Məhkəmə qərarları › İş №2(103)-926/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-926/2022

07.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-926/2022 07.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, İddiaçı, onun vəkili Vəkil, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Suraxanı Rayon Məhkəməsinin 22.09.2021-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, maddi zərərin əvəzi kimi 25.000 manat, mənəvi zərərin əvəzi kimi 10.000 manat cavabdehlərdən alınaraq iddiaçıya verilsin. Tələb onunla əsaslandırılıb ki, başqa iş üzrə qəbul olunmuş Suraxanı RM-nin 12.03.2013-cü il tarixli qətnaməsi ilə qət olunub ki, cavabdehlər iddiaçının xüsusi mülkiyyətində olan, Suraxanı rayonu, Qaraçuxuq qəsəbəsi, Z.Şərifov küçəsi, ev № 14b-də yerləşən 13 №-li mənzildən çıxarılsınlar, iddiaçı isə həmin mənzilə köçürülsün. Həmin qətnamə ilə həmçinin qət olunub ki, cavabdehlərin başqa yaşayış sahəsi ilə təmin olunması Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə həvalə edilsin. Qətnamə qanuni qüvvəyə minib, lakin icra olunmayıb. Göstərilən mənzil 1 otaqlıdır, həmin ərazidə 1 otaqlı mənzilin aylıq kirayə haqqı 250-300 manat təşkil edir. Cavabdehlər iddiaçının mənzilini boşaltmadığına görə iddiaçı ailəsi ilə birlikdə hər ay 250 manat ödəməklə başqa mənzildə kirayədə yaşamağa məcbur olub. Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil apellyasiya şikayətinin əsaslı olduğunu, Cavabdeh1 apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddia təmin edilə bilməz. Belə ki, cavabdehlər məcburi köçkündür, yaşadıqlarıı Kəlbəcər rayonu işğal olunduğuna görə 1993-cü ildən həmin mənzildə məskunlaşıblar. Suraxanı RM-nin 12.03.2013-cü il tarixli qətnaməsinin məcburi icrasını təmin etmək, yəni cavabdehləri iddiaçının mənzilindən çıxartmaq icra məmurunun vəzifəsidir, cavabdehləri başqa yerdə məskunlaşmasını təmin etmək isə Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin vəzifəsidir. Ona görə də qətnamənin vaxtında icra edilməməsinə görə məcburi köçkünlərdən maddi zərərin əvəzi kimi 25.000 manat, mənəvi zərərin əvəzi kimi 10.000 manat tutula bilməz. Məhkəmə Mülki Məcəllənin 21-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Suraxanı Rayon Məhkəməsinin 22.09.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar