Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-925/2023 18.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi Alxaz Eldəniz Əli oğlunun iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4351/2022 saylı 06 oktyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarında olan Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-nin tədqiqatçısı, polis kapitanı Zaur Qüdrətovun xx.xx.2021-ci il tarixli materialın aidiyyatı üzrə göndərilməsi haqqında qərarının surətindən görünür ki, xx.xx.2021-cı il tarixdə Emsan Gülnarə Nəriman qızı ərizə ilə Binəqədi RPİ-rıin 5-cı PB-nə müraciət edərək, xx.xx.2021-cı ıl tarixdə Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsində yerləşən "xxxx" Ticarət mərkəzinə daxıl olaraq girişdə oranın işçisinə özünə məxsus olan noutbuku təhvil verdiyini, geri qayıtdıqda noutbuku oradan artıq başqa bir muştərinin götürüb getdiyini bildirmiş, bununla bağlı noubukunun tapılaraq qaytarılmasına köməklik göstərilməsini və hadisədə günahkar şəxslər cinayət məsuliyyətinə cəlb olunmalarını xahiş etmişdir.
2. Müraciətlə bağlı aparılmış təhqiqat araşdırması zamanı izahatı alınmış İddiaçı bildirmişdir kı, xx.xx.2021-cı ıl tarixdə saat 15:52 radələrində Binəqədi rayonu S.Bəhlulzadə küçəsində yerləşən Cavabdehə daxil olmuşdur, marketin daxili qaydalarına əsasən, müştəri əşya ilə içəri daxıl olduqda əlində olan əşyaları girişdə təhvil verməlidir, o da, əlində olan içərisində bir ədəd “Lenovo” markalı noutbuk, 2 ədəd iş dəftəri, 1 ədəd "xxxx" ASC-nin çek dəftəri və digər sənədlər olan noubuk çantasını girışdəkı xanım işçıyə təhvil vermiş, o da, çantanı təhvil alaraq dolabın içərisinə qoymuşdur. Təxminən 40 dəqiqə marketdə qaldıqdan sonra yenidən əşya təhvil verilən yerə yaxınlaşıb çantanı götürmək stədikdə xanım işçi onun çantasını tapa bilməmişdir. Sonra özü dolabların yanına keçərək çantanı axtardıqda da, tapa bilməmişdir. Bütün bunlardan sonra onlar məcbur qalıb təhlükəsizlik işçilərinə müraciət etmişlər və mağazada olan müşahidə kameralarının görüntülərinə baxdıqda müəyyən etmişdirlər ki, tanımadıqları bır oğlan onun çantasını götürərək mağazanı tərk edir. Əlavə etmişdir ki. noutbuk çantasının içərısındə sənədlərdən əlavə 1339 manat məbləğində pul da var imiş. Hadisə nəticəsində ona ümumilikdə 2139 manat məbləğində maddi ziyan dəymişdir.
3. Təhqiqat zamanı izahatı alınmış “Bizim Market"-in işçisi Məmmədova Elmira Natiq qızı bildirmişdir ki, 8 aydır ki, marketdə kassir işləyir. O mağazanın ekspress kassasına baxır. Həmin kassada xırda alış-verişlər baş verir və o məhz həmin otdelə təhkim olmuşdur. Ekpsress kassadan əlavə ona tapşırıq verilib ki, mağazaya gələn müştərilərin əllərində olan əşyaları təhvil alaraq dolablara qoysun və əşyalara nəzarət etsin. Müştərilər əşyalarını ona təhvil verdikdən sonra o qeyd olunan əşyaları dolablara qoyub müştərilərə şifahi olaraq dolabın nömrəsini deyir ki, çıxdıqda müştərilər ona nömrələrini deyərək əşyalarını təhvil alsınlar. Mağaza böyük olsa da, əşya təhvil verilmə yeri bir dənədir, əşyaların hamısına o nərazət edir və müştərilərin saylarının çox olduğunu nəzərə alaraq hansı müştərinin nə təhvil verdiyini yadda saxlamaq mümkün deyil. xx.xx.2021-ci il tarixdə saat təxminən 15 radələrində sonradan adını Gülnarə kimi bildiyi xanım müştəri mağazaya daxil olaraq ona yaxınlaşıb çantasını vermiş və o təhvil alaraq yadında qalmadığı dolaba qoyub xanıma nömrəsini demişdir. Bir qədər sonra onu digər işçi əvəz etmiş və o kənara su içməyə keçmişdir. Yenidən iş masasına qayıtdıqda görmüşdür ki, bir neçə şəxs yığışıb nəsə axtarırlar. O həmin şəxslərdən nəyi axtardıqlarını soruşduqda Gülnarə xanım bildirmişdir ki, çantasını axtarır. Onlar həmin xanımla təhlükəsizlik kameralarına baxdıqda müəyyən etmişdir ki, bir nəfər cavan oğlan ona yaxınlaşır və o, xanımın çantasını həmin şəxsə verir. Bundan sonra onun yadına düşmüşdür ki, həmin şəxs ona yaxınlaşaraq əlini çantaya uzadaraq həmin çantanın içərisində noutbuk olduğunu bildirir və o düşünmüşdür ki, noutbuk həmin şəxsə məxsusdur və o noubuku qeyd olunan şəxsə təhvil verir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materialın üzrə araşdırmanın davam etdirilməsi üçün Binəqədi RPl-nin İstintaq şöbəsinə göndərilməsi qərara alınmışdır.
4. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi polis mayoru Həmidov İlqar Mustafa oğlunun xx.xx.2021-ci il tarixli cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında qərarının surətindən görünür ki, İddiaçı müraciəti əsasında Binəqədi RPl-nin 5-ci PB-də toplanmış materiallar xx.xx.2021-cı il tarixli aidiyyət qərarı ilə İŞ-nə göndərilmişdir və faktla əlaqədar Azərbaycan Respublikası CM-nin 177.1-cı maddəsi ilə ********* saylı cinayət işinin başlanması və icraata qəbul edilərək istintaqının aparılması qərara alınmışdır.
5. İş materiallarında olan xx.xx.2022-ci il tarixli şahidin dindirilməsi protokolunun surətindən görünür ki, ********* saylı cinayət işi üzrə şahid qismində dindirilmiş Məmmədova Elmirə Natiq qızı ifadəsində göstərmişdir ki, dükanın nüşahidə kameralarının görüntülərinə baxdıqda həqiqətən də həmin qadın müştəri ona bir ədəd noutbuk çantası təhvil verərək dükana daxil olduğu, bundan təxminən 5-10 dəqiqə sonra ora bır nəfər cavan oğlanın yaxınlaşaraq həmin çantanı ondan istəyərək götürüb getdiyi müəyyən edilmişdir. Həmin saxlama rəflərinin üzərində qıfıl və identifikasiya talonları olmadığından nəzarətçilər müştərinin sözünə inanaraq əşyaları təhvil verirlər, eləcə də o. Həmin hadisə vaxtı da çantanı ondan təhvil alan oğlandan içərisındə nə olmasını soruşduqdan və həmin şəxs içərisində kompüter, fayllar və bloknot olmasını sadaladıqdan sonra inanaraq çantanı ona təhvil vermişdir.
6. İş materiallarına əlavə olunmuş AR DİN Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli 005-17117 nömrəli məktubun surətindən görünür ki, əmlakının oğurlanması ilə bağlı tədbir görülməməsi ilə bağlı iddiaçının müraciətinə baxılmış və bildirilmişdir ki, cinayət işi ilə bağlı hadisə yerinə baxış keçirilmiş, zərərçəkmiş şəxs qismində tanınaraq ifadəsi alınmış və əməliyyat tapşırığı verilmişdir. Hazırda cinayətin açılması istiqamətində istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
7. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli 0000-000629 nömrəli kassa mədxil qəbzinin surətindən görünür ki, Ayna Sultanova küçəsində yerləşən “Prime” mağazasından alınmış “Guard” markalı kişi çantasının qiyməti 399 manat təşkil edir. 20 faiz endirimdən sonra çanta iddiaçıya 319 manata satılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Cavabdeh MMC-yə qarşı "maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 3000 manat maddi zərər, 10000 manat mənəvi zərər olmaqla, cəmi 13000 manat pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını, cavabdehin məsul şəxslərinin səhlənkarlığı üzündən baş vermiş cinayət hadisəsi ilə əlaqədar xüsusi qərardad çıxarılaraq Baş prokurorluğa göndərilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırmışdır ki, Türkiyə Respublikasının vətəndaşıdır və Azərbaycanda mühasib vəzifəsində çalışır. xx.xx.2021-ci il tarixdə axşam işdən evə gedərkən alış-veriş məqsədi ilə “Bizim Market"in Bakı şəhəri Binəqədi rayonu, B.Sətdarzadə, 50 ünvanında yerləşən mağazasına girmiş, mağazanın qapısında mühafizəçi-nəzarətçi əlində olan əşyaların resepşində saxlama yerlərinə qoyması barədə göstəriş vermişdir. O da, əlində olan qara rəngli dəri materialından, qısa müddət əvvəl 450 manata aldığı “Guard" markalı sənəd çantasını içərisində olan şəxsi əşyaları, iş proqramları yüklənmiş və bütün mühasiblik fəaliyyəti yaddaşında olan 2018-ci ildə 750 manata aldığı “Noutbuk", (oğurlandıqdan sonra aldığı noutbukun dəyər 1200 manat idi. əlavə olaraq 450 manat pul qoydu ki, yeni noutbuk alsın) mühasib kimi xidmət etdiyi bir neçə şirkətin maliyyə-hesabat sənədləri, həmin şirkətlərin ona verdikləri etibarnamələr, müqavilələr, 2 ədəd bank çek kitabçası, içərisində mühasibi olduğu "xxxx" MMC-yə məxsus, MMC-nin direktorunun gömrük əməliyyatı aparmaq üçün verdiyi 1330 AZN olan pul zərfi ilə birlikdə adını bilmədiyi, üzdən tanıdığı cavan xanıma vermiş, həmin şəxs çantanı özünün dayandığı yerdə divara bərkidilmiş, üstündə ağ metaldan kilid yerləri olan, lakin kilidlənməyən saxlanc yerlərindən birinə qoyub qapısını örtmüşdür. Təxminən 40 dəqiqədən sonra qayıtdıqda əməkdaş onun çantasını bir nəfər oğlana verdiyini bildirmiş, ondan çantanı nəyə görə başqasına verdiyini soruşanda, çaşdığını bəhanə gətirmişdir. Narazılıq edib polisə şikayət edərkən mağazanın rəhbərliyi çantanın bir neçə günə tapılacağını, tapılmayacağı təqdirdə çanta ilə birlikdə oğurlanmış əmlakların 1220 manat məbləğində dəyərini və 1339 manat məbləğində nəğd pulu maddi ziyan olaraq hökmən ödəyəcəklərini bildirsələr də, bir neçə gündən sonra onu kobudluqla qarşılayaraq hara istəyirsə şikayət etməsini, heç bir maddi ziyan ödənilməyəcəyini bildirmişlər. Faktla bağlı polis orqanları tərəfindən araşdırma aparılaraq Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi İlqar Həmidov tərəfindən xx.xx.2021-ci il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cavabdeh “Bizim Market"in müvafiq əməkdaşları məsuliyyət daşıyır. Burada oğurluq cinayəti ilə yanaşı müvafiq mağazanın vəzifəli şəxsləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314-cü maddəsi ilə səhlənkarlıq cinayəti törətmişdir. Buna görə işin sonunda xüstsi qərar çıxarılaraq Azərbaycan respublikası Baş prokuroruna göndəriİməldiir. Hesab edir ki, eyni zamanda digər zəruri istintaq hərəkətlərinin aparılması ilə sübut oluna bilər ki, əmlakının oğurlandığı mağazanın müdiriyyəti və vəzifəli şəxsləri tərəfindən işlərinə vicdansız və laqeyd münasibət olmuş, bunun da nəticəsində öz xidməti vəzifələrini, yəni, saxlanc yerinin tələb olunan vəziyyətdə saxlanılmasına gündəlik nəzarət vəzifəsini lazımi qaydada yerinə yetirməmiş, bunun da nəticəsində onun qanunla qorunan mənafeyinə mühüm maddi və mənəvi zərər vurulmuşdur. Halbuki, çantasının qoyulduğu saxlanc yeri açarla bağlansaydı və açar ona verilsəydi, əmlakı oğurlanmazdı. Hesab edir ki, yuxanda şərh olunanlardan əlavə mənəvi zərərlə bağlı əlavə şərh verməyə ehtiyac yoxdur. 2 il müddətində haqqını tələb etmək üçün dəfələrlə Binəqədi RPİ, Binəqədi Prokurorluğu, digər dövlət orqanları və dəfələrlə Bizim Marketə gedərək əsəb və sarsıntılar keçirtmiş, şikayət ərizələri yazaraq həm maddi, həm mənəvi əzabla çəkmişdir. Nizamnamə kapitalı 7 milyondan çox, dövriyyəsi 100 milyon manata çatan bir mağaza şəbəkəsinin dəymiş cüzi zərər məbləğini bu illər ərzində ödəməməsi qanunlara hörmət etməmək və hegemonluğun nəticəsidir. Dövlət qurumları isə belə böyük şirkətə himayədarlıq edərək məsuliyyətdən yayınmasına şərait yaradır.
10. Cavabdeh MMC iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddia tələbləri tamamilə əsassızdır. Belə ki, həm iddia ərizəsində göstərilənlərlə, həm də iddia ərizəsinə əlavə edilmiş sənədlərlə oğurlanmış əşyaların məhz iddia ərizəsində qeyd edilənlərdən ibarət olduğu və ya həmin əşyaların ümumiyyətlə orada olub-olmadığı, eləcə də onların dəyərinin 3000 manat təşkil etdiyi sübut edilmir. Bəllidir ki, belə bir faktın olduğunu dəlillərlə sübut və təsdiq etmək mülki-prosessual qanunvericiliklə birbaşa iddiaçının vəzifəsidir. İddia ərizəsində qeyd edilənlərin həqiqiliyini, düzlüyünü göstərən fakt, mülahizə, müddəa, dəlil və s. də məhz iddiaçı tərəfindən məhkəməyə təqdim edilməlidir. Əks-təqdirdə iddia ərizəsində oğurlandığı bildirilən əşyaların həm siyahısını, həm də dəyərini dəfələrlə artıq və ya fərqli göstərmək mümkündür. Digər tərəfdən içərisində dəyərli məlumatlar, sənədlər, noutbuk, xüsusilə də xeyli məbləğdə pul olan çantanın kilidi olmayan açıq yerə qoyulması, iddiaçının ən azı pulu üzərində götürməməsi olduqca şübhəlidir. Bu halın gerçək tərəfi dəlil göstərməklə, sübuta yetirməklə, şübhəyə yer qoymadan məhz iddiaçı tərəfindən ortaya çıxarılmalıdır. Bundan başqa iddia ərizəsinə diqqət yetirdikdə bəlli olur ki, “dəymiş maddi zərərin” miqdarı da iddiaçı tərəfindən fərqli hesablanmışdır. Belə ki, iddia ərizəsinin 1-ci səhifəsində zərər (450 + 750 + 450 + 1339) 2989 manat göstərildiyi halda, 2-ci səhifəsində (1220 + 1339 = 2559 + 450) 3009 manat qeyd edilmiş, tələb hissəsində isə maddi zərərin miqdarını təşkil edən 3000 manat məbləğində pulun cavabdehdən tutulması məhkəmədən xahiş edilmişdir. Bütün bunlar iddia ərizəsində göstərilənlərin əsaslı olnasına dair çox ciddi şübhələr yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırılmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövcudluğundan və va təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). İddia tələbinin mənəvi zərərlə bağlı hissəsi ilə əlaqədar qeyd edilməlidir ki, bu hissədə də iddia tələbi tamamilə əsassızdır. Bununla bağlı ilk növbədə qeyd edilməlidir ki, yuxarıda göstərilənlərdən göründüyü kimi, iddia tələbinin maddi zərər hissəsi iddiaçı tərəfindən sübut edilməmişdir. Belə olduğu halda müvafiq olaraq mənəvi zərərdən də söhbət gedə bilməz. Hazırki halda “iddia ərizəsində göstərilən xüsusatların” iddiaçının şüuruna göstərdiyi təsiri, onda yaratdığı mənfi psixoloji reaksiyanı, keçirdiyi mənəvi və fiziki iztirabların xarakterini və dərəcəsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə hesab edir ki, İddiaçı iddia tələblərinin dəlilləri formal mülahizələrdən ibarətdir, əsassızdır, ümumiyyətlə sübut edilməmişdir və müvafiq olaraq iddia təmin olunmamalıdır. Yuxarıda qeyd edilənlərə əsaslanaraq məhkəmədən iddia tələbi əsassız olduğundan təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4351/2022 saylı 06 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Sərdar Mehrəliyev) iddianın qismən təmin edilməsi, Cavabdeh MMC-dən dəymiş maddi zərərə görə 319 manat, mənəvi zərərə görə 300 manat və ödənilmiş dövlət rüsumunun 6,45 manatı olmaqla, cəmi 625,45 (altı yüz iyirmi beş manat 45 qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096.1, 1096.2, 1097.1, 1099.1-ci maddələrinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Qərarına, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 saylı Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmənin gəldiyi nəticə tamamilə səthi, qanunsuz və ədalətsiz olmuşdur. Belə ki, iddia ərizəsində göstərilən məbləğlər hadisənin baş verməsindən uzun müddət sonra yazılmışdır. Həmin müddət ərzində iddiaçı həm vəkilə, həm ərizələrin yazılmasına, həm məktub və teleqramların göndərilməsinə kifayət qədər maddi vəsait sərf etmişdir. Təhqiqat zamanı 2139 manatın göstərilməsindən 1 ildən artıq vaxt keçmişdir və bu müddət ərzində iddiaçı dəfələrlə müxtəlif dövlət orqanlarına şikayətlər, teleqramlar vurmuş, habelə ümumiyyətcə həmin vaxt hesaba almadığı məbləğlər olmuşdur. Belə ki, oğurlanmış sənədlər arasında iddiaçının işlədiyi müştərilər tərəfindən ona verilmiş etibarnamələr belə oğlurlanmışdır, həmin etibarnamələrin yenidən çıxarılması xərclərini də iddiaçı özü qarşılamışdır. Çünki müştəriyə deyə bilməzdi ki, həmin etibarnamə oğurlanıb və pulunu siz ödəyin yenisini yazdıraq. Bundan başqa həmin dövrdə notbukun dəyəri 840 manat olmuş, bundan sonra yeni notbuk alınan zaman 1249.99 manat sərf edilmişdir, bu halda da zərər 400 manat qalxmış olur. Bu baxımdan bütün xərclərlə birlikdə ümumi 3 min manatın yazılması əsassız olaraq məhkəmədə süni şübhə yaratmışdır. Halbuki, məhkəməyə kifayət qədər sübut təqdim etməyinə baxmayaraq məhkəmə onların bir qismini şübhə altına almış, bir qisminə isə ümumiyyətcə qiymət verməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən notbuk və əlçantasının alınması barədə qəbzlər tələb edilmiş, həmin qəbzlər də məhkəməyə təqdim edilmişdir. Lakin məhkəmə əlçantası barədə qəbzi təmin etmiş, notbukun alınması barədə qəbzi və 1339 manat fəhlə pulu, taksi pulu, ağır yük olan zaman xüsusi yük daşıma aparatının pulu, elə 500 manat broker pulu, 250 manat gömrük bəyənnaməsi yazmaq üçün pul xərcləri qeyrirəsmi xərclərdir ki bunu da 21.586,96 manatlıq gömrük əməliyyatları ilə bağlı gömrük bəyannaməsi barədə qəbzi təqdim edən zaman göstərmişik. Lakin məhkəmə bunu da nəzərə almamış, ümumiyyətcə adını çəkməmiş, qətnaməsində əsaslandırmamışdır. Ümumiyyətcə qətnamədən belə bir qəbzlərin mövcudluğundan əlamət yoxdur. Halbuki həmin qəbzlərlə sübut edilir ki, 840 manata notbuk alınmışdır. Həmin notbuk oğurlandıqdan sonra isə 1249.99 manata yeni notbuk alınmışdır. Yəni sırf notbuka görə 1249.99 manat zərər dəymişdir, lakin məhkəmə bunu nəzərə almamışdır. Bunun da qəbzi məhkəməyə təqdim edilmişdir. 21.586,96 manatlıq gömrük bəyannaməsi üzrə isə 1339 manat qeyri-rəsmi xərclər isə başqa cür sübut etmək praktik olaraq qeyri-mümkündür. Hadisə vaxtı da iddiaçı bildirmişdir ki, həmin məbləğ işlə əlaqəli olduğuna görə zərfin içində çantada olmuşdur. Çünki oğurluq hadisəsi olmasaydı iddiaçınında nəyisə sübut etmək məcburiyyətində qalmazdı. Hesab edir ki, hazırki halda iddianın əsası məhz oğurluq hadisəsi üzrə fakt olduğuna görə bu pul tələbi digər iddialardan fəqrləndirilməldir. Çünki hazırki iddiaçı baş vermiş cinayət faktı üzrə zərərçəkmiş şəxs qimində tanınaraq məhz həmin məbləğlər göstərilmişdir. Hazırda ondan həmin məbləğlər üzrə sübut tələb edilməsi tamamilə absurddur. Belə ki, iddiaçının üzərinə oğurlanmış əmlakını sübut etmək vəzifəsinin qoymaq həqiqətən də qanunsuz və əsassız bir tələb olardı. Hesab edir ki, məhkəmə bu hissə də iddianı təmin etməməklə, ümumiyyətlə hüquqi qiymət verməməklə tamamilə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Bundan başqa məhkəmə simvolik olaraq mənəvi zərərlə bağlı 300 manat tutulması hissəsində də narazı olmaqla yanaşı bildirir ki, cavabdeh tərəfin rəftarı və münasibəti o qədər alçaldıcı və laqeyd olmuşdur ki, bunun nəticəsində iddiaçıya nə qədər mənəvi zərərin dəyməsinin əslində heç bir məbləğlə ölçmək mümkün olmazdı. Bu müddət ərzində iddiaçı dəfələrlə Cavabdeh mağazasına gedib haqqını tələb etsə də oradan onu alçaldıcı formada uzaqlaşdıraraq kimə istəyir şikayət etməsi bildirilmişdir. Buna görə iddiaçı bununla bağlı dəfələrlə polis orqanına müraciət edərək haqqını tələb etmiş, lakin cavabdeh mağazanın sahiblərini istintaqa cəlb edib dindirmək mümkün olmamışdır. Milyonlarla dövriyyəsi olan Bizim Market mağazasının özünün səhlənkarlığı ucbatından müştərisinə vurduğu zərəri ödəməməsi, bunun nəticəsində mübahisənin polis və məhkəmə orqanlarına qədər gəlməsi əlsində kifayət edir ki, mənəvi zərər hissəsində iddia qismən deyil tam təmin edilsin. İddiaçı da vicdanlılıq prinsipinə uyğun olaraq ağlasığmaz bir məbləğ tələb etməmişdir. Hesab edir ki, 10 min manat mənəvi zərər məhz cavabdehin əslində ödəməli olduğu bir məbləğdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Alxaz Eldəniz Əli oğlu apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin
18. Maddə 21.1 hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər.
19. Maddə 1096.1 mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
20. Maddə 1096.2 delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
21. Maddə 1097.1 mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
22. Maddə 1099.1 hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Maddə 384.0.2 qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
27. Maddə 385 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır.
Apellyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
31. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası izahatları dinəlyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4351/2022 saylı 06 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh MMC-dən dəymiş maddi zərərə görə 1159,01 manat, mənəvi zərərə görə 1500 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
33. Kollegiya qeyd edir ki, iddiaçının iddia tələbi iki hissədən (maddi və mənəvi ziyanın ödənilməsi) ibarət olduğundan hər iki hissə üzrə ayrı-ayrılıqda qiymət verilməlidir.
34. Belə ki, iddiaçı iddia tələbində Cavabdeh MMC-nin səhlənkərlığı nəticəsində ona 3000 manat maddi ziyan dəydiyini iddia edir.
35. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia tələbinin qeyd edilən hissəsi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
36. Mülki işin materiallarında göründüyü kimi, Cavabdeh MMC-nin işçisi Məmmədova Elmira Natiq qızı tərəfindən öz vəzifə funksiyalarının lazımi qaydada icra olunmaması nəticəsində İddiaçı “Guard” markalı kişi çantasının oğurlanması və ona 319 manat məbləğində maddi ziyanın vurulması işin mübahisəsiz halıdır. Həmçinin iddiaçı tərəfindən təqdim edilmiş qaimədən görünür ki, iddiaçı xx.xx.2019-cu il tarixdə "xxxx" QSC-dən 840,01 manat dəyərində **********-Notebook LN V110-15İSK 15.5 HD TN markalı Notebook almışdır.
37. Göründüyü kimi, iddiaçı iddia tələbində ona 3000 manat maddi ziyan vurulduğunu qeyd etsə də, iş materialları ilə yalnız 1159,01 manat ziyan dəyməsi təsdiq olunur. İddiaçı tərəfindən ziyanın digər hissəsi ilə bağlı mötəbər sübutları təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini maddi ziyanın tutulması hissəsində təmin etməməkdə düzgün nəticəyə gəlmişdir.
38. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin mənəvi ziyanın məbləğini müəyyən edərkən də haqlı olmamışdır.
39. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
40. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.
41. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 saylı Qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, Azərbaycan Respublikası MMnin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
42. Həmin Qərarda daha sonra qeyd olunmuşdur ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.
43. Məhkəmə kollegiyası qeyd edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkən keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
44. Məhkəmə kollegiyası qeyd edilənlər üzrə dəyərləndirmə apararaq hesab edir ki, Cavabdeh MMC-nin işçisi Məmmədova Elmira Natiq qızı tərəfindən öz vəzifə funksiyalarının lazımi qaydada icra olunmaması nəticəsində İddiaçı məxsus “Guard” markalı kişi çantasının oğurlanmasına baxmayaq, Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən iddiaçıya qarşı biganə münasibət göstərilməsi və bunun nəticəsində İddiaçı mənəvi sarsıntı və iztirablara məruz qalması işin mübahisələndirilməyən halıdır. Göründüyü kimi, iddia tələbi mənəvi ziyanın vurulması hissəsində əsaslıdır.
45. Kollegiya mənəvi zərərin məbləği hissəsi ilə bağlı isə qeyd edir ki, cavabdehdən iddiaçının xeyrinə tələb olunan məbləğdə deyil, 1500 (bir min beş yüz) manat məbləğində mənəvi zərərin müəyyən edilməsi qanuni olmaqla yanaşı ədalətlidir.
46. Məhkəmə kollegiyası həmçinin izah edir ki, məhkəmə qətnaməsi ilə (maddi və mənəvi ziyanın vurulmasına görə) müəyyən edilən məbləğ 5000 manatdan az olduğundan həmin hissədən Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
47. İddia tələbi mənəvi zərərin rədd edilməsi hissəsində 5000 manatdan çox olduğundan isə iddiaçı mənəvi zərərin təmin edilməməsi hissəsindən kasasiya şikayəti verilə bilər
48. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
49. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, “törədilmiş cinayətlə bağlı xüsusi qərardad çıxarılması” barədə iddiaçının xahişi təmin olunmamalıdır.
50. Belə ki, MPM-nin 394.1-ci maddəsinə görə işə Apellyasiya qaydasında baxan məhkəmə bu Məcəllənin 265.4-cü və 265.5-ci maddəsində nəzərdə tutulmuş hallarda, habelə işə birinci instansiya məhkəməsində baxılması zamanı prosessual normaların kobud pozulmasına yol vermiş hakimlər barəsində xüsusi qərardad çıxara bilər..
51. İş materiallarından da müəyyən olunduğu kimi, hazırda İddiaçı müraciəti əsasında Binəqədi RPİ-nin İŞ-də faktla əlaqədar Azərbaycan Respublikası CM-nin 177.1cı maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və istintaqı aparılır. Eyni zamanda, məhkəmə tərəfindən hazırki mülki mübahisəyə baxılarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayət əlamətlərinin olduğu aşkara çıxarılmamışdır. Xüsusi qərardadın çıxarılması məhkəmənin səlahiyyətinə aid olduğundan və hazırda belə bir qərardadın qəbul edilməsi üçün heç bir əsas olmadığından iddiaçının göstərilən xahişi rədd edilməlidir.
52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
53. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qismən təmin edildiyinə görə 129 manat dövlət rüsumunun 18,96 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4351/2022 saylı 06 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-dən dəymiş maddi zərərə görə 1159,01 manat, mənəvi zərərə görə 1500 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 18,96 manatı olmaqla, cəmi 2677,97 manat (iki min altı yüz yetmiş yeddi manat doxsan yeddi qəpik) pul vəsaiti tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində mənəvi zərərin təmin edilməməsi hissəsindən iddiaçı tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.