Məhkəmə qərarları › İş №2(103)-9225/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9225/2021

08.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9225/2021 08.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2504/2021 saylı 16 mart 2021-ci il tarixli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" MMC və Cavabdeh2 QSC-yə qarşı “hərracın etibarsız sayılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 20.04.2017-ci i l tarixli icra vərəqəsi və Bakı şəhər Səbail rayon İcra şöbəsinin rəis müavininin 25.08.2017-ci il tarixli 218190/2017-16-2- 15670 №-li məktubu əsasında İddiaçı2 məxsus olmuş ünvan 1 ünvanı üzrə Cavabdeh "xxxx" MMC-nin təşkil etdiyi hərracların etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 eyni zamanda iddia təmin tədbiri barədə ərizə verərək iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək Bakı şəhəri, Sabail rayonu, Azərbaycan prospekti, ev 3, 27 saylı mənzilin üzərinə həbs qoyularaq özgəninkiləşdirilməsinin cavabdehlərə və üçüncü şəxslərə qadağa qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2(004)-2504/2021 saylı, 16.03.2021-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" MMC və Cavabdeh2 QSC-yə qarşı “hərracın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə iddiaçı tərəfindən verilmiş iddia təmin tədbirinin tətbiqinə dair ərizə təmin edilməmişdir.. Daha sonra İddiaçı1 nümayəndəsi və vəkili Vəkil 13.04.2021-ci il tarixdə məhkəməyə elektron qaydada şikayət ünvanlayaraq, ünvan 2dadının ləğv edilməsi və iddia təmin tədbiri barədə ərizənin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2504/2021 saylı 16 avqust 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Tərəflər məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiklərinə görə məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2504/2021 saylı 16 mart 2021ci il tarixli qərardadı ləğv edilməli, İddiaçı1 tərəfindən verilmiş iddia təmin tədbiri barədə ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən iddianı təmin etmək üçün aşağıdakı tədbirlər görülə bilər: cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iddianı təmin tədbiri institutu özünün mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanır. Bu, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Öz təbiəti etibarilə iddianı təmin tədbirləri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü olan qəbul edilən yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası isə həmin subyektiv hüququn real bərpası deməkdir. Bu mənada, məhkəmə kollegiyası qeyd edir ki, iddianı təmin tədbirləri öz təbiətləri etibarilə qaçılmaz olaraq proses iştirakçılarından birinin hüquqlarına toxuna, onların həyata keçirilməsində müəyyən məhdudiyyətlər yarada bilər. Belə hallar, bu institutun bilavasitə mahiyyətindən irəli gəlir. Ona görə də, iddianı təmin tədbirlərindən verilmiş dəlilinə istinad özlüyündə kifayət deyildir. Belə dəlil məhkəmə tərəfindən mütənasiblik prinsipi baxımından ciddi şəkildə qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi gəlmiş olduğu nəticəni onunla əsaslandırmışdır ki, baxılan iş üzrə iddianı təmin etmə tədbiri qismində mənzilin üzərinə həbs qoyulması və ona dair hərəkətlərin edilməsinin qadağan edilməsi həmin mənzilə tutma yönəldilməsini nəzərdə tutan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməsinə maneə olur, dövlət adından qəbul edilmiş aktın həyata keçirilməsini qarşısını kəsir.. Kollegiya birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmır. Belə ki, iş materiallarından görünür ki, hazırki iş üzrə iddianın predmeti Bakı şəhəri, Sabail rayonu, Azərbaycan prospekti, ev 3, 27 saylı mənzildir və iddia ərizəsinin təmin edilməməsi iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasına maneəəçilik törədə bilər. Birinci instansiya məhkəməsi həmçinin ərizəni rədd edərkən qeyd etmişdir ki, mübahisə predmeti olan mənzilin hazırki sahibi iş üzrə üçüncü şəxs olan X1r. İş üzrə cavabdeh olmayan şəxsin əmlakının üzərinə həbsin qoyulması qanunvericiliyin tələbinə ziddir. Məhkəmə kollegiyası göstərilən dəlilə münasibətdə hesab edir ki, mənzilin hazırki sahibinin iş üzrə üçüncü şəxs olan X2 olması barədə iş materiallarında heç bir sübut yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2504/2021 saylı 16 mart 2021-ci il tarixli qərardadı ləğv edilməli, İddiaçı1 iddianı təmin etmə tədbiri barədə ərizəsi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı1 şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2504/2021 saylı 16 mart 2021-ci il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri, Sabail rayonu, Azərbaycan prospekti, ev 3, 27 saylı mənzilin üzərinə həbs qoyulmaqla özgəninkiləşdirilməsi qadağa edilsin. Qərardad dərhal icra edilməsi üçün Yasamal rayon İcra və Probasiya şöbəsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Azad İmanov Hakimlər Qürbət Əsgərov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar