Məhkəmə qərarları › İş №2(103)-925/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-925/2022

25.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-925/2022 25.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarova Layla Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 24.09.2021-ci il tarixli, 2(003)-4056/2021 nömrəli qərardadından cavabdehin verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən subroqasiya qaydasında dəymiş ziyana görə 6486,50 manat sığorta ödənişi, ödənilmiş 30,40 manat dövlət rüsumunun iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə təqdim edərək, **-NR-*** dövlət qeydiyyat nişanlı, “MİTSUBİSHİ PAJERO” minik markalı avtomobilin üzərinə həbs qoyulması, avtomobilin məcburi qaydada saxlanılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin xüsusi mühafizə olunan dayanacağına yerləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 24.09.2021-ci il tarixli, 2(003)-4056/2021 nömrəli qərardadı ilə ərizə qismən təmin edilmiş, mülki iş üzrə mübahisə başa çatanadək **-NR-*** dövlət qeydiyyat nişanlı, “MİTSUBİSHİ PAJERO” minik markalı avtomobilin özgəninkiləşdirilməsi cavabdehə və digər şəxslərə qadağan edilmiş, ərizə qalan hissədə təmin edilməmişdir. Cavabdeh şikayət verərək, həmin qərardadın ləğv edilməsini, ərizənin təmin olunmamasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassız olduğundan ləğv edilməli və müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə rədd edilməlidir. Belə ki, mübahisənin hazırki mərhələsində müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizənin təmin edilməsinə heç bir zərurət yoxdur. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi şikayəti qəbul etməyərək təmin olunmamasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə kollegiyası iclasın cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 157.3-cü maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. Həmin Məcəllənin 157.5, 157.5.1, 157.5.2-ci maddələrinə görə müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı, iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu əsaslandırılmalıdır. Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Həmin Məcəllənin 157.7-ci maddəsinə görə məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Həmin Məcəllənin 158.1, 158.1.1, 158.1.2, 158.1.3-ci maddələrinə əsasən cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək kimi müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən məhkəmə zəruri hallarda digər müvəqqəti təminat tədbirlərini də tətbiq edə bilər. Məhkəmə müvəqqəti təminat tədbirlərinin bir neçə növünü birlikdə tətbiq edə bilər. Həmin Məcəllənin 162.1-ci maddəsinə görə müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 14.03.2018-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə düzgün olaraq ərizəni qismən təmin etmişdir. Belə olan halda, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 157, 158, 160-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Cavabdeh şikayəti təmin edilməsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 24.09.2021-ci il tarixli, 2(003)-4056/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar