Məhkəmə qərarları › İş №2(103)-9238/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9238/2021

14.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9238/2021 14.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh2 qarşı “çıxarışın etibarsız hesab edilməsinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixliŞ 2(005)-356/2021 saylı qətnaməsindən həmin iş üzrə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh2 qarşı “çıxarışın etibarsız hesab edilməsinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 adına qeydiyyata alınmış Nərimanov rayonu, Qarabağ küçəsi, ev 7, mənzil 6 ünvanına dair ********** qeydiyyat nömrəli, **********85- 05101-093008 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən çıxarışın etibrasız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı qeydiyyatda olduğu və böyüyüb boya-başa çatdığı və mərhum atasına məxsus ünvan 1 ünvanın 2017-ci il tarixdən söküntüsü barədə xəbər tutan bibisi Cavabdeh2 atası X4 və iddiaçıya qarşı 26.12.2017-ci il tarixli iddia ərizəsi ilə Nərimanov rayon Məhkəməsinə müraciət edərək ünvan 2 mənzilin bölünməsini xahiş etmişdir. Bundan sonra, onlar da qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Lakin uzun sürən məhkəmə çəkişməsindən sonra 2019- cu ildə onların da, Cavabdeh2 da iddiası təmin edilməmişdir. Lakin iddiaçıya məxsus mənzilin bölünməsi ilə bağlı məhkəmədən nəticə əldə edə bilməyən iddiaçının bibisi Cavabdeh2 Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin vəzifəli şəxslərinin köməkliyi, qanunsuz və əsassız qərarları nəticəsində iddiaçının xəbəri və razılığı olmadan Nərimanov rayonu, Qarabağ kiiçəsi, ev 7. mənzil 6-da yerləşən evi öz adına rəsmiləşdirilərək çıxarışın alınmasına nail olmuşdur. İddiaçı mübahisəli mənzilin Cavabdeh2 adına rəsmiləşdirilərək ona həmin mənzilə dair ********* qeydiyyat nömrəli, 00701 1002985-05101-093008 reyestr nömrəli çıxarışın verildiyini 2020-ci ilin iyul ayında söküntü işlərini aparan şirkətdən öyrənmişdir. İddiaçı və oğlu X1 rayonu, Qarabağ küçəsi, ev 7, 6 saylı ünvanda qeydiyyatdadır. Lakin qeyd edilən mənzilin Cavabdeh2 adına qeydiyyata alınmasına heç vaxt razılıq verməmişdir. Bu səbəbdən də həmin mənzilin hansı əsasla Cavabdeh2 adına rəsmiləşdirilməsindən məlumatı olmamışdır. Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, Cavabdeh2 adına qeydiyyata alınmış Nərimanov rayonu, Qarabağ küçəsi, ev 7, mənzil 6 ünvanına dair ********** qeydiyyat nömrəli, **********85-05101-093008 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Revestrindən çıxarışın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nərimanov rayon Məhkəməsinin qətnaməsi ədalətsizdir, həmin qətnamədə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, kobud prosessual pozuntulara yol verilmişdir. Belə ki, İddiaçı qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbinə dair Nərimanov rayon Məhkəməsinə müraciət edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi ev 7, mənzil 6-da yerləşən yaşayış sahəsindən İddiaçı istifadə hüququnun itirilmiş hesab edilməsi barədə Bakı şəhəri Nərimanov rayon Məhkəməsi tərəfindən 2(005)-4209/2018 saylı, 08.11.2018-ci il tarixli qətnamə qəbul edilmişdir. Həmin qətnamədən İddiaçı məlumatsız olmuşdur. Məlumat aldıqdan dərhal sonra qətnamənin ləğv edilməsi üçün müraciət etmişdir. Nəticədə Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 4842/2019 saylı, 03.09.2019-cu il tarixli qərardadına əsasən Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-4209/2018 saylı, 08.11.2018-ci il tarixli qətnaməsi ləğv edilmişdir. Beləliklə, iddiaçının həmin mənzildən istifadə hüququ hələ də qüvvədədir.Göründüyü kimi, Nərimanov rayon Məhkəməsi hazırki işə baxarkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. İddiaçı qeyd edilən mənzilin Cavabdeh2 adına qeydiyyata alınmasına heç vaxt razılıq verməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən digər cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan DİN-nin yaşayış yeri və qeydiyyat üzrə 11.04.2019-cu il tarixli ******* nömrəli arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi ev 7, mənzil 6-da qeydiyyatda olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 11.02.2020-ci il tarixli ******* nömrəli arayışından görünür ki, Abbasquliyeva Hicran Hidayət qızı, X2, X6, X7, X8, X12 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 24 noyabr 1972-ci il tarixli, 025158 nömrəli orderin surətindən görünür ki, Spandarayan küçəsi, ev 7-də yerləşən 3 otaqlı 58,5 kv.m sahəsi olan 5 saylı mənzil X5 verilərkən onun qızı Əliyeva Hicran Hidayət qızının adı icarədarın ailə üzvü kimi orderə daxil edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, ünvan 2 mənzilə Cavabdeh2 hüquqları 10.02.2019-cu il tarixdə qeydiyyatdan keçmişdir. 12.04.2019-cu il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə ünvanlanmış ərizənin surətindən görünür ki, X8 və X7 ünvan 1 ünvanında yerləşən mənzilin Cavabdeh2 adına özəlləşdirilməsinə və reyestrdən çıxarışın verilməsinə etiraz etməmişdir. 09 iyul 2018-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X9 ölən günədək ona məxsus olan bütün əmlakını, o cümlədən daşınar və daşınmaz əmlakını Cavabdeh2 vəsiyyət etmişdir. Vəsiyyətnamənin tərtib edilməsində şahid qismində Rzayev Vüqar və X10 iştirak etmişlər. 10 mart 2018-ci il tarixli Bakı şəhəri 39 saylı notariat kontorunda təsdiq edilmiş ərizənin surətindən görünür ki, X9 ərizəsində qızının 1997-ci ildən mübahisəli mənzildə yaşamadığını və gəlin köçdüyünü qeyd etmişdir. 05.04.2018-ci il tarixli 220/2018 nömrəli Bakı şəhər Səhiyyə İdarəsinin 4 saylı şəhər Poliklinikasının məktubundan görünür ki, X9 həmin poliklinikada psixiatr qeydiyyatında yoxdur. AZ-İ 997720 nömrəli 12.01.2019-cu il tarixli ölüm haqqında şəhadətnamənin notarial təsdiq edilmiş surətindən görünür ki, X9 08.01.2019-cu il tarixdə vəfat etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və ya bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. İş materiallarını araşdıran məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi ev 7, mənzil 6-da yerləşən yaşayış sahəsi ilkin olaraq X8 və X3 12.04.2019-cu il tarixli razılıq ərizələri vermələri əsası ilə Abbasquliyeva Hicran Hidayət qızının adına qeydiyyata alınmışdır. Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi ev 7, 6 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə Abbasquliyeva Hicran Hidayət qızına məxsusdur. Göründüyü kimi, mübahisəli mənzil özəlləşdirilərkən İddiaçı faktiki olaraq həmin mənzildə yaşamamış, həmçinin onun adı orderdə göstərilməmişdir. Həmçinin, mənzil özəlləşdirilərkən iddiaçının hüquqlarının hər hansı şəkildə pozulması müəyyən edilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kollegiya bu qənaətə gəlir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli 2(005)-356/2021 saylı qətnaməsi qanuni və əsaslı olmuşdur və həmin qətnamənin ləğv edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilləri əsassızdır. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392 və 393-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixliŞ 2(005)- 356/2021 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar