Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9210/2021 04.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə (MMC) qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, MMC-dən maddi zərərin əvəzi olaraq 1668 (min altı yüz altmış səkkiz) manatın, mənəvi zərərin əvəzi olaraq 3500 (üç min beş yüz) manatın, dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manatın, yəni cəmi 5198 (beş min yüz doxsan səkkiz) manatın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində yerləşən 13 nömrəli evin 41 nömrəli mənzilinin satışı zamanı hərracda iştirak etmək məqsədilə MMC-nə ərizə ilə müraciət etmiş, qanunvericiliyin tələblərinə uyğun olaraq əmlakın dəyərinin 5 faizini, yəni 5562 (beş min beş yüz altmış iki) manatı MMC-nin kassasına ödəmiş, hərracda qalib gələrək mənzili 111 240 (yüz on bir min iki yüz qırx) manata almış, 12.12.2017-ci il tarixdə həmin məbləği “Nikoyl” İKB-yə köçürmüşdür. Mənzilin dəyərindən 5562 (beş min beş yüz altmış iki) manat çıxıldıqdan sonra bank hesabına ödəməli olduğu cavabdeh MMC tərəfindən ona izah olunmadığından 5562 manat məbləğində pul 3 ilə yaxın müddətdə cavabdeh MMC-nin bank hesabında və istifadəsində qalmış, artıq ödədiyi vəsait ona qaytarılmalı olsa da qaytarılmamış, bu səbəblə məhkəmədə iddia qaldırmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli qətnaməsi ilə "xxxx" MMC-dən 5592 (beş min beş yuz doxsan iki) manatın onun xeyrinə tutulması qət edilmiş, qətnamədən MMC-nin verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 29.01.2020-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. MMC qanuni qüvvəsini almış qətnaməni icra etməkdən qəsdən yayınaraq 5562 manat məbləğində pulu ona qaytarmamış, buna görə də icra orqanı tərəfindən məcburi icra tədbirləri görülmüş, cavabdehi MMC-nin bank hesabları üzərinə həbs qoyularaq cəmi 5592 (beş min beş yüz doxsan iki) manat məbləğində pul xeyrinə tutulmuş, 27 oktyabr 2020-ci il tarixdə icra sənədi üzrə icraata xitam verilmişdir. MMC-nin qanunazidd hərəkətləri, yəni 5592 (beş min beş yüz doxsan iki) manat məbləğində pulu vaxtında qaytarmaması nəticəsində ona əldən çıxmış fayda qismində maddi zərər, həmçinin mənəvi ziyan dəymişdir. Belə ki, ötən 3 il müddət ərzində 5592 (beş min beş yüz doxsan iki) manat illik 10-12% gəlirlə banklara yerləşdirməklə azı 671 (altı yüz yetmiş bir) manat qazanmış olardı. Bundan əlavə, bütün bu müddət ərzində hər hansı bir işlə məşğul ola bilmədiyindən ailəni dolandırmaq üçün pul çatışmazlığından çox əziyyət çəkmiş, aylarla gecə-gündüz müxtəlif qazanc vasitəsi və üsulları barədə ailəni necə dolandıracağı, sabaha çörək pulunu haradan tapacağı barədə fikirləşməyə məcbur olmuşdur. Bu hal isə uzun illər boyu, aylarla ağır mənəvi sarsıntılar keçirməsinə səbəb olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (birinci instansiya məhkəməsi) 26 may 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi qət olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv, iddia tələbinin isə təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin heç bir əsaslandırma aparmadan və iddianın mahiyyətinə varmadan qərar çıxardığını, habelə sübutlara düzgün hüquqi qiymət vermədiyini irəli sürmüşdür. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş, cavabdeh MMC isə nümayəndəsini məhkəməyə göndərməmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşin müəyyən olunmuş halına əsasən İddiaçı, Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində yerləşən 13 nömrəli evin 41 nömrəli mənzilinə dair "xxxx" MMC tərəfindən keçirilən hərracda iştirak etmək üçün 12.12.2017-ci il tarixdə 5562 manat beh ödəmiş, mənzilə 111 240 manat təklif edərək hərracın qalibi olmuş və 18.12.2017-ci il tarixdə onunla MMC arasında “hərracın yekunları barədə protokol” imzalanmış, ödədiyi beh məbləği əmlakın satış dəyərindən çıxılmalı olduğu halda o, 111 240 manatı 20.12.2017-ci il tarixdə tam şəkildə MMC-nin “Nikoyl” İKB-da olan hesabına köçürmüş, sonradan beh məbləğinin geri qaytarılmasını tələb etsə də həmin vəsait ona qaytarılmamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25.11.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunaraq 5592 (beş min beş yuz doxsan iki) manatın MMC-dən onun xeyrinə tutulması qət edilmiş, qətnamədən MMC-nin verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 29.01.2020-ci il tarixli qətnaməsi ilə təmin olunmayaraq qətnamə dəyişdirilmədən saxlanılmışdır. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, sözügedən qətnamə əsasında verilən icra vərəqəsi 29.07.2020-ci il tarixdə icra şöbəsinin icraatına daxil olmuş, həyata keçirilən icra tədbirləri nəticəsində qətnamə icra edilmiş və 27.10.2020-ci il tarixdə icra sənədi üzrə icraata xitam verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin mahiyyətini qiymətləndirməkdə səhvə yol vermiş, iddiaçının iddia tələbinin təmin edilməməli olduğu qənaətini ümumiyyətlə əsaslandırmamış, gəldiyi nəticəni işin halları və tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Kollegiya apellyasiya şikayətinin dəlillərini və iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunaraq qətnamə ləğv olunmaqla iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının öz iddia tələbinin qanuni əsası kimi istinad etdiyi Mülki Məcəllənin 449.1ci maddəsinin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009cu il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. Beləliklə, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün kreditor sübut etməlidir ki, borclu onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etmişdir. Kollegiya hesab edir ki, iddiaçı qeyd olunan halların təsdiqi barədə sübut təqdim etməməklə Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilmədiyindən, cavabdehdən Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən bank uçot faizi dərəcəsinə uyğun hesablanmış faizlər tutula bilməz. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının tələblərinə uyğun gələn iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 445.7-ci maddəsi nəzərdən keçirilə bilər; belə ki, həmin maddəyə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə kreditor ilk olaraq sübut etməlidir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirib. Bu hal müəyyən olunduqdan sonra isə kreditorun illik 5 faizdən artıq məbləğin tələb etməyə hüququnun olub-olmadığı müəyyən edilir. Kreditor gecikdirməni sübut etdikdən sonra hər bir halda illik 5 faiz ödənilməsini tələb etmək hüququna malikdir. Yuxarıda qeyd olunduğu kimi iddiaçı, hərracda aldığı əmlakın dəyəri olan 111 240 manatı 20.12.2017-ci il tarixdə MMC-nin “Nikoyl” bankdakı hesabına ödəmiş, həmin vəsaiti 5562 manat artıq ödəmiş olduğu qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən edilmiş, artıq ödədiyi pul 2020-ci ilin oktyabr ayında MMC-nin hesabından tutularaq ona geri qaytarılmışdır. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə isə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. “Q. Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Məhz bu prinsipi əsas götürərək kollegiya hesab edir ki, yuxarıda qeyd olunan məhkəmə aktı ilə iddiaçının iddiasını əsaslandırdığı faktiki hal, yəni cavabdehin ona ödəməli olduğu pul məbləğinin ödənilməsini gecikdirdiyi öz təsdiqini tapmışdır; məhkəmə aktı ilə müəyyən edilən hallar isə preyudisial əhəmiyyət kəsb etdiyindən, sözügedən halın əlavə araşdırılmasına ümumiyyətlə zərurət yoxdur. Bu kontekstdə kollegiyanın qənaəti ondan ibarətdir ki, iddiaçı yalnız Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Çünki yuxarıda göstərildiyi kimi cavabdeh MMC-nin pul məbləğinin ödənilməsini gecikdirməsi təsdiq olunur və bu hal Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5 faiz məbləğin ödənilməsini tələb etmək üçün yetərlidir. 20 dekabr 2017-ci il tarixindən 2020-ci ilin oktyabr ayına qədər 5562 manat məbləğində pul vəsaitinin vaxtında qaytarılmadığına görə illik 5% dərəcəsi ilə hesablanacaq faizin məbləği 777 manat təşkil edir (20.12.2017-ci il tarixdən 2020-ci ilin oktyabr ayına qədər təxminən 1020 gün, 5562 manat x 5% = 278,1 manat (illik) / 365 = 0,76 manat (günlük) x 1020 gün = 777 manat). Bununla belə kollegiya, iddiaçının mənəvi ziyan tələbini əsaslı hesab etmir; belə ki, həmin tələb kifayət qədər əsaslandırma aparılmadan irəli sürülmüş, onun əsaslı olduğuna dair heç bir sübut məhkəməyə təqdim edilməmiş, iddiaçı ona konkret hansı mənəvi iztirabların vurulmasını müəyyənləşdirməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarında da Plenum izah etmişdir ki, “...mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur”. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, “mənəvi zərərin əvəzi, bir qayda olaraq, pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər”. “Kletsova Rusiyaya qarşı” iş üzrə 12.04.2007-ci il tarixli X1 Hüquqları Məhkəməsi də mübahisənin mahiyyətini, pozuntunun xarakterini nəzərə alaraq iddiaçının iddiasının təmin edilməsi barədə məhkəmə aktının qəbul edilməsini mənəvi zərərin ödənilməsinin ədalətli kompensasiyası hesab etmişdir. Bu mənada kollegiya, iddiaçının digər tələbinin təmin olunmasını ona dəydiyini irəli sürdüyü mənəvi ziyanın ədalətli kompensasiyası olduğunu hesab edir və göstərilən səbəbdən həmin hissədə iddianın təmin edilməməli olması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə isə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia ərizəsi və apellyasiya şikayəti verərkən ödəmiş olduğu dövlət rüsumlarının (bank xidmət xərci ilə birlikdə) əvəzi qismində 47 (qırx yeddi) manat cavabdehdən alınaraq ona ödənilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2505/2021 saylı iş üzrə 26 may 2021-ci il tarixli tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdehnə qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası qismən təmin olunsun. Cavabdehndən maddi zərərin əvəzi olaraq 777 (yeddi yüz yetmiş yeddi) manat, dövlət rüsumlarının əvəzi olaraq 47 (qırx yeddi) manat olmaqla cəmi 871 (səkkiz yetmiş bir) manat alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-9210/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9210/2021
04.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver