Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9197/2021 04.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun məruzəsi ilə, Hakimlər: İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı1 və İddiaçı2, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı1 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (Cavabdeh2 və Cavabdeh3 üçüncü şəxs qismində olmaqla) qarşı “dəymiş zərərə görə sığorta haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(009)-1001/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 – cavabdeh "xxxx"ASC-yə (Cavabdeh2 MMC və Cavabdeh3 MMC 3-cü şəxs qismində göstərilməklə) qarşı «dəymiş zərər görə sığorta haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Chevrolet Cruze” markalı avtomobilə dəymiş 4,585 manat məbləğində ziyanın, “BMW” markalı avtomobilə dəymiş 2,960 manat məbləğində ziyanın, 15.000 manat mənəvi ziyanın və 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 05.02.2021-ci il tarixdə Lermontov küçəsi istiqamətində hərəkətdə olan “BMW” markalı **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilin iti əyləci basaraq dayanması nəticəsində iddiaçı öz avtomobili ilə həmin avtomobili araxadan vurmuşdur. Bundan sonra iddiaçı hər iki avtomobilə dəymiş ziyanın aradan qaldırılması üçün cavabdeh şirkətə müraciət etsə də, cavabdeh tərəfindən heç bir addım atılmamışdır. Qeyd olunanlara əsasən iddianın təmin olunması xahiş olunmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli 2(009)-1001/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, “Chevrolet Cruze” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın əvəzi olaraq 3,230 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun 15 manat hissəsinin "xxxx" ASC-dən tutularaq İddiaçı1 ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə dəymiş zərər məbləğindən müqavilədə nəzərdə tutulmuş 350 manat şərtsiz azadolma məbləği çıxılsa da, qismən sığorta üzrə tutulmalı məbləğ çıxmamışdır. Belə ki, tərəflər arasında bağlanılmış 14.12.2020-ci il tarixli, MV-C(L) 00251-20 saylı sığorta müqaviləsində sığorta dəyəri 13.000 manat, sığorta məbləği isə 9.100 manat məbləğində müəyyənləşdirilmişdir. Müqavilə şərtlərindən də göründüyü kimi, sığorta məbləği sığorta dəyərindən azdır və müqavilə üzrə sığorta haqqı da qismən sığorta şərti əsasında hesablanaraq ödənilmişdir. Yəni, avtomobil dəyərinin 70% həcmində sığortalanmış və buna müqabil olaraq, həmin avtomobilin tam məbləğdə sığortalanması üçün tətbiq edilməli olan sığorta haqqı məbləğinin 70%-i ödənilmişdir. Lakin məhkəmə qeyd olunan halı nəzərə almamış və zərər məbləğindən yalnız şərtsiz azadolma məbləğini çıxmışdır. Halbuki sığorta ödənişinin yekun məbləği 3230 manat deyil, 2156 manat (3585 x 70% = 2506; 2506 - 350 (azadolma) = 2156) olmalıdır. Bundan başqa, tərəflər arasında bağlanmış sığorta müqaviləsində faydalanan şəxs olaraq sığortalı özü (Cavabdeh2 MMC) nəzərdə tutulmuş, digər faydalanan şəxs müəyyənləşdirilməmişdir. Həmçinin, faydalanan şəxs Cavabdeh2 MMC tərəfindən sığorta ödənişinin lizinq alana ödənilməsi barədə "xxxx" ASC-yə heç bir tələb irəli sürülməmiş, əksinə 06.04.2021-ci il tarixli, 5201 saylı məktubla müraciət edilərək sığorta ödənişinin Cavabdeh2 MMC-nin məktubda qeyd olunan hesabına köçürülməsi tələb edilmişdir. Məhkəmə tərəflər arasında bağlanılmış müqavilə şərtlərini tam araşdırmamış və lazımi maddi hüquq normalarını tətbiq etməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli 2(009)-1001/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmiş, cavabdehdən sığorta ödənişinin yekun məbləği olaraq 2156 manat pulun tutulmasına razı olduqlarını bildirmişdir. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış “Baku Leasing" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh3 məhkəmə iclasında səlahiyyətli nümayəndənin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hazırda Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(009)- 1001/2021qətnaməsi ilə iddia qismən təmin edilmiş olsa da, iddiaçı tərəfindən qətnamə mübahisələndirilməmiş, cavabdeh isə qətnamənin ləğvini xahiş etsə də, hansi məzmunlu qətnamənin qəbul edilməli olmasını göstərməmiş, bununla yanaşı apellyasiya şikayətinin məzmununda və nümayəndənin izahatlarında qətnaməni yalnız sığorta ödənişinin məbləğinə və məbləğin kimə ödənilməli olmasına dair hissədə mübahisələndirmişdir. Cavabdeh hazırkı apellyasiya şikayətində rayon məhkəməsinin qətnaməsini sığorta ödənişinin məbləğinə dair hissəsində mübahisələndirdiyindən, hazırkı apellyasiya baxışının predmetini qətnamənin həmin hissəsi təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası izahatı dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. İş materiallarında olan 14.12.2020-ci il tarixli MV-C (L) 00251-20 saylı sığorta şəhadətnaməsinin surətindən görünür ki, **-PD-*** dövlət nömrə nişanlı “Chevrolet Cruze” markalı nəqliyyat vasitəsi "xxxx" ASC-də sığorta olunaraq, kasko növü üzrə sığorta təminatı almışdır. Şəhadətnamədən görünür ki, sığortalanan əmlakın sığorta dəyəri 13.000 manat, sığorta məbləği isə 9.100 manat müəyyən edilmiş, əmlaka qismən zərər dəydiyi halda, hər hadisə üzrə 350 manat məbləğində şərtsiz azadolma məbləği nəzərdə tutulmuşdur. Həmin Şəhadətnamənin “Şərtlər” bölümündə müəyyən edilmişdir ki, “Sığorta hadisəsi baş verdiyi məqamda sığorta məbləği əmlakın sığorta dəyərindən az olarsa, bu halda sığorta ödənişinin məbləği sığorta məbləği ilə əmlakın sığorta dəyərinin nisbətinə müvafiq surətdə azaldılır”. Qeyd edilən Şəhadətnamədə həmçinin müəyyən edilir ki, “Sığortalı” və “Faydalanan şəxs” qismində Cavabdeh2 MMC göstərilmişdir. İş materiallarında olan İcbrai sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması vərəqəsindən görünür ki, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi icbari sığorta növü üzrə sığortalanmamışdır. İş materiallarında olan 07 noyabr 2019-cu il tarixli X1 surətindən görünür ki, 2011-ci il buraxılışlı “Chevrolet Cruze” markalı avtomobil Cavabdeh2 MMC tərəfindən İddiaçı1 lizinqə verilmişdir. İş materiallarında olan sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışın surətindən görünür ki, 05 fevral 2021-ci il tarixdə saat 10:10-da baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində **-PD-*** dövlət nömrə nişanlı “Chevrolet Cruze” markalı nəqliyyat vasitəsi ilə “BMW” markalı **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş və hər iki avtomobilə zərər dəymişdir. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. 31.05.2021-ci il tarixli 9/2818№-li məhkəməəmtəəşünaslıq ekspertizası tərəfindən verilmiş rəyin nəticə hissəsinə əsasən 2011-ci il buraxılışlı «Chevrolet Cruze» markalı, ** PD *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci 3,580 manat müəyyən edilmişdir. İşə baxan məhkəmə ekspert rəyinə uyğun olaraq müəyyən edilmiş 3,580 manatdan şərtsiz azad olma məbləği çıxılmaqla 3,230 manat sığorta ödənişinin cavabdehdən tutulması qənaətinə gəlmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, tərəflər arasında bağlanılmış 14.12.2020-ci il tarixli, MV-C(L) 00251-20 saylı sığorta müqaviləsində sığorta dəyəri 13.000 manat, sığorta məbləği isə 9.100 manat məbləğində müyyənləşdirilmişdir. Müqavilə üzrə sığorta haqqı qismən sığorta şərti əsasında hesablanaraq ödənilmişdir. Yəni, avtomobil dəyərinin 70% həcmində sığortalanmışdır. Kollegiya hesab edir ki, sığorta haqqı 14.12.2020-ci il tarixli, MV-C(L) 00251-20 saylı sığorta müqaviləsinin şərtlərinə əsasən hesablanaraq ödənilməli olduğundan, zərər məbləğindən şərtsiz azadolma məbləğinin çıxılması ilə yanaşı, avtomobilin dəyərinin 70% həcmində sığortalanmış olması da nəzərə alınmalıdır. Bu səbədən “Chevrolet Cruze” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın əvəzi olaraq "xxxx" ASC-dən tutulmalı olan məbləğ 2156 manat (3580x70%:100%=2506; 2506- 350(azadolma)=2156) təşkil edir. Kollegiya sığorta ödənişinin lizinq alana deyil, faydalanan şəxs olaraq Cavabdeh2 MMC -yə ödənilməli olması ilə bağlı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, iddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış X1 7.2-ci bəndinə əsasən Lizinq alan Lizinq obyektini öz vəsaiti hesabına onun tam dəyərində itirilmə, zədələnmə, məhv edilmə və digər risklərdən sığorta ödənişini almaq hüququ Lizinq verənə məxsus olmaq şərtilə bu Müqavilənin qüvvədə olduğu bütün müddət üçün Lizinq verən tərəfindən seçilmiş Sığorta təşkilatında sığortalamalıdır və sığorta şəhadətnaməsini sığorta haqqının ödənilməsini təsdiq edən sənədin surətilə birlikdə Lizinq verənə təqdim etməlidir. Həmin Müqavilənin 7.6-cı bəndində isə nəzərdə tutulmuşdur ki, Lizinq obyekti zədələndikdə Lizinq alan sığorta ödənişi hesabına lizinq obyektini ilkin vəziyyətə qədər bərpa etməlidir. Qeyd edilən müqavilənin sadalanan şərtlərindən müəyyən edilir ki, sığorta ödənişindən faydalanan şəxs kimi lizinq verən göstərilsə də, avtomobilin zədələndiyi halda, onun sığorta ödənişinin hesabına təmir edilərək əvvəlki vəziyyətə gətirilməsi öhdəliyi lizinq alanın, yəni hazırkı işdə iddiaçının üzərinə düşür. Bununla yanaşı, həmin müqavilədə lizinq verənə edilmiş sığorta ödənişinin zədələnmiş lizinq obyektini təmir etmək üçün lizinq alana hansı şəkildə verilməli olması nəzərdə tutulmamışdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, həmin müqavilənin şərtləri arasında ziddiyyət mövcud olduğundan həmin müqavilə şərtlərinin təfsir edilməsinə ehtiyac vardır. Azərbaycan Respublikası MM-nin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 404.4-cü maddəsinə əsasən müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Kollegiya hesab edir ki, KASKO sığortasının məqsədinin qəza, avtomobilin qaçırılması, oğurluq və s. hadisələr nəticəsində dəyən zərərin ödənilməsi olduğu, habelə lizinq obyekti olan avtomobil zədələndiyi halda onun təmir edilərək ilkin vəziyyətə gətirilməsi öhdəliyinin müqavilə üzrə lizinq alanın üzərinə düşdüyü nəzərə alınmaqla, sığorta hadisəsi baş verən zaman sığorta məbləğinin birbaşa faydalanan şəxs kimi Lizinq verənə deyil, Lizinq alana ödənilməsi müqavilənin şərtlərinin pozulması kimi qiymətləndirilə bilməz. Bu cür təfsir tərəflər arasında formalaşmış işgüzar münasibətlərin xarakterindən də irəli gəlir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddiaçı sığorta hadisəsi baş verdikdən sonra sığorta ödənişini tələb etməkdə haqlı olmuşdur. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin sığorta ödənişinin faydalanan şəxs kimi Cavabdeh2 MMC-yə ödənilməli olmasına dair dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə tələbinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsini verilmiş apellyasiya şikayəti həddində yoxlayaraq məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, qətnamə dəyişdirilməli, cavabdeh "xxxx" ASC-dən İddiaçı1 xeyrinə tutulmalı məbləğ 2156 manat həddində müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(009)-1001/2021 nömrəli qətnaməsi cavabdeh "xxxx" ASC-dən 3.230 manat məbləğində sığorta ödənişinin tutularaq, İddiaçı1 xeyrinə ödənilməsi hissəsində dəyişdirilsin və cavabdeh "xxxx" ASCdən İddiaçı1 xeyrinə tutulmalı məbləğ 2.156 manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9197/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9197/2021
04.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver