Məhkəmə qərarları › İş №2(103)-9212/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9212/2021

11.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9212/2021 11.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli 2(005)-2566/2021 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 2020-ci ilin iyul ayından etibarən təmirli mənzili təhvil-təslim aktı imzalanaraq ona təhvil veriləcək günədək hər ay üçün 500 manat pul məbləğinin, 5000 manat məbləğində mənəvi zərərin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onunla Cavabdeh MMC arasında 07.03.2017-ci il tarixdə Bakı şəhəri 13 saylı dövlət notariat kontorunun dövlət notariusu X2 tərəfindən təsdiq edilmiş müqavilə bağlanmışdır. Müqavilənin predmeti ondan ibarətdir ki, Cavabdeh MMC Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən 259 nömrəli reyestr kitabının 25274 saylı vərəqində **********27-05101-093003 reyestr, ********* qeydiyyat nömrəsi ilə verilmiş reyestrdən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, təhlükəli vəziyyətdə olan 2 mərtəbəli yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzildən ona məxsus ümumi sahəsi 29.2 kv.m olan 1 otaqlı mənzilə görə 85.4 faiz artıq, B2 blokunun 3-cü mərtəbəsindən təmirli, bir otaqlı ümumi tikinti sahəsi 53,82 kv.m olan 110 nömrəli mənzili mülkiyyəçinin, yəni onun mülkiyyətinə verməyi öhdəsinə götürür. Müqavilənin 2.2.3-cü bəndinə əsasən, binanın bünövrəsi qoyulduqdan 24 ay sonra tikinti işlərinin başa çatdırılması və mənzilin təmir edilərək ona təhvil verilməsi nəzərdə tutulmuşdur. 15 oktyabr 2019-cu il tarixdə o, Cavabdeh MMC-yə müraciət edərək, binanın bünövrəsinin qoyulmasından 24 ay keçdiyini, buna görə də ona təmirli mənzilin təhvil verilməsini və ya işlərin gecikdirildiyi təqdirdə bunun müqabilində kirayə haqqının ödənilməsini xahiş etmiş, 02.12.2019-cu il tarixli A-171 saylı cavab məktubu ilə binanın bünövrəsinin guya o, mənzili cəmiyyətə təhvil verdikdən 1 il altı ay sonra, yəni 2018-ci ilin iyul ayında qoyulduğunu və tikinti işlərinin təsdiq edilmiş plan üzrə davam etdirilməsini bildirmişlər. Cavabdehin özünün bildirdiyi vaxtdan 24 ay 2020-ci ilin iyul ayında tamam olur. Lakin cavabdeh hələ də mənzili ona təhvil verməmişdir. 31.08.2020-ci il tarixdə Cavabdeh MMC-yə məktub yazaraq bildirmişdir ki, hər gecikdirilən ay üçün 500 manat pul tələb edir, lakin ona cavab verilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli 2(005)- 2566/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 07 mart 2017-ci il tarixli müqaviləyə əsasən, Cavabdeh MMC-dən 2020-ci ilin iyul ayından başlayaraq Bakı şəhəri, Nəsimi rayonu, Bəsti Bağırova küçəsində Cavabdeh MMC tərəfindən inşa edilən binanın B2 blokunun 3-cü mərtəbəsində, təmirli, 1 otaqlı, ümumi tikinti sahəsi 53,82 kv.m olan 110 nömrəli mənzil təhvil verilənədək hər ay üçün 330 manat pul məbləğinin alınaraq İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Hazırda qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın qismən təmin edilməsi, İddiaçı mülkiyyətində olmuş sahəsi 20 kv.m 1 otaqlı mənzilə görə 2020-ci ilin iyul ayından 2021-ci ilin iyul ayına qədər vurulmuş zərərə görə aylıq 250 manat olmaqla, ümumilikdə 3000 manat məbləğində birdəfəlik ödənişin MMC-dən tutularaq iddiaçıya ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tələbin hazırki formada təmin edilməsi MPM-nin 222.2-ci maddəsinin tələblərinə ziddir. Mənzil təhvil verilənədək ifadəsi ilə məhkəmə gələcəkdə vurulması ehtimal edilən zərərə görə ödənişin tutulmasını ehtiva edir. Mülki qanunvericilikdə gələcəkdə vurulması ehtimal edilən zərərin əvəzinin ödənilməsi üçün norma nəzərdə tutulmamışdır. İddiaçının məhrum olduğu mülkiyyətinin aylıq kirayə haqqı 200 manatdan heç bir halda yüksək ola bilməz. Məhkəmə MMC-nin iddianı qismən etiraf etməsi barədə ərizəsinə istinad etsə də, həmin ərizəni qəbul edərək nə ona uyğun qətnamə, nə də həmin ərizəni qəbul etməkdən imtina edərək bu barədə qərardad qəbul etməmişdir. Məhkəmə iddia tələbindən kənara çıxmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, bina tikilib iddiaçıya mənzil təhvil verilənə kimi kirayə haqqının ödənilməsi müqavilə ilə nəzərdə tutulmadığından, öncədən bununla bağlı tərəflər arasında mübahisə baş verməmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan İddiaçı və Cavabdeh MMC arasında bağlanan 07 mart 2017ci il tarixli müqavilədən görünür ki, Cavabdeh MMC Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən 259 nömrəli reyestr kitabının 25274 saylı vərəqində **********27-05101-093003 reyestr, ********* qeydiyyat nömrəsi ilə verilmiş reyestrdən çıxarışa əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Bəsti Bağırova küçəsi ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan 2 mərtəbəli 35 saylı yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzildən mülkiyyətçi İddiaçı məxsus ümumi sahəsi 29.2 kv.m olan 1 otaqlı mənzilə görə 85.4 faiz artıq, B2 blokunun 3-cü mərtəbəsindən təmirli, 1 otaqlı, ümumi tikinti sahəsi 53,82 kv.m olan 110 nömrəli mənzili mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürür. Müqavilənin 2.1.2-ci bəndinə əsasən, mülkiyyətçi söküntüsü nəzərdə tutulan evdə ona məxsus mənzilin boşaldılmasından sonra 3 gün ərzində müvəqqəti yaşayış yerinin dəqiq ünvanını, əlaqə telefon nömrələrini Cavabdeh MMC-nin səlahiyyətli nümayəndəsinə yazılı surətdə təqdim etməlidir. Müqavilənin 2.2.2-ci bəndinə əsasən, MMC müqavilənin 2.1.2-ci bəndində nəzərdə tutulmuş ödənişin hər ayın 1-də mülkiyyətçiyə ödənilməsini təmin etməlidir. Müqavilənin 2.2.3-cü bəndinə əsasən, MMC yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətində başa çatdıraraq müqavilə şərtlərinə əsasən mənzili təmir edib mülkiyyətçiyə təhvil verilməlidir. Müqavilənin 2.2.4-cü bəndinə əsasən, MMC hər hansı bir səbəb üzündən tikinti işləri müqavilə müddətində başa çatdırılmadığı təqdirdə bu müqavilənin 2.1.2-ci bəndində nəzərdə tutulmuş ödənişin müddətini mənzil təhvil verilən vaxta qədər uzadılmasını təmin etməlidir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Bəsti Bağırova küçəsində istifadədə olan 0.03 ha torpaq sahəsində yerləşən 35 nömrəli 2 mərtəbəli binada 56 kv.m ümumi, 38 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı mənzil paylı mülkiyyət hüququ üzrə İddiaçı 1 otaqlı y/s-20 kv.m, X1 1 otaq y/s-18 kv.m adlarına daşınmaz əmlakın dövlət reyestrində 259 nömrəli reyestr kitabının 25274 nömrəli vərəqində qeydiyyata alınmışdır. "xxxx" MMC-nin 02 nömrəli 08 iyun 2021-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi üzrə mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 2 otaqlı yaşayış sahəsinin (köhnə tikili) təmirsiz hazırki 1 aylıq kirayə haqqı 350-400 manat, qeyd olunan ünvanda tikiləcək B2 blokunun 3-cü mərtəbəsində təmirli 1 otaqlı, ümumi tikinti sahəsi 53,82 kv.m olan 110 nömrəli mənzilin 1 aylıq hazırki kirayə haqqı 550-650 manat arasında qiymətləndirilir. "xxxx" MMC-nin 01 iyul 2021-ci il tarixli ekspert rəyindən görünür ki, ünvan 2 ünvanda və həmin ərazidə 1 otaqlı 60-70 kv.m sahəsi olan mənzillərin aylıq kirayə haqqının qiymətləri orta təmirli köhnə tikililər üçün 330-370 manat aralığında, orta təmirli yeni tikili çoxmərtəbəli binalarda mənzilin yerləşdiyi mərtəbə və mərtəbədə yerləşdiyi yeri, şəhərə mənzərə görünüşü də nəzərə alınmaqla 570-650 manat aralığında müəyyən edilmişdir. İddiaçı 2.2.4-cü bəndə istinad edərək mənzil təhvil verilənə qədər hər ay 500 manat ödəniş edilməsini tələb edir. Cavabdeh isə 2020-ci ilin iyul ayından 2021-ci ilin iyul ayına qədər vurulmuş zərərin əvəzi olaraq hər ay 250 manat olmaqla, 3000 manat birdəfəlik ödəniş etməyə razı olduğunu bildirmişdir. İşin mübahisəsiz halıdır ki, binanın bünövrəsi 2018-ci ilin iyul ayında qoyulmuşdur (bununla bağlı tərəflər arasında hər hansı mübahisə mövcud deyildir). Mənzil 2020-ci ilin iyul ayında təhvil verilməli olduğu halda, hələ də təhvil verilməmişdir. Müqavilənin 2.2.4-cü bəndinə əsasən, MMC hər hansı bir səbəb üzündən tikinti işləri müqavilə müddətində başa çatdırılmadığı təqdirdə bu müqavilənin 2.1.2-ci bəndində nəzərdə tutulmuş ödənişin müddətini mənzil təhvil verilən vaxta qədər uzadılmasını təmin etməlidir. Göründüyü kimi cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, icranı gecikdirmişdir, borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (443.2). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Qeyd olunanları nəzərə alaraq, məhkəmə "xxxx" MMC-nin 01 iyul 2021-ci il tarixli ekspert rəyini əsas götürülməklə, aylıq ödəniş 330 manat müəyyən edərək, 2020-ci iyul ayından mənzil təhvil-təslim aktı ilə təhvil verilən günədək hər ay iddiaçının xeyrinə ödənilməsi nəticəsinə gəlmişdir. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri əsassızdır, cavabdeh apelyasiya şikayətində fikrini ümumi sözlərlə ifadə etmiş, hər hansı konkret dəlilə əsaslanmamış və qətnamənin ləğv edilməsi, dəyişdirilməsi üçün hər hansı arqumentə istinad etməmişdir. Həmçinin məhkəmə tərəfindən apellyasiya şikayətində göstərilən prosessual pozuntulara yol verilməmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi (dəyişdirilməsi) üçün əsas deyildir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2566/2021 saylı iş üzrə 05 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar