görə nömrə resursu müvafiq icra hakimiyyəti orqanı ilə operator, provayder arasında bağlanan müqaviləyə uyğun olaraq ödənişli əsaslarla müddətli və ya daimi istifadəyə verilir. 40.1-ci maddəsinə əsasən müvafiq telekommunikasiya xidmətlərinin göstərilməsi qanunvericiliyin tələbləri və operator, provayder ilə abunəçi arasında bağlanan müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 406.1-ci maddəsinə görə müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Məhkəmə yuxarıda sadalanan normaların tələblərini nəzərə alaraq hesab edir ki, telekommunikasiya xidmətlərinin göstərilməsi operatorla abunəçi arasında bağlanan müqavilə əsasında həyata keçirilir. Lakin işin hallarından görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında telekommunikasiya xidmətlərinin göstərilməsi barədə müqavilə bağlanmamışdır. İlk məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi (vəkili) X2 apellyasiya şikayətinə etiraz edərək, onun təmin olunmamasını və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3853/2021saylı, 24.06.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, o, "xxxx" MMC-nin əməkdaşı olmuş və qeyd olunan nömrə onun vəsaiti hesabına alınaraq "xxxx" MMC balansına əlavə olunmuş, hazırda işdən çıxdığı üçün mobil nömrənin onun, yəni faktiki sahibinin adına keçirilməsini xahiş edir. İş üzrə şahid qismində dindirilmiş X1 izahatında göstərmişdir ki, "xxxx" MMC-də baş mühasib vəzifəsində çalışır. İddiaçı ********** mobil nömrəsini öz hesabına almış və "xxxx" MMC—nin balansına keçirmişdir. Həmin nömrəyə görə "xxxx" MMC pul ödəməmiş, ona görə də nömrəyə görə pul ödənilməsi barədə qəbz iddiaçının özündədir. Mülki işə əlavə edilmiş SOCAR-AQŞ” MMC-nin ilə Cavabdeh MMC arasında yazışma ilə "xxxx" MMC-nin ********** mobil nömrəsinin İddiaçı adına keçirilməsinə etiraz etmədiyi təsdiq olunur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir. Belə ki, ********** mobil nömrəsi "xxxx" MMC-nin balansında olsa da onun "xxxx" MMC-nin balansına keçirilməsi üçün vəsaiti iddiaçı ödəmiş və nömrə iddiaçının istifadəsindədir. "xxxx" MMC-nin həmin nömrənin iddiaçınan adına keçirilməsinə etirazı yoxdur. Bundan əlavə iddiaçı nömrədən uzun müddət özününkü kimi istifadə etməklə həmin nömrə ilə ətraf aləmlə ünsiyyət yaratmış, qeyd olunan nömrə onun şəxsi həyatının amillərindən biri kimi çıxış edir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3853/2021saylı, 24.06.2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul olunmaldır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3853/2021saylı, 24.06.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi təmin olunsun. İddiaçı faktiki istifadəsində olan ********** mobil nömrəsi "xxxx" MMC-nin adından çıxarılaraq iddiaçının adına keçirilməsi vəzifəsi Cavabdeh MMC–yə həvalə olusun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəfaddin İbayev Hakimlər: Rəşad Həsənov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-9176/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9176/2021
18.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver