Məhkəmə qərarları › İş №2(103)-924/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-924/2025

10.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-924/2025 10.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçıların vəkilləri və nümayəndələri Vəkil1 və Vəkil3, cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(009)-752/2023 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı2 və İddiaçı1 birgə verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Mübahisə Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 543“a” və 543 nömrəli bağ sahələri ilə bağlıdır. 543 “a” nömrəli bağ sahəsi İddiaçı2, 543 nömrəli bağ sahəsi isə İddiaçı1 mülkiyyətində olub. 2.Cavabdeh mülkiyyətçilər (satıcılar) İddiaçı2 və İddiaçı1 etibarnamə əsasında nümayəndəsi kimi hər iki bağ sahəni satıb. 543“a” nömrəli bağ sahəsi xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında 33.000 manata, 543 nömrəli bağ sahəsi xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında 36.500 manata satılıb. Birinci instansiya məhkəməsində icraat 3.İddia ərizəsində 2 tələb irəli sürülüb: 1) İddiaçı2 məxsus olan 543“a” nömrəli bağ sahəsinin alqı-satqısı nəticəsində əldə olunan 36.500 manat, zərərin əvəzi kimi 96.700 manat, ümumilikdə 133.200 manat Cavabdeh İddiaçı2 xeyrinə tutulsun; 2) İddiaçı1 məxsus olan 543 nömrəli bağ sahəsinin alqı-satqısı nəticəsində əldə olunan 33.000 manat, zərərin əvəzi kimi 112.100 manat, ümumilikdə 145.100 manat Cavabdeh İddiaçı1 xeyrinə tutulsun. 4.Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin olunub və göstərilənlər qət olunub: 1) Cavabdeh İddiaçı2 xeyrinə alqı-satqı nəticəsində əldə olunmuş 36.500 manat tutulsun; 2) Cavabdeh İddiaçı1 xeyrinə alqı-satqı nəticəsində əldə olunmuş 33.000 manat tutulsun. İddianın qalan hissəsi təmin olunmayıb. Apellyasiya instansiyası məhkəməsində birinci icraat 5.İddiaçılar İddiaçı2 və İddiaçı1 birgə verdiyi apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia tam təmin olunsun. 6.Cavabdeh apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin edilməsin. 7.Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti rədd olunub, iddiaçıların apellyasiya şikayəti qismən təmin olunub, Səbail RM-nin qətnaməsi qismən ləğv edilib, ləğv edilən hissədə yeni qətnamə qəbul olunub, iddia qismən təmin olunub və göstərilənlər qət olunub: 1) Cavabdeh İddiaçı2 xeyrinə alqı-satqı nəticəsində əldə olunmuş 33.000 manat, zərərin əvəzi kimi 27.000 manat, cəmi 60.000 manat tutulsun; 2) Cavabdeh İddiaçı1 xeyrinə alqı-satqı nəticəsində əldə olunmuş 36.500 manat, zərərin əvəzi kimi 33.500 manat, cəmi 70.000 manat tutulsun. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. Kassasiya instansiyası məhkəməsində icraat 8.Hər iki tərəf kassasiya şikayəti verib. Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə qərara alınıb ki, iddiaçıların apellyasiya şikayəti qismən təmin edilsin, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi iddianın təmin edilməyən hissələrində ləğv edilsin və iş həmin hissələrdə yeni apellyasiya baxşına qaytarılsın, cavabdehin kassasiya şikayəti təmin edilməsin, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi cavabdehin mübahisələndirdiyi hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat 9.Hazırkı apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin edilməməsinə aid hissəsi təşkil edir, həmin hissəyə isə yalnız iddiaçıların apellyasiya şikayəti aiddir. 10.Məhkəmə iclasında iştirak edən iddiaçıların vəkilləri və nümayəndələri Vəkil1 və Vəkil3 iddiaçıların apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. 11.Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iddiaçıların apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 12.İş üzrə qanuni qüvvədə olan məhkəmə qətnaməsinə, yəni Bakı Apellyasiya Məhkəməsinin əvvəlki qətnaməsinin kassasiya qaydasında dəyişdirilmədın saxlanılan hissəsinə görə, cavabdeh 543 “a” nömrəli bağ sahəsinin alqı-satqısı nəticəsində əldə olunan pul kimi 33.000 manat, zərərin əvəzi kimi 27.000 manat, cəmi 60.000 manat pulu iddaçı İddiaçı2a, 543 nömrəli bağ sahəsinin alqı-satqısı nəticəsində əldə olunan pul kimi 36.500 manat, zərərin əvəzi kimi 33.500 manat, cəmi 70.000 manat pulu iddaçı İddiaçı1 verməlidir. 13.Alqı-satqı müqaviləsi nəticəsində əldə olunan pulun satıcıların (iddiaçıların) nümayəndəsi (cavabdeh) tərəfindən satıcılara verilməli olması “təmsilçilik” anlayışından irəli gəlir. Belə ki, təmsilçi əqd bağlayarkən təmsil olunan üçün hüquqlar yaradır (AR Mülki Məcəlləsi, maddə 359.1), satılmış əşyanın müqavilədə göstərilmiş qiymətini əldə etmək hüququ isə satıcıya məxsusdur (AR Mülki Məcəlləsi, maddə 567). 14.Bundan başqa, satıcıların (iddiaçıların) nümayəndəsi (cavabdeh) bağ sahələrini dəyərindən ucuz satdığına görə, maddi zərərin əvəzini də iddiaçılara ödəməlidir. Cavabdehin zərərin əvəzini iddiaçılara ödəməyə borclu olduğu Bakı Apellyasiya Məhkəməsinin əvvəlki qətnaməsinin qanuni qüvvəyə minmiş hissəsi ilə təsdiq olunub, odur ki, həmin vəzifənin olubolmadığı yenidən araşdırıla bilməz. O cümlədən zərərin bir hissəsinin əvəzinin tutulması qət olunub və qətnamənin həmin hissəsi də qanuni qüvvəyə minib. 15.Hazırda zərərin əvəzi kimi qalan məbləğin tutulmalı olub-olmadığı həll edilməlidir. Belə ki, 543 “a” nömrəli bağ sahəsinə görə zərərin əvəzi kimi 96.700 manat tələb olunub, onun 27.000 manatının tutulması artıq qət olunub, tələbin qalan 69.700 manat hissəsi açıq qalıb. 543 nömrəli bağ sahəsinə görə zərərin əvəzi kimi 112.100 manat tələb olunub, onun 33.500 manatının tutulması qət olunub, tələbin qalan 78.600 manat hissəsi açıq qalıb. 16.Zərərin əvəzinin ödənilməsi barədə tələbin açıq qalan hissəsi qismən təmin edilməli, 543 “a” nömrəli bağ sahəsinə görə zərərin qalan hissəsinin əvəzi kimi 18.300 manat, 543 nömrəli bağ sahəsinə görə zərərin qalan hissəsinin əvəzi kimi 17.000 manat cavabdehdən tutulmalıdır. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyinə görə, xx.xx.2020-ci il tarixə (alqı-satqı müqavilələrinin bağlandığı tarixə) 543 “a” nömrəli bağ sahəsinin bazar dəyəri təqribən 78.300 manat, 543 nömrəli bağ sahəsinin bazar dəyəri təqribən 87.000 manat təşkil edir (cild 2, iş v. 57). Zərərin məbləği müəyyən edilərkən bağ sahələrinin bazar dəyəri əsas götürülməlidir. Belə ki, AR Mülki Məcəlləsinin 779.1-ci maddəsinə görə, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Bağ sahələrinin bazar dəyərindən əhəmiyyətli dərəcədə ucuz satılması, yəni bazar dəyəri təqribən 78.300 manat olan 543 “a” nömrəli bağ sahəsinin 33.000 manata, bazar dəyəri təqribən 87.000 manat olan 543 nömrəli bağ sahəsinin isə 36.500 manata satılması onu təsdiq edir ki, vəkalət alan (cavabdeh) tapşırığı qəsdən vicdanla icra etməyib. Ona görə də AR Mülki Məcəlləsinin 21-ci maddəsinin göstərişinə uyğun olaraq o, iddiaçılara vurduğu zərərin əvəzini, yəni müqavilədə göstərilən satış qiyməti ilə bazar dəyərinin arasındakı fərqi ödəməlidir. 17.İddiaçı2 məxsus 543 “a” nömrəli bağ sahəsinin bazar dəyəri (78.300 manat) ilə müqavilədə göstərilən satış qiymətinin (33.000 manatın) arasındakı fərq 45.300 manat təşkil edir. 45.300 manatın 27.000 manatının tutulması qət edilib, 18.300 manatı qalıb (45.300 manat – 27.000 manat = 18.300 manat). 18.İddiaçı1 məxsus 543 nömrəli bağ sahəsinin bazar dəyəri (87.000 manat) ilə müqavilədə göstərilən satış qiymətinin (36.500 manatın) arasındakı fərq 50.500 manat təşkil edir. 50.500 manatın 33.500 manatının tutulması qət edilib, 17.000 manatı qalıb (50.500 manat – 33.500 manat = 17.000 manat). 19.Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsi hazırkı apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli, zərərin əvəzinin ödənilməsi barədə tələb qismən təmin olunmalı, zərərin əvəzi kimi 543 “a” nömrəli bağ sahəsinə görə əlavə olaraq 18.300 manat, 543 nömrəli bağ sahəsinə görə əlavə olaraq 17.000 manat tutulmalı, hazırkı apellyasiya baxışının predmeti olan hissədə qalan tələb rədd olunmalıdır. 20.Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 372, 384- 392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçıların apellyasiya şikayəti qismən təmin olunsun. Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(009)-752/2023 nömrəli qətnaməsi hazırkı apellyasiya baxışının predmeti olan hissədə ləğv olunsun. Həmin hissədə iddia qismən təmin olunsun. Cavabdeh İddiaçı2 xeyrinə hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-451/2024 nömrəli əvvəlki qətnaməsində qət olunmuş puldan əlavə 18.300 (on səkkiz min üç yüz) manat pul tutulsun. Cavabdeh İddiaçı1 xeyrinə hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-451/2024 nömrəli əvvəlki qətnaməsində qət olunmuş pulan əlavə 17.000 (on yeddi min) manat pul tutulsun. Hazırkı apellyasiya baxışının predmeti olan hissədə qalan tələb rədd olunsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar