Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9236/2021 02.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdehin vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2(001)-2071/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya dəymiş 60.000 manat maddi və 100.000 manat mənəvi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə Gəncə şəhərində çalışdığı dövrdə tanış olmuş və uzun müddət olaraq normal münasibətləri olmuşdur. Həmin dövrdə cavabdeh Gəncə Pedaqoji Universitetinin rektoru vəzifəsində çalışmışdır. Məhz bu vəzifədə çalışarkən 2009cu ildə Gəncə Pedaqoji Universitetində maliyyə-təsərrüfat üzrə yoxlamalar həyata keçirilərkən Cavabdeh külli miqdarda yeyintiyə yol verdiyi üzə çıxmışdır. Həmin ərəfədə Cavabdeh ona müraciət edərək qısa müddət üçün onun pula ehtiyacı olduğunu və çıxılmaz vəziyyətdə qaldığını söyləyib iddiaçıdan qısa müddətlik 100.000 manat pul istəmişdir. Həmin ərəfədə hər ikisi Gəncə şəhərində məsul vəzifədə çalışdıqlarından və iddiaçı cavabdehə qarşı humanizm göstərərək, Cavabdeh statusunu nəzərə alaraq istədiyi pulu ona vermək qərarına gəlmiş, özündə olmasa da yaxın dostlarından həmin pulu toplayaraq Cavabdeh xəbər vermişdir. Cavabdeh bu xəbərdən çox sevinmiş, axşam baş mühasibi Nizami Mustafayevi onun yanında göndərərək pulu ondan almışdır. İddiaçı sonradan öyrənmişdir ki, Cavabdeh yoxlama zamanı üzə çıxan yeyinti faktlarını və digər qanunsuz əməllərini ört-basdır etmək və cinayət yolu ilə əldə etdiyi pulu geri qaytarmaq üçün bu yola əl ataraq iddiaçıdan aldığı pulu dövlət büdcəsinə keçirmiş, yaxasını yoxlamadan qurtara bilmişdir. İddiaçı müəyyən müddət keçdikdən sonra Cavabdeh pulun qaytarılması üçün müraciət etmiş, lakin cavabdeh onunla görüşdən və telefon zənglərində yayınmağa başlamışdır. Bundan sonra iddiaçı DİN-nin BMCQMİ-nə şikayət ərizəsi yazmış, lakin Cavabdeh bir-birini təkzib edən izahatlar verərək polis əməkdaşlarını çaşdırmış və istədiyinə nail olmuşdur. Cavabdeh iddiaçıya vurduğu maddi zərəri ödəməməkdən ötrü müxtəlif isntansiyalara, hətta polisə də əsassız şikayətlər yazmışdır. İddiaçı cavabdehin bu əməllərindən stress keçirmiş və nəticədə səhhətində müəyyən prolemlər yaranmışdır. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı məhkəməyə dəqiqləşmə barədə ərizə təqdim edərək, iddia tələbini azaldaraq, cavabdehdən yalnız mənəvi zərərin əvəzi olaraq 100.000 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2(001)-2071/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh mənəvi zərərin əvəzi kimi 5000 (beş min) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməsi, iş üzrə keçirilmiş məhkəməpsixoloji ekspertiza tədqiqatının dəyərini təşkil edən 80 (səksən) manat ekspertiza xərci Cavabdeh tutularaq dövlət büdcəsinə, SAP (XİİS) hesabı, X1, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34CTRE******************** hesablaşma hesabına köçürülməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh apellysiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə gəldiyi qənaəti demək olar ki, əsaslandırmamış, yalnız onu hesab etdiyini qeyd etmişdir ki, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi labüddür və ona görə də iddiaçıya vurulmuş mənəvi ziyanın əvəzi olaraq cavabdehdən müəyyən məbləğdə müəyyən edilməlidir. əsaslandırma kimi göstərilən 2-3 abzas isə bir çox məhkəmə aktlarında rast gələ biləcəkləri şablon ifadələrdən ibarətdir. Məhkəmə sübut kimi sadaladığı sənədləri tədqiq etməmiş, onların heç birinə qiymət verə bilməmiş, yəni iş üçün mühüm əhəmiyyətli heç bir hala aydınlıq gətirməmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili-nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayəti qəbul etməyərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddianın təmin edilmiş hissəsində yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2211/2019 saylı, 04.04.2019-cu il tarixli qərarına əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25.06.2018-ci il tarixli, 2(001)-4393/2018 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı 60.000 manat vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi tələbinə dair ilk və Cavabdeh İddiaçı qarşı cavabdeh tərəfindən Azərbaycan Respublikası DİN-ə ünvanlanmış 20.02.2012-ci il tarixli teleqram və məhkəməyə verilmiş ilkin iddia ərizəsində “beləliklə Cavabdeh etibarından sui-istifadə edərək ondan külli miqdarda, yəni 60.000 manat məbləğində pul vəsaitini ələ keçirmişdir” ifadəsinin şərəf və ləyaqətini alçaldan ifadələr hesab edilməsi, İddiaçı üzərinə eyni qaydada teleqramla və ərizə ilə mürciət edərək göstərilən ifadəsinin yazılmasına görə təkzibin verilməsi və Cavabdeh üzr istəməsi vəzifəsinin qoyulması, vurulmuş mənəvi zərərin əvəzi olaraq 50.000 manat və ödənilmiş 30 manat dövlət dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh ödənilməsi tələbinə dair qarşılıqlı iddiaları təmi edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-11273/2018 saylı, 30.10.2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25.06.2018-ci il tarixli, 2(001)- 4393/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, İddiaçı apellyasiya məhkəməsinin qətnaməsindən verdiyi kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30.10.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunmuş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18.05.2021-ci il tarixli, 11/120 nömrəli psixoloji ekspert rəyindən məlum olur ki, İddiaçı uzun müddət Cavabdeh ilə aralarında gedın söz-söhbətlər, mübahisələr və çəkişmələrlə əlaqədar olaraq emosional gərginlik halını keçirmişdir. Bu hal İddiaçı psixi durumuna neqativ təsir göstərmişdir. İddiaçı psixi fəaliyyətində yaranmış neqativ dəyişikliklər əhəmiyyətli dərəcədə olmaqla Cavabdeh ilə aralarında yaranmış söz-söhbətlər, mübahisələr və çəkişmələrlə şərtlənmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, mənəvi təzminatın miqdarının müəyyən olunması mənəvi dəyərlərin maddi şəkildə kompensasiya edilməsi halında əhəmiyyət kəsb edir. Mənəvi zərərin dəqiqliklə kompensasiyası hər zaman mümkün olmadığından mənəvi təzminatda zərərin ödənilməsi əksər hallarda maddi formada (pul formasında) ödənilən kompensasiyadır. Mənəvi zərərlə bağlı yuxarıda adı çəkilən Plenum qərarında Ali Məhkəmə mənəvi zərərin ödənilməsinin yalnız pul formasında olmasında əlavə olaraq şəxsin üzərinə bəzi vəzifələr qoymaq yolu ilə (məsələn, şərəf, ləyaqət, işgüzar və sosial nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi) həyata keçirilə biləcəyini qəbul etmişdir. Təzminatın ədalətə uyğun olması vacibdir. Bu səbəbdən mənəvi təzminatın miqdarı iddiaçının məruz qaldığı mənəvi zərərin son həddi ilə mütənasib olmalıdır. Xüsusilə, çox aşağı olmamalıdır. Təzminatın miqdarının çox aşağı olmaması vacib olduğu kimi, miqdarın çox yüksək olmaması da nəzərə alınmalıdır. Mənəvi zərərin əvəzinin ödənilməsində məqsəd zərərin kompensasiyası və ya zərərvuranın cəzalandırılması deyil, zərər çəkəndə məruz qaldığı mənəvi sarsıntı və iztirabı müəyyən qədər azaltmaqdır. Zərər çəkənə mənəvi zərərin əvəzi kimi pul məbləğinin ödənilməsi halında onda məruz qaldığı mənəvi zərərin qismən və ya tamamilə aradan qaldırmağa yarayan məmnunetmə hissi yaradılmış olur. Şəxsin çəkdiyi əzabın, ağrıların, iztirabın ona kompensasasiya verilməsilə tam aradan qaldırılması mümkün deyildir. Bu halda mənəvi zərərin ödənilməsi zərər çəkəni təsəlli edən bir vasitədir. Məhkəmə hesab etmişdir ki, maddi zərər pulla kompensasiya edilə bilər; lakin mənəvi sarsıntı və iztirab və həyat eşqinin azalması kimi mənəvi zərərlərin ödənilməsi, pulun zərər çəkənin məruz qaldığı zərəri kompensasiya etməsi barədə hüquqi fiksiyaya söykənir. Lakin pulun ağrını azaldacağını və ya zərər çəkənin qabiliyyətini bərpa edəcəyini düşünməsək də, bu fiksiyanı qəbul edirik. Məhkəmə “itirilmişi” qiymətləndirməyi ümid etməsə də, lakin mövcud şəraitdə pul kompensasiyasını təsəlli vasitəsi kimi çıxış etməsini qeyd etməyi zəruri hesab edir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin məcəllənin 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Nəzərə almaq lazımdır ki, qanuni qüvvəsini almış Binəqədi Rayon məhkəsinin 25.06.2018-ci il tarixli, 2(001)-4393/2018 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı 60.000 manat vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər- maddi nemətlər) hüquqlarını pozmaqla fıziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfı psixioloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərərəi ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Göründüyü kimi, «İnsan Hüquqlarının və X3 haqqında» Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Avropa Məhkəməsinin “Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları”nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Kollegiya qeyd edir ki, cavabdeh tərəfindən maddi ziyan vurulması halı müəyyən edilməmiş və həmin hal Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25.06.2018-ci il tarixli, 2(001)-4393/2018 saylı qətnaməsi ilə sübuta yetirilməmişdir. Cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulması müəyyən edilmədiyindən, ona mənəvi ziyanın vurulması halı da, müəyyən edilmir. Belə olan halda, iddia tələbinin hüquqi əsası olmadığından, təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-psixoloji ekspertizasının dəyəri 80 (səksən) manat İddiaçı tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Birinci instansiya məhkəməsi isə qeyd edilən halları araşdırmadan iddianın qismən edilməsi barədə səhv nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki-Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2(001)-2071/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. Məhkəmə-psixoloji ekspertizasının dəyəri 80 (səksən) manat İddiaçı tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-9236/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9236/2021
02.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver