Məhkəmə qərarları › İş №2(103)-9189/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9189/2021

10.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9189/2021 10.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 qızının katibliyi ilə, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və "xxxx" MMCyə qarşı “şərəf, ləyaqət və işgüzar nüfuzu ləkələyən yalan məlumatların təkzib edilməsi, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 iyul 2021-ci il tarixli qərardaddan cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş şikayətlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər MMC-yə və MMC-nin direktoru Cavabdeh1 qarşı “şərəf, ləyaqət və işgüzar nüfuzu ləkələyən yalan məlumatların təkzib edilməsi, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddialarına dair mülki işə baxmış Xətai Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 31.08.2020-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini qət etmişdir. Cavabdehlər həmin qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.01.2021-ci il tarixli qərardadı ilə cavabdehlərin apellyasiya şikayətləri üzrə apellyasiya qeyri-mümkün hesab edilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, cavabdehlər qətnamədən apellyasiya şikayətinin verilməsi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində (MPM) nəzərdə tutulmuş 1 aylıq müddəti ötürmüşlər. Cavabdehlər həmin qərardaddan Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermişlər. Cavabdehlər MMC-nin və MMC-nin direktoru olan Cavabdeh1 kassasiya şikayətləri onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin ünvanı kimi Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə, 2405-ci məhəllə ünvanı göstərilsə də, MMC 05.11.2016-cı il tarixdən həmin ünvanda fəaliyyət göstərmir. Həmin ünvanda kimin olması cavabdehlər bəlli deyil. Qətnamənin alınması barədə poçt bildirişinə imza etmiş H.Məmmədov adlı şəxsin kim olması da cavabdehlərə məlum deyil və MMC-nin bu adda işçisi yoxdur. Bu səbəbdən də cavabdehlər qətnaməni vaxtında əldə edə bilməmişlər. Kassasiya şikayətlərinə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 06.05.2021-ci il qərar ilə kassasiya şikayətlərini təmin etməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.01.2021-ci il tarixli qərardadını dəyişdirilmədən saxlamışdır. Bundan sonra cavabdehlər 31.08.2020-ci il tarixli qətnamədən apelyasiya şikayəti verilməsi üçün "xxxx" ərizələrlə Rayon Məhkəməsinə müraciət etmişlər. "xxxx" ərizələrə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 23.07.2021-ci il tarixli qərardad ilə ərizələri təmin etməmişdir. Cavabdehlər həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və cavabdeh tərəfindən verilmiş "xxxx" ərizələrinin təmin edilməsini xahiş etmişlər. Şikayətlərə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 09.08.2021-ci il tarixli qərardadlar ilə şikayətləri təmin etməmiş və baxılması üçün şikayətləri, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətlər təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-nin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-nin 363-cü maddəsinə görə, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-nin 130.1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. MPM-nin 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. “İnternet vergi İdarəsindən” götürülmüş məlumatdan, həmçinin işdə olan sənədlərdən görünür ki, MMC-nin hüquqi ünvanı ünvan 2C-nin və MMC-nin direktoru olan Cavabdeh1 "xxxx" ərizələri onunla əsaslandırılmışdır ki, MMC-nin ünvanı kimi ünvan 31.2016-cı il tarixdən həmin ünvanda fəaliyyət göstərmir. Həmin ünvanda kimin olması cavabdehlər bəlli deyil. Qətnamənin alınması barədə poçt bildirişinə imza etmiş H.Məmmədov adlı şəxsin kim olması da cavabdehlərə məlum deyil və MMC-nin bu adda işçisi yoxdur. Bu səbəbdən də cavabdehlər qətnaməni vaxtında əldə edə bilməmişlər. Göründüyü kimi, cavabdehlərin "xxxx" ərizələrinin dəlilləri ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.01.2021-ci il tarixli qərardadından verdikləri kassasiya şikayətlərinin dəlilləri ilə eyni olmaqla həmin dəlillər Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının araşdırılmasının predmeti olmuş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası həmin dəlilləri əsassız hesab etmişdir. Bu baxımdan Məhkəmə hesab edir ki, həmin dəlillər əsaslı hesab edilə bilməz. Bunu və buraxılmış prosessual müddətin bərpası barədə cavabdehlər tərəfindən yeni dəlillərinin göstərilməməsini nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi cavabdehlərin “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizələrinin təmin edilməməsi barədə qərardadı qəbul etməkdə və həmin qərardaddan cavabdehlərin verdikləri şikayətləri təmin etməməkdə haqlı olmuşdur. Şikayətlərin təmin edilməsi və Rayon Məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas yoxdur. Qeyd edilənləri və MPM-nin 133, 134, 363 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Şikayətlər təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 iyul 2021-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar