Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9221/2021 22.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçı (eyni zamanda bacıları X1 və X2 qəyyumu) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kompensasiya verilməklə yaşayış evindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbi barədə” iddiaçına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 iyul 2021-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, iddiaçının özünün iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu, X6 küçəsi, bina № 100/40, 5 saylı 10,3 kv.m. ölçülü, 6 saylı 11,5 kv.m ölçülü, 7 saylı 9,9 kv.m ölçülü sahələrin zirzəmisində yerləşən 19 saylı 3,9 kv.m ölçülü, 20 saylı 6,0 kv.m ölçülü, 21 saylı 10,7 kv.m ölçülü, 22 saylı 7,8 kv.m ölçülü otaqlardan cavabdehlər Cavabdeh1 və Cavabdeh3 10.000 manat məbləğində kompensasiya verilməklə, Cavabdeh2 isə kompensasiya verilmədən istifadə hüquqlarına xitam verilməsi və cavabdehlərin orada yaşayan ailə üzvləri və əşyaları ilə birlikdə çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, yuxarıda qeyd edilən ünvanda yerləşən evin 1/3 hissəsini təşkil edən 2, 3, 4, 5, 6, 19, 20, 21 saylı yaşayış otaqları iddiaçının və iddiaçının bacısı olan X1 adına 11.09.2013-cü il tarixdə, 1, 7, 8, 22 saylı köməkçi otaqları 1/3 hissədə isə iddiaçının digər bacısı X2 adına 06.06.2006-cı il tarixdə daşınmaz əmlakın reyestrində qeydiyyata alınmış və hal-hazırda onların mülkiyyətindədir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 07.10.2020-ci il tarixli qətnaməsi (İş № 2(009)-657/2020) ilə Afət Hüseynova psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş və Səbail Rayon İcra Hakimiyyəti başçısının 22.11.2020-ci il tarixli, 109 saylı sərəncamına əsasən iddiaçı, bacısı A.Hüseynova üzərində qəyyum təyin edilmişdir. Səbail Rayon Məhkəməsinin 23.07.2020-ci il tarixli qətnaməsi (İş № 2(009)-656/2020) ilə isə Sevinc Hüseynova da psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş və Səbail RİH başçısının 23.11.2020-ci il tarixli, 108 saylı sərəncamına əsasən iddiaçı onun üzərində də qəyyum təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20.04.2006-cı il tarixli qətnaməsinə əsasən yuxarıda qeyd edilən otaqlara Cavabdeh1 və Cavabdeh3 istifadə hüquqlarının tanınması qət edilmişdir. Lakin cavabdehlərin və onların ailə üzvlərinin mübahisəli mənzildə yaşamaları iddiaçının və qəyyumları olan bacılarının mənafeyinə ziddir. Bu səbəbdən, cavabdehlərə məhkəmə qaydasında kompensasiya ödənilməklə, Cavabdeh2 isə kompensasiya verilmədən istifadə hüquqları itirilməli və mübahisəli otaqlardan çıxarılmalıdırlar. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 28.07.2021-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd olunmuşdur ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək, apelyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. O, əlavə olaraq bildirdi ki, cavabdehlər və onların ailə üzvləri ilə heç bir qohumluq münasibəti yoxdur. Onların mübahisəli yaşayış sahəsinə kirayəçi kimi köçmələrinə o zaman evin mülkiyyətçisi olmuş nənəsi 1970-ci ildə razılıq vermiş və cavabdehlər həmin vaxtdan orada yaşayırlar. İddia ərizəsində qeyd etdiyi şəxslərin yetkinlik yaşına çatmış övladları da həmin sahədə yaşayırlar. Cavabdehlər işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da, apellyasiya baxışının iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş RX seriyalı, ******* nömrəli “Çıxarışından” görünür ki, iddia ərizəsində qeyd edilən və 13 otaqdan ibarət evinin ümumi sahəsi 203,05 kv.metrdir. Ev bərabər paylar üzrə iddiaçının və onun bacılarının - Afət Hüseynovanın və Sevinc Hüseynovanın mülkiyyətindədir. Həmin Xidmətin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 11.09.2013-cü il tarixli, 11/4295 inventar nömrəli texniki pasportundan görünür ki, ev 1900-cü ildə tikilmişdir. Fərdi yaşayış evi 13 yaşayış otağından ibarətdir. Ümumi sahəsi 203,05 kv.metrdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 07.10.2020-ci il tarixli qətnaməsindən (İş № 2(009)-657/2020) görünür ki, həmin qətnamə ilə Afət Hüseynovanın psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi qət edilmişdir. Səbail Rayon Məhkəməsinin 23.07.2020-ci il tarixli qətnaməsindən (İş № 2(009)- 656/2020) görünür ki, həmin qətnamə ilə Sevinc Hüseynovanın psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi qət edilmişdir. Səbail RİH başçısının 23.11.2020-ci il tarixli, 108 və 109 saylı sərəncamlarından görünür ki, iddiaçı bacılarının üzərində qəyyum təyin edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS Şöbəsinin 29.04.2019-cu il tarixli arayışlarından görünür ki, cavabdehlər qeyd edilən evdə yaşayış yeri üzrə qeydiyyatdadır. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20.04.2006-cı il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 mübahisəli evə istifadə hüquqları tanınmışdır. Göstərilənlərə və iddiaçının özünün məhkəmələrə bildirdiklərinə əsasən müəyyən edilir ki, cavabdehlərdən Cavabdeh1 və Cavabdeh3 həmin evdə yerləşən yaşayış sahəsinə istifadə etmək hüquqları Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının yuxarıda qeyd edilən 20.04.2006-cı il tarixli qətnaməsi tanınmışdır. Bundan başqa cavabdehlər, o cümlədən digər Cavabdeh2 və onların ailə üzvləri mübahisəli evə köçərək evdə yaşamalarına o zaman evin mülkiyyətçisi olmuş iddiaçının nənəsi 1970-ci ildə razılıq vermiş və cavabdehlər həmin vaxtdan etibarən orada yaşayırlar. Hazırda iddiaçı onun tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 10.000 manat məbləğində kompensasiya ödənilməklə, onların mübahisəli yaşayış sahəsinin otaqlarından istifadə hüquqlarına xitam verilməsi və çıxarılması, Cavabdeh2 isə kompensasiya verilmədən onun evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, yaşayış sahəsinin mülkiyyətçisi tərəfindən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna malik olan şəxsə kompensasiya verilməklə həmin şəxsin istifadə hüquqlarına xitam verilməsi barədə tələblərin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 31.03.2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26.09.2007-ci il tarixli qərarına görə, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna - xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Yəni istifadə hüququnun yaranması səbəbindən (məhkəmə qərarı, müqavilə və s.) asılı olmayaraq, mülkiyyətçi kompensasiya verməklə onun xitamını tələb etmək hüququna malikdir və bu hüquq, qanunda heç bir şərtlə məhdudlaşdırılmayıb. Bu məsələnin həlli istifadəçi mülahizəsindən asılı deyil və eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. Apellyasiya baxışı zamanı Məhkəmə yuxarıda qeyd edilənləri İddiaçı diqqətinə çatdırmış və kompensasiya təkcə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 deyil, həmçinin Cavabdeh2də verilməsini və kompensasiya məbləğin artırılmasını təklif etmiş, lakin iddiaçı bildirmişdir ki, o, hazırda 3 cavabdehə və daha yüksək məbləğdə kompensasiya verməyə maddi vəziyyətinə görə hələ ki, hazır deyil. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddianı təmin etməməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlili formal mülahizə xarakteri daşıyır. Apellyasiya şikayətinə münasibətdə qətnamənin ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 iyul 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə tərəfə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9221/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9221/2021
22.10.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver