Məhkəmə qərarları › İş №2(103)-9255/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9255/2021

02.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9255/2021 02.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Küdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-680/2021 saylı iş üzrə 20 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh8 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə dair işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh6 İnqilab oğlu, AR DİN BDYPİ və Bakı şəhəri 21 saylı Dövlət Notariat Kontoruna qarşı “müqavilənin etibarsız hesab edilməsi və s” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 arasında 12 noyabr 2016-cı il tarixdə Bakı şəhəri 21 saylı Dövlət Notariat Kontorunda bağlanmış müqavilə üzrə maşının üzərinə təhkim olunmuş AZ **-DG- *** dövlət qeydiyyat nişanı hissəsində müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh1 ilə Cavabdeh5 arasında bağlanmış 25.09.2017-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi üzrə AZ **-DG-*** dövlət qeydiyyat nömrəsinin BDYPİ-nə təhvil verilməsi hissəsini etibarsız hesab edilməsi, həmçinin həmin nömrənin 29.09.2017-ci il tarixdə Cavabdeh4 məxsus Toyota Land- Cruiser markalı avtomobilin üzərinə qoyulmasının etibarsız hesab edilməsi və AZ **-DG-*** dövlət qeydiyyat nişanın iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı mülkiyyətində olan BMW 735 markalı, 1996-cı il istehsalı olan minik avtomobilinin üzərində 20 ildən artıq müddətdə təhkim edilmiş AZ **-DG-*** dövlət qeydiyyat nömrəsini, iddiaçının adına saxlamaq şərtilə Cavabdeh1 12.11.2016-cı il tarixdə Bakı şəhəri 21 saylı Dövlət Notariat Kontorunda yalnız maşına dair iddiaçıdan etibarnamə almışdır. Lakin Cavabdeh1 üzərinə götürdüyü öhdəliyini yerinə yetirməmiş, iddiaçıya məxsus avtomobil nömrəsini qanunsuz qazanc əldə etmək məqsədilə BDYPİ-nin əməkdaşları və orada nömrə alveri ilə məşğul olan Əsgər və onun qardaşı Fuad adlı şəxslər əlbir olub həmin avtomobil nömrəsini Cavabdeh4 14.000 manata satmışlar. Cavabdeh1 mübahisə predmeti olan nömrəni iddiaçının adına saxlayacağı barədə vədlər verərək onu aldatmış, 25.09.2017-ci il tarixdə nömrəni Cavabdeh5 dair alqı- satqı müqaviləsi bağlanmış, qeyd edilən nömrəni isə Cavabdeh1 öz adına saxlatdırmışdır. Bundan sonra 29.09.2017-ci il tarixdə BDYPİ-nin polis əməkdaşları tərəfindən Cavabdeh1 polisə dəvət olunmuş, ondan iddiaçının nömrəsinin Cavabdeh4 verilməsinə dair razılıq ərizəsi alınmış və həmin nömrə Cavabdeh4 məxsus Toyota Land-Cruiser markalı avtomobilin üzərinə qoyularaq qeydiyyat aparılmışdır. Qeyd edilənlərə əsasən iddiaçı onun razılığı olmadan cavabdehlər tərəfindən nömrəyə dair bağlanılmış bütün əqdləri və aparılmış əməliyyatları əsassız hesab etdiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonradan iddiaçının nümayəndəsi T.Ağacanov iddia ərizəsinə əlavə təqdim edərək, əlavə olaraq AZ **-DG-*** dövlət qeydiyyat nişanının 13.06.2020-ci il tarixdə Cavabdeh8 məxsus Lada 21214 Urban minik markalı avtomobilinin üzərinə təhkim edilməsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-680/2021 saylı iş üzrə 20 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı ilə Cavabdeh1 arasında 12 noyabr 2016-cı il tarixdə Bakı şəhəri 21 saylı Dövlət Notariat Kontorunda bağlanmış müqavilə üzrə avtomobilin üzərinə təhkim olunmuş AZ **-DG-*** dövlət qeydiyyat nişanı hissəsində müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh1 ilə Cavabdeh5 arasında bağlanmış 25.09.2017-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi üzrə AZ **-DG-*** dövlət qeydiyyat nömrəsinin BDYPİ-nə təhvil verilməsi hissəsinin etibarsız hesab edilməsi, AZ **-DG-*** dövlət qeydiyyat nişanının 29.09.2017ci il tarixdə Cavabdeh4 məxsus Toyota Land-Cruiser markalı avtomobilin üzərinə təhkim edilməsinin etibarsız hesab edilməs, AZ **-DG-*** dövlət qeydiyyat nişanının 13.06.2020-ci il tarixdə Cavabdeh8 məxsus Lada 21214 Urban minik markalı avtomobilinin üzərinə təhkim edilməsinin etibarsız hesab edilməsi, AZ **-DG-*** dövlət qeydiyyat nişanı İddiaçı qaytarılması, ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçının özünə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh8 apellyasiya şikayəti vermişdir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1.4-cü maddəsinə əsasən, apellyasiya və kassasiya şikayətləri verildikdə, eləcə də iş üzrə icraatın xitam verilməsindən, iddianın baxılmamış saxlanılmasından, məhkəmə cərimələrinin qoyulmasından şikayət verildikdə dövlət rüsumu ödənilməlidir. Apellyasiya şikayətinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzlərdən görünür ki, (iş v. 270) dövlət rüsumunun ödənilməsi barədə qəbzdə ödənişin təyinatı kimi Bakı Apellyasiya Məhkəməsi deyil, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin göstərilmişdir. Həmçinin “Məhkəməyə ödənilmiş dövlət rüsumunun yoxlanılması” sistemindən rüsumun hansı məhkəməyə ödənilməsini müəyyən etmək ümumiyyətlə mümkün olmamışdır. Beləliklə müəyyən edilir ki, Cavabdeh8 tərəfindən dövlət rüsumu təyinatına uyğun olaraq ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadıqda apellyasiya şikayəti geri qaytarılır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya şikayətini işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 363.4-cü maddəsinə əsasən bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-680/2021 saylı iş üzrə 20 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh8 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməli, apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 400, 402, 366-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r а r а а l d ı: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-680/2021 saylı iş üzrə 20 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh8 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar