Məhkəmə qərarları › İş №2(103)-922/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-922/2025

11.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-922/2025 11.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (X20 və "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iş üzrə Açar sözlər: vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X6, İddiaçı nümayəndəsi Nümayəndə, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (X20 və "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-2275/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra “iddiaçı”) ilə Cavabdeh (bundan sonra “cavabdeh”) arasında xx.xx.2005-ci il tarixdə nikah bağlanmışdır. Tərəflərin birgə nikahından xx.xx.2006-cı il tarixdə X20, xx.xx.2007-ci il tarixdə X15 və xx.xx.2012-ci il tarixdə X16 doğulmuşdur. Tərəflər arasında bağlanmış nikah Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə pozulmuş, uşaqlar ananın himayəsində saxlanmışdır.

2. "xxxx" – xaricdə Təhsil Mərkəzi ilə iddiaçı arasında xx.xx.2023-cü il tarixdə bağlanmış “Təhsil xidmətlərinin göstərilməsi haqqında” müqaviləyə əsasən iddiaçı sifarişçi olaraq Türkiyə Cumhuriyyətində fəaliyyət göstərən universitetlərə müraciət olunması xidmətləriinin göstərilməsini sifariş verib bunun müqabilində icraçı "xxxx" – xaricdə Təhsil Mərkəzinə razılaşdırılmış xidmət haqqı ödəməyi, “icraçı” "xxxx" MMC isə “sifarişçi”nin müəyyən etdiyi qaydada bu müqavilə ilə müəyyən olunmuş xidmətləri göstərməyi öhdəsinə götürür. Müqavilənin 4.1-ci bəndinə əsasən göstərilən xidmətlərin həcmi tərəflərin razılaşması ilə müəyyən edilir və xidmətlərin göstərilməsinə dair xidmət haqqı 8.500 manat təşkil edir. İlkin ödənilən məbləğ 4.250 manat, qalıq məbləğ isə 4.250 manat təşkil edir. Müqavilənin 6.2-ci bəndinə uyğun olaraq isə tərəflər razılaşmışdılar ki, icraçı tərəfindən həyata keçirilən xidmətlər müsbət nəticə vermədikdə, yəni razılaşdırılmış universitet və ya təqaüd proqramlarından qəbul sənədi əldə olunmadıqda icraçı əvvəlcədən ödənilmiş xidmət haqqının 100 %-ni, yəni 4.250 manat məbləği Sifarişçiyə geri qaytarır. Müqavilənin 6.4-cü bəndinə əsasən isə üzürlü səbəb olmadığı (sağlamlığın ciddi şəkildə pozulması, əmək qabiliyyətinin itirilməsi, ağır xəstəlikdən əziyyət çəkilməsi üzrlü səbəb hesab olunur) təqdirdə sifarişçi qəbul aldığı universitetə qatılmaqdan imtina edərsə, ödəniş olduğu ilkin xidmət haqqı nı geri tələb edə bilməz və geri qalan məbləği ödəmək məsuliyyəti daşıyır.

3. xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qaimə fakturalara əsasən İddiaçı “British Academy”-yə hər biri 4.250 manat olmaqla iki dəfə ödəniş etmişdir. "xxxx" MMCnin xx.xx.2025-ci il tarixli məktubuna əsasən “X9” Xaricdə Təhsil Mərkəzi ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixdə bağlanmış müqavilə üzrə göstərilən xidmət müqabilində İddiaçı hər dəfə 4.250 manat olmaqla 8.500 manat məbləğində pul ödəmişdir.

4. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə ünvanladığı notarial qaydada təsdiq edilmiş ərizəyə əsasən bildirmişdir ki, xx.xx.2006-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək müstəqil surətdə Azərbaycan Respublikasından kənara Türkiyə Respublikasına gedib qayıtmasına heç bir etirazı yoxdur.

5. xx.xx.2023-cü il tarixli, E-19095349-2xx.xx-81633595 nömrəli denklik belgesinə əsasən Ülvi Rzazadənin təhsil səviyyəsinin Türkiyə Respublikasında təsdiq edilmiş səviyyəyə uyğun olduğu təsdiq edilmiş və qiymətləndirilmişdir.

6. xx.xx.2023-cü il tarixdə Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək müstəqil surətdə Azərbaycan Respublikasından kənara Türkiyə Respublikasına gedib-qayıtmasına etiraz etmədiyi barədə xx.xx.2023-cü il tarixli ərizəni ləğv etdirmişdir.

7. Elektron sərnişin biletinə əsasən X29 - Anadolu Jet) alınmasına görə 406,77 manat ödəniş edilmişdir.

8. xx.xx.2023-cü il tarixli qəbzə əsasən X7 üçün 5000 TRY ödənilmişdir.

9. xx.xx.2023-cü il tarixli, 24021196/14 saylı ”öğrenci belgesi”nə əsasən X20 2023- 2024-cü təhsil ili üçün “X5”nin aktiv tələbəsidir.

10. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)- 2692/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, xx.xx.2006-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək atası Cavabdeh razılığı olmadan anası İddiaçı ilə, tək və ya anasının razılığı ilə digər şəxslər ilə birlikdə Azərbaycan Respublikasından kənara sərbəst surətdə getməsinə (ölkəni daimi əsaslarla tərk etməsi halı istisna olmaqla) icazə verilmişdir.

11. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə xx.xx.2024-cü il tarixli, MŞB/MT015/2024-0161/02 nömrəli arayışa əsasən Cavabdeh xx.xx.2024-cü il tarixdə keçirilən ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı nümayəndəsi Nümayəndə ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat ödəmişdir.

12. xx.xx.2024-cü il tarixli mədaxil qəbzinə əsasən İddiaçı məhkəməyə müraciət etmək üçün 130 manat dövlət rüsumu ödəmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

13. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, “BA Azerbaijan" MMC ilə "Təhsil xidmətlərinin göstərilməsi haqqında” imzalanmış müqavilə əsasında ödənilmiş 8.500 manat, xx.xx.2023-cü il tarixdə Ülvi Rzazadə adına nömrəsi **********198 olan elektron sərnişin aviabiletinin (X29 - Anadolu Jet) alınmasına görə 406 manat, universitetin yataqxanası üçün ödənilmiş 3.942 manat olmaqla, ümumilikdə 12.848 manatın, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 130 manat dövlət rüsumunun, 50 manat mediasiya xərcinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddiaçı tələbini işin faktiki hallarına istinad edərək onunla əsaslandırmışdır ki, cavabdehin xx.xx.2006-cı il təvəllüdlü oğlu Ülvi Rzazadənin yetkinlik yaşına çatanadək müstəqil surətdə Azərbaycan Respublikasından kənara Türkiyə Respublikasına getməsinə etiraz etmədiyinə dair ərizəsi Bakı şəhəri 32 saylı Notariat ofisində xx.xx.2023-cü il tarixdə təsdiq edilmişdir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənən bütün zəruri sənədlərin hazır olduğunu nəzərə alaraq oğlu Ülvi Rzazadənin təhsili ilə əlaqədar xx.xx.2023-cü il tarixində Türkiyə Respublikasına getməsi üçün xx.xx.2023-cü il tarixdə Ülvi Rzazadə adına bilet nömrəsi **********198 olan elektron sərnişin bileti (X29 - Anadolu Jet) alınmışdır. xx.xx.2023-cü il tarixdə Heydər Əliyev adına X12 Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən sənədlərin yoxlanışı zamanı cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 32 saylı Notariat ofisində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə təqdim edilməsi üçün təsdiq edilmiş Ülvi Rzazadənin yetkinlik yaşına çatanadək müstəqil surətdə Azərbaycan Respublikasından kənara Türkiyə Respublikasına getməsinə etiraz etmədiyinə dair ərizəsinə xitam verildiyi məlum olmuşdur və bu barədə cavabdeh tərəfindən onlara heç bir məlumat verilməmişdir. xx.xx.2023-cü il tarixdən etibarən cavabdehin onlarla və xüsusilə oğlu Ülvi Rzazadə ilə valideyn olaraq şəxsi əlaqələri olmamış, onun ölkədən getməyinə etirazının olmasını heç bir üsul və vasitə ilə bildirməmişdir. Odur ki, notarial qaydada təsdiq edilmiş ərizənin cavabdeh tərəfindən ləğv edilməsi və bu barədə valideyn olaraq ona və ya cavabdehin öz övladına əvvəlcədən məlumat verməməsi qərəzli xarakter daşıyır. Baş verənlərdən sonra universitet tərəfindən oğlu Rzazadəyə universitetə gedə bilməsi üçün akademik məzuniyyət verilmiş və bu zaman kəsiyində uşağın digər valideynin icazəsi olmadan ölkə xaricinə getmək hüququnun verilməsi barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edilmiş, onun iddiası təmin edilmişdir. Eyni zamanda cavabdeh valideyn olaraq mənəvi və hüquqi öhdəliklərindən irəli gələn digər vəzifələri bu günədək lazımınca icra etməmiş və barəsində məcburi qaydada gətirilmə haqqında müxtəlif vaxtlarda Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qərardadlar qəbul edilmişdir. Beləliklə, cavabdehin məsuliyyətsiz və qərəzli hərəkətlərinin nəticəsində oğlu Ülvi Rzazadənin konstitusion hüququ olan təhsil hüququ qərəzli şəkildə pozulmuş, "xxxx" MMC ilə “Təhsil xidmətlərinin göstərilməsi haqqında” imzalanmış müqavilə əsasında ona 8.500 manat, xx.xx.2023-cü il tarixində Ülvi Rzazadə adına nömrəsi **********198 olan elektron sərnişin aviabiletinin (X29 - Anadolu Jet) alınmasına görə 406 manat, universitetinin yataqxanası üçün ödənilmiş 3.942 manat maddi ziyan vurmuşdur.

15. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı oğlu X21 Respublikasında təhsil alması üçün ümumlikdə 12.848 manat məbləğində pulu ona yox, “Təhsil xidmətlərinin göstərilməsi haqqında" “BA Azerbaijan" MMC ilə imzalamış olduğu müqavilə əsasında qeydiyyatı, kimliyi və həqiqiliyi bəlli olmayan, fəaliyyət istiqaməti və məqsədi şübhə doğuran “BA Azerbaijan" MMC-yə ödəmişdir. Buna görə də oğlunun Türkiyə Respublikasında təhsil almasında müəyyən problemlərin yaranacağı qaçılmaz idi. Çünki başqa məqsədlər üçün yaradılan “BA Azerbaijan" MMC fəaliyyətini əsasən cəmiyyətdə çaşqınlıq yaradaraq vətəndaşları aldatmağa yönəltmişdir. O, iddiaçıdan bir manat belə olsa pul almamışdır ki, iddiaçıya da hər hansı bir ziyan vursun. Bundan başqa, Türkiyə təhsil sistemində tələbənin bir ay müddətində dərslərdə iştirak etməməsinə görə onun tədris ili müddətində həmin dərslərdə iştirak edə bilməyəcəyi kimi bir anlayış mövcud deyildir. Həmçinin, tələbə hansısa bir səbəbdən təhsilini davam etdirə bilməyəndə onun təhsil haqqı müqavilə üzrə ona tam şəkildə geri qaytarılmalıdır. Bundan başqa o, ümumiyyətlə iddiaçı tərəfindən “BA Azerbaijan'’ MMC-yə hər hansı bir məbləğdə pul ödənilməsinə də inanmır. İddiaya əlavə edilmiş qəbzlər isə saxta qəbzlərdir. Həmin qəbzləri iddiaçı ondan pul tələb etmək üçün qeyri-qanuni formada əldə etmişdir. Bununla belə, yetkinlik yaşına çatmamış övladının ölkədən çıxışına icazə verməmək onun hüququdur. Bu hüququnu həyata keçirməyinə görə hər hansı bir maddi və ya digər bir məsuliyyət daşımağı isə absurd olmaqla yanaşı, həmçinin hüquqa ziddir. İddiaçı ilə aralarında olan məhkəmə proseslərinin birində görüşüb söhbət edən zaman oğlu Ülvi Rzazadədən təhsili üçün nə zaman Türkiyə Respublikasına gedəcəyini, bilet alıbalmamasını soruşarkən oğlu ona Türkiyəyə getməyəcəyini, Türkiyədə təhsil alması ilə bağlı müəyyən problemlərin yarandığını, təhsil haqqı pulunun təhsil aldığı universitetə ödənilmədiyini bildirmişdir. Ondan bunun səbəbini soruşduqda isə dələduzların, anası Ülviyə Qasımovanı oğullarının Türkiyə Respublikasında təhsil alması adı ilə aldadıb pulunu aldıqlarını bildirmişdir. Oğlunun sözlərindən sonra İddiaçı müqavilə bağladığı "xxxx" MMC-yə qarşı içində müəyyən bir şübhələr və narahatlıqlar yarandığı üçün razılıq ərizəsini ləğv etdirmək qərarına gəlmişdir. Eyni zamanda elə məhkəmədə oğlu Ülvi Rzazadəyə və iddiaçıya da belə bir addım atacağı ilə bağlı məlumat da vermişdir. Bundan başqa, iddiaçı ilə aralarında nikaha məhkəmə qaydasında xitam verildikdən sonra ona qarşı aqressiv, qərəzli münasibət göstərməyə başlamışdır. Belə ki. İddiaçı onu övladları il görüşməyə icazə vermir. Eyni zamanda, övladlarının düşüncəsində ona qarşı mənfi rəy formalaşdırmaq üçün onun barəsində övladlarına yalan, həqiqətə uyğun olmayan fikirlər söyləyir. Bunun nəticəsidir ki, əvvəlki məhkəmə iclaslarından 3 gün öncə oğlu Ülvi Rzazadə üçün xarici pasport almaq və müəyyən sənədlərin türk dilinə tərcüməsini həyata keçirmək üçün onunla birlikdə asan xidmət mərkəzində olsa da, lakin məhkəmə iclasında oğlu anasının təsiri ilə 2 ildir ki, onu görmədiyini bildirmişdir. İddiaçı da orada onlarla birlikdə olmuşdur. Hazırki iddia tələbi də məhz ona qarşı olan qərəzli mövqeyindən irəli gəlir. Onun tərəfindən cavabdehə heç bir maddi ziyan vurulmamışdır ki, hər hansı bir mənəvi ziyan da vurulmuş olsun. Eyni zamanda iddiaçı öz iddia ərizəsində ona mənəvi ziyan dəyməsini bir cümlə ilə ifadə etmiş, bunu heç bir formada sübuta yetiməmişdir.

16. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)- 2275/2024 nömrəli qətnaməsinə əsasən iddia təmin edilmiş, Cavabdeh "xxxx" MMC ilə “Təhsil xidmətlərinin göstərilməsi haqqında” müqaviləyə əsasən ödənilmiş 8.500 manatın, xx.xx.2023-cü il tarixində Ülvi Rzazadə adına olan **********198 nömrəli elektron sərnişin aviabiletinin (X29-Anadolu jet) alınmasına görə 406 manatın, universitetinin yataqxanası üçün ödənilmiş 75.000 TRY-nin (qətnamənin icra olunduğu günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə nəzərə alınmaqla), iddia ərizəsinin verilməsinə görə ödənilmiş 130 manat dövlət rüsumunun və 50 manat mediasiya xərcinin İddiaçı xeyrinə tutulması qət edilmişdir. (hakim X11)

17. Məhkəmə bu sahəni tənzimləyən qanunvericiliyə istinadən toplanmış sübutlara hüquqi qiymət verərək, qeyd etmişdir ki, X2 Cumhuriyyətində yerləşən “X5”nə qəbul olmuşdur. Uşaqdan ayrı yaşayan ata Cavabdeh onun Türkiyə Cumhuriyyətinə getməsi üçün qanunla müəyyən edilmiş qaydada təsdiq edilmiş razılıq vermiş, lakin daha sonra razılığı ləğv etdirdiyindən uşağın dövlət sərhədinin buraxılış məntəqəsindən keçərək sərbəst surətdə ölkədən getməsi mümkün olmamışdır. Təqdim olunmuş qəbzlərdən göründüyü kimi, İddiaçı övladı Ülvi Rzazadənin təhsili üçün lazımı bütün ödənişləri etmişdir. Daha sonra İddiaçı “valideynin razılığı olmadan uşağın ölkədən getməsi” tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-2692/2023 saylı qətnaməsi ilə X8 yetkinlik yaşına çatanadək atası Cavabdeh razılığı olmadan anası İddiaçı ilə, tək və ya anasının razılığı ilə digər şəxslər ilə birlikdə Azərbaycan Respublikasından kənara sərbəst surətdə getməsinə (ölkəni daimi əsaslarla tərk etməsi halı istisna olmaqla) icazə verilməsi qət edilmişdir. Lakin cavabdeh tərəfindən qətnamənin icrası gecikdirildiyi və verdiyi etibarnaməni ləğv etdirdiyi üçün Ülvi Rzazadə təhsil almaq üçün Türkiyə Cumhuriyyətinə gedə bilməmişdir. Beləliklə, məhkəmə hesab etmişdir ki, Cavabdeh qanunsuz hərəkətləri nəticəsində iddiaçıya, X8 Türkiyə Cumhuriyyətində yerləşən “X5”ndə təhsil alması məqsədi ilə ödənilmiş vəsait və digər xərclər həcmində ziyan dəymişdir.

18. Məhkəmə, həmçinin, qeyd etmişdir ki, iddia tələbi təmin edildiyindən və iddiaçı tələb etdiyindən 130 manat ödənilmiş dövlət rüsumu və 50 manat mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 1096cı, 1097-ci, 1115-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1ci, 88-ci, 119.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

20. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli, 24021196/14 saylı “öğrenci belgesi”ndən-tələbə sertifikatından görünür ki, X20 2023-2024cü təhsil ili üçün “X5”nin aktiv tələbəsidir. Bundan başqa iddiaçı ona qarşı oğlu Ülvi Rzazadənin onun icazəsi olmadan ölkəni tərk etməsi ilə bağlı məhkəmədə iddia qaldırmış və həmin iddia Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)- 2692/2023 saylı qətnaməsi ilə təmin edilmiş, onun tərəfindən qətnamədən apellyasiya şikayəti verilməmişdir. Başqa sözlə, oğlu 2023-cü ilin sentyabr ayında Türkiyə Respublikasına gedə bilməsə də, sonradan 2023-cü ilin oktyabr-noyabr ayında, yəni onun ölkədən kənara sərbəst surətdə getməsinə icazə verilməsi ilə bağlı qəbul edilmiş məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra gedib təhsil ala bilərdi. Belə ki, dərsə qeydiyyatdan keçmiş, mübadilə proqramında iştirak etmiş və ya bir semestr üçün müvəqqəti məzuniyyət götürmüş tələbə Universitetdə aktiv tələbə statusuna malik sayılır. Bu da açıq-aşkar onu göstərir ki, həmin vaxt, yəni 2023-cü ilin oktyabr-noyabr ayında Ülvi Rzazədinin təhsil almaq üçün Türkiyə Respublikasına getmək imkanı olsa da, özü öz seçimi əsasında getməmişdir. Həmçinin iddiaçı da öz iddia ərizəsində Ülvi Rzazadəyə universitetə gedə bilməməsi səbəbindən akademik məzuniyyətin verildiyini bildirmişdir. Ümumiyyətlə buradan da belə bir nəticəyə gəlmək olar ki, Ülvi Rzazadə 2023-cü ilin oktyabr-noyabr aylarında qəbul aldığı “X5”nə gedib təhsil almağa başlaya bilərdi. Lakin iddiaçının öz seçimi ilə oğlu Ülvi Rzazadə 2023-cü ilin oktyabr-noyabr ayında Türkiyəyə getməmiş, təhsilini davam etdirməmişdir. Bu zaman isə onun tərəfindən iddiaçıya hər hansı bir zərərin vurulmasından söhbət gedə bilməz. Bundan başqa birinci instansiya məhkəməsi hazırda qətnaməsində: “Lakin cavabdeh tərəfindən qətnamənin icrası gecikdirildiyi üçün Ülvi Rzazadə təhsil almaq üçün Türkiyə Cumhuriyyətinə gedə bilməmişdir” fikrini qeyd etmişdir. Məhkəmə bu hissədə fikrini tam şəkildə aydınlaşdırmamış, hansı qətnamənin icrasını gecikdirməyini ətrfalı şəkildə izah etməmişdir. Dolayısı ilə bu da məhkəmə qətnaməsindən sonra onun oğlu X18 Respublikasına getməsinə razı olduğunu ifadə edir. İddiaçı ilə aralarında olan məhkəmə prosesslərinin birində görüşüb söhbət edən zaman oğlu Ülvi Rzazadədən təhsili üçün nə zaman Türkiyə Respublikasına gedəcəyini, bilet alıb-almamasını soruşarkən oğlu ona Türkiyəyə getməyəcəyini, Türkiyədə təhsil alması ilə bağlı müəyyən problemlərin yarandığını, təhsil haqqı pulunun təhsil aldığı universitetə ödənilmədiyini bildirmişdir. Onun də içində müəyyən bir şübhələr və narahatlıqlar yarandığı üçün razılıq ərizəsini ləğv etdirmək qərarında gəlmişdir. Bu barədə də oğlu Ülvü Rzazadəyə və İddiaçı, hətta babasına belə bir addım atacağı ilə bağlı məlumat da vermişdir. Yəni iddiaçının onun oğlu X13 Respublikasına getməsi ilə bağlı razılıq ərizəsini ləğv etdirdiyindən əvvəlcədən məlumatı olmuşdur. Lakin iddiaçı öz iddia ərizəsində yalandan guya bu barədə onlara məlumat verməyini bildirmişdir. Birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə obyektiv şəkildə, hərtərəfli bir araşdırma aparılmamışdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən Ülvi Rzazadənin qəbul olduğu “X5”ndən kənarlaşdırılıbkənarlaşdırılmaması, kənarlaşdırılmışdırsa nə zaman, hansı əsasla kənarlaşdırılması, həmçinin Ülvi Rzazadə 2023-cü ilin sentyabr ayında universitetə gedə bilməsə də, 2023cü ilin oktyabr-noyabr ayında (məhkəmə qətnaməsindən sonra) gedib təhsilinə davam edib-edə bilməyəcəyi məsələsi araşdırılmamışdır. Türkiyə təhsil sistemində tələbənin biriki ay müddətində dərslərdə iştirak etməməsi onun universitetdən kənarlaşdırılması ilə nəticələnmir və tədris ili müddətində həmin dərslərdə iştirak edə bilməyəcəyi mənasını ifadə etmir, eyni zamanda bununla bağlı universitet tərəfindən hər hansı bir məhdudiyyət tətbiq edilmir. Yəni tələbə Türkiyə Universitetlərinin hər hansı birinə elektron qaydada müraciət edib qeydiyytadan keçdikdən və qəbul aldıqdan sonra təhsil müddətinin istənilən vaxtında gedib qəbul olduğu təhsililinin dərslərində iştirak edib təhsilini davam etdirə bilər. Onun oğlu 2023-cü ilin noyabr ayında Türkiyə Respublikasına getməsinə hər hansı bir maneə yox idi. Həmçinin onun tərəfindən 2023-cü ilin noyabr ayında təhsil almaq üçün Türkiyəyə getməsinə heç bir maneçilik törədilməmişdir. Lakin buna baxmayaraq, ananın seçiminə görə Ülvi Rzazadə 2023-cü ilin noyabr ayında gedib təhsilini davam etdirməmişdir. X19 2023-cü ilin oktyabr-noyabr ayında Türkiyə Respublikasına gedib təhsilinə davam edib-edə bilməyəcəyi məsələsi ilə bağlı müvafiq sorğu verilməsi üçün vəsatətlə birinci instansiya məhkəməsinə müraciət olunsa da, lakin məhkəmə əsasız olaraq vəsatəti təmin etməmişdir. Bundan başqa, iddiaçı tərəfindən universitet və yataqxana üçün müvafiq məbləğdə pul ödənilməsi onun tərəfindən iddiaçıya hər hansı bir zərər vurulması mənasına gəlmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən universitet və yataqxana üçün ödənilmiş pulun iddiaçı tərəfindən geri alınıb-alınmaması məsələsi araşdırılmamışdır. Əgər iddiaçı ödədiyi pulu geri almışdırsa, burarda hər hansı bir zərərin vurulmasından söhbət gedə bilməz. Qətnamənin müəyyən bir hissəsinin anlaşılmayan bir şəkildə yazılması, müəyyən bir hissəsinin səhv yazılması (2023-2024-cü təhsil ili yox 2003-2004-cü təhsil ili yazılmışdır) hazırki iş üzrə səthi bir araşdırma apardırıldığının bariz göstəricisidir.

b) apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

22. İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək, etirazı iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, xx.xx.2023-cü il tarixdən etibarən cavabdehin onlarla və xüsusilə də oğlu Ülvi Rzazadə ilə bir valideyn olaraq şəxsi əlaqələri olmamış, onun ölkədən getməsinə etirazının olmasını heç bir üsul və vasitə ilə bildirməmişdir. Cavabdehin qərəzli hərəkətləri nəticəsində uşaq təhsil almaq üçün Türkiyə Respublikasına getmək hüququndan məhrum edilmişdir. Bununla bağlı məhkəmə tərəfindən qətnamə qəbul edilməklə uşağın cavabdehin razılığı olmadan ölkəni tərk etmək hüququ yaransa da keçən müddət ərzində akademik məzuniyyət bitmiş və "xxxx" MMC tərəfindən təhsil hüququnun itirilməsi qeyd edilmişdir. Göstərilənlərin nəzərə alınması və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvəsə saxlanılması xahiş edilmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

23. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil oğlu ayrı-ayrılıqda apellyasiya şikayətinin və iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək, iddianın rədd edilməsini xahiş etmişdilər.

24. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin və apellyasiya şikayətinə qarşı etirazın məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

25. Məhkəmə iclasında məhkəmə kollegiyasının təşəbbüsü ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş X20 izahat verərək bildirmişdir ki, o, ümumiyyətlə atası ilə 5 ildir ki münasibətdə deyil. Heç vaxt atasına təhsil almaq üçün Türkiyə Respublikasına getmək istəmədiyini və getməyəcəyini bildirməmiş, aralarında belə bir söhbət olmamışdır. Belə ki, o, oxumaq istəmiş və bunu arzulamışdır. Türkiyə Respublikasında təhsil almaq Türkiyə Respublikasında oxumaq onun öz seçimi olmuşdur. Hətta atasının razılıq verməsindən əvvəl atası ilə əlaqə saxlamış və ona xaricdə təhsil almaq istədiyini və bu məqsədlə xaricə gedəcəyini bildirərək, onun razılığının olub-olmadığını soruşmuşdur. Atası da razı olduğunu və onun bu qərarına sevindiyini bildirmişdir. Bundan sonra onlar iki dəfə, birinci dəfə notariat kontorunda, atası razılıq verəndə, ikinci dəfə isə 2023-cü ilin iyul ayında “ASAN” xidmətdə sənədlərin rəsmiləşdirilməsi zamanı görüşmüşdülər. Atasının razılıq ərizəsini ləğv etdirməsi barədə ona məlumat verməsi həqiqəti əks etdirmir, atası ona belə bir fikir söyləməmişdir. O, təhsil almaq məqsədi ilə Türkiyə Respublikasına uçmaq üçün hava limanına yollanan və hava limanında olan zaman atasının ona verdiyi razılıq ərizəsini ləğv etdirməsi barədə ümumiyyətlə məlumatlı olmamışdır. Dövlət sərhədinin buraxılış məntəqəsindən keçə bilmədikdə bunun səbəbinin razılıq ərizəsinin ləğv etdirilməsi ilə bağlı olduğunu bilmiş və həmin vaxt ona atasının dağanı götürə bilməsini söyləmişdilər. Bununla bağlı atası, hətta nənəsi və qardaşı (atasının yanında qalır) əlaqə saxlamaq istəsə də, onun zəngləri cavabsız qalmışdır. Atasının profilinin şəkli belə itmişdir. Belə ki, atası onun nömresini bloklamışdır. Nəticədə ölkədən getməsi mümkün olmamışdır.

26. Məhkəmə kollegiyasının təşəbbüsü ilə “BA Azerbaijan" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmiş, lakin məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə bu üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır; 560.3.4-ci maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır.

28. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 29.2-ci maddəsinə əsasən analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir; 51.4-cü maddəsinə əsasən uşağın valideyinləri tərəfindən sui-istifadə etmə hallarından müdafiə olunmaq hüququ vardır; 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar; 60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz; 60.2-ci maddəsinə əsasən valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər; 60.3-cü maddəsinə əsasən uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər.

29. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin: 9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı (bundan sonra vətəndaş) dövlət sərhədinin buraxılış məntəqələrindən keçərək sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir. Vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz; 11.1-ci maddəsinə əsasən bu Məcəllənin 11.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilər; 11.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir.

30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

32. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

33. Hazırda apellyasiya şikayətində qətnamənin ləğv edilib iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi “universitetinin yataqxanası üçün ödənilmiş 75.000 TRY-nin (qətnamənin icra olunduğu günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə nəzərə alınmaqla) cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsində ləğv olunmalı, həmin hissədə yeni qətnamə çıxarılmaqla, iddia həmin hissədə rədd edilməlidir.

35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, iddiaçı və cavabdeh keçmiş ər-arvaddır. Onların birgə nikahından üç uşaqları olmuş, xx.xx.2006-cı il təvəllüdlü X20 onların ilk uşağıdır. Tərəflər arasında yaranmış mübahisənin əsasında onların birgə nikahından doğulmuş yetkinlik yaşına çatmamış oğlu Ülvi Rzazadənin təhsili ilə bağlı Türkiyə Cumhuriyyətinə gedə bilməsi üçün cavabdeh tərəfindən verilmiş notarial razılıq ərizəsinin sonradan (uçuş tarixində, yəni xx.xx.2023-cü il tarixdə) ləğv etdirilməsi dayanır.

36. Belə ki, iddiaçı həmin hala istinad edərək oğlunun Türkiyə Cumhuriyyətində təhsil alması (universitetə müraciət edilməsi və aidiyyəti sənədlərin hazırlanması, göndərilməsi və s.) üçün vasitəçi şirkət “X10” MMC-yə ödənilmiş 8.500 manat, Ülvi Rzazadə adına elektron sərnişin aviabiletinin alınmasına görə ödənilmiş 406 manat, universitetin yataqxanası üçün ödənilmiş 3.942 manat olmaqla, ümumilikdə 12.848 manatın, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 130 manat dövlət rüsumunun, 50 manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Cavabdeh isə oğlunun getməsi ilə bağlı razılıq ərizəsinin ləğv etdirilməsindən iddiaçının və oğlunun məlumatlı olduğuna, iddiaçının uşağın atanın razılığı olmadan ölkə hüdudlarından kənara getməsi tələbi ilə bağlı iddiasının təmin olunduğuna, tərəfindən həmin qətnamədən şikayət verilmədiyinə, bundan sonra oğlunun getməsinə imkanının olmasına baxmayaraq öz istəyi ilə getməməsinə, bununla yanaşı iddiaçının müqavilə və yataqxana üzrə ödədiyi məbləğlərin təsdiqi kimi heç bir rəsmi sənəd təqdim etməməsinə və ən əsas oğlunun ona təhsil almaq üçün Türkiyə Cumhuriyyətinə getməyəcəyini, bununla bağlı müəyyən problemlərin yaranmasını bildirməsinə istinad edərək iddianın rədd edilməsini xahiş edir.

37. Məhkəmə kollegiyası bununla bağlı ilk növbədə qeyd edir ki, hazırda iddia tələbi 5 istiqamət üzrə formalaşmışdır: 1) birgə nikahdan doğulmuş oğlunun Türkiyə Cümhuriyyətində təhsil alması üçün vasitəçi şirkət “X10” MMC ilə bağlanılmış Təhsil xidmətlərinin göstərilməsi haqqında” müqavilə əsasında ödənilmiş pulun; 2) Türkiyə Cümhuriyyətinə uçuş üçün alımış aviabiletin dəyərinin; 3) universitetin yataqxanası üçün ödənilmiş pulun; 4) iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun; 5) mediasiya xərcinin cavabdehdən tutulması.

38. Məhkəmə kollegiyası bu baxımdan qeyd edir ki, iddiaçının oğlunun Türkiyə Cümhuriyyətində təhsil alması üçün “X10” MMC ilə müqavilə bağlaması və onun xidmətlərindən istifadə etməsi, oğlunun təhsili ilə bağlı ölkəni tərk etməsi üçün cavabdeh tərəfindən razılıq ərizəsinin verilməsi, bunun əsasında uçuş üçün aviabiletin alınması, sonradan isə cavabdeh tərəfindən həmin razılıq ərizəsinin ləğv etdirilməsi işin mübahisə edilməyə hallarını təşkil edir.

39. Məhkəmə kollegiyası bu sahəni tənzimləyən qanunvericiliyin yuxarıda göstərilən və digər aidiyyəti normalarına istinadən qeyd edir ki, uşaqların üstün manefeləri gözlənilməklə onların təhsili və tərbiyəsi ilə bağlı bütün məsələlər valideynlərin ümumi razılığı ilə həll olunur. Qanunvericilikdə bu halın nikahın pozulması hallarına da şamil edildiyi isitsna olmadığından və tərəflər arasında razılıq əldə olunmadığı halda bununla bağlı məhkəməyə müraciət etmək hüquqlarının olduğu da göstərilmişdir. Hazırki mübahisə çərçivəsində də ailə qanunvericiliyinin tələbləri nəzərə alınmaqla birgə nikahdan doğulmuş Ülvi Rzazadənin ölkə hüdudlarından kənarda (Türkiyə Cümhuriyyəti) təhsil alması ilə bağlı tərəflər arasında razılıq əldə olunmuş və bunun nəticəsi olaraq cavabdeh oğlunun sərhəd məntəqəsindən sərbəst giriş-çıxışına etiraz etməməsini ifadə edən xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiqlənmiş razılıq ərizə vermişdir. İddiaçı da məhz cavabdehin sərgilədiyi rəftara etibar edərək, övladının Türkiyə Cümhuriyyətində olan universitetlərə qəbul olması ilə bağlı proseslərin həyata keçirilməsi üçün vasitəçi şirkətlə xidmət müqaviləsi bağlamış, X14 Rumeli Universitetinə qəbul olması baş tutduğundan həmin müqavilənin icrası ilə bağlı ümumilikdə 8.500 manat məbləğində xidmət haqqı ödəmiş və oğlunun səfəri ilə bağlı elektron aviabilet satın almışdır. Lakin cavabdeh sonradan iddiaçı tərəfə heç bir məlumat vermədən xx.xx.2023-cü il tarixli razılıq ərizəsini xx.xx.2023-cü il tarixdə ləğv etdirmiş və faktiki olaraq iddiaçının onun əvvəlki rəftarına güvənindən suiistifadə etmişdir. Sadalananların nəticəsində Ülvi Rzazadə uçuş günü sərhəd-buraxılış məntəqəsindən buraxılmamış və təhsili ilə bağlı universitetə gedə bilməmişdir.

40. Cavabdeh iddiaçıya və oğlu Ülvi Rzazadəyə razılıq ərizəsinin ləğv edəcəyi barədə əvvəldən məlumat verdiyini bildirsə də, məhkəmə cavabdehin bu qəbildən olan dəlillərini formal mülahizə hesab edir. Belə ki, bu halı nə iddiaçı, nə də ki, onların oğlu Ülvi Rzazadə təsdiq edir. Ülvi Rzazadə ümumiyyətlə atası ilə 5 ilə yaxındır ki, əlaqəsinin və münasibətinin olmadığını, atasına yalnız xaricə təhsil almaqla bağlı zəng etdiyini və bu məsələyə onun münasibətini öyrəndiyini, atası da onu bu məsələdə dəstəklədiyini, bundan sonra atasını iki dəfə, yəni birinci dəfə razılıq ərizəsinin verilməsi ilə bağlı notariat kontorunda, ikinci dəfə isə sənədlərin rəsmiləşdirilməsi zamanı “ASAN” xidmətdə gördüyünü, təhsil almağa getməməsi barədə isə atasına hər hansı fikir söyləmədiyini, belə bir söhbətin olmadığını, uçuşa buraxılmamasının səbəblərini sərhəd keçid məntəqəsindən buraxılmayan zaman bildiyini, dərhal atası, qardaşı və nənəsi ilə telefonla əlaqə saxlamağa çalışsa da, zənglərinin cavabsız qaldığını bildirmişdir. Qeyd edilənlər öz növbəsində cavabdehin oğlu tərəfindən ona təhsil alması ilə bağlı Türkiyə Cumhuriyyətinə getməyəcəyini, bununla bağlı problemlərin yarandığını bildirməsi barədə fikirlərinin də əsassız olduğunu təsdiq edir. Hər bir halda, Ülvi Rzazadə bu barədə məlumatlı olduğu halda, heçnə olmamış kimi hava limanına yollanmazdı və sərhəd keçid məntəqəsində göstərilən çətinliklərlə üzləşməzdi.

41. Cavabdehin "xxxx" MMC-yə qarşı içində müəyyən bir şübhələrin və narahatlıqların yaranması səbəbindən razılıq ərizəsinin ləğv etdirməsi qərarına gəlməsi barədə mövqeyi isə nəinki əsassız, ümumiyyətlə anlaşılmazdır. Hər bir halda, bu qərara gəlmək üçün cavabdeh bununla bağlı hər hansı araşdırma aparmalı, o cümlədən həmin cəmiyyətə müraciət etməli, sənədlərlə tanış olmalı idi. Lakin cavabdehin ümumiyyətlə bu istiqamətdə hər hansı tədbir görməsi müəyyən edilmir.

42. Maraqlısı ondan ibarətdir ki, cavabdeh verdiyi razılığı məhz uçuş tarixində, yəni xx.xx.2023-cü il tarixdə ləğv etdirmişdir. Bu da öz növbəsində onun uşağın uçuş tarixi barədə tam məlumatlı olmasını təsdiq edir. Ümumiyyətlə razılıq verdikdən sonra cavabdehin təkcə bu razılığı ləğv etdirməsi deyil, digər hərəkətləri də birmənalı şəkildə Ülvi Rzazadənin təhsil almaq üçün Türkiyə Cumhuriyyətinə getməsinin qarşısını almağa yönəlmişdir. Belə ki, razılıq ləğv edildikdən sonra təhsil almaq üçün Ülvi Rzazadənin ölkədən çıxa bilməməsi səbəbindən iddiaçı cavabdehə qarşı “valideynin razılığı olmadan uşağın ölkə hüdudlarından kənara çıxarılması” tələbinə dair iddia qaldırmışdır. Həmin icraat çərçivəsində də cavabdeh iddianın təmin edilməsinə etiraz etmişdir. Bu iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qətnamə xx.xx.2023-cü il tarixdə qəbul edilsə də (iddia ətmin edilmişdir), onu 2024-cü ilin yanvar ayının sonunadək icraya yönəltmək mümkün olmamışdır. Bunun səbəbi cavabdehin həmin qətnaməni məhkəmə qəbzinə imza etməklə yalnız xx.xx.2023-cü il tarixdə qəbul etməsi olmuşdur.

43. Məhz qeyd edilənlər nəticəsində Ülvi Rzazadə qəbul olunduğu universitet tərəfindən ona verilmiş akademik məzuniyyətin son tarixi olan xx.xx.2024-cü il tarixədək təhsilə qatıla bilməmişdir. Bu da öz növbəsində onun bu hərəkətləri nəticəsində iddiaçıya vurulmuş zərərin əvəzinin ondan tutulması üçün əsas yaradır.

44. Məhkəmə kollegiyası iddia tələbinin “birgə nikahdan doğulmuş oğlunun Türkiyə Cümhuriyyətində təhsil alması üçün vasitəçi şirkət “X10” MMC ilə bağlanılmış Təhsil xidmətlərinin göstərilməsi haqqında” müqavilə əsasında ödənilmiş pulun cavabdehdən tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı ilə “X10” MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə üzrə Ülvi Rzazadənin təhsilini davam etdirməsi ilə bağlı Türkiyə Cumhuriyyətində yerləşən universitetlərə müraciət edilməsi üçün ümumilikdə iddiaçı tərəfindən vasitəçi şirkətə 8.500 manat (4.250 manata avans + 4.250 manat qalıq) ödəniş edilmişdir. Bu hal həm iş materiallarında olan qaimə faktura, həm də cəmiyyətin məktubu ilə öz təsdiqini tapır. Müqavilənin 6.4-cü bəndi (mövcud vəziyyətə uyğun iddiaçı bilavasitə həmin məbləği ödəmək vəzifəsi daşıyır), habelə cəmiyyətin iddiaçıya qarşı bu məbləğin ödənilməməsi ilə bağlı hər hansı pretenziya irəli sürməməsi bu məbləğin ödənilməməsini istisna edir. Hər bir halda, əsas məqsədi mənfəət əldə etməkdən ibarət olmaqla vergi ödəyicisi olan bu cəmiyyət pulun ödənilmədiyi təqdirdə, onun ödənilməsi barədə məhkəməyə məlumat verməzdi. İddiaçı həmin ödənişi övladının təhsili almaq üçün xarici ölkəyə getməsi barədə cavabdehin yazılı razılığına güvənərək bu addımı atmışdır. Bu səbəbdən məhkəmə kollegiyası iddiaçının müqaviləni cavabdehin razılığı ilə bağlı sərgilədiyi hərəkətlərinə güvənərək bağladığını, lakin sonradan cavabdehin həmin rəftara zidd rəftar nümayiş etdirdiyini və müqavilə şərtlərini nəzərə alaraq hesab edir ki, iddia tələbinin həmin hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi haqlı olmuşdur.

45. Məhkəmə kollegiyası iddia tələbinin “Türkiyə Cümhuriyyətinə uçuş üçün alınmış aviabiletin dəyərinin cavabdehdən tutulması” hissəsində də eyni mövqeydən çıxış edir (iddiaçının cavabdehin əvvəlki rəftarına güvənməsi) və hesab edir ki, birinci instansiya məhkəməsinin həmin hissədə də qənaəti düzgün olmuşdur.

46. Məhkəmə kollegiyası iddianın “universitetin yataqxanası üçün ödənilmiş pulun cavabdehdən tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı bu məsələ ilə bağlı ilk ödənişini xx.xx.2023-cü il tarixdə həyata keçirmişdir. Halbuki, həmin vaxt cavabdehin artıq razılıq ərizəsini ləğv etdirdiyi iddiaçıya məlum idi. Bundan sonra da iddiaçı uşağın ölkədən çıxarılmasına icazə verilməsi ilə bağlı məhkəmə mübahisəsinin aparıldığını, cavabdehin qətnaməni almamasını və nəticədə xx.xx.2023-cü il tarixdə rəsmi qəbul etməsini, belə olan halda, həmin qətnamənin ən yaxşı halda yalnız xx.xx.2024-cü il tarixdə qanuni qüvvəsini almasını, iddiaya etiraz edən cavabdehin onu apellyasiya qaydasında mübahisələndirməsinin də istisna olunmadığını bilə-bilə ödənişləri davam etmiş və sonuncu dəfə xx.xx.2024-cü il tarixdə bu məqsədlər üçün yataqxanaya ödəniş etmişdir. Digər tərəfdən sonradan həmin ödənişlərin geri qaytarılmasının mümkünlüyünü də araşdırmamış, o cümlədən bu məqsədlə həmin yataqxanaya hər hansı formada müraciət etməmişdir. İddiaçı tərəf Ülvi Rzazadə təhsil almaq üçün sonradan Türkiyə Cumhuriyyətinə gedərkən yataqxanada yer tapa bilməyəcəyinə istinadən bu ödənişləri etdiyini bildirsə də, öz mövqeyinin təsdiqi olaraq da hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məbləği cavabdehdən tutmaqda haqlı olmamışdır. Həmin məbləğin ödənilməsi iddiaçının öz seçimi olmuş, yəni ilk iki halda iddiaçı tərəfindən ödənişlər cavabdehin hərəkətlərindən əvvəl olmuş və bu baxımdan cavabdehin həmin ödənişləri etməmək (bu itikinin qarşısını almaq) imkanı olmamış, lakin hazırki ödənişlər aparılan zaman iddiaçı mövcud vəziyyət və nəticənin uğursuz olması ehtimalı barədə tam məlumatlı olmuşdur. Bu səbəbdən apellyasiya şikayəti həmin hissədə əsaslıdır və iddia tələbi həmin hissədə rədd edilməlidir.

47. Məhkəmə kollegiyası cavabdehdən iddiaçının xeyrinə tutulan mediasiya xərcinin məbləği ilə də razılaşır.

48. Məhkəmə kollegiyası yuxarıda sərgilədiyi hüquqi mövqeyinin yekunu olaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi “universitetinin yataqxanası üçün ödənilmiş 75.000 TRY-nin (qətnamənin icra olunduğu günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə nəzərə alınmaqla) cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsində ləğv olunmalı, həmin hissədə yeni qətnamə çıxarılmaqla, iddia həmin hissədə rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

49. Məhkəmə qətnaməsi ilə iddia tələbinin rədd edilən hissəsinin məbləği beş min manatdan az olduğundan hazırki qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilməz.

50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 385-ci, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-2275/2024 nömrəli qətnaməsi “universitetinin yataqxanası üçün ödənilmiş 75.000 TRY-nin (qətnamənin icra olunduğu günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə nəzərə alınmaqla) cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsində ləğv olunsun. Həmin hissədə yeni qətnamə çıxarılmaqla, iddia həmin hissədə rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar