Məhkəmə qərarları › İş №2(103)-9240/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9240/2021

02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9240/2021 02.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Cavabdeh1 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “subroqasiya qaydasında pul tələbinə” dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(005)-3151/2021 saylı qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ZİL MMZ45021" markalı. Azz ** BC *** dövlət qeydiyyat nişanlı avtomaşın "xxxx" ASC tərəfindən vurulmuş ziyana görə ödənilmiş 4020 manatı və məhkəmənin hesabına köçürülmüş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" ASC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Jeep Wrangler" markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobil, sahibi, Cavabdeh2 tərəfindən "xxxx" ASC-də 05.10.2012-ci il tarixdən 04.10.2012-ci il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” haqqında AA X64522 nömrəli şəhadətnamə ilə sığortalanmışdır. Cavabdeh1 etibarnamə olmadan atasına məxsus olan “Jeep Wrangler” markalı, AA X64522 dövlət qeydiyyat nişanlı avtomobili 28.08.2013-cü il tarixdə saat 23 radələrində yüksək surətlə Saray qəsəbəsi M.O.Rəsulzadə küçəsi ilə idarə edərək "‘Əsləm market”in yaxınlığında yoldan çıxıb, yolun kənarında dayanmış “ZİL MMZ- 45021” markalı, Azz ** BC *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş, nəticədə hər iki avtomobil yanmış, hadisə nəticəsində “Jeep Wrangler” markalı. İO-ZR-088 dövlət qeydiyyat nişanlı avtomobil olan sərnişin X1 bazu sümüyünü aşağı 1/3-nin qapalı, qəlpəli yerdəyişmiş sınığından ibarət sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurmaya aid bədən xəsarəti almışdır. Hadisə ilə bağlı Abşeron RPİ-nin İŞ-də cinayət işi başlanaraq araşdırma aparılmış, Cavabdeh1 AR CM-nin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq avtomobili idarə etmək üçün etibarnamənin verilməsi müəyyən olunmur. “ZİL MMZ-45021” markalı, Azz ** BC *** dövlət qeydiyyat nişanlı avtomaşına vurulmuş maddi ziyan 4020 manat məbləğində müəyyən edilmiş, həmin məbləğdə pul avtomaşının sahibinə ödənilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(005)-3151/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh2 və Cavabdeh1 4020 manat sığorta ödənişi və 30,40 məbləğində dövlət rüsumu, cəmi 4050,40 manat "xxxx" ASC-nin hesabına ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdehlər apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlərdən Cavabdeh2 məxsus "Jeep” Wrangler" markalı, 10-ZR-Ö88 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 04.10.2012-ci il tarixdən 04.10.2013-cü il tarixədək "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası “haqqında AAX64522 nömrəli sığorta şəhadətnaməsi ilə sığortalanmışdır. Sığorta şəhadətnaməsi isə tərəflər arasında sığorta müqaviləsinin olmasını təsdiq edən sənəddir. Tərəflər arasında icbari sığortaya dair müqavilə olduğundan onlar haqlı olaraq müqavilədən irəli gələn tələb olduğu üçün iddia müddətinin tədbiqi barədə ərizə ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişlər, lakin məhkəmə isə öz qətnaməsində onların 3 illik iddia müddətini tədbiq edilməsi barədə ərizələri ilə razılaşmamış, hazırki iddia növünün ümumi iddia müddəti olan 10 illik iddia müddətinə aid olduğunu qeyd etmişdir. Halbuki müqavilədən irəli gələn öhdəliklər üzrə iddia müddəti 3 il nəzərdə tutulub. Həmçinin qeyd edərlər ki, iddia müddəti düzgün tətbiq olunsaydı belə, Nərimanov Rayon Məhkəməsi sığorta ödənişini onlardan tutarkən həmin məbləğin mübahisəli olmasına əhəmiyyət verməyərək iş üzrə öz təşəbbüsü ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etməmiş, cavabdehlərdən şişirdilmiş şəkildə tələb olunan iddia məbləğində pul tutaraq, birbaşa onların hüquqlarının kobudca pozulmasına şərait yaratmışdır. Proses iştirakçılarının izahatları: Məkhəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakları olmadan baxılmasını mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının tam yoxlanılması təşkil edir. Beləliklə məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, iş materiallarına əlavə edilmiş 06.03.2014-cü il tarixli sığorta aktının təsdiq edilmiş surətindən görünür ki, “ZİL-MMZ- 45021” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 4020 manat müəyyən edilmiş və ödənilmişdir. İş materiallarında olan sığorta şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh2 məxsus “Jeep Wrangler” markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 04.10.2012-ci il tarixdən 04.10.2013-cü il tarixdədək sığortalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyatimrahan İdarəsinin kompyuter uçot bazasına görə “Jeep Wrangler” markalı **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 adında qeydiyyatdadır. Qeyd olunan avtomobilin etibarnamə əsasında Cavabdeh1 istifadəsinə verilməsi barədə mərkəzi informasiya sistemində məlumat mövcud deyildir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 1(012)-22/2014 saylı, 16.01.2014-cü il tarixli hökmün surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsi 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi və ona 1 (bir) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə hər ay qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətinə işləri növündə cəza təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Cavabdeh1 10 yanvar 2014-cü il tarixdən 16 yanvar 2014-il tarixədək 06 gün saxlanıldığı müddət nəzərə alınaraq həbsdə saxlamanın 1 günü ona təyin olunmuş islah işləri cəzasının müddətinə 1 günə 3 gün hesabı ilə hesablanmaqla həmin cəzadan 18 gün çıxılması və üzərində qəti olaraq 1 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə hər ay qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 1 (bir) il 11 (on bir) ay 12 (on iki) gün müddətinə islah işləri cəzasının saxlanılması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, yol nəqliyyat hadisəsini törətmiş “Jeep Wrangler” markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh2 mülkiyyətində olması, həmin avtomobilin etibarnamə olmadan Cavabdeh1 istifadəsində olduğu müəyyən olunmuşdur. Odur ki, yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxslə avtomobilin mülkiyyətçisi birlikdə məsuliyyət daşıyır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1-cı maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinin tələblərinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin məcəllənin 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-ci maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən sığortalananın təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə yüksək təhlükə mənbəyi olan Cavabdeh2 “Jeep Wrangler” markalı, 10-ZR-Ö88 dövlət qeydiyyat nişanlı avtomobili qanunvericiliyin tələbləri pozulmaqla, etibarnamə olmadan oğlu Cavabdeh1 verməsi, sonuncu tərəfindən yol nəqliyyat hadisəsi törədilməsi və iddiaçı tərəfindən sığortalanmış avtomobilə zərər vurulması işin mübahisəsiz halıdır. Belə olan halda, Cavabdeh2 qeyd olunan nəqliyyat vasitəsini qanunvericiliyin tələbləri pozulmaqla Cavabdeh1 istifadəsinə verdiyindən, sonuncu ilə bərabər iddiaçı qarşısında məsuliyyət daşıyır. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, apellyatorlar şikayətlərində iddia müddətinin ötürülməsinə istinad etsələr də, məhkəmə kollegiyası qeyd edir ki, konkret şəxsə məxsus hüquq pozulduqda qanunverici onun müdafiəsi üçün hüququ pozulmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına iddia müddəti şamil edir. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi iddia müddətləri. Ümumi iddia müddəti 10 il təşkil etməklə, nə hüquq münasibətlərinin subyektindən, nə də mülkiyyətin növündən asılı deyildir. Xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir və ümumi iddia müddətinə münasibətdə onlar qısaldılmış müddətlərdir. Beləliklə işin göstərilən halları onu təsbit edir ki, hazırkı iş üzrə iddiaçı və cavabdeh arasındakı münasibətlər sığorta müqaviləsindən deyil, zərər vurmadan doğan öhdəlik münasibətləridir. Bu növ öhdəliklərdən irəli gələn tələblərə isə ümumi iddia müddəti şamil edilir və MM-in 373.1-ci maddəsinə görə, ümumi iddia müddəti on il təşkil edir. Bu baxımdan məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən yol-nəqliyyat hadisəsi 28.08.2013-cü il tarixdə törədildiyindən, iddiaçı isə məhkəməyə 01.06.2021-ci ildə müraciət etdiyindən qanunvericiliklə müəyyən edilmiş 10 illik iddia müddətini ötürməmişdir. Kollegiya cavabdehlərin apellyasiya şikayətinin ekspertiza keçirilməməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1.-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddənin məzmunundan göründüyü kimi, ekspertizanın təyin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb və məhkəmə iş materiallarında olan sübutları kifayətedici hesab edib, ekspertiza təyin etməyə bilər. Qeyd olunan prosessul hərəkətin hakimin öhdəliyi kimi qəbul edilməsi qanuna müvafiq hesab edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş 06 may 2014-cü il tarixli sığorta aktına əsasən zərərin məbləği 4020 manat müəyyən edilmişdir. Qeyd olunan sığorta aktına şübhə ilə yanaşmağa əsas verən hər-hansı dəlil cavabdehlər tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin məhkəmə məsrəfləri ilə bağlı gəldiyi nəticə düzgündür. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası həmçinin hesab edir ki, cavabdehlərin apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 372, 384-386, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(005)-3151/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar